“Məni
yazıçı edən
yazmağa olan sevgimdir”
Əvvəli ötən
sayımızda
Emiliya Əhmədova: “Mən azərbaycanlı
olmağımla fəxr edirəm. Məhz bunu vurğulamaq
üçün kitablarımda həyat yoldaşımın
soyadını deyil, öz qızlıq soyadımı qeyd edirəm”
“Yadımdadır ki, bir xanım
müəllim etiraf etmişdi ki, əsərdəki hadisələr
onu çox qorxutduğundan kitabı sonadək oxuya bilməyib”
Həmsöhbətimiz hazırda Cənubi
Amerikada yaşayan azərbaycanlı yazıçı Emiliya
Əhmədovadır. Emiliya xanım üç gözəl
kitabın müəllifidir. İngilis dilində yazılan həmin
kitablar rus, ispan və portuqal dillərinə tərcümə
edilib. Onun haqqında müxtəlif ölkələrin
dövri mətbuatında məqalələr dərc olunub,
kitabları Azərbaycanın əsas kitabxanasında
saxlanır.
- İlk əsərinizi nə
vaxt yazmısınız? Və yaxud ilk
oxucunuz kim olub?
- “Qırılmış zəncirlər” (Broken Chains)
adlandırdığım ilk kitabım üzərində
2016-cı ildə işləməyə başlamışam və
həmin kitab öncə ingilis, sonra isə rus dilində
çap olundu.
İlk oxucularım redaktorlarım oldu. Kitab işıq üzü görəndən sonra isə
ingilisdilli auditoriyanın, eləcə də tanışım
olan yazıçıların və rəfiqələrimin
diqqətini cəlb etdi.
- İlk dəfə nə
vaxt və harda çap olunmusunuz?
- İlk kitabım olan “Qırılmış zəncirlər”
2017-ci ildə Amerikada çap olunub. Sözügedən
kitab Amazon, IngramSpark, ËèòÐåñ
Apple, Kobo və digər online mağazalar vasitəsi ilə
satılır. Ümid edirəm ki, tezliklə
mənim kitablarım kitab dükanlarının
piştaxtalarını da bəzəyəcək.
- Bir yazıçı kimi, yazı
üslubunuzu necə xarakterizə edərdiniz? Daha
çox hansı janrlar və mövzulara müraciət
edirsiniz?
- Əsərlərim yaradıcı təxəyyülün
məhsulu olsa da, onları gerçək hadisələrə,
hər bir insanın qarşılaşdığı real
problemlərə əsaslanaraq yazmağı xoşlayıram. Bəzən hər
hansı mövzu haqda yazmazdan öncə həmin mövzunu
öyrənməli oluram.
Misal üçün, dördüncü kitabımın
əsas qəhrəmanı xanımı başqa ölkəyə
qaçırılaraq fahişəliyə təhrik edilən
polis əməkdaşı olduğundan, əsərimin daha
inandırıcı alınması üçün gerçək
polislərdən hansı silahlardan istifadə etdikləri ilə
maraqlanmışam.
Qəhrəmanlarımın emosiyalarını təsvir
edəndə isə özümü onların yerində təsəvvür
edirəm və həmin vəziyyətə necə reaksiya verə
biləcəyimi düşünürəm.
Mən müxtəlif janrlarda yazmağa
çalışıram. Hazırda müraciət etdiyim
janrlar bunlardır: qadın romanı, uşaq nəsri, fentezi və
triller.
- Öz əsərlərinizlə bəşəriyyətə
hansı fikri, hansı ideyanı çatdırmaq istəyirsiniz?
- Mən
ayrı-ayrı insanların və ümumilikdə cəmiyyətin
qarşılaşdığı problemlərdən yazmağa
çalışıram, bəzən həmin problemlərin həlli
yollarını da göstərirəm. Mənim
məqsədim-düzgün olmayan həyat tərzinin və
Tanrıdan uzaqlaşmağın insan həyatına necə
böyük zərər vurduğunu göstərməkdir.
