SİL
GÖZÜNÜN YAŞINI...
(Şəhid anası Ceyran xanım Axundovaya)
Onu ilk dəfə Sumqayıt şəhər
mədəniyyət idarəsində
görmüşdüm. İşlə təmin olunmaq
məqsədilə müraciət
etdiyim məsləhətçi
Ceyran xanım Axundovadan danışmaq istəyirəm. İxtisasıma
uyğun olaraq S.Vurğun adına
Mərkəzi Kitabxanada
işləmək arzusundaydım.
O, mənə hələlik
boş yer olmadığından mədəniyyət
sarayında işləməyi
təklif etdi. Lakin israrla kitabxanada işləmək istədiyimi
bildirəndə məndən
köməyini əsirgəmədi.
Söhbətimiz o qədər
şirin keçdi ki, sanki illərin
tanışı idik.
O qədər səmimi,
o qədər gülərüz
bir xanımdı ki...
Sonralar işlədiyim
kitabxana kollektivində
onun necə sevildiyinin şahidi oldum. Vaxtilə çiyin-çiyinə çalışdığı həmkarları onu zəhmətsevər, qoçaq,
qayğıkeş bir
əməkdaş kimi
tanıyırdılar. Hər dəfə kitabxanaya gələndə onu əziz bir qonaq
kimi qarşılayır,
məsləhətlərini dinləyir, ətrafına
toplaşırdılar. Bu, Ceyran xanıma
olan sevginin və ehtiramın təzahürü idi.
İlk təəssütdan yadımda
gülərüz obrazı
qalan Ceyran xanımı sonralar da belə pozitiv,
enerji dolu bir insan kimi
gördüm.
Tale elə gətirdi
ki, Sumqayıtdan başlayan əmək yolumu Bakıda davam etdirməli oldum. İş qayğıları,
məişət problemləri
adamın başını
o qədər qatır
ki, keçmiş iş yoldaşlarınla əlaqə saxlamağa da imkan tapmırsan.
Amma həmişə məni işə götürən Ceyran Axundovanı, S.Vurğun adına Mərkəzi
kitabxananın direktoru
Yeganə Əhmədovanı,
iş yoldaşlarımı
sevə-sevə xatırlayır,
imkan tapan kimi intertnet vasitəsilə onların
uğurlarından xəbər
tutub sevinirdim.
Amma bir dəfə aldığım
xəbər məni çox sarsıtdı. O xəbəri
oxuyanda dünya gözlərimdə qaraldı.
Ceyran xanımın sonbeşiyi
- Əbdülməcid Axundov
aprel döyüşlərində
qəhrəmancasına şəhid
olmuşdu. Məni qınamayın,
mən Ceyran xanımın bu acılı günündə
nə onun yanına gedə bildim, nə də bir cümlə
ilə fasebook səhifəsində başsağlığı
verə bildim. Bunun səbəbi var idi. O qanlı aprel döyüşlərində
mənim sonbeşiyim də Göranboyun Tapqaraqoyunlu kəndində
iştirak etmişdi.
O günlərdə şəhid
olan əsgər yoldaşlarının sorağını
alan başqa
əsgərlər kimi
mənim oğlum da çox sarsılmışdı.
Hər dəfə söz düşəndə “Hayıf
o uşaqlardan” deyirdi.
Bəlkə də oğlumun
özünün o döyüşlərdə
sağ-salamat qalması
da Allah möcüzəsi
idi.
Amma mən Ceyran xanımdan utandım. Elə bil onun oğlunun şəhid olması, mənim oğlumun sağ qalması məni utandırdı. Bu utanc hissi bu
gün də məni rahat buraxmır. O zamandan üç il
keçib. Bu üç ildə mən Ceyran xanımın şəkillərini
görəndə tanımadım.
Onun qara saçları dümağ olmuşdu.
Bu üç ildə mən Ceyran xanımın gülər
üzünü ağlar
gördüm... Bu üzdəki ifadəni ancaq balasını itirən analar anlaya bilər. O analar ki, min cür əzab-əziyyətlə
övlad böyüdür
və günlərin birində övladı namərd erməni gülləsinə qurban gedir. O analar ki, oğul toyu
tədarükündəykən oğul yası tutmağa məhkum olur. O analar ki, mənim kimi oğlu döyüşlərdən sağ
çıxmış analar
onlara təsəlli verməyə söz tapa bilmir.
Bu gecikmiş yazıya görə məni bağışla, şəhid
anası! Kim deyir
ki, övladın daha yoxdur. Axı şəhidlər ölmür.
Bilirəm, bir ömür
boyu göz yaşların qurumayacaq.
Amma hər bir azərbaycanlı
kimi mənim də bir arzum
var. Əbdülməcidin və
onun kimi vətən övladlarının
uğrunda qanı tökülən torpaqlarımız
düşməndən geri
alınsın və mən “Sil gözünün
yaşını, Ceyran
bacım!” deyə bilim.
Əliyeva Tərlanə,
Milli Kitabxananın aparıcı
kitabxanaçısı
Hürriyyət.- 2019.- 4 aprel.- S.7.