Milli olmayan, bəşəri
deyil
Hörmətli,
hüquqşünas alim İlham Rəhimovun “Bizə milli ideologiya lazımdırmı?”
(“Yeni Müsavat” qəzeti, 21 noyabr 2012-ci il) yazısı, elə
adının sual kimi qoyluşundan diqqəti cəlb edir.
Oxucuda yaranan ilk təəssürat sanki müəllifin
“lazım deyil” nəticəsinə gələcəyi olursa da,
lakin, biz yazıda belə fikrə rast gəlmirik. Yazıda
başlıqda qoyulan suala “bəli, lazımdır” cavabı da
yoxdur.
Bununla belə, müəllif “Əgər biz ideologiyaya millətin
özünüdərkinin, hüquqi
dünyagörüşünün və bununla həmahəng
inkişaf prosesinin nəticəsi kimi baxırıqsa, bu
başadüşüləndir… Bu baxımdan
fransızların, ingilislərin, almanların və s. millətlərin
öz milli ideologiyaları olması fikri ilə razılaşmaq
olar”, – deyir. Bundan öncəki abzasda isə “Əgər
söhbət demokratik və hüquqi dövlətdən gedirsə,
onda biz hər hansı milli ideologiya konsepsiyasından daha
çox bütün dünyada qəbul olunmuş ümumbəşəri
prinsiplərdən bəhs etməliyik”, – deyə, bildirilir.
Məsələn, şəxsən mənə
aydın deyil ki, müəllif niyə “…fransızların,
ingilislərin, almanların və s. millətlərin öz
milli ideologiyaları olması” fikri ilə razılaşır,
bunu normal sayır, amma özümüzə gələndə
isə “…milli ideologiya konsepsiyasından daha çox bütün
dünyada qəbul olunmuş ümumbəşəri prinsiplərdən
bəhs etməli…” olduğumuzu bildirir. Bəlkə də,
bizim milli düşüncələrimizin yalnız ikinci dərəcəli
ola biləcəyini düşünür… Ola bilər. Amma mən
belə düşünmürəm.
Yeri gəlmişkən, millətin,
xalqın, yalnız, digərləri tərəfindən qəbul
edilə bilən dəyərləri bəşəri, yəni
ortaq dəyər statusunu ala bilir.
Qaldı, rusların Rusiyada 20-ci əsrin
90-cı illərində özlərinin milli
idelogiyalarını yaratma cəhdlərinin uğursuzluğa
düçar olması – bu, ölkə ərazisində
yaşayan köklü (aborigen) xalqların, millətlərin,
onların (rusların) sömürgəçi (imperialist), əzici
arzularının tam həyata keçməməsi ilə izah
oluna bilər. Axı ruslar öz milli ideologiyalarını
yalnız tarixi Rusiya ərazisinə deyil, onlara dəxli olmayan,
işğal etdikləri tarixi türk, müsəlman
xalqlarının ərazilərinə də şamil etmək
istəyirdilər. Odur ki, qarşılaşdıqları milli
müqavimət hərəkatı nəticəsində indiki
federasiya subyektlərinin tanınması reallığı ilə
barışası oldular.
Deməli, ruslar bu məsələdə
bizə pis nümunə ola bilməzlər. Çünki biz
öz tarixi ərazimizə şamil olunacaq milli ideologiya
qurmalıyıq.
Müəllif qələmə
aldığı fikirləri kifayət qədər ətraflı,
məntiqli və elmi təcrübəni nəzərə
almaqla izah edir. Yazıda gəlinən nəticə belədir:
“Gələcəyin açarı hüquqi dövlətin qurulmasında,
ümummilli həmrəylikdədir. Ümummilli ideya da
bir-birini yaradan və tamamlayan dediyimiz bu iki prinsipdən
keçir”. Məsələ təqribən məlumdur. Əvvəla,
öz mövcudluğumuz qədər vacib bir məsələni
özümüz üçün
aydınlaşdırmalıyıq. Görək ümumiyyətlə,
milli olmaq yavadırmı, ilk növbədə başqasına
(başqa xalqa, millətə), nəticə etibarilə isə
özümüzə də ziyandırmı? Məsələn,
müəllif buna kommunist və faşist ideologiyasının
puçluğunu misal kimi xatırladır (əslində bunlar
da formaca müxtəlif, mahiyyətcə eyni idelogiyalardır və
ikinci, təcrübəçi kimi birincidən bəhrələnmişdir).
Amma nədənsə, sionizmi bu qəbildə sıralamaq xəyalına
da gəlmir.
