İstiqlal Bəyannaməsinin qəbulu...

 

Və Azərbaycanı müstəqilliyə qovuşduran şəxsiyyətlər

 

1918-ci il mayın 27-də Azərbaycanın müstəqilliyini elan etmək üçün toplaşan Zaqafqaziya Müsəlman Şurası özünü Azərbaycan Milli Şurası, daha doğrusu, Azərbaycan Parlamenti elan etdi. Bununla Azərbaycan tarixində ilk parlament yarandı və Şərqdə ilk parlamentli respublikanın bünövrəsi qoyuldu.

Həmin iclasda Azərbaycan Milli Şurasının rəyasət heyəti və sədri seçildi. Müsavat Partiyası sədrliyə Məhəmməd Əmin Rəsulzadənin namizədliyini irəli sürdü. İttihad Partiyası istisna olmaqla, qalan təşkilatların səsverməsi nəticəsində M.Ə.Rəsulzadə Milli Şuranın sədri, Həsən bəy AğayevMir Hidayət bəy Seyidov Milli Şura sədrinin müavinləri seçildilər. Elə həmin iclasda Milli Şuranın doqquz nəfərdən ibarət icraiyyə orqanı yaradıldı, Fətəli xan Xoyski icraiyyə orqanının sədri seçildi.

Milli Şura yaranmış vəziyyəti təhlil etdikdən sonra 1918-ci ilin 28 mayında Tiflisdə Qafqaz Canişin sarayının ikinci mərtəbəsindəki böyük salonda keçirilən ilk iclasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını elan etdi və Azərbaycanın 6 bənddən ibarətMilli İstiqlal Bəyannaməsi” imzalandı.

 

Azərbaycanın Milli Şurasının tərkibi

 

Milli Şurada Azərbaycan Demokratik Respublikasının İstiqlal Bəyannaməsinin qəbulu ilə bağlı keçirilmiş iclasda Müsavat Partiyası və demokratik bitərəflər qrupundan 30 nəfər, həmçinin müsəlman sosialistlər blokundan 7 nəfər, İttihad Partiyasından 3 nəfər, Hümmət sosial-demokrat partiyasından 4 nəfər siyasi xadim iştirak etmişdir.

Milli Şura üzvü Xəlil bəy Xasməmmədov öz məruzəsində Azərbaycanın Müstəqil Cümhuriyyət elan edilməsinin vacibliyini və təxirəsalınmazlığını əsaslandırıb. Nəsib bəy Yusifbəyli, Əkbər ağa Şeyxülislamov, Mir Hidayət bəy Seyidov və başqaları da bu ruhda çıxış ediblər. Şuranın üzvü Fətəli xan Xoyski yerlərdə bir sıra məsələlər aydınlaşdırılana qədər Azərbaycanın müstəqilliyinin elanını təxirə salmağı, digər ölkələrlə sülh danışıqları aparmaq üçün tam hüquqlu hökumət yaratmağı təklif edib. Bu barədə bir sıra natiqlər də öz fikirlərini bildiriblər. Məsələnin işgüzar şəkildə və ətraflı müzakirəsindən sonra 24 nəfər təxirə salınmadan Şərqi və Cənubi-Şərqi Zaqafqaziyada Azərbaycanın Müstəqil Xalq Cümhuriyyəti kimi elanı barədə qərar qəbul edib. İki nəfər — Sultan Məcid Qənizadə və Cəfər Axundov səsvermədə bitərəf qalıblar.

Sonra Milli Şura şuranın üzvü Fətəli xan Xoyskiyə Azərbaycan Xalq Cümhuriyyətinin birinci müvəqqəti hökumətini təşkil etməyi həvalə edib. Bir saatlıq fasilədən sonra F. X. Xoyski aşağıdakı şəxslərdən ibarət müvəqqəti hökumətin tərkibini elan edir: Nazirlər Şurasının sədri və Daxili İşlər Naziri — Fətəli xan Xoyski; Hərbi NazirXosrov bəy Sultanov; Xarici İşlər NaziriMehdi bəy Hacınski; Maliyyə və Xalq Təhsil Naziri — Nəsib bəy Yusifbəyli; Ədliyyə Naziri — Xəlil bəy Xasməmmədov; Ticarət və Sənaye Naziri – Məmməd Yusif Cəfərov; Əkinçilik və Əmək Naziri – Əkbər ağa Şeyxülislamov; YollarPosta-Teleqraf NaziriXudadad bəy Məlikaslanov; Dövlət Müfəttişi — Camo bəy Hacınski.

