Gənc
Tamaşaçılar Teatrının yaranma tarixi
I məqalə
Bakı Uşaq Teatrının
yaranması
(1923-1929)
XX əsrin
üçüncü onilliyində yəni 1923-cü ildən
başlayaraq Bakı dəniz limanında, toxuculuq
fabrikasında, indiki Səttarxan adına zavodda, iki saylı
uşaq evində, neft-qaz zavodunda ilk dəfə on iki nəfərdən
ibarət pioner dəstəsi yaradıldı. Bu
on iki uşaqdan biri də üçüncü sinif
şagirdi Ağadadaş Qurbanov idi.
“O zaman
pionerlərə qarşı bəzi adamların münasibəti
yaxşı deyildi. Alverçilər, mollalar,
yalançı din xadimləri, eləcə də onların
fitvasına uyan avam camaat və küçə
uşaqları pionerlərə lağ edir, onları “cinli-cəfər”
qoşunu adlandırır, yeri düşəndə ...
incidirdilər. Lakin buna baxmayaraq, ...ruhdan
düşmür, ... daha ciddi mübarizə aparırdılar.
Öz fəaliyyətini ildən-ilə
genişləndirən ilk pioner təşkilatları yüksək
dərs keyfiyyəti uğrunda mübarizə aparmaqla
yanaşı, uşaqların bədii tərbiyəsilə də
ciddi məşğul olurdular. Uşaqlarda
aktyorluq sənətinə olan həvəsi nəzərə
alaraq, bir sıra pioner dəstələrində dram dərnəkləri
təşkil edirmişdi” (İ. Kərimov).
Dram dərnəyində klassik və müasir Azərbaycan
yazıçılarının əsərləri tamaşaya
qoyulurdu. On iki nəfərdən ibarət olan bu dəstə
Hacağa Abasovun “Sabirin məhkənəsi”adlı kiçik
pyesini tamaşaya hazırlamışdır. Ağadadaş Qurbanov bu tamaşada Sabirin oğlunu
oynamaqla yanaşı rejissor işinə də köməklik
edirdi. Onun səhnədə ki, sərbəstliyi,
diksiyasının aydınlığı tamaşaçıların
diqqətini cəlb etdi. Bir müddət
keçdikdən sonra dram dərnəyinin fəaliyyətini
genişləndirmək zərurəti meydana
çıxır. Az müddət
keçdikdən sonra uşaqlardan ibarət dram kollektivi təşkil
olunur. Və pioner Ağadadaş Qurbanov kollektivə
həm rəhbər, həm də rejissor vəzifəsi
tapşırılır. O, öz işinə tələbkar
olmaqla yanaşı, dostlarından da bunu tələb edir. Abbasmirzə Şərifzadəni İblis rolunda
görəndən sonra onda teatra qarşı yaranan həvəs
daha da artmışdır. Ancaq maddi
durumunun aşağı olması ona tamaşalara baxmaq
imkanı vermirdi. Mərhum akademik Məmməd Arif
Dadaşzadənin atası bağban Məhərrəm kişi ilə qonşu idilər. O, gənc
Ağadadaşdakı həvəsi görüb, ona teatra getmək
üçün pul verərdi. O, böyük həvəslə
Abbasmirzənin ifa etdiyi rollara tamaşa edər, onun
bütün hərəkət və jestlərini
yaddaşına həkk etməyə çalışardı.
Tamaşa bitdikdən sonra xəlvətcə arxa
qapıda Şərifzadəni gözləyər, onun
dalınca gedərək yerişini izlər,
danışığına qulaq asardı.
A. D.
Qurbanov xatirələrində yazır: “Bir gün, indiki
filarmoniyanın binasında iclasımız var idi, foyedə
toplaşmışdıq. Birdən qulağıma tanış, məlahətli səs gəldi. Diqqətlə ətrafıma baxdım. Bizdən aralıda əynində xəz paltosu olan
bir nəfər öz yoldaşlarına nə haqda isə
danışırdı. Mən onu
tanıdım. Bu İblis rolunu oynayan artist
idi. Mən yaxına gəlib altdan
yuxarı ona baxmağa başladım. O, əllərini
uzadıb saçlarımı oxşadı. Onun
üzündən mehribanlıq, gözlərindən şəfqət
yağırdı. Mən hər şeyi
unutdum. İclas yadımdan
çıxdı. Onun arxasınca
düşüb qoşa qala qapısına qədər
ötürdüm. Həmin gündən onu
görmək arzusu ilə yaşayırdım. Məndə teatra getmək meyli oyanmışdı”.
