“Nəsimi ili” və Nəsimi haqda
Comərdlər
daşıdıqları papaqlara layiq idilər
Əvvəli ötən
sayımızda
Yanvarın 20-də İTV
kanalında saat 15:20-də “Yanvar rəssamlarımızın əsərlərində”
adı altında bir telefilm göstərdilər. Yerimi
rahatlayıb diqqət kəsildim, bilmək istəyirdim bizim
fırça ustaları hansı şücaətləri
göstərəcəklər. Peşiman oldum....
İnsan
nə qədər vicdansız, biganə millətinin dərdinə
laqeyd olmalıdır ki, belə mücərrəd
cızmaqaraları, belə rüsvayçılığı
çıxarıb əsər adı ilə camaata göstərsin.
Yaxşı
tutaq ki, rəssamlar dualıq olublar, bəs telekanalın sahibləri
hansı cəhənnəmdə idilər? Yüz dəfə
demişəm, yazmışam ki, teleməkan hərbgu pulgir
nadanların əlllərindədir. Xeyri yoxdur....
Hal-hazırda
azərbaycanlıların istər orta əsrlərdə, istərsə
lap XIX əsrdə nə geyindiklərini, başlarına nə
qoyduqlarını əməlli- başlı bilən yoxdur. Bir
az ürəyi yananlar uzağı orta əsr miniatürlərinə,
daha sonra da Q.Qaqarinin (1810-1893) rəsmlərinə müraciət
edirlər. Q. Qaqarinin rəsmlərində akademik stil göz
qabağındadır, məhz detalların təsvirində
onun dəqiqliyə meyli indi bizə kömək edir.
Miniatürlərə gəldikdə isə, onların üzərində
işləmək çətindir, şərq haqqında hərtərəfli
biliklərə malik olmalısan ki, rəsmlərdə
uydurmanı həqiqətdən ayıra biləsən.
"Filan miniatürdə belə çəkilibsə, deməli,
düzdür" fikrini əsas götürüb
bütün dövrlər barədə qəti hökm vermək
kökündən səhvdir. XX əsrin ikinci yarısında
yaşayıb yaratmış rəssamlarımız
"tarixi" portretləri işləyəndə min qəbahətə,
qüsura yol verəndə, görün, orta əsrlərin
fırça ustaları nələri özlərinə rəva
biliblər! Yubiley həngamələri başlayanda onu
görürsən ki, hər yerindən duran neçə-neçə
"...Şirvani", "...Təbrizi", "...Gəncəvi"
çəkib, asıb divardan. Diqqətlə yoxlasan məlum
olacaq ki, "tarixi" personaj rəssamın özünün
ya babasıdır, ya atası. Fotoşəkili
götürüb köçürüb kətanın üzərinə,
bir saqqal əlavə edib, sonra da başına nə cür gəldi
bir dəsmal sarıyıb, qabağında şam, mürəkkəb
qabı ilə lələk. Bu zəhrimar lələyi görəndə
az qalıram dəli olum! Əlli il olar ki, rejissorları, rəssamları,
bədii rəhbərləri başa sala bilmirəm ki,
Yaxın Şərqdə istər cahiliyyə dövründə,
istərsə islamın qələbəsindən sonra
heç bir vaxt yazı üçün lələkdən
istifadə etməyiblər. Mixi yazıları yaş gil
lövhələr üstünə ucu itilənmiş
ağacla həkk edirdilərsə, dəri, ipək, perqament,
ya da kağız üstündə iş görəndə isə
qamışdan istifadə edərdilər. Bu dəqiqənin
özündə Şərqdə heç bir xəttat metal
perodan istifadə eləmir, Yaponiyanın sənətkarları
dəniz kalanı adlanan heyvanın tüklərindən
düzəldilmiş fırçalarla işləyirlər.
Ələkbər
Rzaquluyev, Mixail Vlasov, Kazım Kazımzadə, Lətif Kərimov,
Əlisəttar Atakişiyev kimi (o həm də kinorejissor idi)
rəssamlardan sonra mən elə sənətkar
tanımıram ki, nəinki qədim dövrlərin, hətta
XX əsrin əvvəllərində bizim camaatın geyim-keciminin
nə cür olduğunu dəqiqliklə verə bilsin.
