“Arxamda xalqımı,
dünyanın dörd
tərəfindəki
oxucularımı hiss edirdim”
“Ermənilər mənə Azərbaycandakı
adamları vasitəsilə zərbə vurmaq hədə-qorxusu
gəliblər”
Yazıçı-jurnalist Varis
Yolçuyevlə müsahibə
əvvəli ötən
sayımızda
-
Doğrusu, mən ədəbiyyatda
hansı mövzulara sosial
sifarişin olduğuna diqqət yetirən adamam, dünyada gedən
ədəbi prosesi kifayət qədər izləyirəm. Və
bura onu da əlavə edək ki, Amerik ada 58 akademik saat dərs
aldığım "Bestseller yazmağın qızıl
qaydaları" kursundan da faydalanıram.
Məncə,
bədii əsər oxucunun beynindən və ürəyindən
keçən, yaddaşında və qəlbində əyləc
izləri buraxan bir ekspress qatardır.
Diqqətçəkən
hadisə və bu hadisə ilə bərabər
aşılanan fikir, düşüncə, fəlsəfə.
Bunlar bir birini tamamlamalıdır. Oxucu sevgisi qazanmaq, oxucuya nəsə
aşılaya bilmək çox sevindiricidir. Özü də
tək öz ölkəndə deyil, sərhəddən kənarda
da vaxt öldürməyə yox, ruhunu oxşamağa, səni
düşündürməyə, təcrübə və
bilik qazanmağına xidmət etməyə hesablanan əsərlərlə sevilmək
böyük xoşbəxtlikdir. Özbəkistanda ögey atasının
zülmündən təngə gəlib çardaqda
özünü asmaq istəyərkən son anda yerdəki
"Sonuncu olən umidlərdir"in bir vərəqinə
gözü sataşan, maraqla oxuduqdan sonra gedib əsəri tam əldə
edib oxuyan, intihar fikrindən vaz keçib əsərin qəhrəmanı
kimi haqsızlığa üsyan edən 15 yaşlı
qızın əhvalatı məgər yazıçı
üçün azmı stimuldur? Və yaxud, Tbilisidə
Şeytanbazarda yaşayan və heç vaxt kitab oxumayan azərbaycanlı
qonşularının kitaba alüdə olduqlarını
görüb təəccüblənərək bu qeyri-adi
kitabı oxumaq üçün Azərbaycan dilini öyrənən
gürcü xanımının hekayəti? Və yaxud
"Yetmiş yeddinci gün" əsərindən təsirlənən
onlarca türk gəncinin körfəzdə 77 gün dalbadal
günəşi qarşılamaları əhvalatı? Və
yaxud, bir bolqar rəsmisinin internetdən rusca "Metamorfoz"
romanından parçalar oxuduqdan sonra əsərin bolqarcaya
çevrilib Bolqarıstanda çap olunmasına göstəriş
verməsi faktı?
- Bəs əsərləriniz
arasında ən populyarı, sizə ən çox
qazandıranı hansıdır?
- Azərbaycanda
təbii ki, ən populyarı haqqında çox
danışdığımız həmin o balletristik "Sonuncu
ölən ümidlərdir" romanıdır. Maddi
baxımdan da qazandırıb, üstəlik, mənə
populyarlıq da gətirib.
Amma
Rusiyada, Avropada, Amerikada populyar olan əsərim fəlsəfi
roman olan "Metamorfoz"dur. Bu romanla nüfuzlu mükafatlar,
nəşriyyat müqavilələri, ədəbi rezonans əldə
etmişəm.
Türkiyədə
isə ən populyarı psixoloji "Son məktub"
romanıdır. Türkiyədə çap olunmuş həm klassik, həm də
çağdaş Türkiyə və dünya
yazıçılarının dövriyədə olan 60 min bədii
əsəri arasında bu əsər 1000 kitap.com reytinqində
düz 52-ci pilləyədək yüksələ bilib.
Potensial
olaraq çox şeylər gözlədiyim romanım isə
"Yetmiş yeddinci gün"dür. Nyu-York konqresində o
romanın pitçinqi keçirildi, roman dünya nəşriyyatlarına
tövsiyə edildi.
- Bəs özünüzün ən
çox bəyəndiyiniz əsəriniz hansıdır?
- Mən
ən çox indicə qeyd etdiyim "Yetmiş yeddinci
gün"ü və "Sonincu mogikan"ı bəyənirəm.
