“Arxamda xalqımı, dünyanın dörd

tərəfindəki oxucularımı hiss edirdim”

 

“Ermənilər mənə Azərbaycandakı adamları vasitəsilə zərbə vurmaq hədə-qorxusu gəliblər”

 

Yazıçı-jurnalist Varis Yolçuyevlə müsahibə

 

- Varis bəy, xoş gördük sizi. Əvvəlcə istəyərdim son uğurunuza toxunaq. Azərbaycanımıza şərəf gətirərək ədəbiyyat üzrə Avrasiya materikinin festivallar festivalındakı qalibiyyətinizi nəzərdə tuturam. Avroviziya musiqi festivalında olduğu kimi burada da festival növbəti il qalibin vətənində keçiriləcək. Demək, siz bu nüfuzlu ədəbiyyat forumunu ölkəmizə gətirirsiniz.

- Rusiya Federasiyasının Soçi şəhərində Avrasiya materikinin 170 yazıçısının qatıldığı nüfuzlu “LiFFt-2018” ədəbiyyat üzrə üçüncü festivallar festivalında gərgin mübarizədə Fransa və Çexiyadan olan favorit yazıçıları qabaqlayaraq 1-ci yeri tutdum, qızıl medala layiq görüldüm.

Festivalın qalibi kimi mənə qızıl medaldan başqa ” Qizil LiFFt” seriyasından yüksək tirajla ” Metamorfoz“  romanımın  çapı müqaviləsi, qiymətli hədiyyələr təqdim olundu. Xüsusən mənimçün şərəfli o idi ki, LiFFt festivalının qızıl mükafatını əvvəlki illərdə dünyaşöhrətli qazax yazıçısı Oljas Süleymenov və çağdaş Rusiya poeziyasının ən ünlü isimlərindən olan Konstantin Kedrov-Çelışev qazanmışdılar. Təltif mərasimində, eləcə də“Rossiya”, "Kultura" telekanallarına müsahibə verərkən mən bu qələbəmi Azərbaycan Cumhuriyyətinin 100 illiyinə həsr etdiyimi söylədim.

Siz düz buyurursunuz, növbəti il festival Bakıda keçiriləcək. Artıq tarixi də müəyyənləşdirilib. Sentyabr ayında ölkəmizin paytaxtına birdən birə materikin 50 ölkəsindən 200 nüfuzlu yazar gələcək. Bu, əlbəttə ki, Azərbaycanın gündəmdə olması üçün gözəl şansdır. Üstəlik, əcnəbi yazarlara Azərbaycan barədə, xüsusən Qarabağımız barədə həqiqətləri tam çatdırmaq imkanımız yaranır. Onların bir neçəsi sonradan yazacağı əsərlərində, verəcəkləri müsahibələrində bu həqiqətlərə toxunsalar böyük dividendlər qazanmış olacağıq.

 - Buna qədər də ədəbiyyat üzrə beynəlxalq miqyasda kifayət qədər uğur qazanmışdınız.

- Buna qədərki uğurlarımın bəzilərini  qısaca deyim: Ötən il UNESCO-nun və Varşavada keçirilən Slavyan Ədəbiyyat Festivalının Adam Mitskeviç medalına layıq görülmüşəm. Dünyada bu medala layiq görülən 101-ci şəxsəm. Eləcə də ötən il Antuan de Sent Ekzüperi (Fransa) diplomuna layıq görülmüşəm. Öncəki il Beynəlxalq Moskva Ədəbiyyat Mükafatına layiq görülmüşəm. Özü də öz nominasiyamda olduqca şöhrətli Boris Akuninlə Mixail Zadornovu qabaqlayaraq. 2017-ci ildə Nyu-Yorkda keçirilən Dünya Yazıçıları Konqresinin iştirakçısı olmuş, 50 dünya yazıçısından biri kimi "Promotion of Creative Writinq in the USA" layihəsinə üzv seçilmişəm. Əvvəlki illərdə Azərbaycanın Mədəniyyət Nazirliyinin "Qızıl kəlmə" ədəbiyyat mükafatına da layıq görülmüşəm. Siyahını uzatmaq da olar.

 - Və onu da nəzərə alaq ki, siz ixtisasca jurnalistsiniz, televiziyada çalışırsınız, bu yaxınlarda fəxri ada layoq görülmüsünüz. Varis bəy, mənim üçün maraqlıdır, sizi necə təqdim edək: jurnalist, ya yazıçı Varis? Hansı təqdimat sizi daha dəqiq xarakterizə edir?

-Düzdür, jurnalist kimi də kifayət qədər uğurlar qazanmışam. Beynəlxalq mükafatlarım da yetərincədir. Elə, bir müddət öncə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Əməkdar jurnalisti fəxri adına layiq görülmüşəm. Mən əslində yazar sayıram özümü, qələm adamı sayıram. Bu qələm yeri gələndə publisistikaya köklənir, yeri də gələndə bədii ədəbiyyata.

