“Nəsimi ili” və Nəsimi haqda
Comərdlər
daşıdıqları papaqlara layiq idilər
Əvvəli
ötən sayımızda
Bilən
də danışır bilməyən də
Yanvarın
26-da İTV kanalında saat 19-da gedən verilişə
baxmasaydım, yəqin bunları yazmayacaqdım. Verilişi həmişə
olduğu kimi mövzunu qətiyyən bilməyən bir cavan
qız uşağı aparırdı. Bizim hörmətdən
düşmüş telekanallarda cahil,
danışdığını bilməyən, elementar ədəb
qaydalarından bixəbər sırtıq
aparıcıların nələr törətdiklərini
hamı bilir. Məni yandırıb-yaxan iki alimnümanın
irad etdikləri pürməna kəlamlar idi. İkisinin də
adını unutsam da, amma elmi “rütbə” yiyəsi
olduqlarını eşitdim. Kişilər bəhsə bəhs
baş örtüklərindən o ki var
danışdılar... Boş, mənasız cəfəngiyata
ürək ağrısı ilə qulaq asandan sonra, ancaq bunu
deyə bildim bunlara alimlik diplomu verənlərin də,
telekanala çıxaranların da ölənlərinə lənət
olsun.
Bunlara
deyən yoxdur ki, a kişilər, məlumatınız yoxdursa,
predmeti əməlli başlı öyrənməmisinizsə
niyə camaat qarşısına
çıxırsınız? Ağzınızdan
çıxan elə cümlə yox idi ki, orada
bağışlanılmaz səhvə yol verməyəsiniz. Mən
belə qənaətə gəldim ki, bizim hərmətli alimlər
özlərinə zəhmət verib əl altında olan
onlarla məxəzə, kitaba heç üz tutmayıblar.
Bəziləri
soruşa bilər, axı, nə baş verib, kim
xətaya yol verib? Qəzetlərin birində
bizim milli baş örtükləri haqqında səhifəlik
materialı oxuyanda (bundan əvvəl paltarlarımıza həsr
edilmiş məqalə getmişdi) halım təğyir
tapdı. Əstəğfürullah,
savadsızlıq yəni, bu qədər? Hiss olunur ki, belə
gözəl mövzunu işləməyi qarşılarına
məqsəd qoyanların bizim etnoqrafiyadan bilmərrə xəbərləri
yoxdur. Haradan hansı cəfəngiyyatı
eşidiblərsə, onu da səhifəyə qoyurlar.
Vaxtilə bizim kişi baş örtükləri
haqqında üç-dörd məqalə
yazmışdım. Etiraf edirəm, bu, mənə
çox baha başa gəldi, axı, bizdə mənbə, məxəz
nə gəzirdi, ortada etnoqfafik tədqiqat əsəri də
yox idi. Qocalara gəldikdə isə, bu barədə
danışmasaq yaxşıdır, nəsillər arasında
mənəvi estafet çoxdan qırılmış, millətimizə
xas olan unutqanlıq mərəzi də öz işini
görmüşdü.
Xülasə, uzun sözün qısası, redaktorla məsləhətləşəndən
sonra təzədən arxivimə əl atmalı oldum. Onun bir şərti
oldu, mümkün qədər yeni faktları sadalayım, indiyə
qədər naməlum qalmış bəzi mətləbləri
açıqlayım. Gənclərə
müraciət edirəm, əziz balalarım, zəngin tarix barədə
uzun-uzadı moizə oxumaq fikrim yoxdur. Sadəcə
olaraq, əcdadlarımızın baş örtükləri
haqqında bildiklərimi, öyrəndiklərimi sizinlə
bölüşmək istəyirəm.
Qədim
Midiya, Əhaməniş, Parfiya, Sasani dövrünün
paltarları baş geyimləri, silahları, ev müxəlləfatı
barədə geniş, hərtərəfli məlumat almaq istəyənlər
məşhur alman rəssamı və mədəniyyət
tarixçisi German Veysin (1822-1897) əsərinə müraciət
etsələr, yaxşı olar. Son dəfə 1998-ci ildə
çap olunmuş bu klassik fundamental əsər bütün
dünya alimlərinin stol üstü
kitabına dönmüşdür. "Sivilizasiyanın
tarixi" adlanan bu misilsiz ensiklopediya əlinizə düşsə,
əminəm ki, ondan heç vaxt ayrılmayacaqsınız.
