UĞURLU BƏSTƏKAR, TALESİZ ANA...

 

Hər kəs öz alın yazısı ilə dünyaya gəlir. Onun taleyinə də insanlığa gözəllik bəxş etmək yazılmışdı. Ləyaqətlə daşıdı öz missiyasını. Həm bir musiqiçi-bəstəkar, həm də bir ana kimi...

 

Söhbət Şərqdə ilk opera yazan qadın bəstəkar Şəfiqə Axundovadan gedir. İllər öncə onunla elə öz evidə görüşmüşdük. O zaman canından artıq sevdiyi, üzərində yarpaq kimi əsdiyi istedadlı oğlu Taleh də sağ idi.

Şəfiqə xanım hər zaman baxımlı, səliqəli qadın olub. Həmin gün də bizi öz xanım-xatın görkəmi, səmimiyyəti ilə qarşılayıb ağırladı. Saf qəlbli pianoçu və bəstəkar Taleh Hacıyev bizi öz ifası ilə valeh etdi. Birlikdə təkrarsız bir gün yaşadıq. Bu kiçik ailədən gözəl təəssüratla ayrıldıq.

Həmin günü xatırlayanda Şəfiqə xanımın oğlu ilə bağlı dediyi sözlər qulağımda səslənir. “Talehdən çox nigaranam. Mən dünyada olmayanda nə edəcək, nec yaşayacaq?! Axı uşaq kimi safdı, köməksizdi. Allahdan ömür istəyirəm ki, onu tək qoymayım bu dünyada”.

Yaradan ananın dualarını eşitdi və Talehi anasız qoymadı... Şəfiqə Axundovanın gözünün ağı-qarası, talesiz oğlu Taleh Hacıyev 2008-ci ildə dünyasını dəyişdi, ondan 5 il sonra isə məşhur anası dünyadan köçdü. Müxtəlif illərdə dünyalarını dəyişsələr də, anım günləri eynidi- 26 iyul.

Oğlunun ölümü 40 gün bəstəkardan gizlədildi. Amma 40-cı gün bunu gizlətmək artıq mümkün olmadı və Şəfiqə Axundova oğlunun ölümündən xəbər tutdu. Beləliklə də bəstəkar ömrünün ahıl çağında ən dəhşətli, kədərli anlarını yaşamalı oldu. Oğul itkisindən beli bükülən Şəfiqə Axundova artıq yaradıcılıqla məşğul ola bilmədi.

Müsahibələrdən birində ona ünvanlanan “Şəfiqə xanım necəsiniz?” sualına verdiyi cavab hər kəsi sarsıtmışdı: “Sizcə övladı ölən ana necə olar?”.....

 

Yolun başlanğıcı

 

Şəfiqə Axundova 1924-cü ilin 21 yanvarında qədim Şəki torpağında anadan olub. Lap kiçik yaşlarından musiqinin sehrinə düşüb. Onu əhatə edən əsrarəngiz təbiət-quşların cəh-cəhi, sərin mehin təsirindən pıçıldaşan ağaclar, su şırıltısı-balaca qızcığazın qulaqlarında qəlbində musiqi kimi səslənirdi. Şəfiqə xanımın xatirələrindən:

«Evimiz dağların qoynunda yerləşirdi. Hər səhər, hər axşam dağları seyr edirdim. Elə bil təbiətdə gördüyüm o füsunkar gözəlliklərin hər biri qulaqlarıma həzin bir musiqi sədası doldururdu. Zövq aldığım hər bir gözəllikdə musiqi duyurdum. Əlbəttə o vaxt bu hisslərin nə demək olduğunu bilmirdim. Sonralar anladım ki, bu mənim musiqiyə bağlılığım imiş. Yadıma düşür ki, hərdən öz-özümə zümzümə edərdim. O qədər musiqiyə aludə olmuşdum ki, hətta rəqs etməyi də çox sevirdim. Dəfələrlə anam rəqs etməyimin şahidi olmuşdu».

