Qəlbləri fəth
edən məşhur bəstəkar
Elza İbrahimovanın həyat və
yaradıcılığı
Yəqin bu da dünyanın
yazılmamış qanunlarındandır. Toplumlar, xalqlar
zaman-zaman hansısa bir dəbin arxasınca getməkdən
bezib, yorulub, özlərinə, öz köklərinə
qayıtmaq ehtiyacı hiss edirlər. Zənnimcə, bizim cəmiyyətdə
də hazırda bu proses gedir. Fikir verirsinizsə, müasir
mahnılar daha o qədər də könül açmır.
İnsanlar muğama, xalq mahnılarına və ötən
dövrlərin bəstələrinə qulaq asmağa
üstünlük verirlər. Yorğun ruhumuzu bitkin, bütöv,
bənzərsiz və təkrarsız mahnıların
ixtiyarına vermək istəyirik. Görünür elə
buna görə də Elza İbrahimovanın mahnıları
efirlərin “bəzəyinə” çevrilib.
...Bir
neçə ilin söhbətidir. Hansısa
radioyayımların biri gecənin bir aləmi Akif İslamzadənin
ifasında “Bu gecə” mahnısını səsləndirmişdi.
Xəyalımda sakit axan çay, yarpaqların
pıçıltısı, təmiz, ulduzlu səma, bədirlənmiş
ay canlanmışdı. Bir şeirə bəstələnmiş
mahnı başqa bir şeirdə aydın verilən təsviri
necə olduğu kimi yarada bilərmiş insanın xəyalında?
Bu təsvir talesiz Mirzə Şəfi Vazehin məşhur
şeirindəkinin eyni deyildimi?
Bülbülün
bağrı yanıq, nəğməsi nalan bu gecə,
Bürüyüb
bağçaları, bağları hicran bu gecə.
Çöl
yatıb, çay uyuyub bir əbədi nəğmə ilə
Ay
doğub, ayna sular nur ilə rəqsan bu gecə.
Akif oxuyurdu:
Könlümdə
aylı-ulduzlu asiman var bu gecə...
Mən sənətşünas
deyiləm, ona görə də qulaq asdığım ifalara,
mahnılara yalnız könlümün hökmünə əsasən
qiymət verirəm: bu mahnı şedevrdir - şedevr ifa,
şedevr bəstə. Artıq ikinci yazımdır ki, həmin
ifadan bəhs eləməli oluram və buna görə diqqətli
oxucular məni qınamasınlar. Bəxtiyar Vahabzadənin Elza
İbrahimovanın mahnıları haqqında hələ
1984-cü ildə yazdıqları mənim kimi
qarşılarına bu gün çıxsaydı, onlar da təəccüblərini
bölüşərdilər.
Bəxtiyar
Vahabzadə yazır:
“Elza
İbrahimova mahnı janrında lövhə ustasıdır.
O, gözlə görünən dünyanın deyil,
görünə bilməyən, içəridən bizi
dalğalandıran hisslərin, həyəcanların, bir
sözlə iç dünyamızın rəssamıdır”.
..Elza
İbrahimova 1938-ci il, yanvarın 10-da anadan olub. Kiçik
yaşlarından musiqiyə həvəsini və
görünür, istedadını hiss edən valideynləri
onu 8 saylı musiqi məktəbinə qoyurlar. Sonra Asəf
Zeynallı adına musiqi məktəbini, daha sonra Azərbaycan
Dövlət Konservatoriyasını bitirən Elza İbrahimova
Cövdət Hacıyevdən, Qara Qarayevdən dərs
alır. Onun diplom işi –“Fortepiano və orkestr
üçün konsert” təkcə müəllimi Qara Qarayev
deyil, maestro Niyazi tərəfindən də yüksək qiymətləndirilmişdi:
“Maraqlı, ancaq fortepiano fakturalı pianoçu
üçün mürəkkəb əsərdir”.
