Müasir beynəlxalq
münasibətlər,
İKT-nin yeri və rolu
Açar
sözlər: beynəlxalq münasibətlər sistemi,
qloballaşma, informasiya və kommunikasiya texnologiyaları
(İKT), rəqəmsal diplomatiya, şəbəkə
diplomatiyası, internet və beynəlxalq münasibətlər,
realpolitik, netpolitik, liberal internasionalizm
Giriş
Tarixin bütün mərhələlərində dövlətlərarası diplomatik və beynəlxalq münasibətlər elmi-texniki inkişafla sıx qarşılıqlı bağlılığa malik olmuşdur. Xüsusilə də Yeni dövrdən etibarən sənayeləşmə və texnoloji tərəqqi cəmiyyət həyatının bütün sahələri kimi beynəlxalq münasibətlərdə də dərin dəyişikliklərin yaranmasını şərtləndirmişdir.
Deyilənlər müasir elmi-texniki inqilabı şərtləndirən informasiya-kommunikasiya texnologiyalarına (İKT) da aiddir. Bu baxımdan İKT amilinin mövcud beynəlxalq münasibətlər sisteminə təsiri, onun formaları, vasitələri, mexanizmləri və s.-nin təhlili elmi cəmiyyət qarşısında duran mühüm məsələlərdəndir.
Bu gün istənilən dövlətin xarici siyasət strukturlarının çoxşaxəli fəaliyyəti artıq yalnız onların növbəti təhlükə və çağırışlara adaptasiyası prosesində deyil, həm də daha çox gündəlik fəaliyyətlərində ən yeni texnoloji yeniliklərin tətbiqi gedişində formalaşır və sınaqdan çıxır. Hər bir dövlət öz xarici siyasətini və milli maraqlarını təmin etmək üçün bu yeni sahədən yetərincə istifadə etməyə səy göstərir. Öz növbəsində baş verən yeni meyillər və proseslərə dair yeni elmi tədqiqatlar aparılır, hətta yeni fənlər yaradılır və tədris edilir.
1. İKT yeni beynəlxalq münasibətlər sistemini formalaşdırır
Tarixi təcrübə sübut edir ki, elmi-texniki tərəqqi və inqilab dünya siyasi sistemində gedən proseslərə həmişə öz təsirini göstərmişdir. Məhz bu amilin təsiri nəticəsində XX əsrin sonlarında sənaye mərhələsindən, postindustrial informasiya cəmiyyətinə keçid alınmışdır. Postindustrial epoxanın texnoloji yenilikləri, informasiya inqilabının nəticələrinin müxtəlif maraqlara xidmət edən tətbiqi və s. qloballaşma prosesləri ilə paralel olaraq mərkəzində milli dövlətin durduğu Vestfaliya dünya modelinin mövcudluğunu şübhə altına alır, onu təhdid edir. Xüsusilə də, İKT-nin tətbiqinin coğrafiyası, miqyası və formaları bütün təsəvvür edilən sərhədləri aşır və aşmaqda davam edir.
“Hər bir dövr özünəməxsus yeni problemlərlə səciyyəvidir, bu da siyasi elmlərdən dinamik inkişaf, baş verməkdə olan proseslərə çevik münasibət və müvafiq cavablar verilməsini tələb edir. Müasir beynəlxalq münasibətlər mürəkkəb mahiyyətə və çoxçalarlı məzmuna malikdir. Beynəlxalq münasibətlər elə sahədir ki, onun həm dünya siyasətinə, həm siyasi proseslərə, həm də dövlətlərarası münasibətlər sahəsinə mühüm təsiri mövcuddur. Nəzərə almaq lazımdır ki, dünya siyasəti beynəlxalq münasibətlərdən ibarət təməl üzərində yaranmış və inkişaf etməkdədir. “Dünya siyasəti” qədim zamanlardan mövcud olsa da, yeni elmi fənn kimi XX əsrdə formalaşmağa başlamışdır” [1, s.10-11].
Məlumdur ki, bəşəriyyəti informasiya cəmiyyətinə gətirən yolun əsasında sivilizasiya tarixində baş verən informasiya inqilabları dayanır. Əsrlərin üzərindən yaşadığımız dövrə gəlməyə və hazırkı mənzərəni təsəvvür etməyə çalışsaq, görərik ki, bu gün vəziyyət tamamilə başqa şəkil almışdır. Daha dəqiq deyilsə, daxili və xarici siyasət arasında dəqiq sərhədlər aradan qalxır. Diplomatiyanın ikitərəfli, çoxtərəfli və regional istiqamətləri arasında bölünmə tədricən görünməz olur. Beynəlxalq münasibətlərdə tarixən mövcud olan dövlətlərlə meydana çıxan yeni aktorların qlobal siyasi arenada yeri və rolu məsələsində də fikirlər dəyişikliyə uğrayır.