Şəfiqə Axundova İlk təhsilinə Şəki şəhərindəki 6 saylı orta məktəbdən başlayır. Amma atasının işi ilə əlaqədar ailəsi Bakıya köçür. O da təhsilini Bakıdakı 6 saylı orta məktəbdə davam etdirir.

Qızının musiqiyə həvəsini görən atası Qulam kişi onu musiqiçi olmaqdan çəkindirməyə çalışırdı, çünki qızını həkim görmək istəyirdi. Hətta musiqi sənətini seçdiyini biləndən sonra gənc Şəfiqəyə bəzi cəzalar da verirmiş. Bu barədə yenə Şəfiqə xanımın öz dediklərinə üz tutaq.

«Atam çox ciddi adam idi. Çox danışıb-gülməyi xoşlamazdı. Musiqiyə də o qədər aludə deyildi. Evimizdə bir piano var idi. Həmişə onu qıfıllı saxlayardı ki, mən çalmayım. Çünki musiqiçi olmağımı heç istəmirdi. Deyirdi ki, o sənət gələcəkdə sənə çörək qazandırmayacaq. Anam Züleyxa xanımın bir qarmonu vardı, hərdən çalardı. Atam buna etiraz əlaməti olaraq həmin qarmonu evimizin elə bir yerində gizlətmişdi ki, onu götürmək mümkün olmasın. Amma atamın bu əzaziliyinə baxmayaraq, musiqidən ayrıla bilmirdim. Anam musiqi ilə məşğul olmağım üçün bacardığı şəraiti yaradırdı. Elə bəlkə mənə musiqi istedadı anamdan keçib. Atam isə qəzəbindən mənə bəzi cəzalar da verirdi. Məsələn, yadımdadır ki, bir dəfə konservatoriyaya getdiyimdən xəbər tutanda məni hətta evə buraxmadı. Və mən qonşuda gecələməli oldum. Dəfələrlə qarlı, soyuqlu havalarda mənə belə cəzalar verirdi. Anama da acıqlanır və deyirdi ki, qoy onun ağlı başına gəlsin və özünə düz-əməlli bir sənət seçsin. Bəlkə də elə qarlı-soyuqlu havaların təsirindən böyrəyim zədələndi və professor Cavadzadə cərrahiyyə yolu ilə həmin böyrəyimi çıxartdı. Demək, həqiqətən sənət qurban tələb edirmiş. Mənim də ilk qurbanım elə bu xəstəlik oldu. Amma şükürlər olsun ki, xeyirxah insanların sayəsində öz sənət ideallarıma qovuşdu».

 

Tale üzünə güldü...

 

“...Sənətə olan sevgimi böyük bacım Zümrüd xanım daha yaxşı başa düşürdü. Elə sənət taleyimin uğurlu olmasını da onun adı ilə bağlayıram....Zümrüd xanım özü filologiya elmləri namizədi idi. Universitetdə dərs deyirdi. Onun həyat yoldaşı dövrünün görkəmli ziyalılarından olan ədəbiyyatşünas, tənqidçi alim Məmməd Arif Dadaşzadə idi. Onların ailəsində tez-tez görkəmli şairlər, ziyalılar qonaq olardılar. Onları yaxşı xatırlayıram, Səməd Vurğun, Cəfər Xəndan, Həmid Araslı, Mirzə Ibrahimov və əlbəttə, çoxlarının adını çəkə bilərəm. Özü də onlar həyat yoldaşları ilə birgə gəlirdilər. Kişilər bir otaqda əyləşərdilər, qadınlar da bir otaqda, yəni bacım Zümrüdün otağında. Həmin otaqda onun royalı vardı. Və bu xanımlar da mənim musiqi qabiliyyətimdən xəbərdar idilər. Hər dəfə yığışanda bacıma deyirdilər ki, ay Zümrüd, Şəfiqə bir musiqi çalsın bizim üçün. Mənim çalğım o qədər xoşlarına gəlirdi ki, hətta rəqs də edirdilər. Beləcə bacım Zümrüdün evindəki bu maraqlı görüşlər mənim sənət taleyimi həll etdi. Günlərin birində yenə də bacımın evində məclis qurulmuşdu. Mən yenə də royal arxasına keçib bəstələdəyim əsərlərdən birini ifa etdim.İfamı bəyənən xanımlar bacıma dedilər ki, ay Zümrüd, bəlkə Şəfiqəni Üzeyir bəyin yanına aparasan. Bu yerdə yazıçı Mirzə Ibrahimovun həyat yoldaşı Sara xanım dedi ki, mən bu dəqiqə Mirzəyə zəng edim qoy o bu barədə Üzeyir bəylə danışsın. Belə də oldu. Səhəri gün bacım Zümrüd məni Üzeyir bəyin yanına apardı. Elə həyəcanlı idim ki, o həyəcan hissini heç vaxt unuda bilmirəm. Nə isə, görüşdük Üzeyir bəylə və o mənim musiqi qabiliyyətimi yoxladı, sonra mən bəstələdiyim musiqilərdən çaldım. Üzeyir bəy çox razı qaldı və dedi ki, bu qızda yaradıcılıq qabiliyyəti var, mütləq musiqi ilə ciddi məşğul olmalıdır. Beləliklə, Üzeyir bəy musiqi təhsili almağımı tövsiyyə etdi. Elə o gündən də bütün varlığımla sənətə bağlandım».

