Gəncənin adını özünə

qaytaran dövlət xadimi

 

Elmira Qafarova Gəncə şəhərinin adının bərpa olunması və Azərbaycanda "Novruz bayramı"nın rəsmən qeyd edilməsi haqqında fərmanların müəllifidir

 

Elmira Mikayıl qızı Qafarova 1934-cü il martın 1-də Bakı şəhəri Balaxanı qəsəbəsində qulluqçu ailəsində anadan olmuşdur.

1952-ci ildə Bakı şəhərindəki 23 saylı orta məktəbi müvəffəqiyyətlə bitirmişdir.

1953-1958-ci illərdə Azərbaycan Dövlət Universitetinin (ADU – indiki Bakı Dövlət Universitetinin) filologiya fakültəsində oxumuş və oranı fərqlənmə diplomu ilə bitirmişdir.

ADU-da təhsil aldığı illərdə ən fəal tələbələrdən olmuş E.Qafarova 1955-58-ci illərdə universitetin komsomol komitəsinin katibi vəzifəsində çalışmışdır.

1958-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının sıralarına qəbul edilmişdir.

1958-1961-ci illərdə ADU-nun aspiranturasında oxumuş, namizədlik dissertasiyasını müdafiə edərək, "filologiya elmləri namizədi" elmi dərəcəsini almışdır.

E.Qafarova 1961-1962-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (AKP MK) elm və ali məktəblər şöbəsində təlimatçı, 1961-1962-ci illərdə isə Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin (ALKGİ MK) katibi vəzifələrində çalışmışdır.

Tezliklə respublika gəncləri arasında böyük hörmət və nüfuz qazanan E.Qafarova ALKGİ MK-nın birinci katibi seçilmiş və 1966-1970-ci illərdə bu vəzifədə işləmişdir. E.Qafarova həmin yüksək və məsul vəzifədə Azərbaycan gənclərinin həyatda, təhsildə, istehsalatda bilik və bacarıqlarının artırılması və inkişaf etdirilməsi sahəsində xeyrli zəhmət çəkmiş, bilik və bacarıq nümayiş etdirmişdir.

E. Qafarova 1970-1971-ci illərdə AKP MK-nın mədəniyyət şöbəsi müdirinin müavini, 1971-1980-ci illərdə isə AKP Bakı Şəhər Komitəsinin ideologiya üzrə katibi vəzifələrində işləmişdir.

1980-1983-cü illərdə Azərbaycan SSR maarif naziri vəzifəsində çalışmış E.Qafarova Azərbaycanda maarifçiliyin yayılmasında, məktəb və məktəbəqədər uşaq müəssisələri şəbəkələrinin əenişləndirilməsində, savadlı, bilikli və təcrübəli müəllimlərlə təmin olunmasında, uşaqların təhsilə cəlb edilməsində yaxından iştirak etmiş, bir sıra irimiqyaslı, habelə məktəb olimpiadalarının əsas təşkilatçısı olmuşdur.

1983-1987-ci illərdə Azərbaycan SSR xarici işlər naziri vəzifəsində çalışmış E.Qafarova Azərbaycanın Avropa, Asiya və Afrikanın bir sıra ölkələri ilə siyasi, ictimai və mədəni əlaqələrinin genişləndirilməsi istiqamətində işlər görmüş, həmçinin bir sıra beynəlxalq müşavirə, konfrans və sessiyalarda yaxından iştirak etmişdir.

O, 1984-cü ilin oktyabrında BMT Baş Məclisinin XXXIX sessiyasının və onun komitələrinin iclaslarında iştirak və çıxış etmişdir. BMT Baş Məclisinin həmin sessiyasının Üçüncü Komitəsinin irqçilik və irqi ayrı-seçkilik qalıqlarının kökünün kəsilməsi məsələlərinə həsr edilmiş müzakirələr üzrə diskussiyada ilk çıxış edən E.Qafarova irqi ayrı-seçkiliyi kəskin tənqid edərək demişdir:

"Bütün sahələrdə irqi ayrı-seçkiliyi şirnikləşdirənlər hansı demokratiyadan, hansı vətəndaşlıq hüquqlarından, siyasi və ya sosial-iqtisadi hüquqlardan danışa bilərlər?".

E.Qafarova Üçüncü komitənin "Beynəlxalq gənclər ili: iştirak, inkişaf və sülh" diskussiyasında çıxış edərək demişdir:

"Gənclərin işsizliyi və qeyri-hüquqi vəziyyəti problemi bir sıra ölkələrdə ağır problemdir. Çox vaxt gənclər irqçiliyin, aparteidin və irqi ayrı-seçkiliyin obyekti olur, onların əsas siyasi və sosial-iqtisadi hüquqları kobud şəkildə tapdalanır... BMT bunların həllinə daim diqqət yetirməlidir".

1987-1989-cu illərdə E.Qafarova Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini vəzifəsində çalışmış, humanitar sahələrə - elm, mədəniyyət, maarif işinə rəhbərlik etmişdir.

 

Məsul vəzifələrdə inam və xalqa sədaqətlə, pillə-pillə addımlayan və irəliləyən, 1989-1990-cu illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsində çalışan E.Qafarova bir sıra ictimai-siyasi və sosial-iqtisadi əhəmiyyət daşıyan sərəncam və qərarların verilməsində fəal iştirak etmişdir.