Telekanallarda nümayiş etdirilən kliplərə, ya da
klassik əsərlərin səhnələşdirilmiş
variantlarına tamaşa edəndə adamın ürəyi
ağrıyır, ilahi, bunlar adı çərkəzi
çuxanın nə cür geyildiyini, vəznənin
miqdarını, adi xəncərin də necə
bağlandığını bilmirlər. Artistlər
başlarına nə gəldi qoyurlar, bəziləri
utanıb-qızarmadan rus "mujik"lərinin çəp
yaxalı köynəklərini də geyirlər. Tariximiz,
irsimiz bir ovuc nadanın əli ilə tanınmaz günə
salınır, yetişən nəsil də karikatura kimi təqdim
olunan sələflərinə ikrah və istehza hissi ilə
baxır, yəni əgər bizim tərifli əcdadlarmız
bu gündə olublarsa, onda düşmənlərimiz bizi
yerində ələ salıblar.
Sələflərimiz
XX əsrdə bağışlanılmaz səhvlər etdilərsə
də, hər halda çoxu gəzdirdikləri papaqlara layiq
oldular. Millətin qələmi papaq geymiş say-seçmə
kübarları Gəncə üsyanı zamanı XI Orduya
qarşı son nəfərlərinə qarşı
vuruşub, tikə-tikə doğrandılarsa da, geriyə ayaq
qoymadılar. Dallayı, motal papaq geyən qaçaqlarımız
yol kəsən quldurlarımız belə qadın olan qafiləyə
karvana toxunmurdular, bunu şərəflərinə
sığışdırmazdılar.
Bu
torpağın dinini-imanını, el şərəfini
göz bəbəyi kimi qoruyan əmiri papaq geyən kişiləri
olub. Belə comərdlər daşıdıqları papaqlara
da layiq idilər, məsuliyyət hissi də öz yerində.
Maraqlı situasiya yaranmışdı, baş geyimi insanı mərifətli,
qanacaqlı, comərd olmağa vadar edirdi. Papağa əmiri,
daqqa nahaq deyilməyib, onları geyənlərin məclisində
hər gədə-güdə həyasızlıq edə bilməzdi,
haqq-nahaqa qurban verilməzdi, mütrüf, cingənə oynadılmaz,
bayağı musiqi səsləndirilməzdi.
...Öz
keşişinə lağ edən, onu ələ salan, haqqında
iftira yayan bir erməni və ya rusu gördüm deyən
tapılmaz. Belə şey ümumiyyətlə, absurddur. Amma
bizdə isə illər boyu din-iman həmişə lağ hədəfi
olub, o iftira qalmayb ki, din xadimlərinin ünvanına deyilməsin.
Psevdotarixi tamaşalarda, filmlərdə din xadimləri qədər
həqarətə məruz qalan başqa personajlar yoxdur.
Özü də bu zavallıların başına hansı
çalma oldu bağlayırlar.
...Nizami
muzeyinin birinci mərtəbəsində bütün
küçədən keçənlərin diqqətini cəlb
edən şüşə vitrinlərin arxasında bizim klassiklərin
şəkilləri qoyulmuşdur. Hər şəkilin də
altında dörd-beş beyt yazılıb. Bunlarla işim yoxdur...
Əlbəttə ki, bütün portretlər (bir-ikisi istisna
olmaqla) bizim rəssamların təxəyyülünün məhsuludur.
