Unudulmaz Zəlimxan
Yaqub
Zəlimxan Yaqub göylərdə
sayrışan ulduz kimi sönüb getdi. Deməyə dilim gəlməsə
də, o, artıq həyatda yoxdur. Amma bu bir həqiqətdir
ki, onun cild – cild kitablarını mənim kimi gümanlarla
açıb oxuyanlar çoxdur. Şeirləri bir gün efirlərdə,
məclislərdə, bədii qiraət ustalarının
ifasında, bir gün də aşıqların, şeirsevərlərin
və sədaqətli dostlarının ifasında səslənir.
Beləliklə, onun adı zəlimxansevərlərin
könlündə, şeirləri isə oxucularının
dilindədir.
Sevə – sevə yaşadığı bu gözəl dünyamızla əbədi vidalaşandan sonra ustad şairimizin yoxluğundan ilk dəfədir ki, söz açıram. Qədirbilən insanlar Zəlimxanın nəcibliyindən, insanpərvərliyindən ürəkdolusu danışırlar. Uca Tanrı onu sanki nəciblik üçün, insanların qayğısına qalmaq üçün yaratmışdı. Bu əməlləri onun adına şərəf, qəlbinə fərəh gətirirdi. O, həyatın, insanlığın təzadlarına biganə qalmırdı. Zəlimxan gidi dünyanın təzadlarla dolu üzünü görüb ağrısını içində çəksə də, insanları sevirdi, insanlığı sevirdi. Onu son ümid yeri bilənlərin səsini qəlbi ilə dinləyirdi, ürəyi ilə eşidirdi. Onların ağrı – acıları şairin ömründən keçib gedirdi. Xüsusilə də ədəbi cameəmizin xeyirxahı kimi, yazarların ümid yeri idi Zəlimxan. Palazqulaq əskinasların gücünə həll olunan problemləri o, sözünün gücünə, sözünün hünərinə, sözünün bütövlüyünə görə həll edirdi.
Ustad şairin insana, insanlığa verdiyi dəyərin hikməti dərindəydi. Ona görə də imkanından yeddi hasar kənar olsa da, öz halalca haqqına çatmayanlara, evi yıxılanlara, koması başına uçurulanlara dayaq durmaqda köməyini əsirgəmirdi. Zəlimxan söz hünərli bütöv bir köhnə kişiydi. O, başdan – başa xarakter idi, boydan – boya kolorit idi, doğrudan – doğruya müdrik şəxsiyyət idi. Təkcə yaddaşının böyüklüyü ilə bir möcüzə idi Zəlimxan. Onun qələminin ucundan keçən ağ kağızlar da, ağlının ucundan keçən fikirlər də, sözlər də qiymətlidir, bu sözlərin ədəbiyyatda qalacağını, yaşarılığını isə zaman göstərəcək.
Müşkülləri həll etmək üçün övladı yerində bir gəncin, atası yerində bir ağsaqqalın, anası yerində bir ağbirçəyin yanına düşüb kimlərin qapısını döyməmişdi?! Bu, haqqın bəsirət gözüdür! Bu, böyük ürəklikdir! İndiki zamanda böyük ürəyə sahib olmaq, əlbəttə ki, zor işdir, ağır missiyadır. O, Xalq şairi kimi də, Millət vəkili kimi də öz ömrünü böyük ürəklə yaşadı. Onun ürəyi qarşısındakının ürəyindən keçənləri hiss edirdi, duyurdu. Ürəyi ürəklər üçün bir açar idi Zəlimxanın. Bilən varmı, bu böyük ürəkli insan neçə – neçə daş ürəkləri ibrət kəlamları ilə necə muma döndərirdii?! Nə qədər sınıq könülləri şair ruhu ilə sevindirirdi?! Nə qədər insanların problemlərinin həllinə yardımçı olurdu?! Bunu bir Allah bilir…
Həqiqət beləydi ki, Zəlimxan təkcə öz ailə ocağının deyil, başqalarının həyat qayğıları ilə də nəfəs alırdı. Bu qayğılar onu həyata bağlayırdı. Elə buna görə şairin ömür xəritəsindən zirvəli dağlar kimi düz ilqarlı, etibarlı insanlar da boylanır.
