Azərbaycanın
modernləşməsi və fəal diplomatiya kursu
Ötən əsrin 90-cı
illərinin əvvəllərində Sovetlər birliyinin
süqutu tək siyasi palitranın nisbətən yekrəng və
sabit göründüyü Avropa qitəsinin deyil,
bütövlükdə bütün dünyanın siyasi
arxitekturasında müəyyən təshihlərə obyektiv
zəmin yaratdı. Yenicə təşəkkül tapan və
formalaşmaqda olan coğrafi-siyasi vahidlər dünya siyasi
sisteminə fəal inteqrasiya xətti tutdular. Dünya siyasətini məşğul edən belə
məkanlardan biri də Cənubi Qafqaz regionudur.
Regional lider kimi
qlobal təhlükəsizlik sistemində iştirak
Sovetlər birliyinin
süqutundan sonra Cənubi Qafqazda geosiyasi proseslərin
intensivliyi ilə böyük dövlətlərin
maraqlarının müəyyən məqamlarda kəsişməsi
paralellik təşkil edir. Artıq
dünyanın və regionun aparıcı dövlətləri
həmin gerçəklikdən çıxış edərək
Cənubi Qafqaz siyasətlərini tənzimləyirlər.
Bunların fonunda region dövlətlərinin
yeritdikləri daxili və xarici siyasətin
aktuallığı daha da artır. Azərbaycanın
bölgədəki mövqeyi daha böyük əhəmiyyət
kəsb etməyə başlayır. Bunun əsas
səbəbi Azərbaycanın Cənubi Qafqazın iqtisadi və
mədəni baxımdan ən potensiallı dövləti
olmasıdır. Azərbaycanı Cənubi
Qafqazın lider dövləti kimi dünyanın aparıcı
ölkələri də qəbul etmişlər, regionda
yeritdikləri siyasətdə həmin faktoru ciddi olaraq nəzərə
alırlar. Bu baxımdan prezident İlham Əliyevin
2005-ci il iyunun 16-da "Ukraynaya həsr
edilmiş növbədənkənar "dəyirmi masa"
beynəlxalq sərmayə forumunun ilk genişləndirilmiş
iclasının açılışı zamanı söylədiyi
aşağıdakı fikirlər diqqəti çəkir:
"Biz hesab edirik ki, bölgəmizin gələcəyi bizim cəmiyyətimizin
nə dərəcədə uğurla modernləşməsindən
asılı olacaq. Yəni demokratik
islahatların inkişafı, iqtisadi islahatların həyata
keçirilməsi siyasi sistemin, bizim cəmiyyətimizin modernləşdirilməsi
siyasətindəki aktivliyimizdən asılı olacaq".
Həmin fikirlərdə iki
mühüm məqam lakonik şəkildə ifadə
olunmuşdur.
Birinci məqam cəmiyyətimizin modernləşməsi
ilə daxili və xarici siyasətin bağlı olmasından
ibarətdir. İkinci məqam isə bu
modernləşmənin Azərbaycanın Cənubi Qafqazın
lider dövləti kimi üzərinə düşən
geosiyasi, demokratik, iqtisadi, diplomatik və sosial-mədəni vəzifələrin
həyata keçirilməsi ilə birbaşa əlaqəli
olmasıdır. Hər iki aspektin fonunda Azərbaycanın
güclü və müasir dövlət qurmaq naminə modernləşməsində
xarici siyasətin oynadığı rol aktual
görünür. O prizmada Azərbaycanın modernləşməsinin
ikinci mərhələsində (bu mərhələ 2008-ci ildən
başlayır) xarici siyasətimizin regional liderlik və təhlükəsizlik
baxımından oynaya biləcəyi rolun iki mühüm cəhəti
üzərində dayanmaq istərdik. Bu cəhətlər
cənab İlham Əliyevin çıxışlarında
dolğun və dəqiq ifadə olunub. Prezidentin
qarşıya qoyduğu vəzifələr Xarici İşlər
Nazirliyinin praktiki fəaliyyətində bariz şəkildə
əks olunmaqdadır. Həmin vəzifələr barədə
akademik Ramiz Mehdiyevin "Gələcəyin
strategiyasını müəyyənləşdirərkən:
modernləşmə kursu" əsərində maraqlı təhlillər
vardır.
