Sənət fədailəri
və ya unudulmağa məhkum olanlar
(Aktyor Zakir Şahbazovun əziz xatirəsinə)
Elə səhnə ustaları var ki, onlar
haqqında yazmaq bir qədər mürəkkəb olur. Çünki onların yaradıcılıq
yolları vaxtında lazımınca
araşdırılmayıb və bu səbəbdən də
onlar haqqında araşdırma aparmaq da müşgülə
çevrilir. Bu tip aktyorlar isə sözün əsl mənasında
unudulmağa məhkum olunur. Həyat və
yaradıcılıqları sanki qaranlıq bir zirzəmidən
öz kölgələrinin işığı qədər
boylana bilir. Zaman keçdikcə isə bu
işıq şöləsi də sönür və sanki
heç yoxmuş kimi unudulur. Ancaq elə səhnə
ustaları da var ki, sənət məziyyətləri, səhnədə
aktyor ifası bu gün də onu tanıyanların qəlbində
nəsillərdən-nəsillərə
ötürülür. Sözün əsl
mənasında unudulmayacaq bir sənətkar kimi öz həmkar
dostlarının və yaxınlarının qəlbində
yaşayır. Aktyor Zakir Şahbazov tək.
Zakir Cəni oğlu Şahbazov 1902-ci ildə
Göyçayın Şıxlı kəndində anadan olub. Orta məktəbdə oxuyarkən
Göyçaydakı dram dərnəyində fəaliyyət
göstərib. 1924-1928-ci illərdə Mirzə Fətəli
Axundzadə adına Bakı Türk Teatr Məktəbində
təhsil alıb. Tələbəlik illərində
həmçinin Akademik Milli Dram Teatrın səhnəsində
bir sıra tamaşalarda epizodik rollarda çıxışlar
edib. Təhsilini başa vurduqdan sonra altı il Akademik Milli Dram Teatrında
çalışıb. 1934-cü ilin noyabr ayının 16-dan
1940-1941-ci il mövsümünə kimi isə
İrəvan teatrının truppasında fəaliyyət
göstərib. Daha sonra Gəncə Dövlət
Dram Teatrına gəlib. Ömrünün
sonuna kimi də bu teatrda çalışıb. Aktyor Gəncə Dövlət Dram Teatrının səhnəsində
tamaşaya qoyulan əksər pyeslərdə daha çox
ikinci dərəcəli rollar ifa edib. O, realist aktyor məktəbinin
yetirməsi olub. Əsasən tipik-psixoloji və
kiçik xarakterli obrazlar yaradıb. Səhnədə
olan maraqlı ifa tərzi sadəliyi və səmimiyyəti ilə
hər zaman seçilə bilib.
Gəncə
Dövlət Dram Teatrının səhnəsində Cəfər
Cabbarlının “Aydın”da Cavad, “Solğun çiçəklər”də
Əbdül, “1905-ci ildə”də Ocaqqulu, Bahadur bəy, “Nəsrəddin
şah”da Mirzə Ələsgər xan, Mirzə Fətəli
Axundzadənin “Lənkəran xanın vəziri”də Xacə
Məsud, Nəcəf bəy Vəzirovun “Hacı Qənbər”də
Molla Səfi, Əbdürrəhim bəy Haqverdiyevin “Pəri
cadu”da Təlxək, Cəlil Məmmədquluzadənin
“Ölülər”də Hacı Kərim, Süleyman Sani
Axundovun “Eşq və intiqam”da Piri baba, Səməd Vurğunun
“Fərhad və Şirin”də Azər baba, Sabit Rəhmanın
“Nişanlı qız”da Çeşməkli kişi
obrazları aktyorun Azərbaycan klassik dramaturgiyasının
maraqla izlənilən səhnə əsərlərində
yadda qalan obrazları silsiləsinə daxildir.
Bu
gün aktyor Zakir Şahbazovdan söz düşərkən
dramaturq Nüşabə Məmmədli onun haqqında öz
xatirələrində söyləyir: “Biz Zakir Şahbazovun ailəsi
ilə bir evdə - Gəncə şəhərində yerləşən
Aktyorlar evində yaşayırdıq. Bu evdə
mənim mərhum qaynatam və qaynanam olan respublikanın xalq
artistləri Əşrəf Yusifzadə və Rəmziyyə
xanım Veysəlova da yaşayırdı. Zakir müəllim burada hər zaman hər kəs tərəfindən
böyük hörmət və sevgi ilə
xatırlanırdı. Yaxşı
xatırlayıram ki, həyat yoldaşı olan Züleyxa
xanım Babayeva da onu həyatında daha çox sevirdi.