E.Qafarova 1989-cu il dekabrın 30-da Gəncə şəhərinin adının bərpa olunması və 1990-cı il martın 13-də Azərbaycan xalqının milli bayramı olan "Novruz bayramı"nın rəsmən qeyd edilməsi haqqında fərmanlar imzalamışdır.

Azərbaycanın siyasi və ictimai vəziyyətinin ağır və gərgin dövründə - erməni silahlı qüvvələrinin torpaqlarımızı işğala başladığı bir vaxtda, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının heç bir xəbərdarlıq etmədən Bakı şəhərinə soxularaq dinc adamları qətlə yetirdiyi bir vaxtda E.Qafarova sovet rəhbərliyinin törətdiyi bu qanlı cinayətə etiraz bəyanatı ilə çıxış etmiş və onun haqqında həqiqəti tezliklə bütün ölkələrə yaymağa nail olmuıdur. Həmin bəyanatda deyilirdi: "SSRİ Ali Soveti Rəyasət Heyəti tərəfindən respublikamızın Bakı şəhərində fövqəladə vəziyyət elan edilməsi ilə əlaqədar olaraq Azərbaycan xalqı, respublikanın bütün vətəndaşları adından qəti etirazımı bildirirəm. Tam məsuliyyət hissi ilə bildirmək istəyirəm ki, Azərbaycan SSR-nin ali dövlət, hakimiyyət və idarə orqanları SSRİ Ali Soveti Rəyasət Heyətinin belə bir qərarının qəbul olunmasına razılıq verməmişlər. Tökülən qan üçün bütün məsuliyyət bu qərarı qəbul etmiş və bilavasitə onun icrasını təmin etmiş SSRİ orqanları və onların vəzifəli şəxslərinin üzərinə düşür".

Bu şəxsi bəyanatı ilə kifayətlənməyən E.Qafarova 160 deputatın müraciəti ilə 1990-cı il yanvarın 21-22-də Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyasını çağırdı və ona başçılıq etdi. Sessiya yanvarın 22-də E.Qafarovanın imzası ilə "SSRİ Ali Sovetinə, müttəfiq respublikaların Ali Sovetlərinə, SSRİ xalqlarına, dünyanın bütün ölkələrinin parlamentlərinə, Birləşmiş Millətlər Təşkilatına Azərbaycan SSR Ali Sovetinin Müraciəti"ni qəbul etmişdir. Müraciətdə deyilirdi: "Bakının və bütün Azərbaycanın dinc əhalisinə qarşı misli görünməmiş dəhşətli cinayət törədilir. Helsinki və Vyana müqavilələrinin sənədlərini imzalayan, hüquqi dövlət yaratmaq iddiasında olan sovet dövləti qanunları tapdalayaraq, SSRİ Ali Sovetinin sanksiyası və respublikanın ali hakimiyyət orqanlarının razılığı olmadan yanvarın 19-dan 20-nə keçən gecə müxtəlif silah növlərindən (tanklardan, zirehli transportyorlardan, avtomat silahlardan, hərbi aviasiya və donanmadan) istifadə edərək elan olunmadan Azərbaycana qarşı təcavüz etmişdir. Bakı şəhərinə, respublikanın digər rayonlarına hücum edib dinc əhalini, Bakıda fövqəladə vəziyyətin elan olunmasına və şəhərə qoşun hissələrinin girməsinə etiraz edənləri amansızcasına qırmışlar. Yüzlərlə ölən, minlərlə yaralanan və itkin düşənlər var. Azərbaycan SSR Ali Soveti ölkə və dünya ictimaiyyətinə müraciət edərək, onları Azərbaycan torpağında törədilmiş bu milli qırğın aktını pisləməyə çağırır".

Azərbaycan SSR-nin Konstitusiyasında (Əsas qanunda) edilmiş dəyişikliklərə müvafiq olaraq, 1990-cı ilin may ayında respublikada prezident idarəçiliyi tətbiq edildi, parlamentin fəaliyyət forması və strukturu dəyişdirildi, Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti ləğv olundu.

E.Qafarova deputatlar tərəfindən yekdilliklə Azərbaycan SSR Ali Sovetinin sədri seçildi və 1990-1992-ci illərdə bu vəzifədə çalışdı. E.Qafarova yaranmış ağır şəraitə baxmayaraq, Ali Sovetin sessiyalarını müntəzəm çağırır, qoyulan məsələlərin həllinə və respublikanın tam müstəqil olmasına, beynəlxalq aləmdə tanınmasına və nüfuzunun artmasına çalışırdı.

E.Qafarovanın Ali Sovetin sədri olduğu dövrdə Azərbaycan xalqı üçün tarixi əhəmiyyətli qərarlar qəbul olunmuş və hadisələr baş vermiş, o çümlədən 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyi elan edilmiş, oktyabrın 29-da onun müstəqilliyinin tanınması haqqında "Dünya birliyinin üzvü olan dövlətlərin parlament və hökumətlərinə Ali Sovetin müraciəti" qəbul olunmuş, 1992-ci il martın 2-də Azərbaycan Respublikası BMT-yə üzv qəbul edilmişdir.

E.Qafarova dəfələrlə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.

AKP MK-nın üzvü olan E.Qafarova AKP-nin XXXI qurultayında AKP MK-nın büro üzvü seçilmişdir.

Elmira Mikayıl qızı Qafarova 1993-cü il avqustun 1-də Bakı şəhərində vəfat etmiş və Fəxri xiyabanda dəfn olunmuşdur.

 

Hazırladı: Məmməd MİRZƏLİYEV

 

Hürriyyət.- 2019.- 27 fevral.- S.13.