Zəlimxan bu həyatda olanda haqqında dəfələrlə yazmışam. Yoxluğu haqqında yazmaq isə ağırdır, xüsusilə də mənim üçün belə bir dəyərli dostun yoxluğundan söz açmaq çətindir, çox çətindir. Ona görə ki, mən onun yoxluğunu bu günə kimi dərk edə bilməmişəm. Fikrimdə, xəyalımda elə həmin ölçü – biçidə, qıvraq yerişli, iti baxışlı, gur səsli Zəlimxan yaşayır. Sanırdım ki, o gur səsdən dağların bağrı yarılacaq. Onun gur səsinə necə də öyrəşmişdik, ilahi! Danışanda ağzında sözlər yağ kimi əriyirdi… İndi gör ki, o gur səsə həsrətik. Heyif, bizləri tez tərk etdi - getdi, heyif, bizdən getdi Zəlimxan.
Onunla olan görüşlərimizi, ötən çağlarımızı xatırlayanda nisgilli duyğuların ağuşuna düşürəm. İndi Zəlimxanla bağlı neçə – neçə anlar, məqamlar yaddaşımda qərar tutub. Həmin görüşlərimiz zamanı aramızda olan səmimi münasibətdən, şirin söhbətdən bir kitaba sığacaq qədər xatirələr var. Bu gün acılı – şirinli xatirələri ilə baş – başa qaldığım şair dostum haqqında bu sətirləri yazarkən xəyalım göy üzündə dolaşan ruhuna sarı qanad açıb uçur, hey uçur. Üzümü ruhuna sarı çevirib Allahdan rəhmət diləyirəm, hər kəsdən xəbərsiz, qəhər məni boğur, için – için ağlayıram… İndi Zəlimxan əlçatmaz, ünyetməz ucalıqdadı. Ruhu şad olsun!
… Xəstəliyi haqqında mənə danışanda ürəyim alışıb yandı. Təsəlliverici sözlər söylədim, boyrək transplantasiyasından danışdım, illərlə böyrəksiz yaşamağın mümkünlüyündən söz açdım. Bilirdim ki, Zəlimxan üçün təsəlliyəgəlməz sözlər idi. O da özünəməxsus vüqarla başını buladı. Başqa xəstəliyi səbəbindən böyrək köçürülməsinin mümkünsüzlüyünü dilə gətirdi. Bu sözlərdən sonra da qəddini əymədi. Səsində həm kövrəklik, həm də mərdanəlik duydum.
- “Mən şeirimi yazıram. Nə qədər ki, nəfəsim gedib gələcək yenə yazacam. Şeiri ürəyimlə yazıram, böyrəyimlə yazmıram ki…” – dedi. Və bu sözlərdən sonra uzaq ənginliklərə uzun – uzadı baxdı… Kim bilir nələri yaddaşının süzgəcindən keçirdi, nələri yaddaşında yerbəyer etdi?! Zəlimxanın yaddaşı yüzillərin, minillərin yaddaşı idi.
Gözünü dörd dolandırıb, yeri – göyü bir – birinə qatdı. İçində həyatla ölümün savaşı gedirdi sanki. Onun bu halı ürəyimi yaraladı, könlümü ağrıtdı, qəlbimi göynətdi. Dağlar kimi vüqarlı görkəmindən, əzəmətli qədd- qamətindən, məğrur baxışından, ləngərli yerişindən, şaqraq gülüşündən, aslanların mahnısına yatan səsindən əsər – əlamət qalmasa da, yaşamaq, yaratmaq həvəsi diriydi, təmkini yerindəydi. Tanrı eşqini sevə – sevə, ürəyində yaşada- yaşada yaşayırdı. Coşqun təbindən doğulan poetik duyğularla dolu söhbətləri bitib tükənmirdi. Yazın nəfəsi gələndə də, suların səsi duyulanda da, qışın sazağı göylərin ətəyinə baş qoyan, şairi başına qaldıran uca dağların zirvəsinə vüqarlı və qübarlı qar gətirəndə də qəlbi nur çeşməsi kimi aşıb – daşır, həyat eşqindən danışırdı. Danışdıqları Uca Tanrıya tapınan şair nəfəsinin dərinliklərindən gəlirdi. Söhbətinin sonunda oxuduğu şeir də bulaqların saf suları kimi ruhuma axdı. Çoxdan əzbərimdə yaşayan bu qoşma şairin öz səsində daha şirin səsləndi:
Payız kövrəldəndi,
bahar coşduran,
Məni sərt
eyləyən qış da gözəldir.