Həmədandan
başlamış, ta Dərbənd qapılarına kimi uzanan
böyük ərazidə məskunlaşmış
xalqların tayfa və qəbilələrin paltarları,
baş geyimləri, silah, ev müxəlləfatı
barədə əlahiddə geniş tədqiqat əsərləri
az olsa da, amma məlumatlar fraqmentlər kimi onlarla kitabda
vardır. Elə çətinlik də buradadır... Onlarla,
yüzlərlə mənbə əlindən gəlib
keçir və təsadüfən tamam başqa bir məsələyə
həsr edilmiş kitabda belə bir cümləyə rast gəlirsən:
"Şəcərəli kübarlar rəqs etməyi, durub
oynamağı özləri üçün böyük həqarət
sayardılar. Təşrifat musiqisinin
müşayiəti ilə barigaha daxil olmaq isə tamam
başqa şeydir". Hə, indi gəl
baş sındır görüm, bu sözləri yazmaq istəyən
alim nə demək istəyib.
Bu dəqiqənin özündə Azərbaycanda elə
alim yoxdur ki, istər Şirvanşahların, istərsə də
Səfəvilərin, ya da İldəgizlərin
barigahlarında çalınmış təşrifat musiqisi
barəsində ikicə kəlmə söz deyə bilsin. İslamın
təntənəsindən sonra Yaxın Şərq ölkələrində
çalma sarımaq, əmmamə bağlamaq dəbə
düşdü. XIX əsrin sonuna qədər islam məmləkətində 40-dan çox əmmamə,
sarıq forması mövcud idi. Əmmamə onu
gəzdirən adamın həmişə göz
qabağında olan şəxsiyyət vəsiqəsi rolunu oynayırdı.
Baş örtüyünə ani bir nəzər
kifayət idi ki, qarşıda duran adamın hansı zümrəyə
mənsub olduğunu, hansı vəzifəni
daşıdığını səhv etmədən deyəsən.
Əmmamənin bağlanma formasından, rəngindən,
parçanın uclarının hansı tərəfə,
hansı şəkildə atılmasından şəxsin
dinini, savad səviyyəsini, hətta haradan oduğunu müəyyən
etmək mümkün idi. Mən cahilliyə
dövründə qədim Fələstində, İudeyada,
indi Suriya adlanan ərazilərdə, sonralar Osmanlı
imperiyasında neçə əsr ərzində bağlanan
çalmalardan danışmıram. Quzey Azərbaycanda
"Allahsızlar ittifaqı” fəafiyyətə başlayan
aylara qədər şəhərdə, qəsəbələrdə,
iri kəndlərdə bütün din xadimləri, xanənişin
üləma, hətta məhəllə ağsaqqalları
çalma bağlayırdılar. Bizim
tarixçilər, qələm əhli nədənsə bundan
yazmır. "ÇEKA"nın eqidası
altında fəaliyyət göstərən bu ittifaq üzvləri
günün günorta çağı küçədə,
bazarda hörmətli kişilərin başlarından əmmamələri
götürüb hara gəldi atırdılar. Müqavimət
göstərənin başına it oyunu açardılar.
Həyasızlıq ora çatmışdı
ki, hətta hökumətin təyin etdiyi şeyxülislamlar
çox vaxt qorxularından əmmamə qoymurdular.
...Vətənimizdə
təxminən, 30 papaq forması mövcud idi. İftixar
hissi ilə deyə bilərəm ki, xalqımıza xas olan
misilsiz rəhmdillik, insaniyyətlik özünü sənətkarlıqda
da biruzə vermişdi. Bizim dabbaqlar
heç bir vaxt xalq içində "buxara" kimi
tanınmış dəri tamamlamayıblar. (Dabbaqların leksikonunda "tamamlamaq" göndən
nəyinsə düzəlməsi deməkdir). Hamı bilir ki, "buxara" papaq adlanan baş
örtüyü üçün neçə təzə
doğulmuş quzu tələf edilir. Azərbaycanda
heç kim, heç vaxt, heç bir pulun
müqabilində belə günah işə qol qoymayıb. Bu cür dəriləri bizim tacirlər, səhragərdlər
qərinələr boyu Fərqanadən, Buxara əmirliyindən
gətirdikləri üçün onlara "Buxara" deyilirdi.
Qalan papaqlar üçün isə dəriləri
bizim dabbaqlar hazırlayırdılar, özü də insafla
desək, onlar gözəlliklərinə görə, kübar
papaqlarından o qədər də geri qalmırdılar.
Şərəf rəmzi hesab olunan papaq da bizim vətənimizdə
orta əsrlərin əmmaməsi kimi vəsiqə, şəhadətnamə
rolunu oynayıb.