Hətta xatırlayıram ki, Züleyxa xanım 5 sentyabr
1979-cu il tarixində vəfat etməzdən
əvvəl vəsiyyət etdi ki, onu dəfn edərkən həyat
yoldaşı Zakir Şahbazovun şəkili ilə birlikdə
məzara dəfn etsinlər. Belə də oldu.
Biz Züleyxa xanımı Zakir Şahbazovun
fotoşəkli ilə birlikdə dəfn etdik. Bir faktı da deyim ki, Züleyxa xanım Babayeva mərhum
azərbaycanlı milyonçu, mesenat, Hacı Zeynalabdin
Tagıyevin ailəsinə bağlı insan idi. Qohumluq əlaqələri vardı. Ancaq bu barədə o zamanlar heç kimə bir kəlmə
də demirdi. Züleyxa xanım çox
kubar və dünya görüşlü, savadlı qadın
idi. Biz aktyorlar evində sanki bir ailə
üzvləri idik. Zakir Şahbazov Gəncənin
Səbiskar qəbristanlığında dəfn olunub. Məzarını hər zaman ziyarət edirik. Allah hər iki dəyərli insanlara rəhmət
etsin.”
Söhbət elə Züleyxa xanım
Babayevadan düşmüşkən qeyd etməliyəm ki, o
da aktrisa olub və İrəvan teatrında
çalışıb. Züleyxa xanım bu
teatrın səhnəsində Mirzə Fətəli Axundzadənin
“Lənkəran xanın vəziri”də Pəri xanım,
“Müsyö Jordan və dərviş Məstəli şah”da
Xanpəri, Zülfüqar bəy Hacıbəylinin
“Aşıq Qərib”də Ağca qız, Sabit Rəhmanın
“Xoşbəxtlər”də Sənubər, Süleyman Rüstəmin
“Qaçaq Nəbi”də Fatma xala, Uilyam Şekspirin “Otello”da
Bianko və başqa maraqlı səpgidə obrazları ilə
çıxışlar edib.
Aktyor Zakir Şahbazov Gəncə Dövlət
Dram Teatrının səhnəsində həmçinin
çağdaş milli dramaturqların əsərlərində
də maraqlı obrazlar qaleriyası yaradıb. Həmçinin onun bu teatrın səhnəsində
əcnəbi müəlliflərin pyeslərində
yaratdığı obrazları da maraqla baxılıb.
Belə ki, İsgəndər Coşqunun “Komsomol poeması”da
Şirəli, Ənvər Məmmədxanlının “Şərqin
səhəri”də İngilis zabiti, Süleyman Rüstəmin
“Qaçaq Nəbi”də Alı kişi, İlyas Əfəndiyevin
“Sən həmişə mənimləsən”də Qoça
kişi, “Bahar suları”da Bədəl kişi, İslam Səfərlinin
“Göz həkimi”də Əmir əmi, Bəxtiyar Vahabzadənin
“Vicdan”da Abdulla, Uilyam Şekspirin “Otello”da Zabit, Jan Batist Molyerin
“Jorj Danden”də Lyüben, Lope de Veqanın “Kələkbaz
sevgili”də Kapitan Bernardo, Nikolay Qoqolun “Evlənmə”də
Stepan, Nazim Hikmətin “Kəllə”də Naşir, Riçard
Şeridanın “Aldanmış adaxlı”da Fransisko, Rəsul Həmzətovun
“Dağlı qızı”da Birinci qoca və başqa
obrazları onun çox məharətlə oynadığı
surətlərindəndir.