- Yenidən LiFFt festivaılar festivalına qayıdaq. Orda 170 yazıçı arasında Ermənistanın da yazıçısı var idimi?

 -  Bəli, onların da yazıçısı var idi. Ermənistan yazıçısını böyük nümayəndə heyəti müşayiət edirdi: mədəniyyət nazirliyi, səfirlik rəsmiləri, ayrıca təşkil etdikləri fotosərgi, qala gecənin konsert proqramında bir neçə çıxış. 21 nəfərlik nümayəndə heyəti idi. Bununla belə, bu cür dəstəyə baxmayaraq ermənilərin yazıçıları finala vəsiqə qazana bilmədi, ilk mərhələdə büdrədi. Mənsə orada tək olsam da içimdə böyük qələbə əzmi var idi. Arxamda xalqımı, dünyanın dörd tərəfindəki oxucularımı hiss edirdim. Azərbaycan bayrağını dalğalandıranda hamıya qoşulub ermənilərin də bayrağımıza əl çalmağa məcbur olmaları məni məmnun etdi.

- Çox böyük uğurdur, qürurvericidir. Gəlin indi də bir qədər keçmişə qayıdaq. Ədəbiyyata ilk gəlişiniz necə olub?

- Ədəbiyyata gəlişim 90-cı illərin əvvəllərinə təsadüf edir. O vaxt xalq yazıçımız İsmayıl Şıxlı ilk hekayələrimi "Ulduz" jurnalında dərc etdirərək mənim simamda Azərbaycan ədəbiyyatına yeni varisin gələcəyini söyləmişdi. Böyük İsmayıl Şıxlı mənim sənət müəllimimdir. Amma ilk kotabım yalnız 2008-ci ilin sentyabrında - düz on il bundan əvvəl çıxdı.

Həm Azərbaycanda, həm Türkiyədə, həm Rusiyada, eləcə də Amerikada nəşriyyat hesabına hazırda kitablarım çıxır. Daha bir neçə ölkə ilə də anlaşmalar var. Baza dillərə tərcümələrin maliyyələşməsi problemlərini həll edə bilsəm, bu arena daha da genişlənəcək.

- Qeyd etdiniz ki, ilk kitabınız 10 il bundan əvvəl çıxıb. Söhbət Azərbaycanda çox məşhur olan "Sonuncu ölən ümidlərdir" romanından gedir, eləmi?

- Bəli. Mənim 2008-ci ildə çıxan ilk kitabım  "Sonuncu ölən ümidlərdir" olub. Bu balletristik bir roman idi. Kitabın populyar olmadığı, kitab mağazalarının kütləvi olaraq baqqal dükanlarına çevrildiyi bir zamanda cəmiyyətin diqqətini ədəbiyyata yönəltmək üçün bilərəkdən belə bir addım atdım və bu addım da özünü doğrultdu. Qısa müddətdə on min nüsxədən ibarət rekord tiraj büsbütün satıldı, beş il dalbadal təkrar nəşr çıxdı, ( 6-cı hazırlanır), on minlərlə pirat nüsxələri peyda oldu. Bakı Kitab klubu bu kitabı ölkədə ən çox satılan kitab elan elədi. Qısa müddətdə roman o qədər populyar oldu ki, artıq bizdə də ictimai nəqliyyatda əlində kitab olan gənclər görünməyə başladı, ikinci əl kitab əldə etmək prosesi gücləndi. Tezliklə bu romanın çapı ilə bağlı xaricdən ilk təklif də gəldi. Özbəkistanda bu roman 126000 tirajla çap olundu. Ən əsası isə "Sonuncu ölən ümidlərdir" ölkəmizdə on minlərlə gənci bədii ədəbiyyat oxucusu etdi. Bu oxucuların çox  az qismi balletristikada ilişib qaldılar, böyük qismi isə sevə-sevə daha mükəmməl əsərlər oxumağa başladılar. Bu mənim yazıçılığımın kütləvi ədəbiyyat tərəfi.

Mənim yazıçılığımın ikinci tərəfi isə tam olaraq  ciddi ədəbiyyat adlandırılan əks qütbə aiddir: Beynəlxalq Moskva ədəbi mükafatına layiq görülən "Yanvarın 13 günü" romanı, LiFFt festivallar festivalında qızıl medal qazanan "Metamorfoz" romanı, dünya yazıçılarının Nyu-York konfransında pitçinqi keçirilərək nəşriyyatlara tövsiyyə edilən "Yetmiş yeddinci gün" romanı, Fransadan, Polşadan, Rusiyadan, Türkiyədən ödüllər qazanmış hekayələrim...

