Beynəlxalq münasibətlərdə Azərbaycan
reallığı
Azərbaycanın
öz yolu ilə irəliləməsi ölkənin siyasi
nüfüzunu artırır
Ölkəmiz həyata
keçirdiyi uğurlu siyasət nəticəsində beynəlxalq
aləmdə nüfuzunu daha da möhkəmləndirməkdədir. Dövlətimizin
xarici siyasət strategiyası dünya ictimaiyyəti tərəfindən
təqdir olunan model kimi səciyyələndirilir. Çünki Azərbaycanın beynəlxalq səviyyədə
qurduğu bütün əlaqələr bərabərhüquqlu
tərəfdaşlıq, qarşılıqlı maraqların
təmin olunması prinsiplərinə söykənir. Ölkəmizin tutduğu inkişaf yolu milli mənafeyi
ifadə etməklə yanaşı, bölgənin
inkişafına və sabitliyinə də xidmət edir. Buna görə də, Azərbaycanın iqtisadi, hərbi,
mədəni və digər sahələrdə həyata
keçirdiyi siyasət təkcə özünün deyil, əməkdaşlıq
etdiyi qonşu regionlardakı ölkələrin də
inkişafına şərait yaradır. Bu
isə, ilk növbədə, Azərbaycanın
gücünü, qüdrətini göstərir.
Azərbaycan həqiqətlərinin
yayılmasında, dövlətimizin beynəlxalq imicinin
artmasında ölkəmizdə keçirilən nüfuzlu
beynəlxalq tədbirlərin də rolu böyükdür. Humanitar, mədəniyyət
və digər sahələrdə keçirilən tədbirlər,
ənənə halını alan Qəbələ
Musiqi Festivalı, Beynəlxalq Muğam müsabiqəsi
böyük maraqla qarşılanır. 2011-ci
ildə isə “Eurovision” mahnı müsabiqəsindəki qələbəsi
ilə dünyanın diqqətini özünə yönəldən
Azərbaycan milli mədəniyyətini daha geniş səviyyədə
təbliğ edə bildi. Bakıda
keçirilən “Eurovision-2012” müsabiqəsi
özünün möhtəşəmliyi ilə
sözügedən beynəlxalq müsabiqənin tarixinə
daxil olub. Müsabiqənin ən yüksək
səviyyədə təşkili dünyaya göstərdi ki,
Azərbaycan öz milli ənənələrinə, mədəniyyətinə
sahib çıxmaqla bərabər, Qərb mədəniyyətinə
də sürətlə inteqrasiya edir. Bütün
bunlarla yanaşı, Azərbaycanın inkişafı onu
siyasi, iqtisadi və mədəni cəhətdən nəinki
regional, hətta qlobal mərkəzə çevirməkdədir.
İlk növbədə, siyasi sahədə
qazanılan nailiyyətlər Azərbaycanı beynəlxalq
ictimaiyyətə daha yaxşı tanıtdırmaqla bərabər,
dünyanın diqqətini respublikamıza yönəldə
bilib. Bunun ən böyük təsdiqi, qeyd etdiyimiz kimi,
2011-ci ildə Azərbaycanın 155 ölkənin dəstəyi
ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi
üzv seçilməsi olub. Bu, onun göstəricisidir
ki, Azərbaycan dünya miqyasında böyük hörmətə
malik olan bir dövlətdir. Ölkəmiz
beynəlxalq birliyin müstəqil və tamhüquqlu subyekti
kimi öz milli maraq və mənafelərini
qarşılıqlı hörmət və ortaq faydalanma
prinsipləri çərçivəsində həyata
keçirir. Bu isə Azərbaycanın
müstəqil inkişafını təmin etməklə
yanaşı, öz gücünə inamını, eləcə
də ölkəmizə olan etimadı artırır.
Cənubi Qafqazda
lider dövlət statusunun mahiyyəti
Azərbaycanın Cənubi
Qafqaz regionunun lideri olması artıq beynəlxalq səviyyədə
qəbul olunmuş bir faktdır. Regionun lider dövləti
kimi Azərbaycan bu bölgənin siyasi, iqtisadi atmosferinin
formalaşmasında həlledici təsirə malikdir. Bu imkanlarından yararlanaraq ölkəmiz daxili
sabitlik və çoxşaxəli xarici əlaqələr əsasında
bölgədə sülh və sabitliyin təmin olunmasında
öz mövqeyini konkret fəaliyyəti ilə ortaya qoyur.
Eyni zamanda, ölkəmizdə iqtisadi inkişaf,
bazar iqtisadiyyatı, invesitisiya mühiti ilə bağlı
dünyanın nüfuzlu təşkilatları öz
hesabatlarında Azərbaycanın siyasətini yüksək
qiymətləndirirlər. Təbii ki, əldə
edilmiş bu uğurlar indiki hakimiyyətin həyata
keçirdiyi siyasət nəticəsində əldə edilir.
