Topçubaşovun Parisdəki şəxsi
arxivi
Burada mövcud olan qiymətli sənədlər
və tarixi həqiqətlər
Azərbaycan parlamentinin ilk sədri,
görkəmli ictimai-siyasi xadim, diplomat Əlimərdan bəy
Topçubaşovun şəxsi arxivi Fransanın paytaxtı
Paris şəhərindəki Sosial Elmlər üzrə Ali Məktəbin
Rus dünyası, Qafqaz üzrə Tədqiqatlar Mərkəzi
və Avropa Mərkəzi (CERCEC) kitabxanasının nəzdində
saxlanılır.
"Report"un Qərbi
Avropa bürosunun əməkdaşı həmin Mərkəzə
baş çəkib, sənədlərlə tanış olub
və görkəmli ictimai-siyasi xadimin fəaliyyəti ilə
bağlı araşdırma aparıb.
Qubernatora
ünvanlanan məktublar
Materialların böyük hissəsi Ə.Topçubaşovun (1863-1934) şəxsi fəaliyyətinə dair arxiv sənədlərindən ibarətdir. Bu sənədlər də XIX əsrin sonlarından 1918-ci illərə qədər olan dövrü əhatə edir. Burada Ə.Topçubaşovun Çar Rusiyasında Birinci Dövlət Dumasının deputatı kimi, həmçinin "Kaspi" qəzeti və digər mətbu orqanların redaktoru işlədiyi dövrlərdəki fəaliyyətini əks etdirən sənədlər toplanıb.
Onların arasında görkəmli ictimai-siyasi xadimin Tbilisidə yerli özünüidarəetmə orqanlarının yaradılması uğrunda apardığı mübarizəni əks etdirən materiallar xüsusi yer tutur. Məlum olduğu, Ə.Topçubaşov Cənubi Qafqazda da xalqların öz talelərini özləri həll edə bilmələri üçün federal dövlətlərdə olduğu kimi yerli özünüidarəetmə orqanlarının yaradılmasına çalışırdı. Arxivdə onun bu məqsədlə Tiflis quberniyasına ünvanladığı xeyli sayda məktubları qorunub saxlanılır. Ə.Topçubaşovun bu arzusu 1917-ci il fevral inqilabından sonra reallığa çevrilir və Cənubi Qafqazda yeri özünüidarəetməni həyata keçirən idarələr yaradılır.
Arxivdə həmçinin görkəmli ictimai-siyasi xadimin Tiflis gimnaziyasını və Sankt-Peterburqda ali məktəbi bitirməsinə dair diplomları da mövcuddur.
Azərbaycan Xalq
Cümhuriyyəti dövrü
Buradakı sənədlərin bir qismi Azərbaycan nümayəndə heyətinin Paris Sülh Konfransında iştirak etmək üçün Fransaya gəldiyi tarixdən, yəni 1919-cu ilin may ayından Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğalına qədər olan dövrü əhatə edir. Arxivdə nümayəndə heyətinin Fransada digər dövlətlərin rəhbərləri, ictimai-siyasi xadimləri ilə yazışmaları, memorandumlar, notalar, məktublar yer alır. Bu sənədlər rəsmi, ya da yarırəsmi xarakter daşıyır.
Azərbaycanlı
və digər millətlərdən olan mühacirlərlə
əlaqələr
Əlimərdan bəy Topçubaşov Bolşevik Rusiyası tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinə son qoyulduqdan sonra azərbaycanlı mühacirlərə rəhbərliyi ələ alır və onlar üçün əlaqələndirici rolunu oynamağa çalışır. Arxivdə onun mühacirlər və mühacir təşkilatları ilə çoxsaylı yazışmaları qorunub saxlanılır. Bu sənədlər Azərbaycanın 1920-ci il aprelin 28-də bolşevik Rusiyası tərəfindən işğalından Əlimərdan bəy Topçubaşovun vəfatına qədər, yəni 1934-cü ilin noyabr ayına qədər olan dövrləri əhatə edir. Yazışmalar həm Fransada, həm də Türkiyədə yaşayan azərbaycanlı mühacirlər və digər millətlərdən olan mühacir təşkilatları ilə əlaqələrini əhatə edir. Arxivdə Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadə, ədliyyə və daxili işlər naziri Xəlil bəy Xasməmmədov, Qarabağın general-qubernatoru, hərbi nazir Xosrov bəy Sultanov ilə yazışmalar var.
Prometey hərəkatı
Arxiv sənədlərindən məlum olur ki, Əlimardan bəy Topçubaşov digər millətlərdən olan mühacirlərlə də yaxşı münasibətlər qurmağa nail olmuşdu. Prometey hərəkatının əsas məqsədi rus olmayan xalqlara rusların işğalından azad olmağa və müstəqilliklərini bərpa etməyə yardım göstərmək, bu mübarizədə onların fəaliyyətlərini koordinasiya etmək idi. Bununla bağlı sənədlər arxivdə mühüm yer tutur. Belə ki, Polşanın maliyyələşdirdiyi bu hərəkatın tərkibində Azərbaycan Milli Mərkəzi fəaliyyət göstərirdi və ilk rəhbəri də Əlimardan bəy Topçubaşov olub.