Əlbəttə ki, bu gün bütün dünyada populyar olan ədəbiyyat müasir üçüncü minilliyin ərəfəsində yaranan və geniş oxucu kütləsinə yönəli ədəbiyyatdır ki, orada, tutalım, Coan Roulinq kimi bir zərif xanım Harri Potter kimi nağıl qəhrəmanıyla at oynadır. Populyar ədəbiyyata hazırda şərti olaraq "bestseller janrı" kimi adlanan ən çox satılan nəsr nümunələrini aid etmək olar ki, bu sırada təkcə fantezi və macəra yox, həm də balletristika, detektiv, ekşn, kriminal, triller, sevgi romanları yer alıb. Bu cür bədii ədəbiyyata mən populyar yox, kütləvi bədii ədəbiyyat deyərdim.

Digər, ciddi ədəbiyyat adlandırılan kateqoriya isə özəl oxucuya, xüsusi ədəbi zövqü olan oxucuya yönəli ədəbiyyatdır ki, bu ədəbiyyata isə, haradasa, elitar ədəbiyyat demək daha düzgün səslənər.

Amma bu bölgünün olduqca yanlış tərəfi də var. Bu da odur ki, nəsr əsərlərini qəti olaraq bu cür iki cəbhəyə ayıranlar  eyni bir əsərin həm populyar, həm də ciddi kateqoriyasına aid edilə biləcəyini yolverilməz hesab edirlər. Halbuki dünyanın müxtəlif "ən çox oxunan kitablar" reytinqlərində top kitablar sırasında mütləq klassik və müasir ədəbiyyatın zirvə yazıçılarının əsərləri də yer alır. Uilyam Şekspir, Viktor Hüqo, Fyodr Dostoyevski, Çarlz Dikkens, Ernest Heminquey, Uilyam Folkner, Lev Tolstoy, Cerom Selincer, Qabriel Qarsia Markes... İzlədiyim ən nüfuzlu reytinqlərdə təkrar olunan isimlərdir. Bunlar tirajları milyonları haqlayan ən populyar yazıçılardır. Və həm də, ciddi ədəbiyyat yazdıqlarına zərrəcə şübhə edilməyən yazıçılardır. Demək, populyar olanı ciddi olmayan hesab etmək düzgün deyil. Əfsus ki, xüsusən bizdə belə bir tendensiya geniş yayılıb. Yaxşı əsər statistik oxucunun dərk edə bilməyəcəyi və alınmayacagı, rəflərdə qalacağı proqnozlaşdırılan əsər hesab olunur.

- Mən bilən, sizin iki romanınıza teleserial çəkilib.

- Bəli. "Bir ovuc torpaq" və "Sənə inanıram" romanlarının ssenarisi əsasında teleseriallar çəkilərək müvafiq olaraq "Lider" və "Xəzər" televiziyalarında nümayiş olunub. Yeri gəlmişkən, bayaq mükafatlardan danışdıq. Mənimçün ən böyük ədəbi uğur bu mükafatları qazanmağım deyil, ən böyük uğur Qarabağ  savaşından bəhs edən "Bir ovuc torpaq" romanımın Azərbaycanın Milli Qəhrəmanı, ən böyük qəhrəmanlarımızdan sayılan Mübariz İbrahimovun stolüstü kitabı olmasıdır.

- Məşhur, samballı yazıçıların, tənqidçilərin sizin əsərlərlə bağlı yüksək fikirdə olduqlarını zaman-zaman eşitməkdəyik.

- Tanınmış qocaman tənqidçimiz Vaqif Yusifli haqqımda xoş sözlər yazırsa, Nizaməddin Şəmsizadə efirdən xoş sözlər səsləndirirsə, çağdaş Azərbaycan nəsrinin zirvələrindən olan Elçin Əfəndiyev zəng vurub xoş sözlər söyləyirsə, demək ölkəmizin əsl söz sərrafları yaradıcılığıma heç də biganə deyillər. Bu sıraya yaradıcılığım barədə yüksək fikirdə olan əcnəbilərin bir qismini də əlavə etmək istərdim: tanınmış rus yazıçıları Sergey Lukyanenko, Aleksandr Qritsenko, Marqarita Al, populyar "Rossiyskiy kolokol" jurnalının ədəbi tənqid şöbəsi, tanınmış amerikalı ədəbiyyat funksioneri Lin Menken, tanınmış belorus yazıçısı Aleksandr Ratkeviç, populyar özbək yazıçısı Rustam İqbol, Türkiyənin məşhur "Miliyyet" qəzetinin ədəbiyyat redaksiyası və s.

- Oxucunuz çoxdur, bu, faktdır. Əksəriyyəti də gənclər. Necə düşünürsünüz, gənclərin diqqətini çəkən nədir bu əsərlərdə?

 

Ardı var

 

Elnur Eltürk

 

Hürriyyət.- 2018.- 2 oktyabr.- S.11.