Regional siyasətin
müstəqil mərkəzi
Müasir dünya
diplomatiyasında fəaliyyət metodikasında dəyişikliklər
baş verir. Bu dəyişikliklərin bir qismi qloballaşma
prosesinin yaratdığı bəzi çətinliklərlə
bağlıdır. O cümlədən, müstəqil
dövlətlərin suverenliyinin təmin olunması ilə
böyük dövlətlərin maraqlarının təmin
olunması arasında müəyyən ziddiyyətlər
yaranmaqdadır. Bu ziddiyyətlər
dünyanın yenidən fraqmentləşməsinə
aparıb çıxara bilər. Qloballaşma
regionlaşma və sonuncu da hər bir dövlətin öz
marağını mütləqləşdirməsi ilə əvəz
oluna bilər. Bu tendensiyanın
qarşısının alınması üçün
regional birliklərin aktivliyini artırmaq təklif edilən
metodlardan biridir. Cənubi Qafqaz
üçün bu məqam daha prinsipial məna kəsb edir.
Çünki buradakı dövlətlər
arasında münaqişələr mövcuddur və onlar
artıq dünya siyasətinə ciddi təsir etməkdədir.
İlk növbədə Ermənistanın Azərbaycana
qarşı yeritdiyi təcavüzkar siyasət regional sabitliyə
ən çox mənfi təsir edən faktor olaraq qəbul
edilir. Bu gerçəklik fonunda yerli
dövlətlərin regional siyasətinin mahiyyəti ön
sıraya çıxmaqdadır. Təcrübə
göstərir ki, Cənubi Qafqazda hələlik yalnız Azərbaycan
regional siyasətin müstəqil mərkəzi kimi
çıxış edə bilir. Bu, əsası
ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş
və Prezident İlham Əliyev tərəfindən uğurla
inkişaf etdirilən müasir xarici siyasət kursunun məzmunundan
qaynaqlanır. Azərbaycanın regional
siyasətin mərkəzi kimi çıxış etməsinin
iki konkret təzahür forması var. Onlardan biri regional məsələlərin
həllində aktiv diplomatiyadan istifadə etməklə
bağlıdır. Aktiv diplomatiya müasir
tarixi şəraitdə daha əhatəli bir anlayışa
çevrilmişdir. Yəni
diplomatiyanın aktivliyi çoxlu sayda regional və qlobal
geosiyasi faktorlara bağlılığıdır. Regional səviyyədə hər hansı bir məsələni
həll etmək üçün diplomatiya qlobal miqyasdakı
konkret məqamları nəzərə almalı olur. Bu, həm də dövlətin özünün
geosiyasi maraqları ilə regional və qlobal
reallıqların uzlaşdırılmasını tələb
edir. Bu mənada aktiv diplomatiya
yaradıcı münasibət tələb edir. Onun mühüm cəhətlərindən biri də
situasiyadan asılı olaraq fəaliyyət məzmununun dəyişə
bilməsi ilə əlaqəlidir. Obrazlı
ifadə etsək, aktiv diplomatiya "situativdir". Diplomat hər yeni situasiyada fəaliyyət sistemini
yeniləşdirməyə məcburdur - hətta oxşar
situasiyalarda belə fərqli nəticələr alına bilər.
Aktiv diplomatiyanın situativliyi konkret şəraiti
hərtərəfli öyrənməklə yanaşı,
diplomatın şəxsi keyfiyyətlərini də
aktuallaşdırır. Müasir diplomat hərtərəfli
biliyə, erudisiyaya, ünsiyyət peşəkarlığına,
iradə möhkəmliyinə malik olmaqla yanaşı,
çevik analitik təfəkkürə də sahib
olmalıdır.
Bütün bunlara görə
regional siyasətin mərkəzi statusunu daşımaq faktiki
olaraq hər bir diplomatın konkret fəaliyyətindən
asılıdır. Aktiv diplomatiyanın bu aspektlərini
özündə birləşdirən Azərbaycan regional
problemlərin həllində nəticələr almaqdadır.