Ümumiyyətlə, biz kimə görəsə,
niyə milliliyimizdən (oxu,özlüyümüzdən)
imtina etməliyik? Sual olunur, bizim millilikdən uzaqlaşıb
“onlar” kimi olmağımızı umanlar, tələb edənlər
və bunu müasirliyin yaşam tərzi kimi təqdim edənlər,
əslində isə sırıyanlar, özləri də bizdən
tələb etdikləri kimi, öz milliliklərindən imtina
edirlərmi? İnanmıram! Nəhayət, bizə
dolayısıyla təklif olunan hansısa millətin nə
vaxtsa dəyəri olubmu? Olubsa, bu təklifi öz adıyla niyə
adlandırmır, ümumi-bəşəri adlandırır?
Yox, onların deyilsə, hardan alınıb?
Göründüyü kimi, əsaslı, bəzən
cavablandırılası mümkün olmayan suallar çoxdur.
Məlumdur ki, bütün toplumlar müxtəlif
zamanlarda özlərinin təbii, özəl, onlara sərfəli
cəhətlərinə görə bir araya gəlmiş,
bunların əksi olduğu halda
dağılışmışlar. Bütün bunlar bu gün
milli adlandırdığımız əlamətlər
deyilmi? Bütün toplumlarda hansı keyfiyyətindən, necəliyindən
asılı olmayaraq, aparıcı çoxluq, yəni
bugünki millət, xalq, məsuliyyəti
(ölüm,qalım məsələsini) oz üzərinə
götürüb də cəmiyyəti yönlətmişdir.
Elmi qavram budur ki, bunsuz cəmiyyət təbii olaraq yaşaya
bilməzdi və heç vaxt yaşaya da bilməz.
Çünki həyatda mövcudluq uğrunda mübarizə
apara bilənlər yaşaya bilir, başqası yox! Bu prinsip
bu gün də başqa ad altında, daha pərdələnmiş
formada mövcuddur. Bugünki öncül bəşər –
icma, qəbilə, tayfa, sülalə təbii seçməsindən,
mütləqiyyətindən – təkhakimiyyətliyindən
keçib, idarəçiliyin daha geniş və təkmil –
xalq demokratiyasına söykənən, qanunun aliliyi gözlənən,
yəni hüquqi dövlət formasında qərarlaşıb
ki, bunların da müəllifi, daşıyıcısı,
passionar – aparıcı millilikdir – millətdir, xalqdır.
İdarəçiliyin bu ən
üstün formasının nəticəsi – ABŞ, Qərbi
Avropa, öncül Asiya (Yaponiya, Cənubi Koreya, Sinqapur və
s.) ölkələridir ki, qalan (o cümlədən bizim)
ölkələrin vətəndaşları bu ölkələrdə
yaşamağın həsrətindədir. Ayağı yer
tutan bu ölkələrə gedib, qürbətdə
yaşamağı doğma vətəndən üstün
tutur.
…Necə ki,1776-cı ildə qəbul
edilmiş “ABŞ-nın istiqlal
Bəyənnaməsi”, Amerikanın on dahisi adını
almış şəxslər konqresin
tapşırığı ilə 1787-ci ildə üç ay
müddətinə “Amerika Konstitusiyası”nı, 1791-ci ildə
“Hüquqlar Haqqında Bill”i
işləyib hazırlamışlar. Bütün mədəni
dünyanın qibtə və fəxr etdiyi, doğrudan da bəşəri
sayılan bu tarixi sənədlər elə sanballı
hazırlanmışdır ki, 225 ildən artıqdır
qüvvədədir.
Əlbəttə, bu gün xalqların,
millətlərin ortaq dəyərlərinin sayı
genişdir. Və bu bölüşülə bilən ortaq dəyərlər,
hökmən hansısa fərdlərin, deməli millətlərin,
xalqların “mətbəxindən” çıxıb. Bu
başqa məsələ ki, tarixən müxtəlif xarakterli
xalqlarda mövcud olan müxtəlif cür “milliliklər”
keyfiyyətcə fərqli olub, ictimai, siyasi hadisələrin nəticəsi
kimi, bu gün mənfi, yaxud müsbət qiymətləndirilə
bilən izlər buraxıblar. Müəyyən mənfiliklər
milliliklərin “qüsurudursa”, bəs onda mükəmməl
sayılan, xalq demokratiyasına əsaslanan hüquqi dövlətlərdəki,
vətəndaş cəmiyyətlərindəki bəzən məsələyə
yanaşmada ikili standartlar kimin, nəyin qüsuru
sayılmalıdır? Göründüyü kimi, məsələ
(qüsur, problem) heç də millilikdə, yaxud qeyri-millilikdə
deyil, keyfiyyətin necə olmasındadır.