Bu dünyada ümidə, inama, xeyirxahlığa
ehtiyacı olan o qədər çarəsiz, əzabkeş
insan var ki. Məsələn, əsərlərimdən birinin qəhrəmanı
olan Silvananın bütün həyatı və
zorakılıq üzərindəki qələbəsi,
xoşbəxt sonluq – bütün bunlar bir daha sübut edir ki, ən
çıxılmaz situasiyalarda belə Tanrıya və
özünə inamını itirməməlisən və həyatını
yaxşıya doğru dəyişmək üçün əlindən
gələn hər şeyi etməlisən. Yalnız bu
zaman istəyinə nail ola bilərsən!
- Əcnəbi ilə ailə
qurduğunuza görə vətəni tərk etdiyinizi söyləmişdiniz. Nə vaxtsa taleyinizin sizi uzaq qərib bir
ölkəyə aparıb çıxaracağını
düşünə bilərdinizmi?
- Lap
kiçik yaşlarımdan uzaq ölkələr məni
özünə çəkirdi. Yadımdadır,
7 yaşım olanda qohumlara deyirdim ki, uzaq ölkədə
yaşayacağam. Tale elə gətirdi ki,
2000-ci ildə əcnəbi ilə ailə qurub Azərbaycanı
tərk etdim.
- Hazırda Trinidad &
Tobaqoda yaşayırsınız? Nədən məhz bu dövləti
seçmisiz?
- Bura gəlişimin
səbəbkarı həyat yoldaşımdır. Bu ölkə onun və bizim
övladlarımızın vətənidir. Gözəl insan olan qaynanamla qaynatam da burda
yaşayırlar. Bura köçməzdən
əvvəl isə biz Barbadosda, Bahama adasında
yaşayırdıq.
- Artıq 19 ildir ki, vətəndən
uzaqdasız. Qürbət ölkəyə
adaptasiya olmaq sizin üçün çoxmu çətin
oldu?
- İlk vaxtlar yad ölkəyə, mədəniyyətə
və dilə alışmaq mənim üçün çətin
idi. Mən ingilis dilində yazmağı və bu dildə
olan verilişlərə baxmağı xoşlamırdım.
Amma universiteti ingilis dilində bitirdikdən sonra
ingiliscə kitablar yazmağa başladım, indi həmin dildə
yazmaqdan və ünsiyyət qurmaqdan böyük zövq
alıram. Hətta məncə duaları
da ingiliscə edirəm. .
Vaxt keçdikcə yeni ortama alışdım və
özümə çoxlu tanışlar qazandım. Xüsusilə
də uşaqlarla təmənnasız işlədiyim,
skaut-lider olduğum illərdə. Hazırda
inzibatçı işləyirəm, fəhlələrin
işinə nəzarət edirəm.
- Yaşadığınız ərazidə
bir sıra xalqın nümayəndəsi məskunlaşıb.
Onların hər biri müəyyən bir mədəniyyətin
təmsilçisidir. Siz bir azərbaycanlı olaraq mənsub
olduğunuz xalqın, ölkənin mədəniyyətini, adət-ənənələrini
orda necə yaşadırsınız?
- Hər
bir xalqın öz mədəniyyəti, adət-ənnənəsi
və dünyagörüşü və əxlaq normaları
var. Hara köçüb getməyimizdən asılı
olmayaraq, hər birimiz öz mədəniyyətimizi, şəxsiyyətimizi
və bizim üçün keçərli olan əxlaq
normalarını özümüzlə aparırıq.
Yad bir cəmiyyətin bəzi davranış
qaydalarını, hətta dini mərasimlərini belə qəbul
etməyə bilərik, amma digər xalqlarla sülh və əminamanlıq
şəraitində yaşamağa, onların adətlərinə,
inanclarına hörmətlə yanaşmağa öyrənməliyik.
Ən başlıcası yad cəmiyyətdə
itib-batmamaq və öz köklərini, milli-mənəvi dəyərlərini
unutmamaqdır.
