Deputat

 

Unudulmaz yazıçımız İsmayıl Şıxlı müşahidə etmədiyini, görmədiyini... yazmazdı. Və özünəməxsus mövzusuna etibar eləyirdi. Günün birində ədibin «Deputat» adlı bir hekayəsi çıxdı. Oxuyandan sonra düzü, fikirləşdim də, içərimdən güldüm də. Ağlayacaqdım, qəhrəman deputat zəhmətkeş bir qız olduğu üçün kinayəmi ona bağışladım... - Ay yazıq qız, - pıçıldadım öz-özümə, sənin ərə gedən yaşındır, əlin qabar-qabardı, hələ bir xalq səni deputat kimi Bakıya, Milli Məclisə göndərib Sovet əyyamında. Sən də utancaq bir sağıcı, nəyin var geyinmisən, düzəlmisən yola. İclasın gedişində yatmaq eyib deyil, elə hökumət idi ki. Nikbinliklə demisən ki, lap dissertasiya da müdafiə eləyəcəm! Arzunu Sovet hökuməti ğözündə qoydu, yıxıldı. Yaxşı ki, kişi zoqqultusunu görmək niyyətin Katibinin Büro iclasında qalın qaşları əyilirdi gözünün üstünə...

Eşitdiyimə görə Məclisdən gedən kimi ərə getmisən, hətta ali təhsil vücudunda qalmadı... başqa arzun bu yaxın illərdə olub: Uşaqlarından birini deputat görmək istəmisən və rayonun icra başçısının qəbuluna əlüstü düşmüsən, məqsədini ərz eləmisən. Orta boylu, nazik siqaret həvəsli, daima əli cibində, yox ey, başqasının cibində olan bu adam kinayə ilə gülüb: - Anam-bacım, - deyib. - Ağlın o vaxta getməsin, onda deputat havayıydı. - Siqaretə bir qullab vurub, tüstü yuvarlana-yuvarlana özünü yetirib sənə. Sən də bərk-bərk asqırmısan. Bir çimdik ağzından qopan nəsə bir maye düz Başçının qonub alnına. Və beləliklə, hesabı bərabərləşdirmisən.

Eks deputat, - müsahibin şərhə əl atıb: - O əyyamdan bir şeyin qalıb məgər? - soruşub.

- Yox, olan-qalanlar da banklarda oldu havayı. - Anam-bacım, bakılılar demişkən, havayı deputat seçmirlər!

- Cənab başçı, - dillənmisən.- Kredit vasitəsilə bu məsələ mümkün deyil?

- Anam-bacım, - Başçı güclə özünü saxlayır, yaşlı arvaddır, pisdir-yaxşıdır eks deputatdır: -Kredit ödəməz qəti! - Siqaretə kədərli qullab ilişdirdi tüstü bu dəfə özünün gözünə doluşdu, asqırdı, burnundan özünü havaya yetirən nəsə bir maye düz eks deputatın alnına yapışdı. Arvada elə gəldi milçəkdi, dərhal əliylə ilişdirdi.

- Bıy, cənab başçı! Sənin! Bıy...

- Krediti bakılılar demişkən havayı verirlər? Qırxın altmışına. - Əlini telefon dəstəyinə apardı. - Sərf eləyirsə bu dəqiqə zəng vurum bankın sədrinə, öz kadromdur.

Eks deputat yaxşı arvaddı, həlimdi, amma o vaxtdan xeyli dəyişmişdir. Ali təhsil sarıdan nigaran qalmışdı, nisgili onu bir qədər acizləşdirmişdi. İnsafən, qapılar onun üzünə hər yerdə açılırdı. Rayona beş-altı aydı göndərilən Başçı dərhal onu qəbul etmişdi ilk söhbət tutmuşdu.