Ürəyin daşdırmı demə
ey insan.
Duymağı bacarsan, daş da
gözəldir.
Bir
payız günündə, ağaclarda yarpaqların saralıb
solan çağında, səsinin gur vaxtında Hüseyn Cavid adına
bağda ikilikdə gəzişərkən dediyi sözlər
ürəyimi bu gün də döyür, -” Həzi, Uca
yaradan məni yarpaq kimi saraltsın, torpaq kimi qaraltsın,
varımı – dövlətimi əlimdən
alsın, məni kasıbın kasıbı etsin, canıma
qıysın, amma ağlımı başımdan almasın…”
Köçüm gedim, əlim halal,
dilim halal,
Allahıma tez yetişsin bu ərzi –
hal.
Aşıq gəlsin əli
qızıl, söhbəti bal,
Son nəfəsdə məni telli saz
öldürsün.
…Şairin
evinin astanasından yüzlərlə metr məsafədə cənazəsi
aparılırdı. Aşıq Cahangirin sazının
yanıqlı sədası və qəmli havacat üstündə
oxuduğu könülgöynədən səsi eşidilirdi.
Sazın gümüşü tellərində sanki
aşığın barmaqları deyil, şimşəklər
oynayırdı. Şairin tabutuna tərəf axışan
insan selinin təsvirini indi sözlə ifadə etmək
mümkünsüzdü. Elə bil, boyundan boy verən silsilə
dağlar yerindən oynamışdı. Bu köç
karvanının arxasınca göy üzündə dolan
buludlar ağlayırdı, insanlar yaş tökürdü. O
gün elə bil, çaylar da tərsinə axırdı,
suların şırıltısı, bulaqların
zümzüməsi başqa tövrdə idi.
Zəlimxanın
öz tövrü də insanı beləcə heyrətləndirirdi.
Nə qədər içidolu insan idi. Elə bil, bu
dünyadan köçəndən sonra da daha gözəl bir
dünyada şeirlərini
yazacağına əmin idi. Zəlimxanın ağzından
çıxan hər söz təkcə şair fəhmindən,
şair ilhamından xəbər vermirdi, həm də
ağlının itiliyi ilə diqqəti çəkirdi. O, kəskin
ağrılarla baş – başa qalanda da ürəyindəki
misralar söz-söz, sətir-sətir
sıralanırdı. O, anadan şair doğulmuşdu. Onu bir
ulu qüdrət bəxş etmişdi xalqımıza. Şair
taleyində bütün yaradıcılığı boyu,
bütün ömrü boyu o ulu qüdrətin əli həmişə
üstündə idi.
Amansız
və zamansız ölüm Zəlimxanın ömür
karvanını 66 yaşın tamamına sayılı günlər
qalmış haqladı. O, uzun ömür yaşamadı,
dağ ömrü yaşadı. O, ömrünün
enişindən – yoxuşundan, bəndi-bərəsindən,
körpüsündən, dönüm-döngəsindən, səddindən-sərhəddindən
keçərək ulu saz-söz diyarı
Borçalının Kəpənəkçi kəndindəki
ata evindən dünyanın Kəbə evinəcən, Ağ
evdən Çin səddinəcən uzun bir yol keçdi,
dünyanı-cahanı dolandı. Bu azman şairin söz
köhləni yoxuş yordu, bələn aşdı və beləcə
bəlli bir yaşda dünyadan köçdü. Doğrudan
da ömür ani-həyat fani imiş. Şairin özü
dünyanın faniliyi haqda belə
yazıb:
Bu dünya budursa. gördük,
tanıdıq,
Hər cür meyvəsini dərdik,
tanıdıq.
