Milli teatr tariximizdən:

“Dastan” Aşıq Poeziyası Teatrı

 

Bu gün milli teatrımızın formalaşmasında və inkişafında müstəsna rola malik olan xalq teatrlarının hazırkı vəziyyəti, onların fəaliyyəti, xalq teatrlarının yenidən dirçəldilməsi kimi fikirlər teatrsevərləri düşündürən əsas məsələlərdən biridir.

Yaxşı işləməsi üçün həvəsləndirmək, xalq teatrını canlandırmaq, onların fəaliyyətini daha da gücləndirmək və s.kimi  atılmalı olan addımlar öz aktuallığını bu gün də qoruyub saxlamaqdadır.

Bir zamanlar öz repertuarı ilə daim gündəmdə olan, bölgələrdə fəaliyyət göstərən xalq teatrlarından indi əsər-əlamət qalmayıb. O teatrlardan ki, öz rolları ilə yaddaşlarda qalan sevimli aktyorları, teatrşünasları, rejissorları yetişdirib. Onlar əldə etdiyi uğurlara görə yetirməsi olduğu həmin xalq teatrlarına minnətdar olduqlarını həmişə dilə gətiriblər. Bununla belə “xalq teatrı” anlayışı bu gün yeni nəsl üçün yaddan çıxmış kimi görsənir. Ötən əsrlərdə xalq teatrlarının səmərəli fəaliyyətini, ölkənin səhnə və mədəni həyatına verdiyi tövhələri nəzərə alsaq, onların işinin yenidən canlandırılması üçün münbit şəraitin yaradılmasına necə bir ehtiyac duyulduğunu anlamaq çətin deyildir.

Belə bir teatrlardan biri də, ötən əsrin sonlarında Daşkəsən rayonunda fəaliyyət göstərmiş “Dastan” Aşıq poeziyası teatrı olub. Teatrın yaranması o dövrlərdə “Daşkəsən” qəzetinin redaktor müavini olmuş Cəlal Əlif oğlu Hüseynovun adı ilə bağlıdır. İndiki dövrdə bir sıra şəxslər bu teatrın yaranmasını öz adı ilə bağlasalar da, onun yaradılmasının təşəbbüskarlarından və yaradıcı üzvlərindən biri Cəlal  Hüseynov olmuş və onun təşkilatçılığı  sayəsində rayonda teatral fəaliyyətə böyük həvəs göstərən insanlar bu teatrın ətrafına toplanmışdı.

“Dastan” aşıq poeziyası teatrının ilk folklor tamaşalarının əsasını igidliyi və ülvi məhəbbəti tərənnüm edən qədim dastanlarımız təşkil edirdi. Bu teatrın özəyini Azərbaycan Filizsaflaşdırma kombinatının Mədəniyyət evinin bədii özfəaliyyət iştirakçıları və yerli aşıqlar təşkil edirdi. Həvəskar artistlər ətraf kəndlərə gedir, xalqın adət və ənənələri ilə tanış olur, qədim havaları yazırdılar. Teatrın kollektivi “Aşıq Qərib”, “Qurbani” dastanlarının, digər dastanların tamaşalarını hazırlayıb səhnələşdirmişdi.  Onlar digər rayon və şəhərlərə qastrol səfərlərinə yollanır, tamaşaçılar qarşısında çıxış edirdilər.

Cəlal Hüseynovun valideynləri Göyçə mahalının Basarkeçər rayonunun Yarpızlı kəndində doğulub yaşayıblar. 1948- ci ildə dövlət tərəfindən kənd camaatı məcburi köçürülür. Gədəbəy rayonunun havası Göyçə mahalina uyğun olduğu gəldiyi üçün valideynləri Gədəbəy rayonunun İnəkboğan kəndində məskunlaşırlar.

İki il sonra, 1950-çi ilin  fevral ayının 2-də  Hüseynov Cəlal Əlif oğlu Gədəbəy rayonunun İnəkboğan kəndində dünyaya göz açır. Məktəbi əla qiymətlərlə bitirən Cəlal hərbi xidməti başa vurduqdan sonra Azərbaycan

Dövlət Universitetinin “Filologiya” fakültəsinə qəbul olunur və görkəmli şəxsiyyətlərdən dərs alır.

Sevimli şairimiz Bəxtiyar Vahabzadə onun sevimli müəllimi olub.