O vaxtlar
Ağadadaş Qurbanov mütəmadi olaraq teatr
tamaşalarına gedər Mirzağa Əliyevin, Sidqi
Ruhullanın, Abbasmirzə Şərifzadənin, Rza Təhmasibin,
Mərziyə Davudovanın, İsmayıl Hidayətzadənin,
Ülvi Rəcəbin ifalarına tamaşa edər, imkan
tapıb səhnə arxasına keçərək, dekora, əlbəsələrə
diqqətlə baxar, tamaşadan sonra aktyorların arxasınca
düşərək, onların hərəkətlərinə,
danışıqlarına göz qoyardı. Getdikcə
onun körpə qəlbində aktyor olaq həvəsi
alışıb yanırdı. Balaca
Ağadadaşın səhnəyə olan sonsuz həvəsi və
aktyorluq istedadı Sidqi Ruhullanın və İsmayıl Hidayətzadənin
diqqətini cəlb etmişdir. Onlar daim
Ağadadaşın fəaliyyət göstərdiyi dərnəyə
gələr, balaca “artistlərə” yardım edərdilər.
Beləliklə, Ağadadaş Qurbanov böyük Azərbaycan
dramaturqları Əbdürrəhim bəy Haqverdiyev və Nəcəf
bəy Vəzirovun məsləhəti ilə teatr texnikumun
daxil olur və həm də binası olmayan dram dərnəyinə
rəhbərlik edir.
Bina olmadığı üçün tamaşaları
şəhərin klub və mədəniyyət saraylarında
göstərirlər. Tamaşanın ərsəyə gəlməsi
üçün lazım olan əşyaların
çatışmazlığından (dekor, rekvizit və s.) əziyyət
çəkən kollektiv Sidqi Ruhulla və İsmayıl Hidayətzadənin
köməyi ilə dərnək öz işini getdikcə
artırır. Ağadadaş Qurbanov və onun
başçılıq etdiyi kollektiv öz vəzifələrin
düzgün dərk edərək zamanla ayaqlaşan əsərlər
səhnəyə qoyurlar.
A. D.
Qurbanov 1927-ci ildə mart ayının 15-də, ön altı
yaşında özünün səhnədə ilk rejissor
işi və səhnə tərtibatı (rəssam) olan pioner
dəstə rəhbəri olan Lətif Kərimlinin inqilabi
mövzuya həsr olunmuş və Azərbaycan dilində
uşaqlara aid olan ilk səhnə əsərini,
“Fırtına” adlı pyesi tamaşaya qoydu. Dram dərnəyinin
üzvləri “Fırtına” tamaşası münasibəti
ilə belə bir afişa hazırlamışlar: “Bu gün 15
mart 1927-ci ilsə Bakı Dənizçilərinin Mədəniyyət
Evində (26-lar bağının yanında) pionerlərin
şəhər dairə bürosu yanında çocuq
truppası tərəfindən truppanın
açılışı münasibəti ilə türk səhnəsində
ilk dəfə olaraq Lətif Kərimlinin “Fırtına” əsəri
tamaşaya qoyulacaqdır. Tamaşanın
rejissoru Ağa Dadaş Qurbanovdur. Musiqisi M. Soltanzadənindir”.
Tamaşa
“Putilov zavodu fəhlələrinin ağır iş şəraitindən,
onların mənfur çar üsul-idarəsinə
qarşı silahlı üsyana hazırlamalarından və bu
işdə uşaqların inqilabçılara kömək
etmələrindən bəhs olunurdu” (İ. Kərimov).
