Nəsillərə nümunə olan insan

 

(Unudulmaz pedaqoq Hüseyn Hüseynovun 95 illiyinə)

 

İnsan ömrü axar suya bənzəyir. Bəzən ömür adlı yolun bir vaxt başa çatacağını hiss etmirsən. İnsanda həyat eşqi elə güclü olur ki, həmişə yaşamaq, yaratmaq istəyirsən.

 

Ancaq həyatın da amansız, heç kimə zərrə qədər güzəştə getməyən “ölümqanunu var. Hələ heç kim buqanunu” dəyişdirə bilməyib. Bəli, cismani ölüm labüddür. Lakin insanın cismani ölümündən sonra ikinci həyatı başlayır. Bu həyat insanların yaddaşına hopan ömrün izidir. Əgər dünyasını dəyişəndən sonra təmasda olduğun yüzlərlə insanın xatirəsində qalırsansa, tez-tez anılırsansa, deməli, yaddan çıxmamısan, təzədən yaşayırsan.

Belə əbədiyaşar şəxsiyyətlərdən biriHüseyn Hüseynovdur. Hüseyn Qara oğlu Hüseynov 1923-cü ildə Füzuli rayonunun Merdinli kəndində anadan olub. 1930-cu ildə qonşuluqdakı Qaraxanbəyli kənd yedillik məktəbinin 1-ci sinfinə daxil olub, 1937-ci ildə həmin məktəbin 7-ci sinfini əla qiymətlərlə bitirib. Həmin il Karyagin (indiki Füzuli – E.S) rayonundakı Pedaqoji Texnikuma qəbul olub, 1940-cı ildə texnikumu fərqlənmə ilə başa vurub. 1941-ci ilin dekabrına kimi təyinatla göndərildiyi İmişli rayonunun Bicrəvan kənd ibtidai və Qaravəlli kənd yedillik məktəblərində müəllim işləyib. 1941-ci ilin dekabr ayından 1942-ci ilin fevral ayına kimi Füzuli rayonunun Alıxanlı kənd yedillik məktəbində müəllim işləyib, 1942-ci ilin fevral ayında hərbi qulluğa çağırılıb və müharibəyə göndərilib. Biləcəri toplanış məntəqəsindən onları Qusara aparıblar. Orada qısamüddətli təlim keçdikdən sonra döyüşə getmələri planlaşdırılıb. Silahlar az olduğundan bəzən silah əvəzinə ağaclarla təlim keçirilib. Nəhayət, təlim bitdikdən sonra döyüşə göndərilib və onun döyüş yolu Mazdokdan başlayıb. H.Hüseynov döyüşlərdə göstərdiyi sücaətlərə görə çoxlu ordenmedallarla təltif olunub.

Böyük Vətən müharibəsi 1945-ci ilin may ayında qələbə ilə başa çatsa da, H.Hüseynov hərbi qulluğu davam edib. Onu Almaniyadan Yaponiya ilə müharibədə iştirak etməsi üçün şərqə - Yaponiya sərhədlərinə aparıblar. Onun qulluq etdiyi hərbi hissə döyüşə girməmişdən bir gün əvvəl Amerika Yaponiyaya atom bombası atıb və müharibə başa çatdığından hissə döyüşə girməyib. Beləliklə, Hüseyn müəllim ordudan təxris olunaraq yalnız 1 dekabr 1945-ci ildə doğma kəndinə qayıda bilib.

Müharibədən qayıtdıqdan sonra H.Hüseynov Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində sözün həqiqi mənasında çox sevdiyi, ömrü boyu böyük hörmətlə yanaşdığı müəllimlik fəaliyyətinə başlayır. Müəllimlər və şagirdlər arasında böyük hörmət qazanır. Eyni zamanda ali təhsil almaq üçün Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olur, qiyabi olaraq təhsilini davam etdirir. Bacarığına, qabiliyyətinə görə hələ ali təhsilini başa vurmasına baxmayaraq, onu Füzuli rayon komsomol komitəsinin birinci katibi, sonra isə əvvəllər çalışdığı Yuxarı Seyidəhmədli kənd orta məktəbinə direktor vəzifəsinə təyin edirlər.

1954-cü ildən isə o, Füzuli rayon Maarif şöbəsinin müdiri vəzifəsində çalışır. Beləliklə, 1954-cü ildən 1962-ci ilə kimi rayon Maarif şöbəsinə rəhbərlik edir, xalq arasında böyük nüfuz qazanır.