 

Üzeyir bəyin xeyir-duası ilə

başlayan peşəkar sənət yolu...

 

Şəfiqə Axundovanın istedadını görən Üzeyir bəy onu ilk musiqi savadı almaq üçün Hacı Xanməmmədovun tar sinfinə göndərir. Şəfiqə Axundova bir il Hacı Xanməmmədovdan, sonra isə Ağabacı Rzayevadan tar dərsi alır. Hacı Xanməmmədov və Ağabacı Rzayeva ona tarın ifasını və sirrlərini öyrədir, eyni zamanda, Fatma Zeynalova və Məmməd Nəsirbəyovdan musiqi nəzəriyyəsi üzrə dərs alır. Gənc Şəfiqənin yeganə amalı musiqiçi olmaq və bütün ömrünü məhz bu sənətə həsr etmək idi. Bu yolda qarşısına çıxan bütün çətinliklərə sinə gərdi, keşməkeşli bir ömür yaşaya-yaşaya sənət dünyasında zirvələr fəth eləyərək xalqın sevimlisinə çevrildi.

Şəfiqə Axundova musiqi texnikumunu bitirdikdən sonra Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakultəsi üzrə hazırlıq kursuna, bir ildən sonra isə həmin fakultədə professor Boris Isakoviç Zeydmanın sinfinə daxil olur.

Konservatoriyada oxuduğu illər Şəfiqə Axudova bir çox instrumental əsərlər, mahnı və romanslar yazır. Onlardan Nizami Gəncəvinin sözlərinə “Nə gözəl” və “Cahanda”, Məhəmməd Füzulinin sözlərinə “Fəqan etmək idim” romansları, “Zəfər marşı”, “Zəfər bizimdir”, “Ana Vətən” mahnılarının və s. musiqilərin adını çəkə bilərik. Şəfiqə xanımın yaradıcılığında hərbi vətənpərvərlik mövzusu, o cümlədən, vətən nəğmələri geniş yer tutur. Bu da təbiidir. Çünki onun yaradıcılığa gəldiyi ilk dövrlər Böyük Vətən müharibəsi (1941-1945) illərinə təsadüf edib.

Bəstəkar müxtəlif janrlarında yazıb yaradırdı. Xırda intrumental əsərlərdən tutmuş iri həcmli opera, operetta kimi musiqi janrları, onlarla teatr tamaşalarına bəstələdiyi musiqi bəstəkarın yaradıcılığının əsas qayəsini təşkil edi.

