“Açıq-saçıq
məzmunda meyxana
deyilməsində elə
bir qəbahət yoxdur”
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov ONA-ya müsahibə verib.
Hurriyyet.org həmin müsahibəni təqdim edir.
- Son günlər meyxana janrı çox geniş müzakirə mövzusuna çevrilib: sənət olub-olmaması, bir folklor janrı kimi varlığı təftiş olunur. Maraqlıdır, meyxana nə zaman meydana çıxıb, yalnız Azərbaycandamı
təşəkkül tapıb?
- Əvvəla, onu deyim ki, meyxana məhz Azərbaycanda təşəkkül tapıb. Başqa Şərq ölkələrində meyxananın analoqunu tapmaq çətindir. Meyxana Azərbaycan mədəni hadisəsi, özü də folklor hadisəsidir. Meyxananın xalq ədəbiyyatı nümunəsi olması barəsində ən nüfuzlu ədəbiyyatşünaslar öz sözlərini çoxdan deyiblər. Adlarını da çəkə bilərəm. Əziz Mirəhmədovun, Elçin Əfəndiyevin, Vilayət Quliyevin meyxana ilə bağlı elmi mülahizələri var. Nizami Tağısoyun Zülaim Zakariyya ilə birlikdə “Meyxananın poetikası” adlı kitabı çap olunub. Nizami Tağısoyun “Meyxananın poetikası” adlı kitabı da çapdan çıxıb.
- Meyxananın bu qədər sevilməsinin səbəbi nədir?
- Səbəblərdən biri odur ki, meyxana janr etibarilə çevik janrdır. Sadə bir dildə, bəzi hallarda loru bir tərzdə yaranan meyxana ürəklərə yol tapıb yayılmağa başlayır. Meyxanaların böyük əksəriyyəti yumoristik məzmundadır. Meyxanaların mövzuları xalqın məişətindən alınır, sadə adamların gündəlik münasibətindən götürülür. Hətta Sovet dövründə meyxanalar siyasi mövzulara da toxunur, bu baxımdan da xalqın diqqətini cəlb edirdi. Mən deməzdim ki, bütün meyxanalar yüksək sənət nümunəsidir. Amma onu deyərdim ki, meyxanaların böyük bir qismi sadə insanların əhval-ruhiyyəsini əks etdirir, bu səbəbdən də sevilir və populyarlaşır.
- Meyxana tarixən yalnız Abşeron bölgəsində yayılıb, yoxsa digər bölgələri də əhatə edir?
- Özünün “blatnoy”, bəzən açıq-saçıq, duzlu-məzəli məzmunu ilə sadə xalqın müxtəlif təbəqələrinin ovqatını əks etdirən bir janr kimi meyxana şəhər folklorunun bir nümunəsidir. Ona görə də onun Bakı və Bakı ətrafında yaranması təbiidir.
- Meyxananın təxminən hansı dövrlərdə yarandığını düşünürsünüz?
- Meyxananın tarixini müəyyənləşdirmək çətindir. Ona görə ki, meyxana yalnız şifahi xalq ədəbiyyatı qanunauyğunluqları ilə özünü məhdudlaşdırmır. Ona təriqət ədəbiyyatının, əruzla yazılan klassik şeirimizin də öz təsiri var. Təsadüfi deyil ki, meyxana öz adında sufi-irfan dünyagörüşünün əlamətini yaşadır.
- Meyxana nümunələrinin toplanması sahəsində Folklor İnstitutu hansı işləri görür?
- Bizim folklorşünaslar hər bir mühitə uyğun janrları toplayırlar. Eləcə də Abşeron folklor mühiti üçün səciyyəvi olan janrları. Onu da deyim ki, biz “Bakı folklor örnəkləri” adında iki kitab çap etmişik. Hazırda üçüncü kitab çapa hazırlanır. Həmin kitablardakı materialların bir çoxu arxiv əsasında hazırlanıb. Növbəti cildlərdə yəqin ki, yeni toplanan folklor nümunələri, o cümlədən meyxanalar öz əksini tapacaq.
- Meyxananın hazırkı dövrdə bu qədər geniş yayılması sizi narahat edir?
Çünki cəmiyyətdə bu barədə fikir müxtəlifliyi var...