1962-1966-cı illərdə əvvəlcə Füzuli rayon Partiya Komitəsinin ikinci katibi, sonra isə Füzuli rayon İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışır. O vaxtlar atam Əli Səfərov kolxozsovxoz ilk partiya təşkilatının katibi kimi ictimai apardığından rayonda gedən prosesləri yaxından izləyirdi. Onun eşitdiyi etibarlı mənbələrə görə, Azərbaycanın maarif naziri işləyən akademik Mehdi Mehdizadə Hüseyn müəllimin rayon İcraiyyə Komitəsindən işdən çıxarıldığını bildikdən sonra birbaşa o vaxtkı rayon partiya komitəsinin birinci katibinə zəng edərək ondan israrla xahiş edir ki, “bizə, yəni təhsilə Hüseyn Hüseynov kimi kadr lazımdır, onu özümüzə qaytarın”.

Əlbəttə, o vaxtlar respublikada böyük nüfuza malik olan akademik Mehdizadənin xahişi dərhal yerinə yetirilir, Hüseyn müəllim yenidən Füzuli Rayon Maarif şöbəsinin müdiri vəzifəsinə təyin olunur. 1966-cı ildən 1998-ci il dünyasını dəyişənə kimi 32 il həmin vəzifədə işləmişdir. Beləliklə, o 40 il Füzuli rayon təhsilinə rəhbərlik edir.

Hüseyn müəllimin həyat yoluna nəzər salanda onun başqalarından fərqləndirən keyfiyyətlər və üstünlüklər haqqında danışmaq istəyirəm. Hər şeydən əvvəl Hüseyn müəllim yaradıcı bir sima olmaqla yanaşı, öz təşəbbüskarlığı ilə diqqəti cəlb edirdi. 1972-1973-cü illərdə orta məktəb şagirdləri üçün dərsliklər az çap olunurdu. Bunu aradan qaldırmaq məqsədilə Hüseyn müəllimin təşəbbüsü və rəhbərliyi ilə Füzuli rayon məktəblərində dərslik fondu yaradılması və şagirdlərin pulsuz dərsliklərlə təmin olunması həyata keçirilir. Azərbaycan Respublikası Maarif Nazirliyi Füzuli rayonunda məktəblərin pulsuz dərsliklə təmin olunması və məktəb kitabxana fondunun yaradılması məsələsini yoxlamış, məsələni Nazirliyin kollegiyasında müzakirə etmişdir. Kollegiyanın qərarına əsasən bu təşəbbüs ətraflı öyrənilmiş və onun respublikada geniş yayılması maqsədəmüvafiq hesab edilmişdir.

1973-cü ildə Füzuli rayonunun ümumtəhsil məktəblərində şagirdlərin fiziki hazırlığını dahada yaxşılaşdırmaq üçün bütün məktəblərin ərazisində sadə idman kompleksinin tikilib istifadəyə verilməsi haqqında Füzuli RXMŞ adından Hüseyn müəllim təşəbbüs qaldırır. Füzuli RXMŞ-nin kompleks idman meydançalarının tikilib istifadəyə verilməsi təşəbbüsü 1974-cü ilin yanvar ayında Azərbaycan Respublikası Maarif Nazirliyinin kollegiyasında müzakirə olunaraq bəyənilmiş, qabaqcıl təcrübə kimi respublikada yayılması lazım bilinmişdir.

Hüseyn müəllim həmişə yenilik axtaran, işində yenilik tətbiq edən, daha yaxşı nə varsa onu üzə çıxarmağı xoşlayan bir insan olmuşdur. O, həmişə deyərdi ki, rəhbər vəzifədə işləyən şəxs öz işində hər gün çatışmazlıqları hiss etmirsə, onu aradan qaldırmırsa, işini daha da yaxşılaşdırmaq yollarını görmürsə, o şəxsin vəzifədən uzaqlaşması gərəklidir.

O, təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsinə çox əhəmiyyət verərək rayonun məktəblərində fənn kabinetlərinin təşkili və onların texniki vasitələrlə təchiz olunmasına çalışaraq xeyli görmüşdür. Füzuli RXMŞ-nin bu sahədə uğurları nəzərə alınaraq “Tədris prosesində texniki vasitələrdən istifadənin vəziyyəti və effektliyinin artırılması yolları” problemi üzrə respublika seminar – müşavirəsi 1975-ci ildə Füzuli rayonunda keçirilmişdir.