İnformasiya cəmiyyətində sivilizasiyanın bu yeni keyfiyyət mərhələsinə xas olan peşə, fəaliyyət sahələri (informasiya iqtisadiyyatı, informasiya hüququ, informasiya sənayesi və s.) yaranır ki, bunlar da əsasən virtual məkanda insanlar arasında formalaşmaqda olan müxtəlif səpkili informasiya münasibətləri ilə əlaqədardır. Belə fəaliyyət sahələrindən biri də, yuxarıda qeyd olunduğu kimi, rəqəmsallaşan xarici siyasət və diplomatiya fəaliyyətidir. Beynəlxalq münasibətlər sistemində yeni rəqəmsallaşma istiqamətinin meydana gəlməsi və artıq ənənəyə çevrilməsi, ümumiyyətlə, bu peşə sahəsində ənənəvi olaraq həlli çətin olan bir sıra problemləri aradan qaldırır. İnformasiya inqilabının xüsusiyyətlərinə dair fundamental və klassik hesab edilən əsərin müəllifi M.Kastelsə görə, “İnformasiya cəmiyyətinin əsasını və məqsədini informasiya və biliklər təşkil etdiyinə görə sivilizasiyanın bu yeni mərhələsinin əsl mahiyyətini anlamaq üçün həmin inqilabları doğuran səbəblərə, onların yaratdığı təzahürlərə və imkanlara diqqət yetirmək lazımdır” [3, s.28].
İnformasiya inqilabı kompüterləri bir-biri ilə əlaqələndirən şəbəkənin, 1969-cu ildə "Müdafiə sahəsində elmi-tədqiqat işlərinin perspektivli planlaşdırmasının idarə edilməsi" adlanan layihənin - DARPANET-in ("Defense Advanced Research Projects Agency (DARPA) - internetin əsası bu şəbəkə ilə qoyulmuşdur) işə salınması, fərdi kompüterlərin yaradılmasına səbəb olan, onların özəyini təşkil edən mikroprosessorların layihələndirilməsi və istehsalı (1970-ci illər) ilə bağlıdır. Zaman keçdikcə informasiya texnologiyaları cəmiyyətin müxtəlif sferalarında geniş tətbiq olunduqca, internetin xidmətləri və infrastrukturu inkişaf etdikcə jurnalistikanın əvvəlki sahələri sırasına yenisinin – internet-jurnalistikanın daxil olmasına gətirib çıxartdı [9].
Bununla belə, heç kimin gözləmədiyi halda, 1980-ci illərdə internet tədricən bütün ölkələrin əksəriyyətini ələ alaraq müstəqil və açıq qlobal şəbəkəyə çevrildi. 2002-ci ildə internet istifadəçilərinin sayı dünya əhalisinin təxminən 100%-ni təşkil edərək 600 milyona çatdı və hal-hazırda daha da artaraq beş milyarddan cox təşkil edir. Keçən əsrin 90-cı illərində internetin populyarlaşması səbəbindən həm ictimai və ucuz ünsiyyət vasitəsi kimi, həm də maliyyə və ticarət məqsədilə kommersiya şirkətləri və təşkilatları arasında bu şəbəkənin sürətli inkişafı başladı. Bunun sayəsində internetin dünyadakı sosial-iqtisadi vəziyyətə təsiri ani olaraq dəyişdi. Beləliklə, inkişaf mühərrikinin internet hesab olunduğu İKT sektoru ABŞ-da ümumi daxili məhsulun (ÜMD) 10%-ni təşkil edərək 1995-ci ildən etibarən 30%-ə çatır. İnternet texnologiyaları həm yerli, həm də dünyəvi bazarlarda rəqabət üstünlüklərinin təmin edilməsinin əsas faktoruna çevrilir, transmilli şirkətləri formalaşır [12].
Beynəlxalq münasibətlərin rəqəmsallaşması o deməkdir ki, onun vasitəsilə diplomatlar vətəndaşlar, müttəfiqləri, həmkarları ilə birlikdə müxtəlif siyasi hadisələri onlayn müzakirə edirlər. Bu, tamamilə yeni bir fikir, ənənə olmaqla yanaşı, daim hakimiyyət orqanlarının iyerarxik modelini, köhnə strukturlarını dəyişir. Amerika Birləşmiş Ştatları bu ideyanı silah kimi istifadə edən ilk dövlət olmuşdur. "Yaşadığımız yüzillikdə dövlətlərin xarici siyasətinə bəzən həlledici təsir göstərən yeni mexanizmlər ön plana çıxır. İKT-nin təsiri altında dövlətlərin ənənəvi olaraq qüdrətini şərtləndirən amillərin də nisbətində dəyişikliklər baş verir. Beynəlxalq geosiyasi münasibətlər sistemində ölkələrin aşkar və ya qeyri-aşkar iyerarxiyası həmişə buna əsasən təyin olunur. Müasir dünyada dövlətlərin hakimiyyət resurslarını qiymətləndirərkən onların İKT sahəsindəki imkanlarını və yeni informasiya-kommunikasiya məkanındakı mövqelərini nəzərə almamaq düzgün olmazdı. Burada yeni tipli beynəlxalq ziddiyyət yaranır. Bu, bir dövlətin qlobal informasiya məkanında dominantlığa cəhd etməsində öz ifadəsini tapır ki, bu da öz növbəsində digərlərinin müqavimətinə və əks-təsirinə səbəb olur. Beləliklə, qlobal informasiya məkanına və milli suverenliyə, kiberməkana və dövlət hakimiyyətinə obyektiv olaraq müxalif qüvvələr formalaşır. Təsadüfi deyil ki, dünyanın bir çox aparıcı politoloqları və beynəlxalq münasibətlər üzrə mütəxəssisləri geosiyasi proseslərin məhz bu aspektlərinə xüsusi diqqət yetirirlər" [7].