Bəli, istədikləri kimi çəkiblər,
sifarişçi qəbul edib, pul da vaxtında verilib, indi durub
desən ki, klassiklərin başlarına qoyulmuş əmmamələrin
çoxu düzgün deyil, Əlinin papağı Vəlinin,
Vəlinin papağı Əlinin başına qoyulub. Aləm dəyəcək
bir-birinə, dörd tərəfdən üstümə
düşəcəklər, sən bilirsən o şəkili
kim çəkib, sən bilirsən onu filan müəllim bəyənib,
filan müəllimin məgər savadı yoxdur... Mən binəva
isə dəfələrlə yazmışam və demişəm,
bir ölkədə ki, 40-a qədər əmmamə
forması mövcud olub, orada səhvi bağışlamaq
olmaz. Bəzzazın, baqqalın başına bağladığı
sarğını götürüb tanınmış qələm
sahibinin başına qoymaq düzgün deyil. Təsəvvür
edin, bir-iki əsr keçir, hansısa rəssama, Azərbaycanın
XX əsrin birinci yarısında bir ictimai xadimin portretini
çəkmək sifariş verilir. Təkrar edirəm, iki əsr
keçib... Nəhayət, vaxt-vədə tamam olur. XXIII əsrdə
yaşayan rəssam özünə çox əziyyət vermədən
basma- qəlfə bir portret çəkir. Təsəvvür
edin portreti çəkilmiş şəxsin sinəsini "Qələbə"
ordeni bəzəyir, başına da fransız kepisi, əynində
də Nepal zabitinin mundiri. Rəssam cürətlə portretin
altında bu sözləri yazıb: "Milli qəhrəman filankəs".
inanıram, onda da bir nəfər tapılmayacaq ki, desin, a
kişilər, "Qələbə" ordeni hara, Azərbaycan
hara, Nepal zabitinin buralara nə dəxli, bu nə
biabırçılıqdır?
İndi də
belə sözlər deyilmir, kim nə istəyir çəkir,
nə istəyir uydurur. Neçə vaxtdır mən bir ovuc sənətçini
başa sala bilmirəm ki, islamı qəbul edəndən sonra
şərq dünyasında heç bir hökmdar tac
qoymayıb. Əsrlər boyu müsəlman hökmdarları xəlifələrdən
bayraq, xələt, fətva, bəzən qılınc
alıblar. Bununla da hökmdarın qanuniliyi təsdiq
olunardı. Əgər hökmdar islam dünyasının sərhədlərinin
qorunması uğrunda mübarizə aparıb zəfər
qazanırdısa, ona xəlifə tərəfindən rütbələr,
şərəfli adlar əta edilərdi. Xilafət nüfuzdan
düşən illərdə belə, bu ənənə davam
edirdi.
Hökmdarlar
əksər vaxtlarda başlarına bağladıqları əmmamələrə,
ya da külahlara qiymətli daşlardan cıqqa vurardılar.
Bizim qələm sahibləri bəzən bu külahları tac
bilirlər. Əhaməniş və Sasani xanədanlarının
tarix səhnəsindən getməsi ilə Yaxın Şərqdə
tac məsələsi də gündəmdən çıxdı.
Amma Rza xan Pəhləvi hakimiyyəti zəbt etdikdən sonra
Sasani tacına oxşar tac sifariş edildi. Rza Pəhləvi
qatı şovinist kimi təntənəli bayram və mərasimlərdə
tarixi ancaq farslarla bağlı olan bu tacı başına
qoymağı sevirdi.İslam inqilabı baş verəndə
şah taxt-tacın bütün sərvətlərini nə qədər
çalışdısa, ölkədən çıxara bilmədi.
Əsas xəzinə seyfin açılması isə
qeyri-mümkün idi. Bütün xəzinədarları bir
yer toplamaq mümkün olmadı. O ki qaldı ünvan və müraciət
formalarına, biz bu barədə əvvəlki məqaləmizdə
ətraflı danışmışdıq. Bəzilərində
belə təəssürat oyana bilər ki, guya mən
hamını qaralayıram, mən heç kimi bəyənmirəm.
Bu belə deyil. Sadəcə olaraq, mən xudbin, mütaliə
ilə məşğul olmayan gənc qələm əhlinə
izah etmək istəyirəm ki, Şərqin tarixi gölməçə
yox, böyük ümmandır, çalışın onun dərinliklərinə
baş vurun, oxuyun, öyrənin, pis-yaxşı bu bizim
tariximizdir. Tarixin pisi yoxdur, pis tədqiqatçı var, cahil
nadan var.
(Ardı var)
Firuz Haşımov
Hürriyyət.- 2019.- 6 fevral.- S.7.