Bundan
sonra yaradıcı fəaliyyətə başlayan bəstəkar
Qarabağ mövzusunda “Yanan laylalar”, Hüseyn Cavidin “Afət”
poeması əsasında operalarının, neft sənayesinin
130 illiyinə həsr olunmuş “Neftçilər himni”nin,
Şeyx Şamilin 200 illiyinə həsr olunmuş operanın,
Bəxtiyar Vahabzadənin, Vahid Əzizin, Vaqif Səmədoğlunun,
Rüzgar Əfəndiyevanın, Ramiz Heydərin şeirlərinə
yazılmış yüzlərlə mahının müəllifidir.
Elza
İbrahimova ilk mahnısını 1968-ci ildə yazıb. Bir
il sonra milli radioda səslənmişdi. Məmməd Rahimin
sözlərinə bəstələnmiş “Yalan ha deyil”
mahnısı uğur qazandıqdan sonra ikinci mahnı -
“Bakının işıqları” meydana çıxır.
Elza İbrahimovanın bəstəsi ola, Şövkət
Ələkbərovanın da ifası - necə olar? Mahnı, əlbəttə,
böyük uğur qazanır. Elza İbrahimova mahnı bəstəkarı
kimi tanınıb. Yəni onun fəaliyyətində mahnı
yaradıcılığı əsas yeri tutur. O, bir müddət
“Dan ulduzu” vokal-instrumental ansamblında işləyib.
Mahnılarını kimlər oxumayıb? Rəşid Behbudov,
Oqtay Ağayev, Flora Kərimova, Akif İslamzadə, Elmira Rəhimova,
Gülağa Məmmədov, İslam Rzayev, İlhamə...
...Biz, iki
əsrin qovşağında yaşamış bütöv bir
nəsil Emin Sabitoğlunun, Ələkbər Tağıyevin,
Elza İbrahimovanın mahnılarıyla
“böyümüşük” - bunu kim dana bilər? O
dövrkü gəncliyin sevimli teletamaşası olan “Səni
axtarıram”dakı (rejissoru Tariyel Vəliyev, ssenari müəllifi
Aslan Qəhrəmanov) “Gəl-gəl, gülüm”
mahnısı kimin yadından çıxar?
Nəğmə
dolu bir dünyama
göz
açmışdı o gözlər.
Bir
ömürlük məhəbbətdən
söz
açmışdı o gözlər...
Əvəzedilməz
Flora Kərimovanın hıçqırıqları dinləyicilərin
hıçqırıqlarına qarışırdı.
Niyə
birdən yoxa çıxdı
O bəxtəvər
gülüşlər,
Niyə məni
belə yıxdı,
Niyə məni
belə yıxdı
O bəxtəvər
gülüşlər?!
Bu isə
bir az əvvəlin mahnısı idi:
Qəlbimdən
uzaqlara açılı bir pəncərə,
Ayrılıqdan
o yana dünya olurmu görən?
Gözlərimin
önündə eşqimiz pərən-pərən...
İlk
ifaçısı kimi İlhaməni tanıyırdıq.
Amma mahnı Flora Kərimova üçün
yazılıbmış. Sadəcə olaraq, həmin ərəfədə
Flora xanım xaricə gedir və Elza İbrahimova
onunçün yazdığı iki mahnını “Bilməzdim”i
və “Sən yadıma düşəndə”ni başqa sənətkarlara
verməli olur. Elmira Rəhimova “Sən yadıma düşəndə”
mahnısını elə gözəl ifa edir ki, Flora xanım
o mahnıya bir də qayıtmır.
Gül
açar, dünya gülər
Aləmə
nur tökülər
Sən
yadıma düşəndə.
Sadə,
olduqca sadə və anlaşıqlı Azərbaycan dilində
yazılmış şeir Elza İbrahimovanın musiqi
xalısında neçə rəngə düşüb,
neçə cür bərq vurub, tapa bilərsinizmi?
Mən təzədən
gələrəm
Sevmək
üçün həyata...
Əli Kərimin
“Qayıt” şeirinə yazılmış mahnı da elə
bil həyatdan cavan köçmüş şairin
özünü səsləyirdi:
Həsrətin
araya atdı dağ, dərə
Sönən
işıq oldun, batan səs oldun...