İnternet amilinin cəmiyyətə təsiri, ictimai rəyin manipulyasiya edilməsi və eləcə də siyasi məqsədlərlə insanların böyük qruplarını idarəetmə imkanları əhəmiyyətli dərəcədə güclənmişdir. İKT-nin və internetin sürətli inkişafının neqativ nəticələrindən biri də, nə qədər arzuolunmaz hesab edilsə də, beynəlxalq münaqişələrin yeni formalarının yaranmasıdır. Buraya informasiya, şəbəkə və hibrid müharibələri də daxil olmaqla çeşidli formalar kəsb edən yeni münaqişələr və müharibələr daxildir. Diplomatik qurumlar və əhali arasında müasir informasiya cəmiyyətinin yeni hadisəsi olan operativ əks-əlaqənin mümkünlüyü, ictimai rəyin formalaşmasında sosial medianın əhəmiyyəti və rolunu görünməmiş dərəcədə artırır. "Ənənəvi-klassik geosi-yasətdə beynəlxalq münasibətlərin mərkəzində neqativ kommunikasiya, yəni məkanın xarici aləmdən təcrid olunmasına reaksiya kimi münaqişəlilik durur. Yeni geosiyasətdə münaqişələr yeni kommunikasiyanın həm dağıdıcı, həm də yaradıcı funksiyası kimi ortaya çıxır" [21].
Sosial şəbəkələrdə diplomatik münasibətlərin geniş şəkildə əksini tapması kütləvi kommunikasiya vasitələrində beynəlxalq münasibətlərin iştirakçılarının qarşılıqlı təsirini əvvəlki dövrlə müqayisədə əhəmiyyətli dərəcədə çətinləşdirir. Eyni zamanda, diplomatik fəaliyyət sahəsində rəqəmsal texnologiyalardan istifadə "yumşaq güc" siyasətinin həyata keçirilməsi üçün yeni imkanları açır [19; 20].
2010-cu ilin sentyabr ayında ABŞ Dövlət Departamenti Amerika diplomatiyasının inkişaf strategiyasını hazırlamışdır. Sənəd "2011-ci ildə informasiya texnologiyalarının strateji inkişaf planı – 2011-2013-cü il: Rəqəmsal diplomatiya" adlanır. Bu sənəddə ABŞ hökuməti "rəqəmsal diplomatiya" (digital diplomacy) anlayışını “ABŞ hökumətinin diplomatik fəaliyyətində sosial şəbəkələrin tətbiqi kimi” müəyyən etmişdir. Burada həmçinin müxtəlif sosial şəbəkələr (Diplopedia, Twitter, Facebook, Linkedln, Communities@State və s.) xarici auditoriya ilə Amerika diplomatlarının işi üçün əsas platforma adlandırılmış və funksiyaları da göstərilmişdir [16].
Xarici siyasət hədəflərinin reallaşdırılması üçün rəqəmsal diplomatiyanın müxtəlif vasitələri ayırd edilmişdir. Belə ki, internet şəbəkədə, məsələn, nüfuzlu siyasi rejimlərlə mübarizədə “Diplopedia”dan istifadə edilir, onun vasitəsilə informasiya axını yaradılır.
Yaxud da dissidentlərlə iş və qeyri-hökumət təşkilatları qruplarının formalaşması, mobil rabitəyə xarici vətəndaşların girişinin genişlənilməsi və s. məqsədlər üçün isə adı sadalanan digər sosial şəbəkələrdən istifadə edilir.
Qeyd edilən və digər mürəkkəb məsələlər - internetin beynəlxalq münasibətlərin qloballaşmasındakı rolunu müəyyənləşdirmək, hazırda dünya siyasətində onun təzahürlərinin başlıca amillərini aşkara çıxarmaq, internetin milli informasiya məkanında təhdidlər yarada biləcək rolunu nəzərə alaraq dövlətin xarici siyasətinin perspektiv istiqamətlərini müəyyən etmək taleyüklü məsələyə çevrilir.
