Bir çağırış, bir haray,

nəhayət bir üsyan

 

Məşhur teatr xadimlərindən biri teatr tənqidi və teatrşınaslıq elmi haqqındakı  çıxışlarının birində  üç məsələni daha çox diqqətəlayiq və əhəmiyyətli hesab edir: tənqidi yazının oxucu tərəfindən oxuna bilinməsi, tamaşanı sanki seyr edən kimi oxucuya çatdıra bilməsi və nəhayət tənqidçının obyektivliyini. Əslində müvəffəqiyyətli teatr tənqidi sadə və yaradıcı olmalıdır. Tənqidlə mütəmadi məşğul olan qələm sahiblərinin əksəriyyətinin özünü “büruzə vermək” məqsədi ilə qələmə aldıqları az qala dəb halını alan bərli–bəzəkli, süslü, saysız-hesabsız elmi ifadə və priyomlarla aşıb-daşan hər hansı bir tənqidi məqaləsi, tənqidin başlıca kontekstinə tərs gəldiyi kimi, oxucuya da bir yararı olmaz. Bu zaman oxucu məqalədə tənqidçinin nə demək istədiyini və hansı düşüncələri aşıladığını dərk etmək və qavramaq əvəzinə məqalədə hər addımbaşı rastlanan bu elmi ifadələrin çəmbərinə düşəcək və oradan da çətinliklə qurtulacaqdır. Çünki, bu tipli məqalələri oxuyub başa çıxmaq və teatrşünasın nə demək istədiyini anlamaq üçün “Əcnəbi sözlüklər lüğəti”nə müraciət etmədən keçinmək mümkün olmayacaqdır. Düşünürəm ki, bu tipli yazılar daha çox namizədlik və doktorluq  dissertasiyalarında keçərlidır, tamaşalara yazılan məqalələrdə isə deyil...

 

Oxuna bilən tənqidi məqalə isə ən qısa yoldan yazarın təməl düşüncəsini, ideyasını çatdıra bilən bir yazıdır. Qəzetin və ya jurnalın teatr tənqdinə ayırdığı sütunun hüdudları içərisində, teatrşünas-tənqidçi düşüncələrinin ən önəmli nöqtələrini müxtəsər şəkildə bəyan edə bilməli və yazıya aydınlıq gətirməlidir. Əsl teatrşünas o şəxsdir ki, dar bir hüdud içərisində oxucunun diqqətini elə bir nöqtəyə yönləndirsin ki, oxucu yazı ilə tanış olarkən tamaşa ilə bağlı kifayət qədər məlumat əldə edib öz təxəyyülündə həmin tamaşanı vizual olaraq canlandıra bilsin.

Gördüyüm və bildiyim qədər üç növ tənqidçi var. Deməyə sözü olan və bunu inandırıcı və təsirli bir biçimdə yazan. Deməyə sözü olmayan, amma yenə də təsirli və oxuna bilən bir ölçüdə yazan. Deməyə sözü olmadığı kimi, yavan, bəsit, sıradan, quru və sxematik bir şəkildə yazan tənqidçi...

Düşünürəm ki, 1989-2018-ci illəri əhatə edən “Məqalələrim, resenziyalarım, oçerklərim və müsahibələrim” adlı kitabı yeni çapdan çıxan görkəmli teatrşünas Anar Burcəliyev məhz sadə yazan, yazılarını oxucuların dərk edəcəyi şəkildə qələmə alan və məqalələrində obyektiv prinsipləri  rəhbər tutan  bir tədqiqatçı kimi məhz birinci zümrəyə mənsub olan teatrşünaslarımızdan sayılmaqdadır. Kitabda mətbuatda dərc olunan məqalələr, resenziyalar, oçerklər və eləcə də müsahibələrin bir qisminin toplumu təqdim edilib.

Regional teatrlar üzrə bir mütəxəssis kimi tanınan Anar Burcəliyevin məqalələrini oxuyarkən hiss edirsən ki, onun məqsədi geniş planda toplumun teatr yaşamını inkişaf etdirmək, teatr sənətini, sənətçisini, habelə tamaşaçını xəbərdar etmək, onları doğru istiqamətə yönləndirmək tək paytaxt Bakıda fəaliyyət göstərən teatrlarımızın deyil həmçınin regionlarda fəaliyyət göstərən teatrların hər birinin öz missiyasi, teatr estetikası, dəsti-xətti olduğunu sübuta yetirməkdir. Öz yazılarında Anar Burcəliyev obyektiv və adildir. Təbii ki, obyektivlik və adillik bir-birini tamamlayan kateqoriyalardır. Məncə ideal teatrşünas savadına və zəngin məlumatına istinad edərək öz tənqidi yazılarında tamaşanı dürüstlüklə tanıdan bir şəxsiyyətdir. Tənqidçinin vəzifəsi qapıları çırpmaq deyil, qapıların necə və haraya açıldığına işarət etməkdir. Tənqidçi əmr verməz yol göstərər. Anar Burcəliyev də öz yaradıcılığını məhz bu tendensiyalar kontekstində  kökləyir.

