TAP layihəsi və Azərbaycanın beynəlxalq
mövqeyi
Trans-Adriatik Boru Kəməri Layihəsi (TAP), Yunanıstan ərazisində Yunan-Türkiyə sərhədindən başlayaraq, Trans-Anadolu Boru Kəmərinə (TANAP) birləşən, Yunanıstandan, Albaniya və Adriatik Dənizindən keçərək İtaliyada başa çatan və “Snam Rete Gas” (SRG) şəbəkəsinə birləşən təbii qaz boru kəmərinin layihələndirilməsindən, tikintisindən və istismarından ibarətdir. TAP layihəsi Avropa Birliyinin strateji məqsədlərinin
birində “enerjinin təhlükəsizliyi və enerji mənbələrinin
diversifikasiyası” - adı altında aparıcı rol
oynayır. TAP layihəsi təbii qazın Azərbaycandan Avropa
bazarlarına ixrac etmək üçün ən qısa və
birbaşa yol kimi seçilmişdir. TAP layihəsi üzrə
Albaniya, İtaliya və Yunanıstan arasında Dövlətlərarası
Saziş 2013-cü ilin fevral ayında
imzalanmışdır.TAP boru kəmərinin Yunanıstanda
yerləşən hissəsi Türkiyə-Yunanıstan sərhədinin
yaxınlığında Kipoi məntəqəsindən
başlayaraq Leropigidən cənub-qərbdə
Yunanıstanın Albaniya ilə sərhədində başa
çatır və uzunluğu təxminən 550 km təşkil
edir.
Uzlaşdırıcı strateji hədəflər
TAP boru kəmərinin
Albaniyada yerləşən hissəsi Korça bölgəsində
Yunanıstanla sərhəddə Bilisht Qender-dən
başlayaraq, təxminən 215 km uzunluğa malikdir. TAP boru kəməri
Albaniyada Fier-dən 17 km şimal-qərbdə, sahil xəttindən
400 metrə qədər quruya doğru çıxır.
Albaniyanın ərazi sularında dənizdə yerləşən
seksiyanın uzunluğu təxminən 60 km -dir.TAP boru kəmərinin
Adriatik Dənizində yerləşən hissəsi Albaniya
sahilindən İtaliya sahilinə doğru dəniz dibi ilə
təxminən 105 km uzanır.TAP boru kəməri
İtaliyanın cənubunda, San Foca yaxınlığında
yerləşən Melendugno bələdiyyə ərazisinin
Lecce məntəqəsindən sahilə çıxır.
İtaliya ərazi sularında boru kəmərinin dənizdə
yerləşən hissəsi təxminən 45 km, qurudakı
hissəsi isə təxminən 8 km təşkil edir. Bu yer isə
öz növbəsində 11 alternativ kəmər marşrutu
qiymətləndirildikdən sonra ekoloji, təhlükəsizlik
və sosial nöqteyi-nəzərdən ən məqsədəuyğun
yer kimi seçilmişdir. TAP boru kəmərinin 2020-ci ildə
istismara verilməsi planlaşdırılır.
Texniki parametrlər
878 km
uzunluğu olan boru kəmərinin 550 km-i Yunanıstan, 215 km-i
Albaniya, 105 km-i Adriatik Dənizi, 8 km-i İtaliya ərazilərindən
keçir;
Boru kəmərinin
diametri 48 düym, dənizdə isə (Adriatik Dənizi
boyunca) diametr 36 düym təşkil edir;
Boru kəmərinin
dəniz səviyyəsindən olan maksimum
hündürlüyü 1900 m yüksəklikdə yerləşir;
TAP boru kəmərinin
Yunanıstandan keçən hissəsindən iki qol,
Yunanıstan Albaniya sərhədində isə bir qol
ayrılmışdır;
TAP boru kəmərinin
illik maximum ötürücülük qabiliyyəti 20 milyard
kubmetrə hesablanmış və layihənin ilkin mərhələsində
illik ötürücülük qabiliyyəti 10 milyard kubmetr
qaz təşkil edəcək.