Onu da qeyd etmək vacibdir ki, internetin meydana gəlməsi ilə bəşəriyyət yeni nəhəng, ucuz, əlçatan, informasiyanın alınması prosesinin dəqiqələr, yaxud saniyələr qədər çəkdiyi informasiya resursları mənbəyini əldə etmiş oldu. Bu gün inernet müstəqil, fasiləsiz qlobal ünsiyyət sistemidir. O özündə simli yaxud simsiz üsullarla istifadə edilən elektron poçt, veb-saytlar, məlumatların çatdırılması üçün istifadə edilən başqa mübadilə vasitələrini ehtiva edir. İnternetden istifadə vasitələri kimi şəxsi kompüterlər, mobil telefonlar, cib kompüterləri və s. ixtisaslaşır. Texniki olaraq internet özündə hostinglər, serverlər, kommunikasiya xətləri, peykləri və s.-ni birləşdirən kommunikasiya sistemini, protokol və texniki vasitələrini təqdim edir [13; 17; 18].
XXI əsrə internet 1990-cı illərə qədər üstünlük təşkil edən elmi-texniki və iqtisadi kontekstini radikal şəkildə yenilədi və siyasi münasibətlərdə əhəmiyyətini görünməmiş səviyyədə yüksəltdi. Bu isə qlobal şəbəkənin müxtəlif dövlətlərin geosiyasi maraqlarının mərkəzinə gətirilməsini şərtləndirdi. Hazırda internet bütün dünyanın siyasi həyatında, demokratiyanın və vətəndaş cəmiyyətinin formalaşmasında, qlobal problemlərin həllində hər bir insanın iştirak imkanlarının artırılmasında mühüm rol oynayır. İnternet azad sözün, vətəndaşların informasiya əldə etməsinin artırılmasının yeni vasitəsi hesab edilir və buna görə demokratik cəmiyyətlərin ideologiyası ilə uzlaşır [23].
Qloballaşmanın məğzi qarşılıqlı əlaqələrin, millətlər və dövlətlər arasındakı qarşılıqlı asılılıqların ani çətinləşməsi və genişlənməsindən ibarətdir. İctimai inkişafın dünya miqyasındakı yeni mərhələsi, sosial əlaqələr və cəmiyyət proseslərinin yeni keyfiyyəti elm və texnologiyaların inkişafı hesabına başlamışdır. Amerika tədqiqatçısı F.Fukuyamanın fikrincə, “Ucuz və hərtərəfli informasiyanın əldə edilməsi demokratiyaya dərin təsir göstərmişdi. Hökumətlərdən tutmuş korporasiya və həmkarlar ittifaqlarına qədər müxtəlif iyerarxiyalı qurumların informasiya üzərində nəzarəti daha da çətindir. Hətta artıq vəziyyət əksinədir. Qlobal iqtisadiyyatın informasiya əsrinə keçdiyi bir dönəmdə demokratik rejimlərin genişlənməsi faktı təəccüb doğurmur" [14, s. 27].
İnternet beynəlxalq əlaqələrin qloballaşmasının, siyasi və iqtisadi inteqrasiya ilə yanaşı, beynəlxalq hərbi əməkdaşlıq, qarşılıqlı əlaqələrin genişlənməsi sərhədlərin şəffaflaşmasının vacib faktorlarından hesab edilir. İnternetin inkişafının bütün dünya üçün sosial-iqtisadi nəticələri Amerika tədqiqatçısı P.Litanın əsərində öz əksini tapmışdır [19, s.1049-1050]. Müəlllifə görə, o, bir sıra siyasi səciyyəvi müsbət nəticələrə səbəb oldu: demokratik seçkilərin keçirilməsi, siyasi partiyaların və seçicilərin aktivliyinin yüksəldilməsi, dövlət və vətəndaşlar arasında qarşılıqlı fəaliyyətin şəffaflığının artırılması və s. P.Litan həmçinin qeyd edir ki, internet qlobal fenomen kimi aktiv olaraq qloballaşmaya qarşı olanlar tərəfindən istifadə edilməklə, yeni informasiya texnologiyalarının böyük potensialını müəyyən edir: “Bundan əvvəl müxtəlif regionlarda olan insanların bu qədər böyük hissəsinin öz fikirlərini bildirməsi, yaxud siyasi aksiyalar təşkil etmələri üçün indiki kimi imkanları olmamışdır”. P.Litan onu da qeyd edir ki, sosial-iqtisadi nəticələr iqtisadi artımın İKT sektoru hesabına sürətlənməsi, internetin əməyin məhsuldarlığına uzunmüddətli effektli təsiri və istehsal xərcləri kimi amillərin təsirinə məruz qalmışdır. Burada dəyərli və əhəmiyyətli informasiya mübadiləsini təmin edən, həmçinin siyasi sferada mövcud olan “Qlobal maraq klublarının yaradılması” da vacib faktorlardan biridir.