Tarixdən bilirik ki, 1917-ci ildə inqilab ab-havası
Rusiyanın hər tərəfinə
yayılmışdır. Hamı kimi Putilov
zavodunun fəhlələri olan Kolya, Fedra, Anna, Sergey və
başqaları bu mübarizəyə öz böyüklərindən
geri qalmırlar. Onlar divarlara inqilabi şüarlar
yapışdırır, siyasi vərəqlər yayır, fəhlələr
arasında təbliğat aparırlar...
Tamaşada
dördüncü dəstənin pionerləri Yusif Əmənli
(Polkovnik), Minə Abdullayeva (Lipa), Məmmədağa
Dadaşov (Kolya), Cəvahir İsgəndərova (Anna), Muxtar
Dadaşov (Sergey), Mirəbdül Babayev (Adyutant), Yusif
Dadaşov (Jak), Kərim Həsənov və İsmayıl
Quluzadə (Malişkin), Əhəd Bağırzadə (Pyotr),
Əlibala İsmixanov (Fedya dayı), Mikayıl Ağayev
(Birinci fəhlə), Teymur Rzayev (İkinci fəhlə) və
başqaları iştirak edirdilər. Beləliklə,
Bakıda Fəhlə Uşaqlar Teatrının təməli
qoyuldu.
Tamaşada
lazım olan bütün əşyaları, dekor, müxtəlif
şkaflar, yemək stolunun hazırlanması, əlbəsələr,
küləyin və qarın yağmasını, silahları,
at ayaqlarının və gülə səslərini rejissor
Ağadadaş Qurbanov səliqə ilə
hazırlamışdır. O, səhərə qədər
oyaq qalmış, xeyli kağızı xırda-xırda
doğrayaraq yapışdırmış, qar yağması
üçün istifadə etmişdir.
“Gənc
Ağadadaşın “rejissor” işində ən qiymətli cəhət
onda idi ki, tamaşada təbii mizanlar, ağıllı və düşünülmüş
vəziyyətlər, təsirli səhnələr yaratmağa
çalışmışdır. Bütün
rollarda uşaqlar özləri çıxış edirdilər.
Bəzi rolların ifasında yaşca
uyğunsuzluq var idi. Odur ki, A. D. Qurbanov bir “rejissor” kimi həmyaşıdları
olan balaca “artistlərlə” çoxlu işləyib, onları
sünilikdən çəkindirməyə
çalışmışdı” (İ. Kərimov).
“Fırtına” tamaşasındakı hadisələr
Putilov zavodunun fəhlələrinin inqlabi mübarizəyə
başlaması zamanında soyuğun qılıc kimi kəsdiyi
qış günündə baş verirdi. Zavodun iki
böyük qapısı, möhkəm və hündür
divarları, gözətçi butkası, işıq verən
fənərlər, qışın atibutları olan külək,
qar, şaxta Ağadadaş Qurbanov tərəfindən incəliklərinə
qədər işlənmişdir. Tamaşada
hadisələr bir-birini əvəzlədikcə polis idarəsi,
Mixailin evi, inqilabçıların saxlandığı həbsxanadakı
dekorlar səliqə ilə işlənib tamaşanın
ideyasının açılmasına yarımcı olurdu.
İnqilabi mübarizə ruhu bu tamaşada hakim
mövqe tuturdu. Zavodun fəhlələri
arasında meydana gəlmiş inqilabi atmosfera getdikcə
artaraq, Putilov zavodunun divarları arasından
sıçrayıb, Rusiyaya yayılırdı.
“Fırtına” pyesinin müəllifi xatirələrində
yazır ki, “...səhnəyə ilk qədəm qoyan bu
uşaqlar öz bacarıqları ilə
tamaşaçıları heyran qoydular. Elə bil ki, onlar neçə
il idi səhnədə fəaliyyət
göstərirdilər. Xüsusən “rejissor” A.
D. Qurbanovun işi hamının xoşuna gəlmişdi.
Salonda oturanlar onları dəfələrlə
alqışladılar” (L. Kərimli. Azərbaycan
pioner təşkilatı tarixindən. “Dəstə
rəhbəri” jurnalı. Bakı, 1958, ą 1, s. 5).