Dövlət siyasətinin, qanunların
milli ideologiyaya əsaslanmadan yeridilməsinin, qəbul edilməsinin
ən acı tarixi nümunəsi
“osmanlıçılığ”ın Osmanlı
İmperatorluğunu çökdürməsidir. Baxmayaraq ki,
Osmanlı İmperatorluğu türklər tərəfindən
qurulmuşdu, lakin “Türkiyədə türkləri hakim sinif
adlandırmaq çətindir” (K.Marks və F.Engels,1853-cü
il, əsərləri, rusca 2-ci
nəşrinin 9-cu cildi,səh.6. bax, Ziya Göyalp,
“Türkçülüyün əsasları” Bakı,1991,səh.9.).
“Nə dövlət onların adını daşıyır,
nə də yeritdiyi səyasət
millətçilik ruhuna söykənmirdi. Bu baxımdan sultan
II Mahmudun bu sözləri danışdığımız
gerçəkliyi gözəl ifadə edirdi: “Mən təbəəmdəki
din fərqlərini ancaq came, kilsə və sinaqoqlara girdikləri
zaman görmək istərəm”(Ziya Göyalp.
”Türkçülüyün əsasları” Bakı, 1991, səh.9.)”.
“Dövlət əslində ölkə
içində türkün mənafeyini xristianların,
türk olmayan müsəlmanların marağına qurban
verirdi. Buna görə də türk əhalisi gözdən
düşmüş durumda idi. Türklərin bu durumu –
ağır yaşamı tanınmış fransız
yazıçısı Röne Pinona bu istehzalı sözləri dedirtmişdi: “Osmanlı
imperatorluğunda hər kəs üçün yer vardır.
Türklər üçün də””(Elman Mustafaoğlu).
Əslində, Osmanlı sultanı II
Mahmudun digər təbəələrini, öz doğma
türk xalqı ilə eyni gözdə görməsi, sosial ədalət
mövqeyindən, zamanca ideal bir baxış olsa da, lakin
türkün aparıcılıq (pasionarlıq) haqqını
pozurdu. Və bu səhvlərdən
ustalıqla istifadə edən rəqibləri,
sultanların səmimiyyətlə davrandığı (bəslədiyi)
xalqları separatçı vədlərlə məqamında
onun üzərinə qaldırdılar, nəinki Osmanlı
imperiyası dağıldı, hətta türklər öz
istiqlallarını itirdilər. Sultanların vaxtilə
çox əzizlədiyi xalqların bəzi nümayəndələrinin
qiyamçılığı bu gün də Türkiyəni
zəiflətməkdə davam edir. Yeri gəlmişkən,
yuxarıda xatırlanan, öz vətəndaşına eyni
gözlə, ideal baxış, Qərbi Avropa ölkələrində
hələ də tam nail olunmayan bir arzudur.
Türklərin, müsəlmanların
müəyyən məqamlarda zaman-zaman gerilədiyini,
tapdandığını görən İsmayıl bəy
Qaspıralı (Krım), Əhməd bəy Ağaoğlu,
Əli bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə
(Azərbaycan), Ziya Göyalp (Türkiyə) kimi
ziyalılarımız öz xalqını gerilikdən, əsarətdən
qurtarmaq üçün yollar aramış, bir neçə
il ağır müzakirədən, təhlildən sonra nəhayət
bütün öncül düşüncələri birləşdirərək,1918-ci
ildə nəşr etdirdiyi “Türkləşmək,
islamlaşmaq, müasirləşmək” adlı kitabında
toplamışdır. Nəhayət, uzun müzakirələrdən
sonra aydınlarımız tərəfindən hasilə gətirilən
bu milli ideologiya əsasında çar Rusiyası əsarətində
olan Quzey Azərbaycanda – Azərbaycan Xalq Cumhuriyyəti (1918),
çökmüş Osmanlı İmperiyasınin yerində
– Türkiyə Cumhuriyyəti (1923) qurulmuşdur.