Azərbaycanın kənar təsirlərə
tabe olmadan müstəqil siyasət yeritməsi, öz yolu ilə
irəliləməsi ölkənin siyasi nüfüzunu
artırır. Respublikamızın beynəlxalq
siyasi nüfuzunun durmadan artmasının nəticəsidir ki,
ölkəmizin dövlətlərarası və regional
münasibətlərdə fəaliyyəti xarici ekspertlər
və siyasi analitik mərkəzləri tərəfindən
yüksək dəyərləndirirlər. Bütün bunlar ölkənin milli mənafeyi ilə
dövlətlərarası münasibətlərin etik və
hüquqi cəhətlərinin keyfiyyətli
uzlaşdırılması sayəsində mümkün olub.
Ümumiyyətlə, respublikamıızn həyata
keçirdiyi fəal xarici siyasət müxtəlif dövlətlərlə
çoxistiqamətli faydalı əməkdaşlığa əsaslanır.
Bu əlaqələr gerçəkliyə
çevrilən nəhəng enerji və bir sıra digər
layihələrlə daha möhkəm və praqmatik xarakter
alır. Mövcud vəziyyətə əsaslanaraq
deyə bilərik ki, Azərbaycanın bölgədəki siyasəti
regionun siyasi, iqtisadi gələcəyinə əhəmiyyətli
dərəcədə təsir etmək gücündədir.
Bu isə o deməkdir ki, Azərbaycanın beynəlxalq
mövqeyinin möhkəmlənməsi və xarici əlaqələrinin
genişlənməsi təkcə ölkəmiz
üçün deyil, bütövlükdə regionun stabil
inkişafı baxımından çox böyük önəm
daşıyır. Avroatlantik məkana
sürətlə inteqrasiya edən respublikamızın regionun
siyasi, iqtisadi həyatındakı əvəzedilməz rolu
bölgənin inkişaf perspektivlərinin yüksəlməsinə
yardım edir. Tam müstəqil siyasət
həyata keçirən Azərbaycan dövləti yalnız
milli maraqlara uyğun addımlar atır. Şübhəsiz,
milli maraqlarımızı yüksək səviyyədə
qorumaq və təmin etməyimiz bundan sonra da müəyyən
xarici dairələri narahat edəcək. Lakin
dövlətimiz və onun rəhbərliyi milli maraqlara əsaslanan
siyasəti davam etdirməkdə qətiyyətlidir. Təbii ki, müstəqil siyasət Azərbaycana gələcəkdə
də böyük uğurlar qazandıracaq və beynəlxalq
miqyasda nüfuzunu, mövqeyini gücləndirəcək.
Qloballaşan
dünya və Azərbaycan
Azərbaycanın qlobal mərkəzə
çevrilməsini göstərən ən bariz cəhətlərdən
biri ölkədə çoxsaylı nüfuzlu beynəlxalq tədbirlərin
keçirilməsidir. Bu cür beynəlxalq tədbirlərdə
dünyanın müxtəlif ölkələrindən olan
yüzlərlə nüfuzlu siyasi xadimi, ayrı-ayrı sahələr
üzrə ekspertləri, həmçinin mətbuat nümayəndələri
bir araya gələrək müxtəlif məsələlər
üzrə dialoq, fikir mübadiləsi aparır, qərarlar qəbul
edirlər. Qeyd edək ki, Azərbaycan bu il
də mötəbər beynəlxalq tədbirlərə ev
sahibliyi ənənəsini davam etdirib. Dünya
İqtisadi Forumunun və başqa tədbirlərin Bakıda
keçirilməsi bunu təsdiq edir. Bu o
deməkdir ki, Azərbaycan, xüsusən də paytaxt Bakı
qlobal problemlərin müzakirə olunduğu beynəlxalq əməkdaşlıq
məkanına çevrilməkdədir.