İKT-nin inkişafı nəticəsində xarici siyasət strukturları və daimi ikitərəfli diplomatik nümayəndəlikləri ilə fəaliyyət göstərən müasir diplomatiya modeli də yeni çağırışlarla üz-üzə gəlmişdir. Artıq ümumən qəbul edilmiş fikrə görə, dövlətlərarası çoxtərəfli diplomatiya modelinin transformasiyasından yayınmaq mümkün deyil. XXI əsrdə diplomatiyanın parametrləri dəyişir və daha sürətlə dəyişməkdə davam edəcək. "Paradiplomatiya" adlanan yeni-virtual diplomatik nümayəndəliklərin geniş şəbəkəsinin tətbiqi və inkişaf etməsi xüsusilə narahatlıq doğuran meyillərdəndir. O mənada ki, bu imkanlardan separatçı rejimlər və beynəlxalq terrorçu qruplaşmalar yararlanmağa səy göstərə bilər. Daha cəlbedici ideya ölkənin paytaxtından çıxmadan ictimai diplomatiyanı inkişaf etdirməkdir. Virtual Xarici İşlər Nazirlikləri və virtual diplomatlar gecə-gündüz yorulmadan hədəf auditoriyaya xidmət etməyə hazırdır [10].
Müasir internetin beynəlxalq münasibətlərin qloballaşmasında yeri və rolu elektron hökumətlərin yaradılması, elektron kommersiyanın müxtəlif modellərinin inkişafı, internetə geniş spektrdə dövlət və qeyri-dövlət aktorlarının cəlb edilməsi ilə də müəyyənləşdirilir. Bununla yanaşı, internetin inkişafı İKT-yə çıxışın əldə edilməsində əks olunmuş , özü ilə birgə aşkar bərabərsizlik növlərini - siyasi, iqtisadi, sosial və mədəni bərabərsizlikləri gətirərək “rəqəmsal uçurum və rəqəmsal partlayış” adlanan problemin yaranması və kəskinləşməsinə səbəb olmuşdur. Bu problemin həlli məqsədilə Birləşmiş Millətlər Təşkilatı (BMT), "Böyük səkkizlik" (G8), beynəlxalq-iqtisadi və siyasi bilriklər çərçivəsində beynəlxalq cəmiyyət ciddi səylər göstərir. İnternetə beynəlxalq təşkilatlar səviyyəsində böyük önəm verilməsi də onun beynəlxlaq münasibətlərə təsirinin son illər nə dərəcədə artdığına dəlalət edir [24].
2. İKT və dünya siyasətində yeni parametrlər
Ədəbiyyata nəzər salsaq deyə bilərik ki, XXI əsrdə beynəlxalq münasibətlər üç qisim çağırışla üzləşməkdədir:
1. Beynəlxalq münasibətlər sistemi sürəkli transformasiyaya uğrayan dövlətlərarası münasibətlərin mahiyyətini çevik dərk etmək və nizamlamaq zərurətindədir;
2. Millətlərarası münasibətlərin dəyişkənlik xüsusiyyətini, dövlət olmayan yeni oyunçular şəbəkəsini nəzərə almaq məcburiyyətindədir;
3. Dövlətlərarası münasibətlərin ənənəvi forması olan diplomatiya davamlı olaraq fövqəladə yeni və qeyri-müəyyən çağırışlarla qarşılaşdığı üçün müvafiq olaraq da onların prioritetlər sırasını, həlli üçün yeni gündəliyini müəyyən etməlidir [12, s.41].
İnternetin beynəlxalq münasibətlərlə qarşılıqlı təsirində 2 əsas mexanizmi müəyyənləşdirmək olar:
Birincisi, internet beynəlxalq səviyyədə qarşılıqlı fəaliyyəti və qərar qəbulu sistemini dövlətlər üçün şəffaflaşdırır. Milli dövlətin xarci siyasətinin reallaşdırılması və işlənilməsində beynəlxalq faktorları nəzərə almağı zəruri edir.
İkincisi, internet milli, beynəlxalq və qeyri-milli aktorların geniş şəbəkəsinə, həmçinin ayrı-ayrı dövlətlərin siyasətini nəzərə alaraq təsir etməyə imkan yaradır.
Ümumilikdə isə internetin inkişaf meyilləri hər şeydən əvvəl aşağıdakı amillərlə bağlıdır:
∙ Bütün dünya üzrə internet istifadəçilərinin sayının artması və durmadan artmaqda davam etməsi;
∙ BMT-yə üzv ölkələrin hökumətlərinə onlayn rejimə keçid və beynəlxalq təşkilatlara, dövlət və qeyri-dövlət aktorlarına internet-girişin genişlənməsi;
∙ BMT-nin nəzdində internetin tənzimlənməsinə dair beynəlxalq qanunverici bazanın formalaşdırılması, kiberterrorizmin, başqa cinayətlərin, neqativ halların və internetin bunun üçün istifadə edilməsinin qarşısının alınması üçün dövlət tərəfindən internetə milli nəzarətin artırılması;
∙ İqtisadi fəaliyyət üçün yeni imkanları prinsipial olaraq aşkar edilməsi, elmi-texniki tərəqqiyə nail olmaq üçün İnternet-xidmətlərin sürətlənməsi və ucuzlaşması;
∙ Dünyada elektron kommersiya və biznesinin, ölkələrdə ümumi daxili məhsulun payının, postindustrial cəmiyyətin inkişafına yönəlmiş informasiya texnologiyalarının rolunun artması, bunların müvafiq olaraq beynəlxalq münasibətlər sistemində özünü büruzə verməsi.