Az sonra Maarif Nazirliyinin kollegiyasında Füzuli rayonunda keçirilən elmi-praktik konfransın nəticələri müzkirə olunaraq yüksək qiymətləndirlimiş və Füzuli RXMŞ-nin qabaqcıl təcrübəsinin respublika üzrə yayılması tövsiyə olunmuşdur.

Hüseyn müəllimin böyük səyi, təşkilatçılığı, yenilikləri tətbiq etməsi və rayonun təhsil işçilərinin gərgin əməyi sayəsində illik göstəricilərinə görə Füzuli rayonu təhsil sahəsində qazandığı nailiyyətlərə görə 10 il respublikada birinci yeri götürmüş, Azərbaycan KPMK-nın, Respublika Nazirlər Sovetinin, AHİŞ-nin və Azərbaycan LKGİMK-nın keçici qırmızı bayrağını almışdır.

Hər şeydən əvvəl Hüseyn müəllim həm gözəl pedaqoq, həm də mahir psixoloq idi. Üç mindən artıq müəllim və tərbiyəçi ordusuna rəhbərlik etmək, onların dərd-sərinə qalmaq, qayğısını çəkmək asan deyildi. Əsəbi halda müəyyən ehtiyaclarını ödəmək üçün yanına gələn müəllim və digər kateqoriyadan olan şəxsləri həssaslıqla dinləyir, onları öz şirin söhbəti ilə gərginlikdən xilas edərdi. Hətta üçün qəbulundan çıxan adamlar deyərdilər :

– Gəldiyimiz işi düzəltmədi, ancaq Hüseyn müəllimdən razı qaldıq.

Adamlarla bu cür xoş rəftar, münasibət, insanı duymaq bacarığı sanki özünü Hüseyn müəllimdə tapmışdı. Hüseyn müəllimdə qeyri-adi natiqlik bacarığı vardı. O, çox ustalıqla sözü yerli-yerində işlətməyi bacarırdı. Yazdığı əmr və məktubları birbaşa sinədən deyə bilirdi. Rayonda elə bir tədbir, yığıncaq olmazdı ki, orada Hüseyn müəllim çıxış etməsin. Hüseyn müəllim sözü mum etməyi bacaran, etik normalara riayət edən və qarşısındakı insanın şəxsiyyətini qiymətləndirən bir psixoloq idi. O, kimlə necə davranmağı bilirdi. Hətta tabeliyindəki adamları buyuranda da müəyyən əndazəni gözləyərdi. Son dərəcə səbrli və hövsələli insan idi. İşi səbr və təmkinlə görər, tələskənliyə yol verməzdi. Söz gəzdirən, qeybətçil adamı xoşlamazdı. Onun əsas məram və idealı insanlara yaxşılıq etmək, qayğı göstərmək olmuşdur.

Yaxşı yadımdadır, məlum hadisələrlə əlaqədar ailəmiz 1993-cü ildən Bakıda məskunlaşmışdı. 1994-cü ilin avqust ayının sonlarında Bakı Təhsil İdarəsinin binasında (Bakı Təhsil İdarəsinin rəhbərliyi o vaxtlar Füzuli RTŞ-nə bir neçə otaq vermişdi) Hüseyn müəllimlə görüşdüm. O mənimlə hal-əhval tutduqdan sonra dedi :

- Ehtiram müəllim, siz 80-ci illərdə də məktəb direktoru işləmisiz. Məndən olsa ən azı 80-100 nəfər məcburi köçkün uşaq toplayıb müəyyən bir binada yerləşdirə bilsəniz, nazirliklə danışıb məktəb açarsizi həmin məktəbə direktor təyin edə bilərəm.

Belə də oldu. Mən Hüseyn müəllimin məsləhəti ilə 100-ə yaxın məcburi köçkün uşaqlarının siyahısını Hüseyn müəllimə təqdim etdim. O, həmin il məni və onlarla Bakıda və Sumqayıtda məktəb açmaq istəyində olan müəllimləri nazirliyə aparmadan direktor təyin etdi. İnsanda bu qədər yaxşılıq və diqqət böyük nüfuz sahibi və əsl şəxsiyyət tərəfindən göstərilə bilərdi. Bəli, Hüseyn müəllim səmimi, qayğıkeş və təmənnasız bir insan kimi gözümüz önündə ucalır.