Əgər Qafqaz xalqları XIX əsrin
sonları XX əsrin əvvəllərində özlərini
idarə etmək hüququ qazanmaq uğrunda mübarizə
aparırdılarsa, Polşa tam müstəqillik əldə
etməyə çalışırdı. Beləliklə,
uzun mübarizədən sonra Polşa müstəqilliyini
qazanmağa nail olmuşdu. Ancaq çox gözəl
anlayırdı ki, müstəqilliyini möhkəmləndirmək
üçün Rusiyanın əsarətdə
saxladığı digər xalqların azadlıq mübarizəsinə
dəstək verməlidir. Polşa Rusiya ilə
sərhədində yeni bir dövlətin yaranmasında
marağlı olduğundan ən çox ukraynalılara dəstək
verirdi. Ümumiyyətlə, Polşa bolşeviklərə
qarşı mübarizəni davam etdirən mühacirlərə
dəstək vermək məqsədilə böyük layihələr
həyata keçirirdi. Azərbaycan da varlı respublika
olduğundan bu layihələrdə xüsusi yer tuturdu. Belə ki, o
zaman rusların neftə olan tələbatının 90 faizini
Bakı nefti ödəyirdi.
Bu hərəkata Prometey adının verilməsi simvolik
xarakter daşıyırdı. Belə ki, tarixi əfsanəyə
görə, insanlara od verməkdə
ittiham olunan Prometey bu əməlinə görə Qafqaz
dağlarına sürgün edilmişdi. Onu azad
etmək uğrunda mübarizə həmin dövrdə Qafqaz
xalqlarının azadlığı uğrunda mübarizəyə
bənzədilmişdi. Hərəkatın
"La defence de Caucasse" adlı jurnalı da nəşr
edilirdi.
Arxivdə Qafqazın birləşməsi
ideyasının təşəbbüskarı olan Əlimərdan
bəy Topçubaşovun bu istiqamətdə
apardığı fəaliyyətinə həsr edilmiş
çoxlu sayda maraqlı sənədlər toplanıb. O, Qafqaz
Konfederasiyasının yaradılmasının təşəbbüskarlarından
biri idi. Lakin Qafqazın birləşməsi
uğrunda fəaliyyət mütəşəkkil surətdə
həyata keçirilmirdi. Məhz bu səbəbdən
Qafqaz ölkələri müstəqilliklərini qoruyub saxlaya
bilməmişdilər. Buna əngəl
yaradanlar isə, əsasən, erməni
separatçıları idi. Onlardan fərqli
olaraq, Əlimərdan bəy Topçubaşovun bu məsələdə
gürcülərlə heç bir problemi yox idi. Hətta
Şimali Qafqaz xalqlarından olan mühacirlərlə də
yaxşı münasibətlər qurmağa nail olmuşdu.
Fransanı yalnız bir dəfə tərk
edib
Türkiyə hökuməti Əlimərdan bəy
Topçubaşovun onlar üçün problem
yaradacağından ehtiyat edərək onun İstanbula daxil
olmasına icazə vermirdi. Arxiv sənədlərindən
də bəlli olur ki, Əlimərdan bəy Topçubaşov
Fransada mühacir kimi yaşadığı müddətdə
ölkəni yalnız bir dəfə tərk edib. Belə ki, o, 1923-cü ildə Lozanna şəhərində
keçirilən konfransda iştirak etmək üçün
İsveçrəyə gedib. Bundan əlavə,
bir neçə ölkəyə səfər etməyi, habelə
Polşaya getməyi düşünsə də, planları
baş tutmayıb.
Sanki Parisə uzun müddətə gəldiyini
hiss etmişdi
Arxivdə Əlimərdan bəy Topçubaşova məxsus
və onun Fransaya gəlişindən əvvəlki illərdəki
fəaliyyətini əks etdirən sənədlərin
çoxluğunu bir neçə amillə izah etmək olar. Sanki sənədlərin
çoxluğu ictimai-siyasi xadimin Parisə gəlişi
zamanı bu səfərin uzunmüddətli
olacağını hiss etdiyi təəssüratını
yaradır.
Məlum
olduğu kimi, Azərbaycan nümyəndə heyəti Paris
Sülh Konfransında iştirak etməyə gəlməsinə
baxmayaraq, ölkəni yalnız Fransada deyil, həmçinin
bütün Avropa dövlətləri yanında təmsil etməli
idi. Onlar bu məqsədlə İsveçrəyə,
İngiltərəyə səfərlər etmiş, digər
Avropa dövlətlərinin rəsmi şəxsləri ilə
əlaqələr yaratmağa nail olmuşdular. Azərbaycan
nümayəndə heyəti ölkənin müstəqilliyini
tanıtmağa nail olduqdan sonra bu dövlətlərdə
nümayəndəliklərimiz yaradılmalı və Əlimərdan
bəy Topçubaşov səfir kimi fəaliyyətə
başlamalı idi. Onun bu qədər sənədi
Parisə gəlişi zamanı özü ilə gətirməsinin
əsas səbəbi də məhz bu idi.