Bizim milli ideologiyamızın təməlini
həm də böyük öndər M.Ə.Rəsulzadənin
“İnsanlara hürriyyət, millətlərə istiqlal”
şüarı təşkil edir ki, bunların da əsasında
dövlət quruluşunun təməl prinsipləri, yaşam
tərzimizi müəyyən edən əsas
qanunlarımız qəbul edilmişdir. Deməli, əslində
bu gün milli ideologiya dedikdə, əsas
qanunlarımızı göz önünə gətirmək və
onların düzgün tətbiqinə çalışmaq
lazımdır. Başqa sözlə, bu gün dünyanın
qabaqcıl ölkələrindən geri qalmamaq, hətta
onlardan da üstün olmaq üçün milli
ideologiyamızı – əsas qanunlarımızı mükəmməl
etmək, onların reallığını təmin etmək,
ölkə idarəçiliyini inkişaf etdirmək
lazımdır.
Yeri gəldikcə, qanunlarda göstərilməsi
mümkün olmayan xalqımızın bəzi
taleyüklü məsələlərinin həlli
üçün zəruri sənədlər də qəbul
oluna, həyata keçirilə bilər.
Milli ideologiyanın xalqın taleyində
oynadığı müstəsna rolunu anlatmaq
üçün Türkiyədə istiqlal
savaşının qəhrəmanı, böyük öndər
M.K.Atatürkün sözləri çox ibrətamizdir. O deyir: “Ətimin və
sümüyümün atası Əli Rza əfəndidirsə,
fikrimin atası Ziya Göyalpdır”. Əslində bu deyim
bütün milli hərəkatçılara da aid edilə bilər.
M.K.Atatürk bu barədə daha sonra
demişdir: “Milli hegemonluq uğrunda canımı vermək mənim
üçün vicdan və namus borcu olsun… Demokratiya prinsipi
hegemonluğun millətin əlində olduğunu, başqa
heç kəsə məxsus olmadığını tələb
edir. Bu surətlə demokratiya
prinsipi siyasi gücün, hegemonluğun qaynağı və
konstitusiya əsasları ilə sıx bağlı olduğunu
göstərir. Demokratiyanın tam və ən aydın hakimiyyət
forması Respublikadır”.
Bəzən tarixi
“unudanlar” bir millətin milli ideologiyası,
aparıcılığı, tarixən böyük zəhməti,
can, mal itkisi hesabına qurulmuş bir dövləti, cəmiyyəti,
yalnız bu günki dəyərləri əsas gətirməklə,
öz dədəsinin mirasına sahib
çıxırmış kimi, elə pay-püş etmək
iddiasına düşürlər ki, məəttəl
qalırsan. Sanki “Nə yoğurdum, nə yapdım, hazırca
kökə tapdım” atalar məsəli həyat səhnəsində
tamaşaya qoyulub. Halbuki, çox düzgün deyilmişdir:
“Haqq verilməz, alınar! Budur, türk inqilabının təsdiq
etdiyi əski həqiqət”.
Bizim aydınların mənəvi borcu sələflərimizin
bu gün də qüvvədə olan mənəvi irsinə sahib çıxmaqla, bu
günün və sabahın milli ideologiyasını
yaratmaqdır. Bu, azərbaycançılıq
ideologiyasıdır ki, orada mənəviyyatı, milli
maraqları, taleyi eyni olan, biri digərini heç də istisna
etməyən, tarixən yerli (aborigen, ölkəyə rus
işğalı ilə gətirilməyən) millətlərin,
xalqların rəngarəng milli toplusu var. Odur ki, kimsə azərbaycançılığı
türkçülüklə eyniləşdirirsə, yaxud
yalnız türklərin inhisarında qəbul edirsə, əlbəttə
ki, səhv edir. Azərbaycançılıq ölkəmizdəki
doğma xalqçılığın, millətçiliyin
qarşılıqlı sayğıya, bəşəri dəyərlərə
söykənən, biri digərini tamamlayan, qoruyan özəl
toplusudur.
Bu gün türkün türkdən
başqa dostu çoxdur. Çünki o kimsənin yox, öz
haqqına sahib çıxır, dindaşının, həmməsləkinin
və məzlumların haqqını müdafiə edir.
Bir sözlə, millətçi olmayan xalq
ölümə məhkumdur. Çünki millət özəlliyini
qorumazsa tədricən öləziyər, öz
simasını saxlayan digər xalqlar arasında əriyib gedər.
Bütün bunlardan sonra “Bizə milli
idelogiya lazımdırmı” sualını təkrar səsləndirməyə,
onu əlavə şərhə ehtiyac qalırmı?
Məmmədxan
Əzizxanlı,
Hüquqşünas
Hürriyyət.- 2013.-
14-17 yanvar.- S.12.