Bunu enerji layihələrinin həyata
keçirilməsində, regional münaqişələrin həllində
nümayiş etdirilən mövqedə, beynəlxalq terror və
narkoticarətə qarşı aparılan mübarizədə
və regionun sosial-iqtisadi, mədəni problemlərinin həllində
iştirakda aydın görmək olar. Konkret
olaraq, Azərbaycan Gürcüstanın bir sıra problemlərinin
regional və dünya səviyyəsində həll olunması
üçün aktiv diplomatiyadan istifadə edir. Gürcüstanın enerji təhlükəsizliyi,
onun müxtəlif bölgələrinin iqtisadi və sosial-mədəni
inkişafı üçün regional lider səviyyəsində
dövlətimizin göstərdiyi fəallıq göz
qabağındadır. Azərbaycanın
aktiv diplomatiyadan Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ məsələsinin həllində də geniş
istifadə etdiyi məlumdur. Məhz bunun
sayəsində bölgədə nisbi sabitlik qalmaqdadır.
Əgər Azərbaycan dərin məzmunlu aktiv
diplomatiya yeridə bilməsəydi, Ermənistanın yeritdiyi
qeyri-konstruktiv xarici siyasət nəticəsində Cənubi
Qafqaz fəlakətlər zonası kimi qalmaqda davam edəcəkdi.
Ona görə də Azərbaycanın aktiv
diplomatiya taktikası faktiki olaraq regionun
bütövlüyünü təmin edən əsas
faktorlardan biridir.
Proseslər Azərbaycanın
xeyrinə yönəlməkdədir
Regional siyasətin müstəqil
mərkəzi olmağın ikinci tərəfi diplomatiyanın
qlobal problemlərin həllinə aktiv cəlb edilməsindən
ibarətdir. Məsələnin bu tərəfi olduqca ciddi əhəmiyyətə
malikdir. Çünki Cənubi Qafqaz
postsovet məkanının ən həssas regionudur və
burada geosiyasi proseslərin dinamikası ilə yanaşı, məzmunu
da sürətlə dəyişə bilir. Belə şəraitdə qlobal problemlərin
çözülməsi metodları ilə regional problemlərin
həlli üsulları arasında incə bir uyğunluq qurmaq
lazım gəlir. Bu, özlüyündə
mürəkkəb və uzun müddət davam edən
prosesdir, lakin hər bir regional dövlət həmin istiqamətdə
öz töhfəsini verməlidir. Azərbaycanın
xarici siyasətinin təsir dairəsinin tədrici genişlənməsi
taktikası həmin reallıqlardan qaynaqlanır. Prezident
İlham Əliyevin "Əsrin müqaviləsi"nin imzalanmasının 15 illiyinə həsr edilmiş
tədbirdə "Azərbaycanın enerji siyasəti regional
miqyası aşaraq dünya səviyyəsinə
qalxmışdır" fikrini qətiyyətlə
vurğulaması məhz aktiv xarici siyasətin qlobal miqysada təsir
gücünü artırmağa hesablanmışdır. Diqqəti çəkən odur ki, müasir tarixi mərhələdə
məhz hər bir müstəqil dövlətin xarici siyasəti
bu prosesdə yer tutmalıdır - burada ayrı-seçkilik
konstruktiv qənaətlərə gəlməyə mane olur.
Həmin şərt özlüyündə
xarici siyasətdə çoxvektorluğu
aktuallaşdırır. Azərbaycanın
xarici siyasətində çoxvektorluq üstünlük təşkil
etdiyindən onun qlobal miqyasda geosiyasi çəkisi durmadan
artır. Bu məqamları nəzərə
alsaq, belə nəticəyə gələ bilərik ki, Azərbaycanın
regional siyasətin müstəqil mərkəzi olmasında
çoxvektorlu xarici siyasət kursu həlledici rol
oynamışdır. Həmin məqam
regionda hər bir tərəfin təşəbbüs göstərməsinə
geniş perspektivlər açır. Sadəcə,
hər bir region dövləti səmimi olmalı və
demokratik yönlü xarici siyasət yeritməlidir. Təəssüf ki, Ermənistan hələlik bu xətdən
uzaqdır. Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin həlli ilə bağlı rəsmi
İrəvanın son zamanlar nümayiş etdirdiyi mövqe
bunu bir daha təsdiq edir. Prezident Serj
Sarkisyan hələ də Azərbaycanın ayrılmaz bir hissəsi
olan Dağlıq Qarabağdan "ya müstəqillik, ya da Ermənistana
birləşmə" kimi ikili məntiq çərçivəsində
danışır. Bu səbəbdəndir
ki, bugünə qədər Cənubi Qafqazın geosiyasi xəritəsində
"qara rənglər" qalmaqdadır.