Bunları o qədər içdən yazmışam ki. Qəhrəmanlarının
özüm olduğunu hətta iddia etmək olar. Nyu-york
konfransında "Yetmiş
yeddinci gün"ə qiymət veriləndə, Türkiyədə
TV-yə müsahibə verərkən gənclərin körfəzdə
günəşi necə qarşılamalarını eşidəndə
gözlərim yaşarmışdı. Bu əsərin əsl
qiyməti yəqin ki, hələ sonra veriləcək.
- Uğurlarınıza bu yaxlnlarda
biri də əlavə olundu. Nüfuzlu beynəlxalq təşkilatına
həmsədr seçildiniz.
- İyun ayından etibarən təyin
olunduğum beynəlxalq statuslu yüksək bir vəzifəni-
Avrasiya Millətlər Assambleyası Ədəbiyyat
Şurasının həmsədri vəzifəsini icra edirəm.
Bu mötəbər qurumda həmsədrlik missiyasını
Almaniya, Fransa, Rusiya, Qazaxıstan, Belarus, Danimarka, Avstriya və
Çindən olan digər 8 həmsədrlə birgə icra
etməyə başlamışam ki, onların da arasında
Sergey Biryukov, Nadaa Sendoo, Aleksandr Ratkeviç, Oljas Süleymenov
kimi tanınmış və nüfuzlu şəxsiyyətlər
yer alıb.
Həmsədrlərin
missiyası 5 milyard nəfərdən artıq əhali
yaşayan, 94 ölkəni birləşdirən bu nəhəng
materikdə böyük və əhatəli ədəbiyyat
layihələrinin təşkili məsələləri ilə
məşğul olmaqdır. Əsas məqsədi xalqların
geniş dialoqu, qarşılıqlı əlaqələri və
ictimai diplomatiyası əsasında Böyük Avrasiya Əməkdaşlığı
İctimai İnteqrasiya Modelinin
formalaşdırılmasını təmin etmək hesab edilən
Avrasiya Millətlər Assambleyasının bir qurumu olaraq
Ədəbiyyat Şurası özlüyündə cəmiyyətlərin
ədəbiyyata, ümumən mədəniyyətə daha
çox diqqət ayırmasına, mənəvi-əxlaqi dəyərlərə
daha çox önəm verilməsinə xidmət edir.
Belə
yüksək beynəlxalq tribuna əldə etməyimdən
böyük qürur duyur, fürsətdən istifadə edib
Azərbaycanımıza, mədəniyyətimizə, ədəbiyyatımıza
fayda gətirmək üçün əlimdən gələni
əsirgəməyəcəyimi bildirirəm.
- Daha çox sevgidən
yazırsınız. Di gəl, bunun da arxasında mənəvi
və sosial problemlər qabardılır. Bir də
hazırkı zamanımızda maddiyyatın mənəviyyatdan
üstünlüyü məsələsi. Cəmiyyətdənmi qaynaqlanır
bunlar? Nə üçün sosial problem dedikdə məhz
maddiyyat daha çox qabardılır?
- Əfsus ki, indi dünyamızda
tünd boyalar daha çoxdur, zülmət işıqdan
güclüdür. Son illər kino industriyasında ucdantutma
istibdadın, zülmün sonda qalib gəlməsinin
labüdlüyündən bəhs edən filmlər istehsal
olunur. Kann qızılı qazanan iki istedadlı rejissor - Andrey
Zvyagintsev və Abdulatif Keşiş kinoda şərin qələbəsinin
bərqərar olması tendensiyasının parlaq nümayəndələridir.
Eyni hal ədəbiyyatda da müşahidə edilməkdədir.
Zorakılıq, qan, savaş təbliği,
haqsızlığın qalibiyyəti bədii əsərlərdən
qabarıq xətlə keçir. Mənim Moskvada
çıxan Üç üstəgəl bir audiokitabımda
Zalımlar, babam və əncir ağacı adlı bir hekayəm
var. O hekayə Azərbaycan jurnalında da dərc edilib.
İxtiyar yaşında bütün meylini əncir
ağacına salmış bir qocadan və meyvələri həyətinə
tökülüb həyətini zibillədiyi
üçün o ağacı kəsdirən bir harın
varlıdan bəhs edın bu hekayə sarsıdıcı hadisəylə
başlasa da xoş sonluqla tamamlanır. Hekayəm böyük
oxucu sevgisi qazandı və ictomai rezonans yaratdı. Yüzlərlə
rəylər bir birinin oxşarı idi: "Onsuz da həyat qəddardır.