TAP boru kəmərinin
obyektlərinə aşağıdakılar daxildir:
Dörd
Kompressor Stansiyası (KS) ( Yunanıstanda 2, Albaniyada 2);
5 Təmizləyici
Tərtibatın Buraxılma Kamerası (TTBK) ( Yunanıstanda 2,
Albaniyada 2, İtaliyada 1);
5 Təmizləyici
Tərtibatın Qəbulu Kamerası (TTQK) ( Yunanıstanda 2,
Albaniyada 2, İtaliyada 1);
33
Bağlayıcı Armatur Stansiyası (BAS) ( Yunanıstanda 23,
Albaniyada 9, İtaliyada 1);
Dörd
Qaz Sərfini Ölçmə Stansiyası (QSÖS)
(Türkiyə/Yunanıstan sərhəddi 1,
Yunanıstan/Albaniya sərhəddi 1, Adriatik dənizinin sahili
Fier Kompressor Stansiyası 1, İtaliya Boru Qəbul Terminalı
1).
“Trans-Adriatik” qaz boru kəməri
Azərbaycanın beynəlxalq
nüfuzu deməkdir
Azərbaycan
təbii qazını Avropaya nəql edəcək
“Trans-Adriatik”,- TAP qaz boru kəmərinin keçdiyi 3 ölkədə
- Yunanıstan, Albaniya və İtaliyada işçilər təxminən
35 milyon kilometr yol qət edib və 14,5 milyon nəfər-saat
iş görülüb. Eləcədə, qaz boru kəməri,
ərazisindən keçidiyi ölkələrin vətəndaşlarının
işlə təminatında və layihədə iştirak eləyən
şirkətlərin inkişafında mühüm rola malik
layihə kimi qiymətləndirilir. Bu barədə TAP layihəsində
19 faizlik payla iştirakçı olan Belçikanın
“Fluxys” şirkətinin baş icraçı direktoru Paskal de
Bak deyib. O, qeyd edib ki, boru kəmərinin istismara verilməsi
2020-ci ilə planlaşdırılır və təmsil etdiyi
şirkət layihədə iştirak etməklə öz
inkiaşfını təmin edir.
Ümumiyyətlə
isə hələ 1999-cu ildə Şahdəniz
yatağında zəngin qaz yataqlarının aşkar
olunması bir çox ölkələri, xüsusən də
Qərb dövlətlərini ölkəmizlə bu sahədə
əməkdaşlığa cəlb edib. Azərbaycanın 2
trilyon kubmetrdən artıq təsdiqlənmiş həcmində
dəyərləndirilən qaz ehtiyatları Avropa məkanının
enerji təhlükəsizliyində mühüm rol oynayır.
Nəzərə alsaq ki, Avropanın böyük bir hissəsi
qaz təchizatına görə məhdud sayda mənbədən
asılı vəziyyətdədir. Dövlətin enerji təhlükəsizliyi
baxımından strateji əhəmiyyət daşıyan enerji
təchizatının əsasən məhdud çərçivədə
cəmləşməsi Avropa ölkələrini istər-istəməz
alternativ mənbələrin axtarışına sövq edir.
Bu baxımdan, etibarlı tərəfdaş imicinə sahib olan
Azərbaycanla əməkdaşlıq region dövlətlərinin
maraqlarına uyğundur. Məhz bu əməkdaşlığın
nəticəsi olaraq 2006-cı ildə Bakı-Tbilisi-Ərzurum
Cənubi Qafqaz qaz boru kəməri istifadəyə verilib və
Azərbaycan qazı bu kəmərlə Gürcüstana və
2007-ci ildən Türkiyəyə nəql olunur. Bir çox
Avropa ölkələrinin Türkiyə vasitəsilə Azərbaycan
qazını almaqda maraqlı olması, eləcə də, Azərbaycanın
iqtisadi maraqları başlanan işin davam etdirilməsini və
daha da genişləndirilməsini zəruri edirdi. TAP layihəsi
isə Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2”
yatağından hasil olunacaq qazı Türkiyəyə və
bu ölkədən də Avropaya daşıyacaq 3 min 500
kilometr uzunluğundakı “Cənub Qaz Dəhlizi”nin tərkib
hissəsi olan TANAP-ın davamı olaraq, “Şahdəniz-2”dən
hasil olunacaq qazın Yunanıstan və Albaniya vasitəsilə,
Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna,
oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur.
TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə
10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə
20 milyard kubmetrədək artırılması nəzərdə
tutulub.
TAP layihəsi: Azərbaycan dünya
miqyaslı qaz
ixracatçısına çevrilir
Məlum olduğu
kimi, bu yaxınlarda "Şahdəniz" Konsorsiumu Azərbaycan
qazını Avropaya nəql edəcək layihə kimi
Trans-Adriatik Qaz Kəmərini (Trans-Adriatik Pipeline (TAP))
seçib. Qeyd edək ki, TAP layihəsi Cənubi Qafqaz Qaz Kəmərinin
(Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Qaz Kəmərinin
(TANAP) davamı olub, "Şahdəniz-2"
yatağındakı qazın Yunanıstan və Albaniya vasitəsilə,
Adriatik dənizi ilə İtaliyanın cənubuna, oradan da Qərbi
Avropaya nəqlini nəzərdə tutur. Bu kəmərlə
ilkin mərhələdə ildə 10 milyard, daha sonra isə 20
milyard kubmetrə yaxın qazın nəql edilməsi gözlənilir.
Azərbaycan qazının bu kəmər vasitəsilə
2019-cu ildə Avropaya çatdırılması
planlaşdırılır. Məlumatlara görə, Xəzər
qazını Avropaya Adriatik dənizinin dibi ilə
çatdırmaq ideyasını ilk dəfə 2003-cü ildə
İsveçin "Axpo" şirkəti irəli
sürüb. Beləliklə, 10 il ərzində aparılan
araşdırmalar və danışıqlar nəticəsində
ideya reallığa çevrilmək üzrədir.
Beynəlxalq ictimaiyyət layihəni
dəstəkləyir
Qeyd edək
ki, "Şahdəniz" Konsorsiumunun TAP layihəsini
seçməsi beynəlxalq ictimaiyyətin böyük
marağı və dəstəyi ilə qarşılanıb.
Belə ki, Avropa İttifaqının (Aİ) Komissiyası Azərbaycan
qazının Avropaya ötürülməsi üçün
boru kəmərinin yekun seçiminə dair qərarı
alqışlayıb. Aİ Komissiyasının prezidenti Xose
Manuel Barrozu bu qərarı Avropanın birgə uğuru və
İttifaqın enerji təhlükəsizliyinin gücləndirilməsində
bir dönüş nöqtəsi kimi qiymətləndirib:
"Əminəm ki, 2011-ci ilin yanvar ayında Azərbaycanın
Prezidenti İlham Əliyev ilə imzaladığım və
strateji xarakter daşıyan Birgə Bəyanata əsaslanan bu
qərar Xəzər dənizindən Aİ-yə birbaşa
xüsusi keçid olacaq və getdikcə genişlənəcək
"Cənub" qaz dəhlizinin tam və çevik şəkildə
reallaşmasına daha çox təkan verəcəkdir".
Avropa
İttifaqının ölkəmizdəki nümayəndəliyinin
müvəqqəti işlər müdiri Toralf Pilts
"Şahdəniz" Konsorsiumunun keçirdiyi tədbirdə
"Şahdəniz Mərhələ 2" çərçivəsində
hasil olunacaq qazın Avropanın enerji təhlükəsizliyindəki
rolundan danışaraq deyib ki, TAP çox önəmli layihədir
və bu kəmər genişlənmə imkanlarına malikdir.