- Zövqlər müxtəlifdir. Ola bilsin, meyxana kiminsə xoşuna gəlməsin. Meyxananın bu gün gözümüzün önündə bədahətən, şifahi şəkildə yaranması böyük göstəricidir, onun bir folklor janrı kimi nə qədər əhəmiyyətli olmasına bir sübutdur. Hamı qəzəli, hamı aşıq musiqisini, hamı psixoloji romanı sevirmi? Əlbəttə, yox. İnsanlar ədəbi nümunəni seçməkdə azaddırlar. Meyxanaya qətiyyən qadağa qoymaq olmaz. Əksinə, ona meydan vermək lazımdır ki, özünün bütün gözəl cəhətlərini bizə göstərə bilsin.
- Müasir meyxanalar açıq-saçıqlığa görə, narkotik vasitələri təbliğ etməyə görə, kriminal aləmə rəğbət yaratdığına görə də tənqid olunur...
- Heç bir meyxana ustası kriminalla bağlı, sərxoşluqla, narkomaniya ilə bağlı meyxana nümunəsini ciddi bir auditoriyada camaata çatdırmaq fikrinə düşməz. Bu, təxminən ona bənzəyir ki, bir aşıq dastan danışır. Əgər o, cavanlar arasında dastan danışırsa, müəyyən improvizələr edəcək, cavanların ruhuna uyğun detallardan istifadə edəcək. Əgər ağsaqqallar yanında dastan danışırsa, bu dəfə də onların ruhuna uyğun danışacaq. Yəni xalq ədəbiyyatının belə xüsusiyyəti var, öz məzmununu auditoriyaya uyğunlaşdırır. Meyxana ustası ciddi auditoriyada, televiziyada, radioda siz dediyiniz məzmunda meyxana qətiyyən deməz. Yox, əgər içki məclisidirsə, cavanların toplaşdığı yerdirsə, orda açıq-saçıq məzmunda nəsə deyə bilər. Burda elə bir qəbahət yoxdur. Tək bizdə yox, dünyanın bütün xalqlarında hər sosial dairənin özünəməxsus zarafatları, söhbətləri olur. Xalq ədəbiyyatının bəzən açıq-saçıq mətnlərlə ortaya çıxması mümkün haldır. Dünyanın əksər ölkələrində çalışırlar folklor nümunələrini necə var, eləcə də çap etsinlər.
- Açıq-saçıq ifadələr demişkən, yəqin Folklor İnstitutunda arqo deyimlərin yığılması işi də aparılır...
- Mən Folklor İnstitutuna direktor gəlməmişdən qabaq burada çap olunan kitabların birində, bir nağıl mətnində vulqar ifadələr getmişdi. Onun üstündə bir nəfər bizi məhkəməyə vermişdi. Həmin məhkəmə uzun çəkdi və biz ondan müəyyən mənada nəticələr çıxardıq. Belə hesab elədik ki, mətnləri o şəkildə çap eləmək özünü doğrultmur. Düzdür, biz o mətnləri geniş oxucu kütləsi üçün deyil, mütəxəssislər üçün çap edirik. Amma o məhkəmə əhvalatı göstərdi ki, mütəxəssislər üçün çap olunan folklor toplularında da vulqar məqamlara yer vermək heç də birmənalı qarşılanmır.
- Belə çıxır ki, hazırda arqo deyimləri toplamırsınız?
- Qarşımıza elə məqsəd qoymamışıq ki, onları toplayaq. Sadəcə, mətnin içində rast gəldikdə, onları ya üç nöqtə qoyub təqdim edirik, ya da görəndə ki, mətn ifrat dərəcədə vulqardır, onu arxivə veririk. Bir çox ölkələrdə bu cür deyimləri nəinki toplayır, hətta tədqiq edirlər.
- Hazırkı dövrdə daha çox hansı folklor nümunələri yaranır?
- İki janr üzrə folklor nümunələri daha çox yaranır: bayatı və lətifə. Müşahidələr göstərir ki, son illərin hadisələrinin - Qarabağ müharibəsinin, qaçqın-köçkünlüyün təsiri ilə məlum kövrək hissləri ifadə etməkdən ötrü bayatılar yaranmağa başlayıb. İki tipdə bayatılarla qarşılaşırıq: bir köhnə bayatılar əsasında yaranan bayatılar, bir də yeni məzmunlu bayatılar. Lətifələrlə bağlı onu deyə bilərəm ki, hər regionun özünəməxsus lətifə qəhrəmanı var. Şəkidə, Naxçıvanda, Salyanda, müxtəlif bölgələrimizdə məşhur lətifə qəhrəmanları olub və bu gün də var.
- Şəkidə Hacı dayı məşhurdur. Bölgə lətifələrində başqa hansı qəhrəmanın adını çəkmək olar?