Məsələn, çodarın (at alverçisinin)
ağzı nə idi ki, başına sərvəti-samanlı
hacının, ya da şəcərəli xanzadənin
papağını qoyaydı? Mən dəfələrlə
bu barədə yazmışam. Hacı Zeynalabdin
Tağıyev, Musa Nağıyev kimi adamlar ömürlərinin
sonuna qədər başlarına adi əmələlərin gəzdirdikləri
papaqlan qoymuşdular.
Halbuki H.Z.Tağıyevin rəsmi rütbəsi "Həqiqi
məxfi dövlət müşaviri" idisə (bu general
–leytenant rütbəsinə bərabər idi) M.Nağıyev
birinci gildiya taciri hesab olunurdu.
Dövrünə görə, hər iki rütbə
çox yüksək sayılındı. Di gəl ki,
el-obanın tənəsindən çəkinən belə sərvətli
kişilər hansı zümrədən olduqlarını
unutmurdular.
Kişi başından papağı bir dəstəmaz
alanda, bir də evində olanda, əndərunda istirahət
zamanı çıxarardı. İmkanlı şəxslər
gecə yatanda başlarına şəbkülah qoyardılar.
Papağa tez-tez əl vurmaq, natəmiz yerə
qoymaq, hirslənib Allah elməsin, yerə vurmaq, ona vaxt-bivaxt
and içmək böyük qəbahət
sayılırdı. Mən indi bizim gənclərə
bu acınacaqlı vaqiəni danışmaq istərdim. XIX əsrin 80-cı illərində Martınov
soyadlı bir əzazil saldafonu Bakıya "qrado-
naçalnik" təyin etmişdilər. Onun ümumiyyətlə, müsəlmanları
görməyə gözü yox idi. Özü də
ressorlu faytonda ayaq üstə durmağı sevərdi, məiyyətin
də dörd polis, ya da kazak süvarisi
şəhəri ağa kimi gəzərdi. Vay o
gündən ki, qabağına daqqa, dallayi papaq geyinmiş
şəxs çıxaydı. Faytonu
saxladar, kübar papağı geymiş müsəlmanı
amiranə səslə yanına çağırar, əli ilə
vurub papağı yerə salardı. Sonra
cib dəsmalını çıxarıb əlini silərdi
(guya müsəlmanın papağı murdar imiş). Müsəlman əsilzadə əyilib papağını
yerdən götürəndə onu məcbur edirdilər ki, xəncəri
ilə papağını kəsib qısaltsın. Kişi üçün bundan böyük təhqir
olmazdı. İllər keçəcək,
XX əsrin 20-ci illərində də bu rəzalət tamam
başqa pərdə altında davam edəcək. Çar cəlladı Martınovun estafetini bizim
doğma komsomolçu şairlər gəzdirəcək.
Onların ziyanı da martınovlardan çox
olacaq. Nə isə bu, başqa söhbətin
mövzusu olduğu üçün mətləbi
uzatmıram. Əziz gənc oxucularım, indi isə diqqətli
olun, sizin üçün bizim milli papaqların
adlarını sadalayıram...
Bu papaq
adlarına fikir verin: əmiri, qazamatı, qələmi, iki
üzlü əmiri, dallayi, daqqa, pəhləvi, motal... Bunlardan başqa el içində seyid, misgər, xəlfə,
həmşəri papaqları da tanınırdı. Vaxtilə Bakıda hamballıq edən, ən
ağır, ən üzüntülü işləri görən
cənublu qardaşlarımız həmşərilər məhz
belə papaqları ilə yerli camaatdan seçilirdilər.
Biz indi soydaşlarımıza qardaş deyə
müraciət edirik. İnqilabdan əvvəl
belə deyildi. Mənə
inanmırsınızsa, oxuyun Mirzə Cəlili, Üzeyir bəyi,
digər maarifçiləri, görün öz soydaşlarımızın
başına nə kimi oyunları gətirmişik. Onlar dünyalarını da dəyişəndə dəfn
məsələsi müşkülə dönürdü,
sadəcə olaraq məzar üçün yer tapa bilmirdilər.
Yerli camaat həmşərilərin cənazələrini
qəbristanlıqlarına yaxın da buraxmırdılar.
Nəhayət, ölüm-zülümlə pul
toplayan cənublu soydaşlarımız şəhər
dumasının köməyi ilə Sabunçuda dəfn yeri
ala biliblər. Bəli, nəyiksə, buyuq!
(Ardı var)
Firuz Haşımov
Hürriyyət.-
2019.- 2 fevral.- S.7.