Dramaturgiyaya və jurnalistikaya böyük həvəs göstərən Cəlal Hüseynov uzun illər bu sahədə fəaliyyət göstərib. Daşkəsən rayon qəzetinin redaktor müavini vəzifəsinə qədər yüksəlib, daha sonra redaktor kimi Gədəbəy rayonuna təyin edilib. Daşkəsəndə işlədiyi vaxtlarda Daşkəsən rayonunun “Mədənçilər” Mədəniyyət evinin nəzdində ” Dastan” teatrını yaradır. Teatrın ilk tamaşası Cəlal Hüseynovun böyük Aşıq Ələsgərə olan ehtiramının dərin ifadəsi idi.

Cəlal Hüseynov 1986- çi ildə müəllifi olduğu “Ələsgərin Səhnəbanısı” dastanını tamaşaya qoyur. Əsər festivala çıxacağı üçün  Cəlal Hüseynov əsəri Mədəniyyət nazirinin müavini olan yazıçı Elçinə təqdim edir. Elçin müəllim əsəri oxuduqdan sonra  təklif edir ki, əsərin adı dəyisdirilsə, yaxşı olar. Çünki, əsərdə iki sevgili illərlə ayrı qalir, yəni sevgililər qovusmur. Bu təklifə əsasən, əsərin adı ” İllər ayrısı” olaraq dəyişdirilir. “Dastan” teatrının ilk qastrol səfəri  Sumqayıt şəhərinə olmuş,teatr bu şəhərdə fəaliyyət göstərən N. Nərimanov adına Mədəniyyət evində ” Ələsgərin Səhnəbanısı” dastan- dramını oynayıb.

“Dastan” teatrı daha sonra iki tamaşa üzərində yaradıcılıq işini davam etdirir  Aşıq Hüseyn Səmkirlinin Naxçıvan səfəri , eyni zamanda ” Ələsgər və Dəli Ali” tamaşaları səhnəyə qoyulur. Bu tamaşalar yeni Azərbaycan xalq dastanlarının səhnələşdirilməsi üçün də zəmin yaradır. Bu yolda teatr böyük əmək və enerji sərf edir. Bu, tamaşaçılar arasında da böyük marağa səbəb olur.

Teatrın səmərəli fəaliyyəti o dövrün kütləvi informasiya vasitələrində dərc olunan məqalələrdə öz əksini tapmışdır. “Daşkəsən” qəzeti”, “Komunsit”, “Komunist Əməyi”, “Sovet kəndi”, “Azərbaycan gəncləri”  kimi yerli və pespublika əhəmiyyətli qəzetlər “Dastan” teatrının uğurlu fəaliyyətinə, teatrı təmsil edən yaradıcı insanların əməyinə yüksək qiymət verib. Həmin dövrdə “Azərinform” yazırdı: - “Vətənə sadaqəti, igidliyi və ülvi məhəbbəti tərənnüm edən qədim dastanlarımız öz səhnə təcəssümünü tapıb. Bu dastanlar Azərbaycan mədənçilərinin uca dağlar qoynunda açılmış “Dastan” aşıq poeziyası teatrının ilk folklor tamaşasının əsasını təşkil edib. Teatrı Azərbaycan filizsaflaşdırma kombinatı mədəniyyət evinin bədii özfəaliyyət iştirakçıları, yerli aşıqlar yaradıb.

Gənc kolektivin planlarına “Aşıq Qərib”, “Qurbani” dastanlarının, digər dastanların tamaşaları daxildir. Həvəskar artistlər tezliklə ilk qastrol səfərinə yollanacaq. Onlar Sumqayıt əməkçiləri qarşısında çıxış edəcəklər”.

Bu məlumat o dövrki respublika ictimaiyyətin “Dastan” teatrının fəaliyyətinə və teatrın öz qarşısına qoyduğu məqsədlərə olan  böyük inamın, hörmətin və ehtiramın təcəssümü idi.

Yerli təşkilat və qurumlar “Dastan” teatrının işinə yaxından köməklik və dəstək göstərir, bu teatrın işini daha səmərəli xarakter almasına can atırdılar. Əlimizdə olan sənədlərdə qeyd olunan məsələlər o dövrdə aşıq poeziyasının təbliğinə vaxt və enerji sərf edən teatr üzvlərinin əməyinə necə böyük diqqət yetirildiyinə bir daha bariz nümunədir.

