Bir çağırış, bir haray,

nəhayət bir üsyan

 

Əvvəli ötən sayımızda

 

Anar Burcəliyevin ən mühüm estetik prinsiplərindən biri də budur ki, yazarın səhnədə söyləmək istədiyi ideyanın ən kiçik detallarına qədər fərqinə varır. Elə bu səbəbdəndir ki, tamaşaya gəlmədən öncə tamaşaya hazırlanan həmin pyesi diqqətlə oxuyub araşdırır, yazarın ərsəyə gətirdiyi ilə rejissorun gerçəkləşdirmək istədiyi arasında fərq varsa, onu təsbit edib üzə çıxarır, yazarın yazdığı ilə rejissorun nə demək istədiyini qarşılaşdıra bilir. Belə bir üsula əl atmayacağı təqdirdə pyes, ya da tamaşa üzərində yanlış mühakimələrə yol verəcəyi ehtimalını öncədən nəzərə alır və hazırlıqlı bir tənqidçi kimi, tamaşaçının ümumən nəzərdən qaçırdığı nüansları yaxalayır və bunlar əsər nöqteyı-nəzərindən məna və əhəmiyyət kəsb edirsə dərhal yazısında həmin detallara işarə edir. Yazarın mətni ilə səhnə üzərindəki oyun arasında çatışmayan cəhətlər varsa bunların üzərində durmağı vacib bilir. Ya da tam bunun əksi olaraq, zəif  bir  pyesi rejissor cilalayıb uğurlu bir tamaşa ortaya çıxarmışsa bunu da açıq şəkildə müəyyənləşdirir. Yazılarının birində Mingəçevir Dövlət Dram Teatrının səhnəsində  A. P. Çexovun “Ayı” vodevili əsasında hazırlanan tamaşaya yazdığı “Ehtiyatlı olun, bu Çexovdur!” adlı məqaləsi ilə tanış oldum. Maraqla oxuduğum bu məqalədə onun bir teatr tənqidçısı kimi pyesi və tamaşanı təhlil prosesində ustalaşdığını gördüm. O, bir teatrşünas kimi yazar və rejissor fikri arasındakı uyğunsuzluğu, tamaşadakı hadisələrin sönük başlanmasını, aktyor ifalarının göstərmə xarakteri daşıdığını, ən başlıcası da rol bölgüsünün düzgün aparılmamasını, bunun nəticəsində tamaşanın bütövlükdə  ideya-istiqamətinə xələl gəldiyini maraq doğuran faktlarla təsbit etmişdir.

Ümumiyyətlə Anar Burcəliyev yazılarında teatrın məhsulu olan tamaşanı bir bütün olaraq dəyərləndirərkən forma və məzmun nöqteyi-nəzərindən bütün detalları, parçaları ilə çözür, pyesin yazıldığı dönəm, yazarın yaradıcılıq xüsusiyyətləri, pyesin yazılması səbəbləri, rejissorun dünya görüşü və çalışma sistemi hər zaman onun tənqid obyektidir.

Məlumdur ki, hər bir teatr tənqidçısınin özünəməxsus dəsti-xətti və yaradıcılıq üslubu var. Amma hamısı üçün əvvəl-axır dəyişməyən, sabit qalan bir yönəliş mövcuddur. Bir tamaşa sonrası teatr tənqidçısınin düşüncəsi nə olursa-olsun, yazısını yazmadan öncə, təhlil etməsi zəruri olan bir neçə cəhət olacaqdır. Hər şeydən əvvəl o, rejissorun yazarın məqsədinə uyğun bir çalışma həyata keçirib-keçırmədiyini, ümumi işə nəsə bir yenilik gətirdiyini müəyyənləşdirməlidir. Ayrıca, rejissorun aktyorlarını hansı üslubla çalışdırdığı, müəllif ideyasına onları necə istiqamətləndirdiyi üsulları təfərrüatı ilə tənqidçi tərəfindən dərk edilməli, qavranılmalıdır. Əsl teatr tənqidçisi başlıca kriteriyalarını qarşılıqlı yaradıcılıq əhatəsində olan Yazar-Rejissor-Aktyor-Səhnə tərtibatı və tamaşaçı beşliyi münasibətini nəzərə alaraq irəli sürər. Məhz Anar Burcəliyev məhz bu kriteriyalara əsaslanaraq tədqiqatını ərsəyə gətirə bilir.