Hüseyn müəllimlə bağlı xatirələr və yaddaqalan söhbətlər çoxdur. 1995-1996-cı illərdə Bakıda yerləşən köçkün məktəblərinin direktorlarına möhür verilməmişdi. Hamı kimi mən də müəyyən sənədləri, xüsusən də, şəhadətnamə və attestatları təsdiq edəndə RTŞ-nin möhüründən istifadə edirdim. Yadımdadır, bir nəfər şagirdin attestatına təcili möhür vurmaq lazım idi. Ona görə də mən Hüseyn müəllimin Bakıda oturduğu kabinetə gəldim. Onun Nazirliyə getdiyini dedilər. Nəhayət, mən o vaxt Hökumət Evində yerləşən Təhsil Nazirliyinə gəldim və Hüseyn müəllimlə görüşməyimin səbəbini izah etdim. O mənim əlimdən attestatı alaraq dəhlizdə gəzişərək mühasibatlıq yazılan otağı açaraq orada həmin sənədə möhür vurmaq üçün oturmaq istədi. Həmin kabinetdə işləyən gənc bir qız Hüseyn müəllimi tanımayaraq “bura girmək olmaz” deyərək, onun otaqdan çıxmasını tələb etdi. Bu olay Hüseyn müəllimə yaman toxunmuşdu. O, dəhlizdəki pəncərədə sənədə möhür vurandan sonra mənə dedi:

- Ehtiram, bizə rahat oturub işimizi həll etmək qismət deyil, bu da bizim uğursuz tale yazımızdır.

Bu deyilən sözlər həqiqi mənada məni kövrəltdi.

Hüseyn müəllim tabeliyində olan işçilərə, o cümlədən məktəb direktorları ilə yüksək tonla, vəzifə səlahiyyətlərindən istifadə edərək əmrlə danışmazdı. Bakıda yerləşən rəhbərlik etdiyim məktəb 15-20 gün olardı ki, fəaliyyət göstərirdi. Hüseyn müəllim mənə xahiş etdi ki, “rayondakı ziyalı bir qonşum mənə ali məktəbi təzə qurtaran qızını sizin işlədiyiniz məktəbə götürülməsini istəyir. Əgər səndə imkan varsa, həmin şəxsə kömək elə”.

Mən cavab verdim ki, “Hüseyn müəllim, busözdür, elə bu məktəb sizin sayənizdə açılmayıb? Xahiş edirəm ki, o şəxsə deyin səhərdən qızını gətirsin”.

Bütün bunları sadalamaqla demək istəyirəm ki, etik normalara əməl edən Hüseyn müəllim əsl insanlıq mücəssəməsi və etalon bir şəxsiyyət idi.

Təəssüf ki, Hüseyn müəllim vəfat edəndən sonra təhsil şöbəsinə ondan sonra rəhbərlik edənlər və vaxtilə onun təqdimatı ilə yüksək vəzifəyə keçənlər və birbaşa onun məktəb rəhbərliyinə təyin etdiyi şəxslərin heç biri belə bir mötəbər şəxsiyyəti anmağı unutmuş, yubleylərinin keçirilməsi barədə təşəbbüs göstərməmişlər. Bu biganəlik bütün mənalı həyatını Füzuli təhsilinin inkişafına və tanınmasına həsr edən parlaq şəxsiyyət və pedaqoq Hüseyn müəllimə qarşı yumşaq desək, diqqətsizlik və sayğısızlıqdır.

Böyük Vətən müharibəsinin ağır günlərini yaşamış və çətin sınaqlardan üzüağ çıxan, ehtiyatda olan zabit, qabaqcıl maarif xadimi, əməkdar müəllim Hüseyn Qara oğlu Hüseynovun əziz xatirəsi onu tanıyan minlərlə insanın xatirəsində əbədi yaşayır. Onun işıqlı əməlləri, qoyduğu silinməz izlər təhsil işçilərinin yaddaşında əbədi həkk olunmuşdur.

Hüseyn müəllim kimi işıqlı insanlar heç vaxt unudulmayacaq, daim onu sevənlər tərəfindən anılacaq.

 

Məmməd Mirzəliyev

 

Hürriyyət .- 2018.- 18 sentyabr.- S.14