Azərbaycan DİXX həmkarlar komitəsinin sədri F.Ə. Məmmədovun Respublika İttifaqlararası Bədii özfəaliyyət yaradıcılığı evinin direktoru  C.M.Cəfərliyə ünvanladığı 15.01.1987-ci il tarixli məktub-müraciətində deyilirdi:

“Azərbaycan Filizsaflaşdırma kombinatının həmkarlar ittifaqı komitəsi  Sizdən xahiş edir ki, kombinatın “Mədənçilər evində həvəskarlar tərəfindən yaradılmış, respublikada ilk və yeganə kolektiv olan “Dastan” teatrı üçün yazılmış Dastan-dramı təsdiq edəsiniz. Əsər Aşıq Ələsgərin Səhnəbanı ilə bağlı olan rəvayəti  əsasında rayon qəzetinin redaktor müavini Hüseynov Cəlal Əlif oğlu tərəfindən yaradılmışdır. Tamaşa 1986-cı ildə avqust ayının 14-20-ində rayon əməkçilərinə, həmin ayın 23-də isə Sumqayıt şəhərindəki aluminium zavodunun mədəniyyət evində göstərilmiş, yüksək razılıq hissi ilə qarşılanmışdır. Əsərin təsdiqi teatrın kütləviliyi üçün zəmin yaradır. Ona görə də Sizə öz minnətdarlığımızı bildiririk”. Teatrın fəaliyyətinin yerli əməkçilər, ziyalılar, ictimaiyyət arasında nə qədər populyar olduğunu insanların qələmə aldığı yazılardan da seçmək mümkündür.

 

“Dastanım”

 

Qədəmin nə yaman uğurlu oldu,

Bəzəndi səhnəmiz, həm nurlu oldu,

Ürəyə min fərəh, min sevinc doldu

Yeganə “Dastan”ım, ilkin “Dastanım”.

 

Dədə Şəmşirin də sənə sözü var,

“Yanıq Kərəm”inin səndə gözü var,

Sənətsevərlərin səndə gözü var,

“Yeganə “Dastan”ım, ilkin “Dastanım”.

 

Elin sənətini yaşatdın, alqış,

Dolmuş ürəkləri boşaltdln, alqış,

Sazın tellərində gurşaddın, alqış,

Yeganə “dastan”ım, ilkin “dastan”ım.

 

Hələ çox uzaqda gəzər şöhrətin,

Hələ çox könüllər bəzər niyyətin,

Saza vurğunluqdur sənin hörmətin,

Yeganə “Dastanım, ilkin “Dastan”ım.

Zivər Əziz

 

Söz arası: - Heyf ki, insanların ürək sözlərini ifadə edən bu yazıların böyük əksəriyyəti bu günədək gəlib çıxmayıb. Bir zamanlar respublikaya səs salmış Daşkəsən aşıqlarını öz ətrafına toplamış  teatrın üzvlərinin həyatda sağ qalmış üzvlərini  axtarıb tapmaq belə mümkünsüz görsənir.

Bu yolla jurnalist tədqiqatının məhsulu olan yazıda hansı faktların səhih, hansılarının dəqiqliyi  isə şübhə doğuracağı həmişə sual altında qalacaq. Daşkəsən rayon Mədəniyyət Şöbəsinə etdiyimiz  xahişlə əlaqədar 2 gün ərzində bir vaxtlar rayon əhalisinin sevimli məkanına çevrilmiş bu teatr haqqında heç bir informasiya almaq mümkün olmadı.Şöbə müdiri yəqin ki, işə düzəldiyi müddətdən əzbərlədiyi “Regional Mədəniyyət İdarəsinə müraciət edin” kəlmələri ilə yalnız bu informasiyanın alınmasının qarşısına sədd çəkdi. Tarixə yalnız iclaslardan iclasa, tədbirlərdən tədbirə mikrafon, stol-stul daşımaqla yadda qalacaq və bununla da öz işini bitmiş hesab edən  Daşkəsən rayon Mədəniyyət Şöbəsinin rəhbərindən aldığımız məlumat yalnız Regional Mədəniyyət İdarəsinin yerləşdiyi məkandır. “Köhnə arxivlər niyə saxlanılmayıb və yaxud arxiv saxlanıbsa, ordakı məlumatlar niyə gizlədilir” kimi bizi düşündürən bu suallar, ürəyimizdə onların fəaliyyətinin effektliyinə şübhə yaradır.

Yəqin, ona görə ki, rayon Mədəniyyət şöbəsinin indiki rəhbərliyi “Dastan” Aşıq Poeziyası Teatrı kimi deyil,  heç olmasa, özfəaliyyət dərnəyi səviyyəsində belə, nəsə yaratmaq iqtidarında deyil və belə getsə, heç vaxt da olmayacaq da… Əgər fikirlərimiz düzgün deyilsə, onda  milli mədəniyyətimizin daşıyıcısı olan bu teatr haqqında araşdırma aparan jurnalistin suallarına cavab verməli, heç olmasa, bu suallara bizimlə birlikdə cavab axtarmalıdır!

Araşdırmamız davam edir.

 

Ruhulla Zahidov

yazıçı-jurnalist

 

Hürriyyət.- 2019.- 17-19 avqust.-S.13.