Hər halda Azərbaycan nümayəndə heyəti
1919-cu ilin aprel ayınadək Paris Sülh Konfransında
ölkəni təmsil edə bilməmələri
üçün maneçilik törətməyə
çalışan fransızların təkidi ilə
İstanbulda saxlanılırlar. Nəhayət, Paris Sülh
Konfransında iştirak etmək üçün icazə
almağa nail olan Əlimərdan bəy Topçubaşov məhdud
sayda nümayəndə və texniki işçi ilə
müşayiət edilmək imkanı qazanır və beləliklə,
böyük həcmdə sənədlərin özü ilə
yalnız müəyyən hissəsini gətirə bilir. Əlimərdan bəy Topçubaşov gündəliyində
ona məxsus sənədlərin bir hissəsini İstanbulda
saxlamaq məcburiyyətində qaldığını təəssüflə
vurğulayıb.
Gün ərzində onlarla məktub
yazırdı
Arxivdə
saxlanılar sənədlərlə tanışlıqdan sonra
Əlimərdan bəy Topçubaşovun enerjisinə,
yüksək iş bacarığına təəccüblənməmək
mümkün deyil. Bir insanın özündən
sonra bu qədər sənəd qoymasına ilk baxışda
inanmaq çətindir. O, bir gün ərzində onlarla
sənəd hazırlayırdı, xüsusilə də
onları əllə yazırdı.
Topçubaşovun gündəliyi
Ə.Topçubaşova məxsus gündəliyi oxuduqca
onun nə dərəcədə maraqlı insan olduğu
aydınlaşır. O, gündəliyə böyük hadisədən
tutmuş ilk görünüşdə çox xırda
görünən hər bir detalı qeyd edib. Bu
yazılar ictimai-siyasi xadimin qabiliyyətli, işgüzar, eyni
zamanda olduqca dürüst insan olduğunu göstərir.
Ailəsi onun üçün həmişə
ön sıralarda ölub
O, ailəsini
çox sevən ailə başçısı, sadiq həyat
yoldaşı olub. Əlimərdan bəy
Topçubaşov San-Kluda yerləşən və kirayə
götürdüyü evində ailəsi, həmçinin ailə
həyatı qurmuş qızı və kürəkəni ilə
birlikdə yaşayırdı. 1931-ci ildə
maliyyə çətinliyi ilə üzləşən
ictimai-siyasi xadim məhkəmənin qərarı ilə evini
məcburi surətdə tərk etməli olur. Bu zaman
Ceyhun Hacıbəyli onlara evində müvəqqəti
sığınacaq verir və yeni ev tapmaqda
yardım edir. Ancaq köçdükləri yeni ev kiçik olduğundan qızı və
kürəkəni onlarla bir yerdə yaşaya bilmirlər. Ə.Topçubaşov bundan çox məyus olur və
bunu gündəliyində xüsusilə qeyd edir.
O,
San-Kludakı evindən çıxarılan zaman əlindən
alınan əşyaları arasında əvvəlcə onun
üçün böyük əhəmiyyətə malik
arxivini geri qaytarmağa cəhd göstərir. O, bu barədə
gündəliyində qeydlər edib. Hətta sənədlərini
geri almaq üçün aidiyyəti qurumlara müraciət
ünvanladığını da yazıb. Ancaq
Ə.Topçubaşov əşyalarını geri qaytarmaq
üçün borclarını ödəməli idi.
Arxivin
sonuncu hissəsi 1934-cü il noyabr
ayından, yəni Ə.Topçubaşovun vəfatından
etibarən 50-ci illərə qədərki dövrü əhatə
edir. Arxivdə Fransa Dövlət Şərq
Dilləri və Sivilzasiyaları İnstitutunu (İNALCO)
bitirmiş Əlimərdan bəy Topçubaşovun oğlu
Ələkbər bəy Topçubaşovun həyat və fəaliyyəti
ilə bağlı çox maraqlı sənədlər
saxlanılır. Hələ 1975-ci ildə Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi,
ümummilli lider Heydər Əliyev Sovet nümayəndə heyətinin
tərkibində Parisə yollanan Mərkəzi Komitənin
Tikinti şöbəsinin məsul işçisi Həsən
Həsənova Əlimərdan bəyin oğlu Ələkbər
bəy Topçubaşov ilə görüşməyi və
ölkə rəhbərliyi adından onu Bakıya dəvət
etməyi tapşırmışdı. Nəticədə
bir müddət sonra səfər gerçəkləşdi.
Hürriyyət.-
2018.- 19 oktyabr.- S.14.