Bəllidir ki, iki tənqid növü mövcuddur: akademik tənqid və praktik tənqid. Anar Burcəliyev isə hər iki tənqid növündə özünü təsdiqləyə bilir. Onun kitabında toplanan məqalələr həm birinciyə, həm də ikinciyə aiddir. Birincisi, daha çox jurnal və kitablarda dərc olunan təfərrüatlı təhlildən ibarət yazılardır. Pyesin mətninin struktur baxımından çözülməsini, həm də səhnələşdirməni təfsilatı ilə əhatə edir. Praktik tənqid isə daha məhdud bir yerdə, məsələn, günlük bir qəzetin teatr üçün ayrılan guşəsində, tamaşaçıya yol göstərmək üçün yazılan tənqidi əhatə edər. Jurnal və qəzet tənqidi arasında həm metod, həm də üslub fərqləri var. Həcminin kiçik olmasına baxmayaraq qəzetdə dərc olunan tənqidi məqalə daha mütəhərrikdir və elə bəri başdan ilk sətirləri ilə oxucunun marağına səbəb olmalıdır. Yer darlığı səbəbi ilə qəzet tənqidçısı bir cümlə içində birdən-birə çox şey söyləmək və cümlə quruluşlarını qənaətlə oxuna bilinəcək biçimdə yerləşdirmək məcburiyyətindədir. Dövrü mətbuatda fəaliyyət göstərən “Cümhuriyyət”, “Hürriyyət”, “Kaspi”, “Ədalət” və “Mədəniyyət” qəzetlərində vaxtı ilə çap etdirmiş olduğu məqalələrində onun bu  baxımdan səriştəli olduğu diqqətdən yayınmır. Həmin məqalələrin bir çoxu müəllifin indi nəşr etdirdiyi qiymətli tədqiqat əsərində də öz əksini tapmışdır. Yeri gəlmişkən onu da qeyd edək ki, o, intellektual dürüstlüyü olan bir teatrşünasdır. O, heç vaxt tənqid etdiyi sənətçiləri incitmir, çünki özünün də özünütənqid mexanizması vardır və başqalarını tənqid süzgəcindən keçirdiyi qədər, özü-özü ilə də hesablaşmağı göz ardı etmir. Anar Burcəliyev bir teatrşünas-tənqidçi kimi çağının ruhunu əks edir və keçmişi bu günə, bu günü də gələcəyə bağlayan bir körpü kimi yeni üslubları, qaydaları, təcrübə və sınaqları yayaraq genişləndirir.

Müəllifin qələmə aldığı bu kitabda teatrşünaslıq elminin başqa bir cəhəti-sənətkarla ictimai həyat, sənət əsəri ilə zaman, dövrün bədii-estetik qanunları arasındakı mütəqabil əlaqə, elmi ümumiləşdirmə səviyyəsindən izah edilib. Tədqiq etdiyi sahəni mükəmməl öyrənməsi ilə yanaşı müasirlik duyğusuna tam mənası ilə sahib olması, müasir estetik fikrin xüsusiyyətlərini mənimsəməsi kitab müəllifinin təhlil üsulunun əsas cəhətləri kimi özünü göstərir.

“Məqalələrim, ressenziyalarım, oçerklərim və müsahibələrim” kitabı onun sayca beşinci əsəridır. Kitabda toplanan materiallar teatrşünas və teatr tədqiqatçılarının, sənətşünasların ilkin məlumat və araşdırmaları üçün bir mənbə hesab edilə bilər. Bu mənbə bir tərəfdən milli teatr tarixinin tədqiqinə ilkin araşdırma ola biləcəksə, digər tərəfdən də aktyor rejissor və teatrlarımızın sənət yollarının öyrənilməsi baxımından da əhəmiyyətli sayılacaqdır.

Yeri gəlmişkən onu da vurğulamağı vacib bilirik ki, az qala 150 yaşı olan milli teatrımız nə yazıq ki, son illər ərzində teatr sferasına sirayət edən və teatr sənətindən heç bir şey anlamayan bəzi təsadüfi qüvvələrin merkantil maraqları ucbatından tənəzzülün astanasına, dibi görünməyən uçurumun kənarına qədər sürüklənibdir. Tam zamanında işıq üzü görən bu tədqiqat əsəri, həmin qüvvələrə qarşı bir başqaldırıdır, bir çağırışdır, bir haraydır, nəhayət bir üsyandır!..

 

Xəzər Gəncəli

sənətşünaslıq üzrə fəlsəfə doktoru,

Respublikanın əməkdar artisti.

 

Hürriyyət.- 2019.- 11-12 iyun.- S.14.