 

İstiqlal Bəyannaməsinin mətni

 

Həsən bəy Ağayev, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Camo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyli, Nəriman bəy Nərimanbəyov, Cavad Məlik-Yeqanov, Mustafa Mahmudovun imza atdığı İstiqlal Bəyannaməsinin mətni aşağıdakı kimidir:

Böyük Rusiya inqilabının cərəyanı ilə dövlət vücudunun ayrı-ayrı hissələrə ayrılması ilə Zaqafqaziyanın rus orduları tərəfindən tərkinə mövcud bir vəziyyəti siyasiyyə hasil oldu. Kəndli qəvayi-məxsusələrinə tərk olunan Zaqafqaziya millətləri müqəddəratlarının idarəsini bizzat kəndi əllərinə alaraq Zaqafqaziya Qoşma Xalq Cümhuriyyətini təsis etdilər. Vəqayi-siyasiyyənin inkişaf etməsi üzərinə gürcü milləti Zaqafqaziya Qoşma Xalq Cümhuriyyəti təsisini səlah gördü.

Rusiya ilə Osmanlı imperatorluğu arasında zühur edən müharibənin təsviyyəsi üzündən hasil olan vəziyyət hazireyi-siyasiyyə və məmləkət daxilində bulunun misilsiz anarxiya Cənubi-Şərqi Zaqafqaziyadan ibarət bulunun Azərbaycana, dəxi bulunduğu daxilixarici müşkülatdan çıxmaq üçün xüsusi bir dövlət təşkilatı qurmaq lüzumunu təlqin ediyor. Buna binaən arai-ümumiyyə ilə intixab olunan Azərbaycan Şurai milliyyeyi-islamiyyəsi bütün cəmaətə elan ediyor ki:

1. Bu gündən etibarən Azərbaycan xəlqi hakimiyyət həqqinə malik olduğu kibi Cənubi-Şərqi Zaqafqaziyadan ibarət Azərbaycan dəxi kamil-əl-hüquq müstəqil bir dövlətdir.

2. Müstəqil Azərbaycan dövlətinin şəkili-idarəsi Xalq Cümhuriyyəti olaraq təqarrür ediyor.

3. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlər və bilxassə həmcüvar olduğu millət və dövlətlərlə münasibəti – həsənə təsisinə əzm edər.

4. Azərbaycan Xalq Cümhuriyyəti millət, məzhəb, sinif, silkcins fərqi gözləmədən qələmrəvində yaşayan bütün vətəndaşlarına hüquqi-siyasiyyə və vətəniyyə təmin edər.

5. Azərbaycan Xalq Cümhuriyyəti ərazisi daxilində yaşayan bil cümlə millətlərə sərbəstanə inkişafları üçün geniş meydan buraxır.

6. Məclisi-Müəssisan toplanıncaya qədər Azərbaycan idarəsinin başında arai-ümumiyyə ilə intixab olunmuş Şurai Milli və Şurai-Milliyə qarşı məsul hökuməti-müvəqqəti durur.

 

İstiqlal Bəyannaməsinin orijinal nüsxələrinin tarixi

 

Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə imzaladığı İstiqlal Bəyannaməsinin orijinal nüsxəsi Azərbaycan Tarix Muzeyində saxlanılır. Sənəd 1918-ci ildə Cümhuriyyət nümayəndə heyətinin Paris Sülh Konfransına apardığı İstiqlal Bəyannaməsinin orijinal nüsxələrindən biridir.

Birinci Dünya müharibəsinin sonunda, 1919-cu ildə sülh müqavilələrinin bağlanması və yeni dünya xəritəsinin formalaşması üçün Parisdə Sülh Konfransı çağırılmışdır. Gənc müstəqil Azərbaycan hökuməti 27 ölkə ilə yanaşı, dövlətin nümayəndə heyətinin də həmin konfransda iştirakını qərara alır. Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Parisə yollanan nümayəndə heyətinin məqsədi Azərbaycanın gənc müstəqil dövlət kimi de-fakto tanınmasına nail olmaq idi. Nümayəndə heyəti özü ilə əsas sənəd kimi İstiqlal Bəyannaməsinin Azərbaycan dilində əski əlifba ilə yazılmış nüsxəsini və fransız dilinə tərcümə olunmuş variantını aparmışdır.