Dünyanın nüfuzlu
siyasi xadimlərinin, dövlət və hökumət
başçılarının, iri şirkətlərin rəhbərlərinin
qatıldığı Davos Forumunun Bakıda keçirilməsi
Azərbaycan iqtisadi mərkəzə çevrilməkdə
olduğunu təsdiq edir. Bu, hadisə Azərbaycanın qlobal
iqtisadiyyatda artan rolunun beynəlxalq səviyyədə qəbul
olunması deməkdir. Davos Forumuns ev
sahibliyi etməklə Bakı şəhəri regional və
qlobal iqtisadi, siyasi məsələlərin ən yüksək
səviyyələrdə müzakirə platformasına
çevrilir. Ölkəmizin qlobal mədəniyyətlərarası
dialoq mərkəzinə də çevrilməsi təsadüfi
xarakter daşımır. Çünki
Avropa və Asiya qitələrini enerji layihələri iqtisadi
cəhətdən birləşdirmək imkanlarına sahib
olan, beynəlxalq siyasi görüşlərin
aparıldığı Azərbaycan tolerantlıq və
multikulturalizm diyarı olaraq humanitar və mədəniyyət
sahələrində də qlobal əməkdaşlıq
üçün əlverişli məkandır. Onu da qeyd edək ki, Azərbaycan təkcə siyasi,
iqtisadi məsələlərdə deyil, humanitar, mədəni
sahələrdə də yeni qlobal mərkəz rolunu
oynayır. Bakıda Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunun və Humanitar Forumların keçirilməsi Azərbaycanın
mədəniyyətlərin inteqrasiyasına verdiyi töhfələrdən
xəbər verir. Azərbaycan bu gün
dünyaya istər tolerantlıq, istərsə də iqtsadi
inkişaf baxımından yeni model bəxş edib. Azərbaycan xalqının keçmişindən gələn
dözümlülük kimi xüsusiyyətlər
multikulturalizm, bərabərlik, tolerantlıq prinsipləri
şəklində dövlətin siyasətində əksini
tapır. Azərbaycan mədəniyyətlərin
inteqrasiyası və tolerantlıq təcrübəsinə
malik olan bir ölkədir. Bununla əlaqədar
olaraq, ölkəmiz dünya sivilizasiyalarının
qovşağı və multikulturalizmin nəzərə
çarpan nümunəsi kimi dünyada tanınır. Həmçinin dünyada “sivilizasiyaların
toqquşması” prosesinin cərəyan etdiyi, müxtəlif
ölkələrdə cəmiyyətdaxili parçalanmalar nəticəsində
dini, etnik zəmində konfliktlərin yaşandığı
bir vaxtda Azərbaycan sabit və tolerant mühiti ilə diqqət
çəkir. Təsadüfi deyil ki, bu gün
tolerantlığın Azərbaycan modeli dünyada nümunə
ola biləcək səviyyədə qiymətləndirilir.
Erməniləri dalana sıxışdıran hədəflər
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həll edilməsi Azərbaycan dövlətinin qarşısında duran ən strateji vəzifələrdən birincisidir. Ölkə prezidenti İlham Əliyev tərəfindən dəfələrlə bəyan edilib ki, Azərbaycan istənilən şəraitdə ərazi bütövlüyünü bərpa edəcək və təcavüzkar qüvvələr işğal olunmuş ərazilərdən çıxarılacaq. Məhz bu cür qətiyyətli və prinsipial mövqeyin fonunda Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli naminə bütün resurslarından səmərəli istifadə etməkdə və aktiv, hücumçu diplomatiya həyata keçirməkdədir. Bunun da qanunauyğun nəticəsidir ki, son illərdə bütün beynəlxalq qurumlarda münaqişəyə münasibət getdikcə dəyişir, reallıq aydın olmağa başlayır. Məhz bunun nəticəsidir ki, beynəlxalq təşkilatların bir sıra sessiyalarında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həlli ilə bağlı fundamental və zəruri qətnamələr qəbul edilib. Möhtərəm Prezidentimiz İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan müharibə tərəfdarı deyil. Və məsələnin sonuna qədər diplomatik yollarla həllini tapmağa çalışacağıq. Lakin təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi bu yolu çox çətinləşdirir. Günü-gündən hərbi gücümüz, ordumuzun qüdrəti artmaqdadır, Azərbaycan ordusu hal-hazırda Cənubi Qafqazın ən güclü silahlı qüvvəsidir və bu ordu torpaqlarımızı işğaldan azad etməyə qadirdir.
Bu nüfuz beynəlxalq
müstəvidə Dağlıq Qarabağ münaqişəsinə
ədalətli yanaşmanı gücləndirir. Azərbaycanın
dünyada artan nüfuzu beynəlxalq müstəvidə
Dağlıq Qarabağ münaqişəsinə ədalətli
yanaşmanı gücləndirir. Bu fikirdə olan siyasi
analitiklərin qənaətincə, artıq dünya bu həqiqəti
etiraf etməlidir ki, Cənubi Qafqazda sabitlik Dağlıq
Qarabağ münaqişəsinin həllindən
asılıdır. Dağlıq Qarabağ münaqişəsinin
həlli istiqamətində Azərbaycan dövlətinin
hücum siyasəti diplomatik cəbhədə öz bəhrəsini
verməkdədir. Son bir il ərzində
Avropanın aparıcı dövlətləri olan Almaniya,
İtaliya parlamentlərində, eləcə də bu
yaxınlarda nüfuzlu beynəlxalq təşkilat olan Avropa
Parlamentində Ermənistanın işğalçı
ölkə olmasını göstərən qətnamələr
qəbul edilməsi bunun təsdiqi kimi dəyərləndirilir.
Milli Məclisin analitik informasiya şöbəsimüdirinin
müavini Hatəm Cabbarlı hesab edir ki, bütün bunlar Ermənistanın
işğalçılıq siyasətinə qarşı beynəlxalq
müstəvidə təpkilərin gücləndiyini göstərir.
Hürriyyət.-
2019.- 18-19 iyul.- S.12.