Və ya
Akif İslamzadənin səsində bir, Gülağa
Ağayevin səsində başqa rəng alan ötən
günlər.
O
çağlar necə də mənə haydılar,
Könlümə,
gözümə şəfəq yaydılar.
Bəxtiyar
Vahabzadənin “Elza İbrahimova mahnı janrında lövhə
ustasıdır” fikri bəstəkarın daha bir
mahnısında “Gecələr bulaq başı”nda da təsdiqi
tapır.
Bulaq nəğmə
dilində
gündüz
gördüklərini
gecəyəmi
danışır?
Fikir
verirsinizsə, Elza İbrahimova bəstələmək
üçün seçdiyi şerlərin misraları
aydın, dəqiq və qafiyələri də yerində olur.
O, qafiyəbaz şairlərin dəbdəbəli, lakin konkret məna
ifadə etməyən şeirlərinə üz tutmur, həm
mənası, həm də qafiyəsi yerində olan şeirlərə
nəğmə bəstələyir. Görünür, bu da
onun mahnılarının bitkin, dolğun təsir
bağışlamasında rol oynayır.
Elza
İbrahimova əl atdığı şeirin hansı
mövzuda olmasından asılı olaraq, ən orijinal və ən
könül oxşayan çalarda işləyir həmin bəstəni.
Məsələn, yəqin mənimlə
razılaşarsınız ki, bəzən bəstəkarlar vətən
haqqında mahnıları yalnız bu mövzuya da müraciət
etdiyini nümayiş etdirmək xatirinə yazır. Ona görə
də mahnı nə qulaqları oxşayır, nə də
sonradan yadda qalıb, zümzümə olunmur. Elza
İbrahimovanın “Ey Vətən” mahnısı isə vətənə
təmiz, səmimi, ülvi sevgi
çağırtısıdır. Təsadüfi deyil ki, bu
mahnı dahi Rəşid Behbudovun ifasında dünyanı gəzib,
odlar yurduna sevgi himni kimi konsertlərin yekununda səslənib.
Nəğmə
dolu bir ürəyəm,
Torpağına
baş əyərəm
Ey Vətən...
Bir
anamdan,
bir də
səndən
bu
dünyada
doya bilmirəm
Ey Vətən!..
... 2008-ci
ildə Elza İbrahimovanın 70 yaşı tamam olanda Xalq
artisti adını hələ onda aldı. “Yanan laylaların”
səhnələşdirilməsi haqqında Mədəniyyət
Nazirliyinin 1993-cü il qərarını isə, bəstəkarın
qardaşı Çingiz İbrahimovun dediyimi kimi, “arxivdə
toz basıb”.
Çingiz müəllim bizimlə söhbətində bacısının mənzillə bağlı arzusunun gerçəkləşdiyini bildirmişdi. Lakin “15 il gözləyəndən sonra ev alan bacısının 20 illik həsrətinin göyərmədiyini” demişdi.
“Ramiz Heydərin yubileyində Elza İbrahimova özü səhnədə bu operanın dörd səhnəsini ifa elədi” deyərək, bəstəkarın heç olmasa bununla öz istəyini reallaşmasını təmin etmək istədiyinə işarə vurmuşdu. Üstəlik, qeyd eləmişdi ki, nazirliyin sözügedən qərarının həyata keçirilməsinə mane olanlar var.
“Mətbuatı izləsəniz, Elza xanımın haqqındakı yazıları oxusanız, onların kim olduğunu bilərsiniz”.
O zaman Elza İbrahimovanın özüylə əlaqə saxlasaq da, sevimli bəstəkarımızla geniş söhbət etməyə müvəffəq ola bilmədik. Xəstə olduğunu bildirən Elza xanım könlümüzü sındırmaq istəmədi: “sonra danışarıq, yaxşımı?”.
”Neynək, təki sağlıq olsun” demişdim. Amma.., əcəl imkan vermədi… Elza xanım dünyasını dəyişdi…
Məkanı cənnət olsun…
Təqdim etdi: Məmməd
Mirzəliyev
Hürriyyət.- 2019.- 18-19 iyul.-
S.14.