Avropa Komissiyası "Cənub qaz dəhlizi" çərçivəsində
seçilmiş və icra olunacaq bütün boru kəmərləri
layihələrini dəstəkləyir. Böyük
Britaniyanın Azərbaycandakı müvəqqəti işlər
vəkili Adrian Li də "Şahdəniz" Konsorsiumunun
seçimini alqışladıqlarını bildirib, bu seçimi
qaz təminatı və marşrut müxtəlifliyi
baxımından Avropanın enerji təhlükəsizliyinin təminatında
vacib mərhələ adlandırıb. Layihəyə digər
nüfuzlu siyasi dairələrdən də müsbət
münasibət göstərilir. Aİ-nin enerji məsələləri
üzrə komissarı Günter H.Oettinger bildirib ki, "mavi
yanacağın" yeni xüsusi qaz boru kəməri sistemi ilə
birbaşa Avropaya çatdırılması sahəsində Azərbaycan
öz üzərinə aydın öhdəlik
götürüb: "Sistemin TANAP və TAP iki qaz boru kəmərindən
və ya əvvəlki layihələrdə nəzərdə
tutulduğu kimi, bir boru kəmərindən ibarət
olmasının enerji təhlükəsizliyi baxımından
heç bir fərqi yoxdur. Bizim artıq qazla bağlı yeni tərəfdaşımız
vardır və gələcəkdə daha çox qaz qəbul
edəcəyimizə əminəm".
Bildiyimiz
kimi, Azərbaycan iqtisadiyatının artım tempinə
görə 2006-cı ilən başlayaraq dünyada ilk yerlərdə
dayanır. Son on ildə Azərbaycanın dövlət
büdcəsi 1,5 milyard dollardan 25 milyard dollaradək artıb.
Bu müddətdə 20 dəfəyə yaxın artan büdcə
xərcləmələri iqtisadiyyatın şaxələndirilməsinə,
işsizliyin və yoxsulluğun aradan qaldırılmasına,
qaçqın və məcburi köçkünlərin
sosial vəziyyətinin
yaxşılaşdırılmasına,
sahibkarlığın, özəl sektorun inkişafına,
ölkənin iqtisadi müstəqilliyinin möhkəmləndirilməsinə
yönəlib. Eyni zamanda, həyata keçirilən abadlıq
və quruculuq işləri sayəsində Azərbaycanın
sürətli inkişafını ölkənin hər bir
yerində əyani şəkildə müşahidə etmək
mükündür. Bütün bunlar onu təsdiq edir ki, Azərbaycan
son 6-7 ildir ki, dünyanın ən sürətlə
inkişaf edən iqtisadiyyatına malik ölkələrdəndir.
Azərbaycanın
beynəlxalq münasibətlər sistemində yerinin möhkəmlənməsində
enerji amilinin rolunu xüsusi vurğulamaq lazımdır.
Danılmaz həqiqətdir ki, bu gün Azərbaycanın
mühüm regional və qlobal əhəmiyyətli aktora
çevrilməsində ölkənin müstəqil enerji
siyasətinin rolu böyükdür. Bildiyimiz kimi, Azərbaycanın
iştirakı və razılığı olmadan regionda qlobal
əhəmiyyətli heç bir layihə gerçəkləşə
bilməz. Milli maraqlar əsasında qurulan enerji
strategiyamızın bərabərhüquqlu və
qarşılıqlı faydalı əməkdaşlıq
prinsipləri üzərində həyata keçirilməsi
ölkənin iqtisadi imkanlarını və beynəlxalq
nüfuzunu yüksəldib. Həmçinin, dünyada gündən-günə
artan tələbat fonunda xammal ehtiyatlarının
azaldığı, enerji təhlükəsizliyinin
qorunmasının hər bir dövlət üçün
prioritet məsələyə çevrildiyi bir dövrdə
Azərbaycan uzaqgörən enerji siyasəti ilə beynəlxalq
münasibətlərdəki mövqeyini möhkəmləndirir.
Hürriyyət.- 2019.- 8 iyun.- S.12.