∙ İnternet beynəlxalq münasibətlərin qloballaşması şəraitində sosial- iqtisadi inkişafa siyasi təsirin hərtərəfli aləti rolunu oynayır. Faktiki olaraq internet dünyanın müxtəlif ölkələrinin vətəndaşlarının vətəndaş hüquqları və azadlıqlarının təmin edilməsinin əsas göstəricisidir.
∙ Tədqiqatçıların fikrinə görə, qloballaşan dünyada maraqlı meyillərdən biri də odur ki, xarici siyasət sahəsində informasiya inqilabı beynəlxalq münasibətlərdə gündəmə gələn yeni amili - “yumşaq güc” resursunu olduqca təsirli vasitəyə çevirmişdir.
İKT-nin zəif inkişafı dövlətin müasir inteqrasiya proseslərində, beynəlxalq münasibətlərin və iqtisadiyyatın inkişafında geri qalmasına səbəb olur. İnternet dünya siyasi və iqtisadi arenasında nüfuz və təsiri özündə birləşdirir, strateji məqsədlərə nail olmağa, milli təhlükəsizliyin, geosiyasi məsələlərin həllinə imkan verir.
İnternetin dünya arenasında necə vacib olduğunun göstəricilərindən biri Avropa İttifaqına (Aİ) üzv ölkələrdə internetin inkişaf səviyyəsinin nəzərə alınmasıdır. Aİ-nin fəaliyyət planında üzv ölkələr və namizəd ölkələrin iqtisadiyyatının İKT sferası üzrə modernləşdirilməsi və islahatların sürətləndirilməsi vacib hesab edlir. Aİ-nin əsas məqsədi İttifaqı daha rəqabətədavamlı etmək üçün Aİ-nin iqtisadiyyatında İKT-nin həcmini, internet istifadəçilərinin sayını artırmaq, internetləşmə səviyyəsinə görə liderliyi ABŞ-dan almaq hesab olunur [3, s.129].
İKT-nin beynəlxalq münasibətlərə təsiri o dərəcədə böyükdür ki, artıq "realpolitik" paradiqmasından "netpolitik" doktrinasına keçid mərhələsinin başlandığı barədə tədqiqatlar ortaya çıxmışdır. Məlum olduğu kimi, realpolitik milli dövlətlərlər bir-biri ilə münasibətlərdə maraqlar və reallığın nisbətindən çıxış edərək, digərinə qarşı balanslaşdırma, manevrlər edərək üstünlük əldə etməyə çalışmaq və s. xüsusiyyətlərlə səciyyələnirlər. Realpolitik dolayısı ilə bəşəriyyətə bir çox fəlakətlər gətirən dünya müharibələri, "soyuq müharibə", "sivilizasiyaların toqquşma" və s. kimi nəticələrə gətirib çıxarmışdı.
Hazırda tədqiqatçılar tərəfindən ən çox araşdırılan "netpolitik" yüksək informasiya sürətinə, düşünülmüş siyasət yeridilməsinə, yeni zamanın təzyiqlərinə qarşı, beynəlxalq münasibətlərdə daha sağlam plüralizm,millət-dövlət və ənənəvi diplomatiyaya yeni cağırışları özündə ehtiva edən doktrina kimi təqdim edilir. Netpolitik dövlət gücündən tutmuş hərbi qüdrətinin, dərin şəxsi və sosial dəyərlərinin icra olunmasında hər şeyə təsir edən dəyişkən güc hesab edilir. İnternetin beynəlxalq siyasətin aparılmasında oynadığı rolu, dünya üzrə necə istifadə olunduğunu öyrənmək üçün daha çox tədqiqata və debata ehtiyac var. İnternet vasitəsilə insanlar öz hekayələrini bölüşərək səslərini dünyaya duyururlar. Bu, bəşəriyyət, insan hüquqları sahəsində möhtəşəm irəliləyişdir [8, s.36]. İnternetin mövcudluğunun özü, xüsusilə də onun qlobal əhatə və ictimai çıxışa malik olması beynəlxalq siyasi dinamikanı dəyişir.