- Məsələn, Qarabağ zonasından Abdal Qasımın adını çəkmək olar. Biz onu indiyə qədər lətifə qəhrəmanı kimi tanıyırdıq. Axtarışlar nəticəsində məlum oldu ki, Abdal Qasım o bölgədə həm də nağıl qəhrəmanıdır.
- Ən çox hansı bölgəmizdə maraqlı lətifələr yaranır?
- Daha çox Şəkidə. Doğrudan da Şəki camaatı baməzə danışığı ilə məşhurdur. Amma əslən Şəkidən olan, bizim görkəmli ədəbiyyatşünasımız Yaşar Qarayevin sözü ilə ifadə etsəm, üç bölgəmiz intellektual səviyyəsi yuxarı olan lətifələri ilə seçilir: Təbriz, Naxçıvan və Şəki.
- Habil Əliyevi də lətifə qəhrəmanı saymaq olarmı?
- Habil
Əliyev iti zəkalı, intellektual səviyyəsi yüksək
olan bir insan idi. Təbii ki, bu cəhətlərin
onun baməzəliyi ilə birləşməsi nəticəsində
Habil Əliyev ətrafında bu qədər lətifə
yaranıb.
- Folklor İnstitutu pirlərin, ziyarətgahların,
falçılığın, türkəçarənin
öyrənilməsi ilə də məşğul olur. Müasir dövrdə buna lüzum varmı?
-
Çox təəssüf ki, Sovet dövründə bizdə
belə fikir olub ki, guya folklor yalnız xalq ədəbiyyatıdır,
nağıl, dastan, bayatıdır. Əslində
isə folklor geniş məfhumdur. Şifahilik
ənənəsi əsasında yaranan sənət nümunələri,
o cümlədən xalq inancları, xalq təbabəti ilə
bağlı nümunələr də folklor
anlayışına daxildir. İnanclarla
bağlı mətnlərin toplanıb
araşdırılması folklorşünasın vəzifələri
sırasına daxildir.
- Siz bunların hamısını
toplayırsınız, bədii səviyyəsinə
baxmırsınız?
- Bəli,
nə qədər ki, imkanımız var, toplamağa
çalışırıq. Sadəcə,
hansıları məqbul hesab etmiriksə, çap etmirik.
- Bura sosial şəbəkələrə
yayılan folklor nümunələri də daxildir?
- Folklor
İnstitutunun əməkdaşı Hikmət Quliyevin doktorluq
işi məhz bu mövzudadır: “Virtual folklor, onun problemləri”.
Adına fikir versək, görərik ki, bu,
şərti mənada folklordur, birbaşa folklor deyil. Bu mətnlər mövcud folklor nümunələrinin
modelləri əsasında yaranır, yaxud hamının bildiyi
bir atalar sözünün, bir lətifənin parodiya
edilmiş variantı şəklində ortaya
çıxır. Məsələn, bizim
folklorumuzda Molla Nəsrəddin obrazı var. O, baməzə və
müdrik qoca obrazıdır. Bu müdrik
qoca obrazının internet məkanında tamam başqa obrazla
müqayisə olunduğunu müşahidə edirik – Albert
Eynşteynlə. Eynşteynin
ağarmış saçı, bığı və dilini
bayıra çıxarmasını əks etdirən baməzə
şəkli istər-istəməz şəbəkə istifadəçisinə
imkan verir ki, onu Molla Nəsrəddinin yerinə qoyub məzə
çıxarsın. Elə bir ciddi alimin
adından, məsələn, 8 Mart ərəfəsində
“Sabah rayona gedirəm, bir də birisi gün qayıdacam, rəhmətə
gedənimiz var” statusu vermək əlavə gülüş
effekti yaradır. Bu kimi internet nümunələrinin
yaranmasında, şübhəsiz ki, folklor öz rolunu
oynayır. Bir tərəfdən nəhəng
bir alimin şəkli, digər tərəfdən maraqlı
folklor nümunəsi - ikisinin birləşməsi nəticəsində
ortaya çıxan virtual folklor nümunəsi. Məsələn,
bu şəkildə: “Dəvədən soruşdular, boynun niyə
əyridir? Anası cavab verdi ki, telefonla
oynamaqdan”. Bu tipdə virtual folklor nümunələrini
toplayıb tədqiq etmək, söz yox ki, vacib və əhəmiyyətlidir.
Hürriyyət.- 2019.- 6 aprel.- S.12.