Bakının işğaldan
azad olunmasından 95 il
ötdü
Bu gün Bakının daşnak-bolşevik
işğalından azad
olunmasından 95 il ötür.
APA-nın xəbərinə görə,
1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik
etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri
erməni-bolşevik işğalından
azad edib.
Bununla da, həm Azərbaycanın müstəqilliyi
təmin olunub, həm də ermənilərin və bolşeviklərin Bakı
və ətraf rayonlardakı ağalığına
son qoyulub.
Bakının erməni-bolşevik işğalından
azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən
biridir. Belə ki, 1918-ci il
mayın 28-də Azərbaycanın
müstəqilliyinin elan
olunmasına baxmayaraq,
ölkə ərazisinin
bir hissəsi - Bakı və ətraf rayonlar erməni-bolşevik işğalı
altında idi. Bunsuz isə Azərbaycanın dövlət müstəqilliyi
təsəvvür oluna
bilməzdi. Müstəqilliyə təzə qovuşmuş,
beynəlxalq aləmdə
hələ tanınmayan
gənc dövlətimizin
ərazi bütövlüyünü
təmin etmək imkanları hələ yetərincə deyildi.
Belə bir şəraitdə özünün çox ağır durumuna rəğmən, Osmanlı
Türkiyəsi qardaş
Azərbaycanın ərazi
bütövlüyünü təmin etmək məqsədilə Nuru Paşanın komandanlığı
ilə Qafqaz İslam Ordusunu Azərbaycana göndərdi.
Avropa dövlətlərinin türk qoşunlarının
Azərbaycana gəlməsinə
etiraz etməsinə baxmayaraq, qardaş köməyini əsirgəməyən
Osmanlı Türkiyəsi
1918-ci ilin avqust-sentyabr
aylarında öz tarixi vəzifəsini şərəflə yerinə
yetirdi. Sentyabrın
15-də Qafqaz İslam
Ordusu qarşısına
qoyulan missiyanı uğurla başa çatdırmaqla Bakını
işğalçılardan təmizlədi və Azərbaycan dövlətçiliyinə
qardaş töhfəsini
verdi.
Qəhrəman türk əsgərlərinin
şücaəti və
qanı bahasına Bakı və digər rayonların azad olunması ilə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti öz hakimiyyətini ölkənin
bütün hüdudlarında
təmin etdi. Bununla da, 1918-ci ilin martından başlayaraq erməni daşnaklarının
və bolşeviklərin
Bakıda və Azərbaycanın digər
bölgələrində birgə
həyata keçirdikləri
qanlı qırğınlara
və özbaşınalığa
son qoyuldu. Möhtəşəm və tarixi qələbədən sonra
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin
paytaxtı sentyabrın
17-də Gəncə şəhərindən
Bakıya köçürüldü.
Beləliklə, Azərbaycanda dövlət
quruculuğunun əsas
mərhələsinə start verildi, bir neçə
ay sonra isə parlamentə demokratik qaydalar əsasında seçkilər keçirildi.
Türk ordusunun Bakını
bolşevik-daşnak işğalından
azad etməsi şəhərdə əsl
bayrama səbəb oldu. Məşhur milyonçu və
xeyriyyəçi Hacı
Zeynalabdin Tağıyev
türk ordusunun şərəfinə təntənəli
ziyafət təşkil
etdi. Ziyafət indiki Dövlət
Filarmoniyasının binasında
keçirildi. H.Z.Tağıyev türk ordusunun komandanı Nuru Paşaya və onun qəhrəman sərkərdələrinə hədiyyələr
təqdim etdi. Amma Antanta dövlətlərinin
Osmanlı Türkiyəsinə
təzyiqi getdikcə daha da artırdı.
Ona görə də qısa müddətdən
sonra türk qoşunları Bakını
tərk etməli oldu.
1918-ci il
sentyabrın 15-də Bakının
azad olunması Azərbaycan-Türkiyə dostluğu
və qardaşlığı
zəminində müstəsna
əhəmiyyət daşıyan
böyük hadisədir.
70 illik sovet
hakimiyyəti illərində
bu hadisənin məqsədyönlü olaraq
yanlış kontekstdə
izah olunmasına baxmayaraq, Azərbaycan xalqı türk əsgərinin qəhrəmanlığını
heç vaxt unutmadı, onu qəlbində yaşatdı.
Osmanlı ordusu Bakının azad olunması üçün həyata
keçirdiyi hərbi
əməliyyatlarda 1130 şəhid
verdi. Azərbaycan
növbəti dəfə
müstəqillik qazandıqdan
sonra hər il sentyabrın
15-də təkcə Bakıda
deyil, Şamaxıda, Göyçayda və digər rayonlarda ölkəmizin ərazi bütövlüyü uğrunda
şəhid olan türk əsgərlərinin
məzarları dövlət
səviyyəsində ziyarət
olunur. Hər il Bakıdakı
Şəhidlər Xiyabanında
türk əsgərlərinin
xatirəsinə ucaldılmış
abidənin önündə
anma mərasimi keçirilir. Aradan uzun illər
keçməsinə baxmayaraq,
Qafqaz İslam Ordusu tərəfindən göstərilən qardaşlıq
köməyi heç
vaxt unudulmayacaq, Azərbaycan xalqı tərəfindən daim minnətdarlıq hissi ilə xatırlanacaq.
Kənan
Hürriyyət.- 2013.- 16-19 sentyabr.-
S.10.