Müəllifə görə, İKT artıq dünya siyasətində münasibətlərin qurulmasında periferik güc deyil, dəyişikliklərin mərkəzi-güclü mühərriki hesab edilə bilər. Qlobal elektron şəbəkələşməsinin funksiyası yalnız dünya iqtisadiyyatının yenidən qurulması deyil, həmçinin insanların dəyərlərini, şəxsiyyətlərini və sosial təcrübələrini kökündən dəyişməkdir. Bundan əlavə, bu dəyişikliklər millət-dövlətlərin sərhədləri çərçivəsində deyil, proqnozlaşdırılması mümkün olmayan transmilli ünsiyyətlərin bütün səviyyələrində baş verir. Bəhs edilən dəyişikliklər hər növ yeni iştirakçıların beynəlxalq siyasət arenasına daxil olmasına şərait yaradır. Qeyri-hökumət təşkilatları, diaspora cəmiyyətləri, insan hüquqları müdafiəçiləri, antiqlobqallaşma tənqidçiləri, jurnalistlər, yerli sakinlər və başqaları qlobal ictimai arenada öz səslərini duyurmağa malik olurlar. Lakin cəmiyyəti və biznesi gücləndirən həmin texnologiya terrorist şəbəkələrinin və müharibənin yeni formalarının əmələ gəlməsinə də təkan verir.
İnformasiyanın yeni transmilli axınları beynəlxalq münasibətlərdəki fundamental güc şərtlərinin bəzilərini dəyişir. Mənəvi legitimlik, informasiya mənbəyi kimi etimadlılıq və mədəni dəyərlər kimi yeni "yumşaq güc" növləri ön plana çıxır. Əvvəllər önəmli hesab edilən, aparıcı millətlərə məxsus ənənəvi hərbi və maliyyə gücləri artıq "yumşaq güc" və etimad siyasətləri ilə məhdudlaşır.
Nobelçi alim Tomas Fridman "Səthi dünya. XXI əsrin qısa
tarixi" adlı əsərində yazır: "İnternet
dünya üzərində fəaliyyət göstərən
sahələrin əlaqələndirilməsində - kimin
harada olmasından asılı olmayaraq, eyni informasiyanı əldə
etməsində, bir-biri ilə biznes əlaqələri
qurmasında mühüm rol oynamışdır. Bu da müxtəlif bazarların müqayisəli
üstunlüyünü nəzərə almaqla əməyin
daha effektli beynəlxalq bölgüsünü əmələ
gətirir. Bu da öz növbəsində dünyanın
“səthi” həndəsə, “rəvan-məkan” şəklinə
düşməsinə səbəb olmuşdur" [14, s.311].
İnternet mövcud olan
meyilləri gücləndirən yeni ünsiyyət
formasıdır. Qlobal terrorizm və QHT-lər kimi amillər
beynəlxalq münasibətlərdə internetdən əvvəl
də mövcud idi. İnsanların 80 faizinin xarici siyasətdə
iştirak etmək iqtidarında olmalarına baxmayaraq, onlar buna maraq
göstərmirlər. Diplomatiya yenə də
milli dövlətlərin hökumətləri arasında həyata
keçirilir, çünki onlar bunun üçün qanun və
gücə sahibdirlər. Bununla belə,
bir çox əhəmiyyətli qərarlar üz-üzə qəbul
olunduğu halda qərarların alınması
üçün inam səviyyəsini müəyyən etmək
nə üçün vacibdir?
İnternet burada həqiqətən əhəmiyyət
kəsb edirmi?
- Əvvəla, yerli və özəl müəssisələrlə
yanaşı diplomatlar və Xarici İşlər Nazirlikləri
tərəfindən göstərilən xidmətlərə də
internet təsir göstərir. Diplomatlar eyni fəaliyyəti
müxtəlif formada həyata keçirə bilərlər.
Elektron poçt (e-mail) ünsiyyətin universal,
ani formasıdır və diplomatik fəaliyyətin müxtəlif
sahələrini idarə edən vasitələr (applications)
getdikcə daha çox elektronlaşır (internet əsaslı
olur). İşin daha sürətli, çevik və əlçatanı
(flexible) texniki
avadanlıqlar vasitəsilə dövlət sistemlərinə
daxil olmağa artan tələblərdir. Bu, təhlükəsizliyə
təhdidlər yaratsa da, informasiyanın dəyəri bunu tam
ödəyə bilir.
- İkincisi, bu sinxron qlobal platforma diplomatik əməyin
ənənəvi paylaşılmasını tamamilə dəyişir. Qərar qəbul
etməyə dair maddi-fiziki məhdudiyyətlərin aradan
qaldırılması və informasiyaya olan asan
çıxış informasiya və məsləhətləşməni
bir araya gətirmək, qərar qəbul etmə və yerinə
yetirmə məsuliyyətini öz üzərinə
götürür. Bu hal keçmişdə
də baş vermişdir. Lakin internet
prosesi rasionallaşdırmış və iyerarxiyanı aradan
götürmüş, coğrafi vəziyyətindən və
sərhədlərdən asılı olmayaraq insanların
bir-biri ilə əlaqəsini sürətləndirmişdir.
