Vətənin qıraqda qalan yerləri

 

Dağıstan azərbaycanlılarının əksəriyyəti köklü sakinlər sayılır

 

Azərbaycanlıların min illərlə hesablanan qədim tarixi İranın şimalı, Mosul-Kərkük İraqı, bugünkü Ermənistan, şərqi Anadolu, cənubi-qərbi Gürcüstan, cənubi Dağıstan, Xəzər dənizinin qərb sahilləri, Böyükkiçik Qafqaz dağları arasındakı ərazi ilə bağlıdır...

 

Son siyahıyalma (2017) cədvəlinə görə, Dağıstanda yaşayan azərbaycanlıların sayı 180 000-dən çoxdur. Dağıstan Muxtar Respublikasının 22 faiz türkkökənli əhalisinin 5 faizini onlar təşkil edirlər. Azərbaycan türklərinin çox hissəsi Dərbənd rayonunun kənd yerlərində yaşayır. O cümlədən Tabasaran, Rutul, Kizlyar, Məhərrəmkənd rayonlarında məskunlaşmışlar. Şəhərli azərbaycanlılar isə əsasən Dərbənd, Daqestanskie Oqni, Mahaçqala şəhərlərində yaşayırlar ki, onlar da əhalinin 3,1 hissəsini təşkil edirlər. Azərbaycan türkləri Qafqazda qədim və yerli xaqlardan biri sayılırlar ki, Dağıstanda sosial-iqtisadi inkişafın, siyasi müstəqilliyin- muxtariyətin qorunmasında böyük rol oynamışdır. Dağıstanda heç bir mühüm hadisə Azərbaycan xalqının iştirakı olmadan baş verməmişdir. Azərbaycanlıların min illərlə hesablanan qədim tarixi İranın şimalı, Mosul-Kərkük İraqı, bugünkü Ermənistan, şərqi Anadolu, cənubi-qərbi Gürcüstan, cənubi Dağıstan, Xəzər dənizinin qərb sahilləri, Böyükkiçik Qafqaz dağları arasındakı ərazi ilə bağlıdır. Azərbaycanlılar müasir və müstəqil Azərbaycan Respublikasında millət kimi, Dağıstanın, Qərbi və Cənubi Azərbaycanın ərazisində isə xalq kimi formalaşmışdır.

 

1933-cü ildəki siyahıya alınmaya görə Dağıstanda 26,7 min türk, o cümlədən şəhərlərdə 36,1 faiz yaşamışdır. Həmin vaxtda Dərbənd əhalisinin 64,2 %-ini türklər (azərbaycanlılar) təşkil etmişdir. Azərbaycanlılar ta qədimdən Dərbənd şəhərində məskunlaşmış, onun ətrafındakı rayonlarda, o cümlədən Tabasaran rayonunda yaşamışlar. Yefronun Ensiklopedik lüğətinə görə, XIX əsrin sonlarında Dağıstanda 11473 nəfər azərbaycanlı tatar (türk) yaşamışdır. 1886-cı ilin məlumatına görə Dərbəndin əsas əhalisinin 8697 nəfərini azərbaycanlılar təşkil etmişdir. Dağıstan azərbaycanlılarının əksəriyyəti köklü sakinlər sayılır. Onun az hissəsi isə İrandan XIX əsrin əvvəllərində gəlmiş azəri emiqrantların nəslindəndir(Sovet dövründə əhalinin siyahıyalınma sənədlərində səhvən onları iranlı yazmışdılar).

 

18 oktyabr 2000-ci ildə Dağıstan Respublikasının Dövlət şurasının 191 nömrəli qərarı ilə azərbaycanlılar yerli əhali kimi qeydiyyata alınmışdır. Dağıstan azərbaycanlılarının doğma dilində “Dərbənd” respublika qəzeti çıxır, respublika radiosu vardır, məktəblərdə Azərbaycan dili tədris olunur. Dərbənddə həm də “Gülüstan” Ədəbiyyatçılar İttifaqı və Azərbaycan Dövlət Dram teatrı fəaliyyət göstərir. Dağıstan azərbaycanlılarının əsas məşğuliyyəti kənd təsərrüfatı və xalçaçılıq sahəsidir. 1920-ci illərdən başlayaraq sənayenin inkişafı üçün imkanlar açılmışdır. Azərbaycanlılar Azərbaycan dilinin Dərbənd dialektində danışırlar. Uzun əsrlər ərzində Cənubi Dağıstanda Azərbaycan dili əsas ünsiyyət dili olmuşdur. Bu günə kimi, rus dilinin önəmli təsiri olsa da öz statusunu qoruyub saxlamaqdadır. 1923/28-ci illərdə Azərbaycan dili Dağıstan məktəblərində yeganə rəsmi dil kimi tədris olunmuşdur. Hazırda Azərbaycan dili Dağıstan Respublikasının rəsmi dillərindən biri statusuna malikdir. Dağıstanın digər xalqları kimi azərbaycanlıların da milli dilini, adət ənənələrini, yaşayış tərzini qorumaq təbliğ etmək üçün müəyyən imkanları vardır. Kompakt yaşayış yerlərində 79 azərbaycan dili tədris edilən məktəb öz doğma dilini öyrənmək üçün 15 uşaq bağçası fəaliyyət göstərir. 1938-ci ildə ləğv olunmuş latın əlifbası indi bərpa edilməkdədir. Azərbaycan dilinin təlimi müəllimlərin peşəkarlığının artırılması üçün Azərbaycanın ali məktəbləri mühüm rol oynamaqdadır. Təəssüf ki, Azərbaycan ali orta ixtisas məktəblərində təhsil alan dağıstanlı tələbələrin heç hamısı geri qayıdıb doğma yurdunda işləməyə can atmır. Son 10 il ərzində məlum səbəblər üzündən azərbaycanlıların Muxtar Respublikanın idarəetmə sahəsi üzrə aparıcı vəzifələrdə təmsil edilmə, irəli çəkilmə faizi aşağı düşsə , Dağıstanın milliyətcə azərbaycanlı olan yeni rəhbəri belə problemlərin aradan qaldırılması yönündə addımlar atmaqdadır.

 

Tahir Saleh

Hürriyyət.-2019.-6-8 iyul.-S.13