Dəyişikliyi, yeni ideyaları qəbul etmək
bacarığım və yeni nəsə öyrənmək həvəsim
yeni mədəniyyətə alışmaqda və yad adət-ənənəyə
uyğunlaşmaqda mənə kömək edir. Bəzi milli
adət-ənənələri, mərasimləri çox bəyənirəm.
Misal üçün, Divali zamanı -
İşığın Zülmət üzərindəki qələbəsinə
həsr olunmuş bayramda burda “diya” yandırırlar. Bu çox
gözəl mənzərədir. Adıçəkilən
bayram vaxtı sevdiyim hind təamları hazırlanır və
dostlarla qohumlar şam yeməyinə dəvət olunur.
Qonaqlar və ev sahibləri milli hind geyimlərində
olur. Bizim ailə də həmin bayramda qonaqlıqlara
milli hing geyimlərində gedir.
- Yaşadığınız ölkədə
Azərbaycan icması fəaliyyət göstərir? Fəaliyyət
göstərirsə, sizin həmin icma ilə əlaqəniz
varmı?
- Təəssüf
ki, yaşadığım ölkədə heç bir Azərbaycan
icması, yaxud səfirliyi yoxdur. Yəqin ki,
Trinidadda vur-tut 3 nəfər azərbaycanlı yaşayır.
- Kitablarınızın oxucusu daha
çox kimlərdir? Yaşadığınız
cəmiyyətdə sizə bir yazıçı kimi
münasibət necədir? İctimaiyyət
tərəfindən əsərləriniz necə qəbul
olunur?
- Mənim
əsas oxucularım İngiltərə və Amerikada yaşayan
xanımlardır. Azərbaycanda da az sayda
oxucularım var. Azərbaycana gəldiyimi bilən bir xanım
oxucum hətta məni restorana da dəvət etdi. Onunla görüşümüz çox xoş
keçdi.
Kitablarımın ictimaiyyət tərəfindən necə
qəbul olunduğunu bilmirəm. Zənnimcə, bu haqda
danışmaq hələ tezdir. Dediyim kimi, ilk kitabım
iki il əvvəl çapdan
çıxıb. Amma elə oxucularım olub
ki, məndən öz həyat tarixçələrini qələmə
almağı xahiş ediblər. Tanışlarımın
və oxucularımın arasında mənim uğurlarıma
sevinənlər, mənimlə qürur duyduqlarını
söyləyənlər də var.
Kitablarım haqda müsbət rəylər alıram. “Qırılmış zəncirlər”
romanım “İlhamlandıran Qadın romanı” janrında
2017-ci ildə "Readers' Favorite" və "Bookvana
Awards"-un, 2018-ci ildə isə
"International Book Awards" –un finalçısı olub. Adıçəkilən əsərə 28 müsbət
rəy verilib. Rəylərin əksəriyətində
deyilir ki, bu kitabı hər bir əzabkeş insan
oxumalıdır, çünki o insana ümid və
özünə inam aşılayır, onu həyatını
yaxşıya doğru dəyişməyə
ruhlandırır.
Azyaşlı qızları yanlış partnyor
seçimindən qorumaq məqsədi ilə romanı məktəb
dərsliklərinə salmağı məsləhət görənlər
də olub. Bəzi qadın oxucular əsərin əsas qəhrəmanını
ovundurmaq arzusundadır. Onların
hamısı Silvanaya işgəncə verən zalım Marka qəzəblidir.
Bəzi xanım oxucularım isə əsəri
sonadək oxuya bilmir, çünki əsərdəki hadisələr
onlara bədbəxt ailə həyatlarını
xatırladır. Həmin xanımlara elə
gəlir ki, əsər onların haqqında yazılıb.
“Bütün zamanlar üçün cəhənnəm”
kitabım da əksər oxucular tərəfindən maraqla
qarşılanıb. Yadımdadır ki, bir xanım müəllim
etiraf etmişdi ki, əsərdəki hadisələr onu
çox qorxutduğundan kitabı sonadək oxuya bilməyib.