- Anam-bacım, - Başçı katibəsi gətirdiyi çaydan bir stəkanını onun qarşısına qoydu, «sağ olla» Başçıya tərəf əlini uzatdı, məxsusi stəkanı stolun sol küncündə yerləşdirdi. Kağız-kuğuz, qəzet-jurnallar neçə gündü tərpənməz qalmışdı: - Fikrə getdin! Yüz fikir bir borcu ödəmir. Atalar deyib bunları. Görürsən, əlim hələ telefondadı, çəkməmişəm! Görürəm, yaxşı veteransan, cavanlığın da elə iclasda-zadda, deputatlıqda-filanda sovuşub. Heyif, gözəlliyin sovuşub.

Eks deputatı tər aldı, ürəyində keçirtdi: «Bu danışır? Anası yerində arvada deyir? Allah ətini töksün - fikirləşdin? - Başçının səsindən diksindi. - Bax, qulağın da məndə olsun, cibin . Mən açıq danışanam. olsun bu böyüklükdə rayonun ağalığını mənə tapşırıblar, bir-iki il cibimizi fırladıb, uçacam özgə rayona. Bağışla, anam-bacım, özəlləşdirəcəyəm bölgəni. İstəyirəm hər şeyi açım eks deputata. - Siqareti sönmüşdü, külqabıya basdı! Eks deputata elə gəldi at milçəyini tapdadı barmağı ilə. Haradan yadına düşdü bu lənətə gəlmiş milçək. Əslində adı «gögeyin»dir. İnəkləri sağanda yığırdı boğaza, bezdirirdi. Bir dəfə raykomun Birinci katibi fermaya gəlmişdi, başına. Hal-əhvalını xəbər aldı, dedi ki, şikayətin nədir? Özünü saxlaya bilmədi:

- Yoldaş katib, - hirslə əlini sağdığı inəyə uzatdı, - Bu böyüklükdə texnika var, deyirsiz elm tərəqqi eləyib, bəs niyə bu gögeyinlərin tumunu kəsmirsiniz? Onları qırsan, süd sağımı planını ikiqat yerinə yetirərəm! Allahın işinə bax, gögeyin inəkdən necə qan sorurdusa, quyruğunu havada yellətdi, düz yapışdı katibin qırxılmış sifətinə. Oradan qopan quyruq bu dəfə yapışdı öz dümbülünə, gögeyini necə tutdusa düşdü yerə. Dərhal onu tapdaladı ki, həyasız olur belə milçəklər, qayıdar yoldaş Katibin sifətinə qonar.

- Anam-bacım, fikrə gedirsən? - Başçının yumşaq sözü onu xəyalından ayırdı, necə ki, gögeyini inəyin quyruğu dümbündən eləcə qoparmışdı. Anam-bacım. - Başçı çayından bir qurtum hortdatdı. - Keçən çağırış mənim özümü deputat seçmişdilər. - Əlini sinəsinə apardı, telefon dəstəyinin canı indi qurtardı. - Orta sırada idi yerim. Solumda şair idi, sağımda artist. Şair elə sözlərlə əlləşirdi, qabağındakı dəftərçəsinə yazırdı-pozurdu. Artist deyəsən «Hamlet»ə hazırlaşırdı, hey pıçıldayırdı ki, ölüm ya olum. Rəhmətliyin oğlu, hara ölürsən, elə gərək bu boyda zalda bir deputat qalmasın, qoysana bu beş ili dümələnək.

Eks deputat cənab Başçıya qulaq asırdı, amma bir şeyi anlamırdı, o vaxtlar insafən, danışsalar yazılı idi, cümləsi-sözü yerində olurdu. Bir dəfə özümə söz vermişdilər, beş-altı cümləni oxudum, alqış altında başım fırlandı. Özümü ələ alıb yerimi tapdım.