 

Tarixi əhəmiyyəti

 

Azərbaycanın İstiqlal Bəyannaməsinin qəbulu Azərbaycan Xalq Cümhuriyyətini Müsəlman şərqində ilk parlamentli respublika, Türkislam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi etdi. 1933-cü il 28 mayda Məhəmməd Əmin Rəsulzadə Berlində çap olunan İstiqlal qəzetində yazırdı: «28 mayıs 1918 il bəyannaməsini nəşr etməklə Azərbaycan Şurayi-milliyəsi, sözün siyasi mənası ilə, bir Azərbaycan millətinin varlığını təsbit etmişdir. Beyləki, Azərbaycan kəlməsi sadə coğrafi, etnoqrafilinqvistik bir kəlmə olmaqdan çıxaraq, siyasi bir aləm olmuşdur». Rəsulzadənin fikrinə görə, «xalq millətə dövlət yaratmaq qətiyyətlərini nümayiş etdirib və təkid etdiyində çevrilir...Azərbaycan cəmiyyəti sözün müasir mənasında bir millət olmaq üçün öz iradəsini 28 mayda nüstəqilliyin elan və bəyannamənin qəbul edilməsi ilə nümayiş etdirdi». Bundan əlavə, 1919-cu il 31 mayda Rəsulzadə “Istiqlal” qəzetindəki məqaləsində yazırdı: «Mayisin 28-də istiqlal bayramını qeyri-qabili-təsvir bir səmimiyyətlə qarşılamaları ilə azərbaycanlılar bütün aləmə göstərdilər ki, istiqlaldan əl çəkməyəcəklər və bütün böhtançılara deyəcəklər ki, istiqlal xanların, bəylərin, ağaların deyil, Azərbaycan xalqının, türk millətinin milli, ən müqəddəs idealıdır».

1991-ci il 30 avqustda Azərbaycan SSR Ali Sovetinin növbədənkənar sessiyasında "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" bəyannamə qəbul edildi.[35] 1991-ci il 18 oktyabrda Azərbaycan parlamenti qəbul edilmiş “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqındaKonstitusiya Aktı Azərbaycan Respublikasının siyasiiqtisadi təməlini qoymuşdur.

Sənəddə deyilir: «Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsasllanaraq və "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasiiqtisadi quruluşunun əsaslarını təsis edir».

Bu sənədlə Azərbaycan Respublikası 1918-1920-ci illərdə mövcüd olan Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edilib. Tarixçi Sevinc Yusifzadəqeyd edir ki, Azərbaycanın İstiqlal Bəyannaməsi xarici siyasət təməlini qoyub, çünki sənəddə Azərbaycan Xalq Cümhuriyyətinin bütün dövlətlərlə mehriban münasibətlər yaratmağın zəruri olduğunu qeyd olunur.

 

Bayram

 

1919-cu ilin 28 mayda İstiqlal Bəyannaməsinin elan olunmasının bir illiyi münasibətilə Bakıda böyük bayram yığıncağı keçirildi. Parlament binası önündəki kürsüdən ilkin olaraq M. Ə. Rəsulzadə çıxış etdi. «Azərbaycan» qəzeti (rusca) 31 may 111 saylı nüsxəsində belə yazırdı: «Xalq onu (M. Ə. Rəsulzadəni) təsvirolunmaz dərəcədə, uzun müddət kəsməyən gurultulu alqışlarla qarşıladı». Dövrün qəzet və jurnalları bu mühüm günün ildönümünü belə təsvir edirdilər: «Azərbaycan istiqlalı elə qiymətdar, elə müqəddəs bir sevgilidir ki, hər şəkildə olursa-olsun, təcəssüm etdirilərsə, bütün azərilərin fərdənfərd ona sitayiş etməsi fərzi də təbiidir, zira onun yolunda verilən qurbanlar heç bir məbudun yolunda verilməmişdir».[39] Lakin, eyni gündə kommunistlərin "Müstəqil Sovet Azərbaycanı" şüarı altında Azərbaycanın müstəqillik bayram yubileyinə qarşı işçi nümayişi keçirilmişdi.

Tezliklə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Azərbaycanın müstəqilliyinin elan edilməsi günü azərbaycanlı mühacirlər tərəfindən, Azərbaycandan kənarda qeyd edilmişdir. Bu baxımdan, Əlimərdan bəy Topçubaşovun "Qafqazlılar arasında" məqaləsində, Parisdə 1926-cı ildə Azərbaycan Respublikasının müstəqilliyinin elan olunmasının 8-ci ildönümünün qeydi təsvir olunur.

1990-cı ildən Azərbaycanda Respublika günü dövlət bayramı kimi qeyd edilir.

2007-ci il 25 may-da İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqlal bəyannaməsi abidəsinin açılışı olub. Qranitdən və mərmərdən yonulmuş, abidə üzərinə 1918-ci il mayın 28-də Tiflisdə qəbul olunmuş "İstiqlal Bəyannaməsi"nin həm əski, həm də latın əlifbası ilə mətni həkk olunub.[44] Açılış mərasimində prezident İlham Əliyev iştirak edib.[44] Abidə Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun binası ilə Azərbaycan Dövlət İqtisad Universitetininbinası arasında ucaldılıb.

 

Hazırladı: İ.SABİRQIZI, Hurriyyet.org

 

Hürriyyət.- 2019.- 18-19 iyul.- S.13.