Başqa bir qadın oxucum isə deyirdi ki,
kitabımı oxuyandan sonra gecələr dəhşətli
yuxular görməyə başlayıb, amma həmin xanım əsərdəki
hadisələrin kino həllini görmək istədiyini də
bildirmişdi.
Yəqin bu da taleyin işidir. Yaradıcılığa
meylim uşaqlıqdan yaransa da, yalnız öz vətənimi
tərk edəndən sonra öz kitablarımı yazıb
çap etdirməyi və başqalarının problemlərini
dərindən anlamağı bacardım.
- Azərbaycana tez-tez gəlirsiniz? Vətən üçün
darıxırsınız? Nə vaxtsa bura
qayıtmaq fikriniz var?
- Bəli,
Azərbaycanda oluram, amma təəssüf ki, tez-tez gələ
bilmirəm. Sonuncu dəfə 2018-ci ilin iyununda vətənimdə
olmuşam. 39 yaşında
dünyasını dəyişən qardaşım
Ruslanın dəfnində iştirak etmək üçün
gəlmişdim. Bu çox ağır səfər
idi. Əslində ölkəmdə
avtoqraf-sessiya təşkil etməyi
planlaşdırırdım, amma qardaşımın dəfnində
iştirak etməli oldum.
Təbii ki, Azərbaycan, xüsusilə də anam və
qohumlarım üçün çox darıxıram.
Mən azərbaycanlı olmağımla fəxr edirəm. Məhz bunu
vurğulamaq üçün kitablarımda həyat
yoldaşımın soyadını deyil, öz qızlıq
soyadımı qeyd edirəm. Bu gün
ölkəmizdə çoxsaylı problemlər olsa da,
heç nə vətəni əvəz edə bilməz.
Qürbətdə həyat nə qədər
xoş keçsə də, vətən sevgisi öləzimir.
Prezidentimizin səyləri nəticəsində Bakı
gözəl şəhərə çevrilib. Yadımdadır,
trinidadlı şahmatçılar Bakıdan qayıdanda mənə
demişdilər ki, sən belə gözəl şəhəri
necə tərk edə bilmisən?
Ötən ilin yayında Bakıya gedəndə
çox kədərli idim, amma anama, qohumlarıma, doğma
şəhərimə qovuşanda, doğma dilimi eşidəndə
qəlbim sevinclə doldu. Övladlarım nənələri
ilə dayılarını görmək istəyir. Tanrı izn versə, bu yay Bakıya gələcəyik.
- Kitablarınızın Azərbaycan
dilinə tərcümə edilib, azərbaycanlı oxuculara təqdim
edilməsini istərdinizmi? Bu
istiqamətdə hər hansı təşəbbüsünüz
olubmu?
- Əsərlərim doğma dilimə tərcümə
olunsa, çox şad olaram. Çox istərdim ki,
xalqım, dəyərli prezidentimiz və onun gözəl,
savadlı xanımı ilə qızları kitablarımı
oxusun. Məmnuniyyətlə prezidentimizlə
şəxsən görüşüb, kitablarımı ona hədiyyə
edərdim. O və ailəsi ölkəmizçün
çox işlər görüb.
Mənim kitablarım ispan, portuqal və rus dillərinə
tərcümə olunub. Əcnəbilər mənim kitablarımı oxuyur, Mədəniyyət
Nazirliyi kitablarımın surətini Azərbaycanın mərkəzi
kitabxanasına yollasa da, ölkəmdə əsərlərim
haqda çox az adam məlumatlıdır. Nə vaxtsa Bakıda avtoqraf-sessiya keçirəcəyimə
ümidliyəm.
Amma kitablarımı Azərbaycan dilində çap
etdirmək üçün heç bir addım
atmamışam. Əgər naşirlər
kitablarımı tərcümə etməyi təklif etsələr,
çox guman ki, razılaşaram.
Hazırladı: Banu OĞUZ
Hürriyyət.-
2019.- 20 fevral.- S.13.