Aktyor Zakir Şahbazovun Gəncə Dövlət
Dram Teatrının səhnəsində maraqlı surətlərindən
biri də Cəfər Cabbarlının “Solğun
çiçəklər” pyesində yaratdığı
Əbdül əmi surətidir. Bu pyesin Gəncə Dövlət Dram Teatrında səhnəyə
qoyulması 29 noyabr 1949-cu ilə təsadüf edir. Üç pərdəli melodramanın quruluşçu
rejissoru, respublikanın əməkdar incəsənət xadimi
Həsən Ağayev, rəssamı isə Süleyman
Hacıyev olublar. 4 pərdəli, 7 şəkildən
ibarət olan bu pyes 1949-cu ilin quruluşu olaraq rejissor,
respublikanın əməkdar incəsənət xadimi
Hüseyn Sultanovun traktofkasında 1954-cü ildə eyni aktyor
heyyəti ilə yenidən bərpa olunub. Aktyor
Zakir Şahbazov yoxsul, yazıq, lakin alicənab, həqiqi bir
insan olan Əbdül əminin zülümkarlar
dünyasına bəslədiyi nifrəti, Saraya
(respublikanın xalq artisti Ətayə Əliyeva) göstərdiyi
səmimiyyəti və qayğıkeşliyi
inandırıcı bir şəkildə və realist boyalarla
ifa etməsi ilə hər zaman diqqət mərkəzində
olmağı bacarırdı. Onun digər
bir surəti olan İslam Səfərlinin “Göz həkimi”
pyesində oynadığı Əmir əmi obrazı da maraqla
baxılan surətlərindən biri hesab edilir. 5 pərdəli,
10 şəkilli dramın rejissoru, respublikanın əməkdar
incəsənət xadimi Hüseyn Sultanov, rəssamı
Nüsrət Fətullayev, bəstəkarı Andrey Babayev,
rejissor assistenti isə, xalq artisti Məhəmməd Burcəliyev
olublar. Tamaşada aktyorun ifasında klinikanın
qapıçısı olan bu balaça və sadə geyimli
adamın ürəyi xeyirxah əməllərlə
döyünür. O da İvanovun taleyi ilə
maraqlanır. İvanovun Bakıya gələn həyat
yoldaşı Lyubov Petrovnaya mehribanlıq, səmimiyyət
göstərir. Aktyor duzlu, şirin
danışığı, mülayim, təbii hərəkətləri
ilə təmiz və nəcib qəlbə malik olan sadə bir
adamın obrazını məharətlə yarada bilirdi.
Adi
bir təsadüf nəticəsində Zakir Şahbazovun
yaxın qohumu olan Alov Səfərəliyev ilə sosial şəbəkə
vasitəsilə tanış oldum. O, mənə
Zakir Şahbazov haqqında maraqlı bir faktı yazdı:
“Zakir Şahbazov bizim kənddə, yəni
Göyçayın Şıxlı kəndində doğulub.
Həmin kəndi mənim Qazağın
Şıxlı kəndindən gələn ulu babalarım
salıb. Kifayət qədər varlı
olduqlarından böyük ərazini pulla ala biliblər.
Həmin ərazidə indi beş kənd
yerləşir. Zakir Şahbazovun atası erkən
vəfat edib və onun anasını ata babam ikinci həyat
yoldaşı kimi alıb. Zakir Şahbazova
isə öz övladı kimi baxıb. Babamı
kommunistlər 1934-cü ildə güllələyib. Atam danışırdı ki, Zakir Şahbazovu
axrıncı dəfə təqribən 1942-cü ildə Gəncədə
görüb. Atam ailəni dolandırmaq
üçün 15-16 yaşlarında Gəncə
vağzalında yük daşıyıb. Qazandığı
pula həm bacı-qardaşlarını saxlayıb, həm də
müsadirə olunan evlərini Sovet hökumətindən geri
alıb. Həmin illər atam bəzən
Zakir Şahbazovgildə yaşayıb. Zakir
Şahbazovun həyat yoldaşı haqqında atam da çox
xoş sözlər deyirdi. Sonralar müəyyən
səbəblərdən əlaqə itirilib. Atam dünyasını dəyişməmişdən
əvvəl mənə iki işi tapşırıb, vəsiyyət
etdi. Babamın haqsız güllələndiyini
sübut etməyi və bir də Zakir Şahbazovun məzarını
tapıb, onu ziyarət etməyi. Qismət
olsa yaxın vaxtlarda Gəncəyə gəlib bu vəsiyyəti
həyata kecirəcəm.”
Zakir
Şahbazov 28 may 1968-ci ildə Gəncədə vəfat edib və
buradakı qədim Səbiskar qəbiristanlığında dəfn
olunub. Bu gün təəssüf hissi ilə qeyd etmək istəyirəm
ki, Zakir Şahbazovun vəfatından 51 il
ötməsinə baxmayaraq onunla bağlı heç bir
dövrü mətbuatda geniş formada yazılar dərc
edilmir və ya xatirə verilişləri belə
hazırlanmır. Hətta xatirəsinin əbədiləşdirilməsi
üçün yaşadığı binanın önündə
Gəncə şəhərində yerləşən Aktyorlar
evinin qarşısında belə xatirə-baralyef lövhəsi
yoxdur. Görəsən böyük bir sənət
məktəbi keçən və sözün əsl mənasında
özünün möhtəşəm sənət məktəbini
yarada bilən bu kimi sənət fəadilərinin
unudulmasının və ya unudulmağa məhkum
olunmasının əsas səbəbi nədir?
Bəlkə
də elə biz, özümüzük!
Anar Burcəliyev,
teatrşünas
Hürriyyət.-2019.-4-5
iyul.-S.14