Onsuz da addımbaşı şər xeyiri taptalayır.
Barı ədəbiyyatlasa xeyirin qalib gələcəyinə
aldanıb toxtayaq." Sonda həmin o zalımın cəzalandırılması
sanki ürəklərdən tikan çıxarırdı.
Babanın timsalında minlərlə insan özünü,
zalımın timsalında isə ona qarşı haçansa
haqsızlıq etmiş bir yuxarı kasta nümayəndəsini
görürdü.
Ədəbiyyat
olan-qalan ümidləri öldürməməlidir, əksinə,
ümid gətirməlidir.
- Yenə də qayıdaq ən
ağrılı yerimizə: Qarabağa. Bütün əsərlərinizdə
Qarabağ müharibəsinə az və ya çox dərəcədə
toxunulur. Beynəlxalq miqyasda
tanınmağınızı, populyarlıq
qazanmağınızı həm
də antierməni missiyasına kökləmisiniz. Bunun
üçün şəxsən mən öz adımdan sizə
minnətdarlıq edirəm. Sizin ideoloji xətti erməniləri
tək türkün deyil, bütün bəşəriyyətin
düşməni kimi göstərməkdir. Mümkünsə
bu barədə danışardınız.
-
1918-ci ildə Qubada azərbaycanlılarla yanaşı yəhüdilərin
də ermənilər tərəfindən soyqırıma məruz
qalmalarından bəhs edən "Xrizantema dəstəsi"
adlı əsərim Ümumdünya Yəhüdiləri
Forumunun rəsmi internet səhifəsində
"Məsləhət görülən ədəbiyyat"
kimi təbliğ olunaraq yüz mindən çox oxunma sayı
ilə rezonans yaratmışdır.
2-ci
dünya müharibəsində ermənilərin 200 min nəfər
heyətlə ön və arxa cəbhədə faşist
Almaniyasının tərkibində vuruşaraq ruslara divan
tutmalarından bəhs edən "Cənubda qar
uçqunları" adlı əsərim isə Rusiyanın
illik 30 milyon oxucusu olan Proza.ru portalında 4 həftə
liderlik reytinqi qazanmışdır.
Ermənilər
böyük bir qrup yaradaraq internetdə yerləşdirilən
bu əsərlər barədə minlərlə antierməni
ruhlu rəylərə reaksiya verməyə, dəlil-sübut
gərirməyə, göz yaşı axıtmağa məcbur
olurlar.
Onu da deyim ki, "Cənubda qar
uçqunları" adlı əsərimə minlərlə
erməninin şikayəti əsasında Rusiyada qadağa da
qoyulmuşdur. Ermənilərin bu əsərə qadağa
qoyulması üçün hədsiz canfəşanlığı
başadüşüləndir. Həmin əsər bir azərbaycanlı
şəhid anasının yaşantılarıdır.
İnternetdə əsəri oxuyub təsirə düşən,
antimüharibə ovqatında köklənən, ölkəni
müharibəyə sürükləyən liderlərə
nifrət səsləndirən erməni əsgər
analarının çoxluğu erməni liderlərini təşvişə
salıb.
- Ermənilər sizə müharibə
elan ediblər, bu barədə məlumatlıyıq.
-
Əvvəllər Rusiyaya və Avropaya gedərkən orada məni
cazalandıracaqları hədə-qorxuları olurdu. Ən son Soçi
festivalındakı qalibiyyətimdən qıcıqlanıb mənə
fərqli hədə-qorxu gəliblər. Deyiblər, biz sənə
Azərbaycandakı adamlarımız vasitəsilə də zərbə
vuracağıq. Amma təbii ki, bu məni qorxutmur. Mən
xalqıma, dövlətimə arxalanıram. Hələ
mübarizəmiz irəlidədir.
- Düşünürəm, hər
bir azərbaycanlı sizə dəstək olmalıdır,
gördüyünüz bu böyük işin davam erməsində,
daha effektiv olmasında köməyini əsirgəməməlidir.
Uğurlar sizə, Varis bəy.
-
Çox sağ olun.
Elnur Eltürk
Hürriyyət.- 2018.- 3 oktyabr.- S.11.