“...Lətif
Kərimli tərəfindən yazılmış pyes xarici
ölkə pionerlərinin inqilabi hərəkatdakı fəaliyyətindən
bəhs edirdi. Maraqlı işliənmiş
mövzu, əsərdə iştirak edənlərin fikir və
düşüncələrini həqiqi, real boyalarla vermək
arzusu, qızğın həvəs və səmimilik, bu
kiçik, həm də təcrübəsiz kollektivə
inandırıcı tamaşa yaratmağa imkan vermişdi”
(Ə. Əliyeva).
İlk tamaşa mart ayının 15-də (1927),
gündüz saat 10-da tamaşaçılara L. Tolstoy kücəsində
(195) yerləşən 33 saylı məktəbdə Məhərrəm
Haşımovun idarəçiliyi göstərildi. İkinci
tamaşa on gün sonra yəni mart ayının 25-də
İşçi-Kəndli Teatr binasında Bakı fəhlələrinə
nümayiş olundu. Üçüncü
tamaşa isə yenə 1927-ci ildə Azərbaycan komsomolunun
VIII qurultayının iştirakçıları
üçün nümayiş olundu. Həmin
gecə tamaşaya baxmağa gələn Dadaş Bünyadzadə,
Əliheydər Qarayev, Səməd Ağamalıoğlu dərnəyə
maddi kömək göstərdilər. Tamaşadan
yüksək zövq alan qurultay
iştirakçıları, qurultayda qərara gəldilər
ki, uşaq teatrı yaradılsın. Bu haqda Azərbaycan
SSRİ Maarif Komissarlığı qarşısında məsələ
qaldırırldı. 1929-cu ildə Azərbaycan
Xalq Maarif Komissarlığının qərarına əsasən
Ağadadaş Qurbanovun rejissor kimi fəaliyyətə
başladığı dram dərnəyinin əsasında
Bakı Uşaq Teatrı yaradıldı.
1928-ci il oktyabr ayının 5-də Azərbaycan Xalq
Maarif Komissarlığının qərarına əsasən
Bakı Uşaq Teatrının rus bölməsi təşkil
olundu.
1929-ci ilin ilk aylarında Bakı Uşaq Teatrı Azərbaycan
bölməsinə aktyor toplamaq üçün müsabiqə
elan etdi və həmin ilin noyabr ayının 19-da uşaq
teatrına aktyor seçmək üçün 33 saylı məktəbdə
müsabiqə keçirildi. Müsabiqədə Abbasmirzə
Şərifzadə, A. Quliyev, Lətif Kərimli, A.
Bağırzadə, Q. Kornelli və başqa komissiya üzvləri
var idi.
Q. Kornelli
rus dilində qələmə aldığı “Rejissorun xatirələri”
(1939, s. 7) adlı əlyazmasında qeyd edir ki; “İmtahan
çox da böyük olmayan səhnədə
aparılırdı. Əvvəl uşaqlar dram əsərlərindən
parçalar oxuyur, şer deyir, təmsillər
danışırdılar. Sonra isə
onların eşitmə, musiqi və ritm hissetmə qabiliyyətləri
yoxlanılırdı”.
İmtahanın
birinci günü truppaya on beş, ikinci günü isə səkkiz
aktyor qəbul olundu ki, bunların sırasında
Ağadadaş Qurbanov, Məhərrəm Haşımov, Məmmədağa
Dadaşov, Cəvahir İsgəndərova, Zinyət
Əliyeva, Yusif Dadaşov, Minə Abdullayeva, Muxtar Dadaşov,
Zinyət Abbasova, Abdulla Əzimzadə və başqaları
var idi. Bakı dənizçilər klubu nəzdindəki
40 saylı pioner dəstəsinin dram dərnəyində fəaliyyət
göstərən məktəblilər və başqa pionerlər
Bakı Uşaq Teatrının ilk aktyorları seçildilər.
Beləliklə, Bakı Uşaq Teatrı ilk Azərbaycan
pioner təşkilatlarında çalışan dram kollektivlərinin
əsasında yaradıldı.
İmran AXUNDOV,
Fəlsəfə doktor
Hürriyyət.-
2018.- 17 iyul.- S.13.