Dünya təhlükəsizlik
sistemi və Azərbaycan
Regional liderliyin təməlində
iqtisadi faktorun durduğu qəbul olunmuş reallıqlar
sırasındadır. Azərbaycan iqtisadi sahədə bölgədə
ən potensiallı ölkə olmaqla yanaşı, daha sürətlə
inkişaf edən və islahatlar həyata keçirən
dövlətdir. Azərbaycan rəqabətədavamlılıq
göstəricisinə görə MDB məkanında öndə
gedən dövlətlərdəndir. Beynəlxalq
təşkilatların son hesabatına görə, ölkəmiz
bu reytinqdə Rusiya və Qazaxıstan kimi ölkələri də
qabaqlayır. İqtisadi infrastrukturun təkmilləşməsi
və müasirləşməsi istiqamətində də Azərbaycan
Cənubi Qafqazın şəriksiz lideridir.
İnstitutlaşma sahəsində
Azərbaycanın MDB-də ilk sırada olduğunu demək
lazımdır. Bütün bunlar ölkəmizin Cənubi
Qafqazın lider dövləti kimi qəbul edilməsini təmin
edən faktlardır. Burada enerji sahəsində
aparılan siyasəti ayrıca vurğulamaq lazımdır.
Həm də ona görə ki, müasir mərhələdə
enerji təhlükəsizliyi digər təhlükəsizlik
növləri ilə sıx bağlıdır. Geosiyasi,
hərbi, mədəni, ekoloji, texnoloji və s. təhlükəsizliklər
indi enerji təhlükəsizliyi bağlılığında
daha çox nəzərdən keçirilir. Azərbaycan
qonşu dövlətlərlə təhlükəsizliyin təmini
aspektində regional lider səviyyəsində münasibətlər
qurmuşdur, enerji təhlükəsizliyi məsələsi ilə
əməkdaşlığın ında maraqlı harmoniya
formalaşmışdır.
Azərbaycanın xarici siyasətində
fəal istiqamətlərdən biri Şərqdir. Çünki
XXI əsrdə Asiya-Sakit okean bölgəsinin dünya siyasətində
rolu bir neçə dəfə artmalıdır.
Dünyanın təcrübəli siyasətçiləri və
diplomatlarının proqnozlarına görə, bu proses tədrici
olaraq gedəcək. Azərbaycan regional lider
olaraq həmin məqamı mütləq nəzərə
almalıdır. Azərbaycanı Orta Asiya
ilə həm də etnik və mədəni yaxınlıq
birləşdirir. Ölkəmiz tarixdə
"İpək yolu"nun əsas məntəqələrindən
biri kimi də müəyyən geosiyasi və mədəni
imic qazanıb. Bu faktorlar kompleks halda Azərbaycanın
xarici siyasətində Asiya-Sakit okean istiqamətinin də
mühüm yer tutmasını şərtləndirir. Bu sistemli prosesdə, şübhəsiz ki, Orta Asiya
regionunun ayrıca yeri vardır. Beləliklə,
Azərbaycanın regional lider qismində Asiya-Sakit okean məkanı
istiqamətində xarici siyasətinin perspektivləri aydın
görünür. Qərb istiqamətində
isə ölkəmizin daha geniş əlaqələrə
malik olduğu haqqında çox yazılıb. Bu iki istiqamət üzrə xarici siyasətin kompleks
halda təsiri Azərbaycanın regional statusunu möhkəmlətməklə
yanaşı, onun qlobal təhlükəsizlik sisteminin
qurulmasında rolunu əhəmiyyətli dərəcədə
artıracaqdır.
Hürriyyət.- 2019.- 16-17 iyul.- S.12.