Anar Burcəliyev məqalələrini ömrünün erkən çağında 15 yaşından yazmağa başlayıb. İlk illərin məqalələri çox sadə, bəsit formada qələminin məhsulu olaraq təqdim olunsa da sonrakı təqdim olunan yazılar daha orijinal və mürəkkəb formada nəzərə çarpır. O, sadə məqalədən mürəkkəb məqaləyə keçən yolda yaradıcılığa başladığı elə ilk gündən teatrımızın nəzəri, elmi, estetik-fəlsəfi problemləri ilə məşğul olur. Onun yazdığı “Məqalələrim, resenziyalarım, oçerklərim və müşahidələrim” kitabında toplanan məqalələri oxuyarkən yalnız müəllifin nələrlə maraqlandığı ilə yox, ümumən 1989-2018-ci illər arasındakı teatral mühit və ictimai proseslə tanış olursan. Bir çox məqaləsində Anar Burcəliyev teatrımıza istiqamət verən, onun təkamül prosesini izləyən bir teatrşünas kimi çıxış edir. O, regionda hansı teatra gedirsə-getsin, hansı tamaşadan yazırsa-yazsın heç bir zaman dürüstlüyünü və obyektivliyini  əldən vermir.

Yaradıcılığının ilkin dönəmlərində (1989-2000) “Solğun çiçəklər”, “Bəxtsiz cavan”, “40 il səhnə arxasında”, “Fosforlu Çevriyyə” “İntizar”, “Yandırılmış adam”, “Ölüm hökmü”, “Əbədi diriyəm mən”, “Səhnəmizin yetirmələri”, “Zirzəmidən başlanan yol” kimi qələmə aldığı məqalələrində hiss olunur ki, o, tamaşalarda müasir həyat problemlərinin bədii həllinə girişən sənətkarlara xüsusi diqqət yetirməyin necə zəruri olması haqqında son dərəcə mənalı mülahizələr irəli sürür, bədii əsərin, tamaşanın həyatiliyini, inandırıcılığını, aktyor, rejissorlarımızın yaratdıqları yeni insan surətlərini, yeni həyat səhnələrini bacarıqla işıqlandırır. O, öz tənqidi ilə bir daha sübut edir ki, tənqidçinin əsas meyarı həyatın özüdür. Həcmcə kiçik məqalələrində tənqidin tələbkar və prinspial olması, dostluq, qruppaçılıq  problemləri deyil, tamaşanın mənafeyi əsas götürülməli kimi qiymətli fikirləri ilə rastlaşırıq. Müəllif  bu məqalələrində qayğıkeş və diqqətli olmaqla sənətkarların yaradıcılıq  yolundakı  real, qaçılmaz çətinliklərini aydın dərk edir, onların yaradıcılıq müvəffəqiyyətlərini görür və buna sevinməyi bacarır.

Anar Burcəliyev eyni zamanda peşəkar bir yazardır. Yəni, gördüyü işi məqsədinə uyğun olaraq ən yaxşı biçimdə nəticələndirə bilən bir teatrşünasdır. Xüsusilə, bu onun yaradıcılığının ikinci mərhələsində (2000-2018)  ön plana çıxır. Bu dönəmdə yazdığıTeatr, zaman məkan”, “Bəşəri ideyalı pyeslər ölmür”, “Tamaşaçının dalınca qaçmağa məcburuq”, “Uzun ömrün akkordları s. bu kimi məqalələr milli teatrımızın qarşısında duran problemlərdən, onun estetik prinsiplərindən bəhs edir. Bu məqalələrdən hiss olunur ki, onun özünə xas olan fikri, düşüncələri, meyilləri, öz estetik prinsipləri var. Müəllif bunları biliyi səhnə təcrübəsi ilə öz nöqteyi-nəzərindən bitərəf mövqe tutaraq ortaya qoyur. Onun səciyyəvi cəhətlərindən biri budur ki, o, teatrşünas tənqidi ilə ədəbi tənqidi bir araya gətirərək nəzəriyyə problemlərinə güclü meyl göstərir. Çalışır ki, teatrşünas Anarla, ədəbiyyatşünas Anar arasındakı məsafə fərq bir o qədər gözə çarpmasın. Belə bir tənqid üsulu hazırlanan tamaşalarda bədii yaradıcılıq haqqındakı  təsəvvürləri genişləndirir, bədii zövqü, estetik anlayışı daha da zənginləşdirir.

Anar Burcəliyev yazılarında obyektivdir, səmimidir, dürüstdür. O, bir teatrşünas tənqidçi kimi dərk edir ki, onun başlıca vəzifəsi haqlı bir qərar verərək tamaşaçıya sənətçiyə doğru yol göstərmək olmalıdır. Tənqidçının ən böyük düşməni opportunizmdir. O tənqidçi üçün qorxunc bir tələdir. Anar təcrübəli bir teatrşünas kimi heç vaxt bu tələyə düşmür.

Anar Burcəliyev yazılarında yazarın ali məqsədi, rejissorun şərhi, aktyorların bu şərhə istinadən ifa tərzləri tamaşaçı reaksiyasına xüsisi diqqət ayırır, rejissorun yozumu ilə hər hansı bir aktyorun səhnədəki ifası arasında bir uyğunsuzluq  görürsə, dərhal buna işarət edir. Ayrıca səhnə tərtibatının, geyimin, əlbəsənin, musiqi işıq partiturasının digər səhnə amillərinin üslub yönündən rejissor şərhinə həmahəng olub-olmadığını da təsbit edə bilir bütün bunları yazıya çevirərkən bir teatrşünas-tənqidçı kimi oxucuya prinspiallığını da hiss etdirir.

 

Ardı var

 

Xəzər Gəncəli

sənətşünaslıq üzrə fəlsəfə doktoru,

Respublikanın əməkdar artisti.

 

Hürriyyət.- 2019.- 8 iyun.- S.14.