-
Üçüncüsü, bütün ictimai xidmətlər
kimi Xarici İşlər Nazirlikləri və səfirliklər
də elektronlaşdırılır. Ticarət
və investisiya dəstəyi, səyahət məsləhəti,
pasport və viza müraciətləri hal-hazırda elektron
formada həyata keçirilir. Maddi-fiziki əl
əməyi sənədlər və fiziki mövcudluq
prosesinin bəzi hissələri üçün gərəkli
hesab edilsə də, zamanla azaldılmağa
çalışılır. Ümumu elektron həllərin
və tətbiqlərin köməyi ilə xarici siyasət
qurumları arasında əməyin
bölüşdürülməsi rasionallaşdırılır.
Mühüm
məqamlardan biri ondan ibarətdir ki birinci növbədə bu
cür sistemləri təqdim etmək həm zaman, həm də
maddi məsrəf tələb edir.
Xarici İşlər Nazirliklərinin internet
texnologiyalarına ayrılan büdcələri, İT heyətinə
və İT xidmətlərinə xərcləri son 10 ildə
davamlı olaraq hətta astronomik rəqəmlərlə
artmaqdadır.
Diplomatiya bütün dünyada digər dövlət
departamentlərindən fərqli olaraq rəqabətli biznesdir.
Ölkələr burada əməkdaşlıq
etdikləri kimi bir-biri ilə həm də sərt rəqabətə
girirlər. Beləliklə, qalib gələn
reallığa daha sürətlə uyğunlaşacaq və rəqəmsal
imkanlara daha tez sahiblənəcəkdir.
Nəticə
Tədqiqiat nəticəsində məlum olur ki, son
onilliklər ərzində dünya birliyi "qlobal tektonik dəyişikliklər"
adlandırılan proseslərin təsirinə məruz qalmışdır. Onların arasında
informasiya inqilabının baş verməsi, informasiya
sivilizasiyasının formalaşması, qloballaşma prosesləri
və beynəlxalq
münasibətlərin yeni sisteminin formalaşması ilk
sırada durur.
Hər bir dövlət
öz milli inkişafında qarşıya qoyduğu hədəflərə
çatmaq üçün mütləq olaraq bu proseslərin
xarakter və dunamikasını nəzərə almalı,
müvafiq tədbirlər həyata keçirməlidir.
Belə ki, sadalanan amillər hər bir ölkənin siyasi,
iqtisadi, mədəni-elmi, texnoloji və s. istiqamətlərdə reallaşdırdığı
fəaliyyətin uğurları, beynəlxalq münasibətlər
sistemininin yeni reallıqları və onunla
qarşılıqlı təsirləri nəzərə alınmaqla təmin
edilə bilər.
Bununla belə, onların arasında milli və beynəlxalq
siyasi məkanda inkişaf proseslərinə təkanverici təsir
edən ən başlıca qüvvə informasiya-kommunikasiya
texnologiyalarıdır desək, yanılmarıq. Bu gün İKT amilini və onun
iqtisadiyyat, siyasət və beynəlxalq münasibətlərdə
şərtləndirdiyi çoxşaxəli dəyişiklikləri
nəzərə almadan nə səmərəli daxili
inkişaf prosesləri, nə də beynəlxalq aləmdə
baş verən sürətli proseslərə zamanında
uyğunlaşmaq qeyri-mümkündür.
Beynəlxalq münasibətlərin qloballaşması,
yeni dünya nizamının formalaşması hər bir
müstəqil dövlətdən adekvat səylərin
göstərilməsini tələb edir. Müasir
müstəqil dövlət hazırda mövcud olan “rəqəmsal
uçurum və partlayış”ın öhdəsindən gəlmək
üçün gərəkli addımlar atmalıdır.
Əks-təqdirdə,
o, dünyadakı iqtisadi və siyasi
maraqlarını təmin edə bilmək iqtidarında
olmayacaq. Bunun üçün yeni informasiya
texnologiyalarının tətbiqinə dair qətiyyətli
addımlar atmaq, İKT və qeyr-neft sektorunun stimullaşdırıcı
dövlət tənzimlənməsindən, internetin
inkişafında şəxsi təşəbbüslərin,
akademik dairələr, qeyri-hökumət təşkilatları,
biznes və s. birliklərin fəallığından istifadə edərək İKT
infrastrukturunun daha da təkmilləşməsini təmin etmək
mühüm məsələlərdəndir.
Dünyanın
hazırkı yüzillikdə inkişaf meyillərindən irəli
gələn tələblərə milli maraqları nəzərə
almaqla vaxtında cavab vermək son illərdə Azərbaycan
Respublikasının dövlət İKT siyasətinin mərkəzində duran
mühüm məsələlərdəndir. Ölkəmiz
bu sahədə regionun lideri mövqeyində yer
almışdır.
Hürriyyət.-
2019.- 13 fevral.- S.12.