Köçünü dağlara
sürdük, tanıdıq,
Gəl gedək, gəl gedək, gəl
gedək lələ!
… Xəstəlik
onu üzsə də, əldən salsa da, yenə
yazırdı, yaradırdı, tədbirlərə,
görüşlərə gedirdi. Oxucularla sonuncu
görüşlərindən birinə məni də dəvət
etmişdi. Görüş Qaradağ rayonunun Buta qəsəbəsindəki
184 saylı məktəbdə idi. Telefonda zəlimxansayağı
ərkinin, ağayanalığının, mehriban və məzəmmətedici
səsinin qarşısında susub dinləyirdim:
-
Özün o rayonda yaşayasan,
orada şeir-sənətlə bağlı tədbirdə
iştirak etməyəsən… Bilirsən, bu, ağlı
ola-ola ağılsız olmağa bənzəyir. Həm
eloğlum, dostum kimi, həm də bir qələm adamı kimi
yanımda olmalısan, söz deməlisən. Sən də gəlməyəndə
kim gəlməlidir? İstedadın var,
yaradıcılığın var… Sən niyə belə
gözəgörünməz olubsan?
Mən də
zərif bir zarafatla şairin məzəmmətindən
qurtulmaq üçün dedim:
-
Şair, gözə görünməyinə
görünürəm, amma hər gözə
görünmürəm.
Zəlimxan
Yaqub dalğın – dalğın xəyallara dalırdı, xəyalında
zülmət qaranlıqları nurlu gündüzlərə
qovuşdururdu. Hər açılan səhərə
könüldolusu tamaşa edirdi, göyləri - yerləri seyr edirdi, insanlara qucaq
açırdı. Amma cahillərdən gen gəzirdi.
Özü mənə belə bir əhvalat
danışmışdı:
- Yasamalda
yaşadığımız vaxtlar idi. Hər səhər
işə gedəndə bir kəmfürsət yolumun
üstündə durub mənə deyirdi “Zəlimxan müəllim,
sabahın xeyr. Mən də deyirdim axşamın xeyir”. Bu
minvalla həmin söhbət dəfələrlə təkrarlandı.
Axır bir gün o kəmfürsət dilə gəlib dedi:
- Ay Zəlimxan
müəllim, mən hər gün sizinlə görüşəndə
sabahınız xeyir deyirəm. Siz isə nədənsə mənə
axşamın xeyir deyirsiniz..
- Dedim ki, sözün dəyərini
dərk etməyənləri səhər də, axşam da
görsəm dünya gözümdə zülmət
qaranlığa dönür.
Bəlkə
də aqillə cahilin ünsiyyəti elə belə də
olmalı imiş?! Uca sözün dəyərini dərk etməyənin
birisi Zəlimxanın qəlbinin dərinliklərinə necə
baş vura bilərdi? Axı, Zəlimxan sözə qədir-qiymət
verilməyən məclisə qədəm basmazdı, söz
qədri bilməyənlərlə üz-üzə, gözə-gözə
gəlməzdi, söz xiridarı olmayan yerdə söz
bardağından bir damcı da süzməzdi. Onun məclisləri
ariflərin söz məclisiydi. O, məclisindəkilərdən
işıq umurdu, nur istəyirdi. Uca sözü ucaldan
işıq, insanlığı qaranlıqdan
aydınlığa çıxardan işıq! Buna görə
də şair qanıqaraldan işləklərdən uzaq
dururdu. Onu hisslərindəki dərinlik belə tərbiyə
etmişdi. Cahillərin, kəmfürsətlərin bu hisslərə
yaxın düşməsi yasaq idi.
Zəlimxan
Yaqubun ömür kitabı bağlansa da, qələmindən
çıxan cild-cild kitabları bağlanan deyil. O kitablar
şairin sadiq oxucuları tərəfindən zaman keçdikcə
yenə açılacaq, yenə sevilə – sevilə oxunacaq, Zəlimxanın
dilinin şəhdi-şirəsi yenə dillərdə əzbər
olacaq. Zəlimxan Yaqub unudulmayacaq…
Həzi Həsənli
Hürriyyət.- 2016.- 23-25 fevral.-
S.13.