- Anam-bacım, məni təsəvvür edin. Mən başladım yatmağa. Televiziyada təkrar göstərəndə o ki var güldüm. - Başçı siqareti qutudan çıxarıb yandırdı, üzünü pəncərəyə tərəf çevirib tüstünü tolazladı. - O biri gün yerimi dəyişdim. Sağımda nazir idi, solumda rektor. Nəhəng nazirliyin balacaboylu naziri hey alacaqlarını dodaqaltı hesablayırdı, yaddaşına arxayın olmurdu, iri gömgöy blaknotuna nəsə yazırdı. Böyük bir Universitetin rektoru özündən asılı olmayaraq imtahan semestrinin vaxtını hesablayırdı. Arabir dekanların adını çəkirdi. Bir kərə hirslənmişdi: - Əclaf, sənin yerin döyül o vəzifə, köhnə bazara təzə nırx qoyacaqsan? – Pıçıltısını eşitdim.

Mən semestr ərəfəsində çiyin yoldaşımdan soruşdum ki, o «nırxşünas»la haqq-hesabı çürütdün? Güldü, vallah, yaxşı kişiydi, yekə deputatdı, cavab verdi ki, seçkidə qutuda qoydum...

Eks deputatı yuxu basırdı, bazar-dükana baş çəkməliydi. Qalxmağa abırı yol vermirdi. Bir deputat məsələsini yekunlaşdırmamışdı. Uşaq ayağını bir başmaqdan çıxarmır ki, ana, bütün dannılarım düşür xalq elçisi olmağıma. Camaatı da, bu rayonu da yaxşı tanıyıram. Halal çörəyimizlə böyümüşəm, haram tikəyə əl uzatmamışam. Anam, sən vaxtilə deputat seçilmisən.Neynim, balamdır, olar: kolxozçu-fəhlə balası da Milli Məclisdə otursun”. Cənab Başçı danışan imiş, qorxmaz imiş. Gördüklərini danışır.

- Anam-bacım, - Zəngi basdı, katibəsinin girdə sifəti göründü, qabarıq sinəsi kabinetə azca girdi. Canı yanmış gözəl imiş”. - Ürəyindən keçirdi eks deputat.

- Çayları təzələ.

Mən duşmüşdüm acığa, lap gedib oturdum sağ yarusda. Bağışla da, anam-bacım, lap cavandım da, əyləşdim iki qadın deputatın ortasında. Sağımdakı heç yerdə işləmirdi, siyasi partiyalardan birinin liderlərindən idi, solumdakı müxalifətçiydi. Sağımdakı necə ərə getməyindən, ailə səadətindən, boynumun arxasından soldakının qulağına ötürürdü. Soldakı da başını boynumun arxasından uzadıb astadan deyirdi ki, iqtidar, müxalifət, düşmüşük ortalığa, danışırıq . Oğluma yaxşı şərait yaradıb iqtidar, sağ olsun, daha mənə lazımdır? Amma buna qədər əzablı-vuruşlu yol keçmişəm. Xoşbəxtliyi elə-belə adama bağışlamırlar.

- Başçı əlini telefonun dəstəyinə atdı. - Son sözünü gözləyirəm, bəxtindən bankda pul pis deyil, kredit problem deyil.

Eks deputatın kürəyi sancdı, hiss etdirməmək üçün Başçıya bir sual verdi ki, təkrar niyə seçilmədiniz? Kefdə olmusunuz cənab Başçı!

- Yorulur adam orada. Bax bu boyda rayon, azadlıq, camaatın taleyi əlimdə. - Siqaret közərən əlini havaya qaldırdı. - Daha gərəkdir insana, şəxsən mənə?! Su bir yerdə çox qalanda, o məsələ. - Susdu siqaretə bir qullab vurdu?

Eks deputat sözünün ardını gözləmədi:

- İylənir, cənab Başçı. ayağa qalxdı, köhnə qara əl sumkasını qırışmış, cadar əlinə aldı, nəzakətlə: - Bu sayaq deputat bizlik deyil, cənab Başçı. Səmimi söhbətinizə görə təşəkkürümü bildirirəm. O telefonun dəstəyini buraxın.

eks deputat keçmişin ədası ilə qapıya sarı çevrildi.

 

Allahverdi Eminov

 

Hürriyyət.- 2019.- 27-29 iyul.- S.11.