 

Şərqdə opera yazan ilk qadın bəstəkar

 

Şərqin qadın bəstəkarları içərisində ilk dəfə məhz Şəfiqə xanım opera janrına müraciət edib. 1974-cü ildə xalq yazıçısı Süleyman Rəhimovun eyni adlı povesti əsasında Iskəndər Coşqunun librettosu üzrə yazdığı «Gəlin qayası» operası ilə bəstəkar yaradıcılığında ən yüksək zirvəni fəth etdi. Onu da deyək ki, əvvəlcə Şəfiqə xanım «Gəlin qayası» radiopyesinə musiqi yazır və buradan «Könül təranələri» adlı bir mahnı çox məşhur olur. Povestin müəllifi görkəmli yazıçıı Süleyman Rəhimov bəstəkara opera yazmağı təklif edir. Beləcə «Gəlin qayası» operası yaranır. Bu opera ilə Şəfiqə xanım Üzeyir bəy məktəbinin əsl və layiqli davamçısı olduğunu, onun ideyalarına, sadiq qaldığını bir daha təsdiq edir.

Bəstəkarın digər iri həcmli səhnə əsəri Novruz Gəncəlinin librettosu əsasında yazdığı «Ev bizim, sirr bizim» operettasıdır.

Şəfiqə xanımın səhnə əsərinə ilk müraciəti 1943-cü ilə təsadüf edir. Həmin il o, Əyyub Abbasovun «Adil və Sərvinaz» tamaşasına musiqi yazıb.Sonrakı illərdə «Son məktub», «Iliç buxtası», «Qaynana», «Böyük ürək», «Vicdan», «Sən nə üçün yaşayırsan», «Qızıl əjdaha», «Natəvan», «Yaşar», «Aydın», «Dost Əli», «Rübailər aləmində» və s. kimi tamaşalara musiqi bəstələyən Şəfiqə Axundovanın yaradıcılığında bu şaxə xüsusi bir mərhələ təşkil edir.

 

Mahnıları ilə milyonların qəlbini fəth etdi...

 

Bəstəkarın tamaşalara yazdığı musiqilər içərisində elə mahnılar var ki, onlar ifaçıların repertuarına daxil olub müstəqil şəkildə ifa olunaraq dillər əzbərinə çevrilib. “Vicdan», pyesindən, «Nədən oldu», «Gəlin qayası» radiopyesindən «Könül təranələri», «Natəvan» pyesindən «Neyçün gəlməz» və başqa nümunələr buna misal ola bilər. Bəstəkarın Şərəf Rəşidovun «Kəşmir mahnıları» poeması əsasında yazdığı musiqi «Kəşmir mahnıları» məcmuəsinin yaranmasına səbəb olur. Şəfiqə xanım 600-ə qədər mahnının müəllifidir. Onun mahnıları tanınmış müğınnilərin repertuarını bəzəyib hər zaman. Bu gün də gənc ifaçılar Şəfiqə xanımın şərqilərini böyük sevgi ilə ifa edir.

Şəfiqə Axundova musiqinin müxtəlif janrlarında işlədiyinə görə onun yaradıcılığında instrumental əsərlər də var: simfonik orkestr üçün süita, solo kamança üçün “Ləpələrin pıçıltısı” əsəri, müxtəlif fortepiano pyesləri, xalq çalğı alətləri üçün “Bayram rəqsi”, “Xoş rəng” və s. kimi əsərlər bəstəkarın yaradıcılığının zənginliyindən soraq verir.

Şəfiqə Axundova 1956-cı ildən 1982-ci ilə qədər o dövrkü Azərbaycan Dövlət Incəsənət Institutunda müəllim kimi fəaliyyət göstərib. “Əməkdar Incəsənət Xadimi” və “Xalq Artisti” fəxri adlarına layiq görülən, müxtəlif fəxri fərmanlarla təltif edilən unudulmaz sənətkar yaratdığı musiqi əsərləri ilə xalqının qəlbində özünə ölməz heykəl ucaldıb.

 

R.Rzayeva

 

P.S. Məqalədə sənətkara ad olunan məqalələrdən istifadə edilib.

 

Hürriyyət.- 2018.- 18 iyul.- S.14.