Dünyanın günahını bağışlayan poeziya…

 

(R.Rövşənin şeirləri haqqında qeydlər)

 

Şair Ramiz Rövşən poeziyası haqqında öz zövqüm miqyasında yazmaq asan olmaya bilər – söz gəlişi ənənəvi fabula deyil – səbəbləri özüm üçün şərti deyil, lakin oxucular üçün başqa paradokslar yarada bilər. Sadalamaq istəməzdim: Ramiz Rövşəndən bir neçə yaş böyüyəm, amma özümü o illərin – ötən əsrin tanıdığım, şeirlərini öz dillərindən eşitdiyim, mübahisələrə qoşulduğum ədəbi mühitdə tapırdım (çün, şeir yazmırdım): Tofiq Abdin, Mövlud Süleymanlı (Balakişiyev), Abbas Abdulla (Acalov), İsa İsmayılzadə, Ələkbər Salahzadə, Seyran Səxavət, Ramiz Rövşən, «yeddilik» fenomeni vardı. Bu simaların haçansa yaşa dolacağını təsəvvürümə gətirmirdim (bu gün də) və mənə elə gəlirdi onların qocalmasını görməyəcəyəm. Mənim əqidəmcə – elə o vaxtdan – şairlər qocalmır, şeir yazanlar ola. Çox-çox sonralar elə o şairlərin şeirləri mənim şüuruma pıçıldadı: müdrikləşən (qocalmayan) məhz şairlərdir! Yanılmamışam: XXI əsrin iki onilliyini qatlayan və yaşayan o şairlər ki, həmin zahiri simadadır, o kökdədir, o ilhamın qanadındadır! Niyə proqnoz verirəm? Və haqlıyammı? Haqlıyam!

Ədəbiyyata konkret yanaşsaq poeziyada həyatı təsvir etmək üsülu kəşf sayılır ki, bu risqli yanaşma Lev Tolstoya məxsusdur, lakin insanın təbiəti və bəşəriyyətin mahiyyəti barədə yaranan suallara isə Fyodor Dostayevski cavab axtarmışdır. Hər iki tezisdə mənəvi və sosial prosesləri şair necə anlayır, yox, necə anladır motivasiyası dayanır, Ramiz Rövşəndən danışıramsa, poetik fikrini qəlbilə, fitri hisslərilə ifadə edir; daha doğrusu, fitri yol insan obrazının fəhmilə, daxili cazibə qüvvəsilə şərtlənir, allahsevərlik nəzərə alınır, bu təsviretmə üsulu – bədii ümumiləşdirmə oxucu şüurunda, bədii təfəkkürdə aydın təsəvvür yaradır, gerçəkliyə estetik münasibəti formalaşdırır, anlayışları emosiyaların poetik paltarına bükür. Ramiz Rövşən poeziyasına «fəlsəfəçilik» möhrü altında yanaşmaq istəməzdim, lakin fəlsəfənin ekvivalenti olan hikmətçiliyə, məntiqliyə baxışını gizlətmirəm. Deyək ki, ilk xatırladığım Ölüm anlamı: doğulan və ölən həqiqət! Poeziyada bu, yeni deyil, eləcə də çağdaş şeirimizdə şeirləri oxuyuruq, bizi tutur bir də o cəhətilə – kədərli, həzin, ağrılı sözlərlə rastlaşırıq. Yaxud, həyatdan köçmüş bir doğmanınmı, sənətkarınmı, dostununmu, qonşununmu yoxluğuna kövrəlirsən. Ramiz Rövşənin poetik kəşfi, mənim fikrimcə, ondadır – belə sözlər yoxdur, «qədribilinməyən» ifadələrdir. Lakin şeirin poetikasında hikmətçilik: antropologenezliyi, şirin həyatın qravitasiyası və bunun əksi olan evtanaziyanın təsvirinin yoxluğu, duyğu və düşüncə cərəyanından keçən yaşantı! Hətta hələ də ənənələrdən canını qurtarmayan arxiteplik – folklorda, ədəbi əsərlərdə təkrarlanan obrazların, süjetlimotivlərin yoxluğu! «Ölmək», «Qara paltarlı qadın», «İçindən yıxılan adam» şeirlərini xatırladım, hansı ki, yazılma tarixi çox-çox geriyə qayıdır, bu da mühüm şərtdir ki, oxucu yaddaşına həkk olunmuşdur, dünən oxuduğun şeir sənə «balıq yaddaşı» aşılamır - vur-tut üç saniyə!

Ölüm-büdür, qapının kandarındadır, çanaqlı gözlərilə, iti caynaqları ilə, qabarmış tüklərilə sənin qarşındadır. Şair olsan (olmasan da) acı, sərt, ağrı oyadan sözlər işlədərsən, daha ona «xoş gəldin» deməyəcəksən ki! amma Ramiz Rövşənə məxsus «həyatı təsviretmə» üsulu – poetik kəşfi – həqiqətlə şeiriyyətin vəhdətindən yaranan bir ölümün gözəlliyi:

 

Bulud kimi ölmək bir yaz yağışında,

Ümid kimi ölmək bir qız baxışında.

Bir yel qanadında yarpaq kimi ölmək

Bir qəbir altında torpaq kimi ölmək.

Bir gül kimi ölmək bir güldan içində,

Bülbül kimi ölmək bir hicran içində.

Bir səs kimi ölmək bir kar qulağında

Bir söz kimi ölmək bir lal dodağında…

 

Misralarda hikmətə bələnmiş fikirlə (fəlsəfi düşüncədən keçə bilmədim) poetik dilin vəhdəti sual doğurdu məndə: nə üçün insanlar qədimlərdən şeirlə danışmışdır? Axı, poetik dilin mənşəyi sadəlik dərsi olmaqla – oxucu düşüncəsində yaranan poetik aləmi yaddaşda təzələməklə başa düşülür, idrak edilir ki, dumanlı hüdudlar aradan qaldırılır və ölümün özündə bir gözəllik çaları duyulur: Axı insanla dirilərin son görüşüdür. Ölən insan nə qədər yaz yağışına sevinmiq – bir qadın hirsi kimi, yarpaqların payızsız ölümünə heyifslənmək, bülbülün kədərindən, hicranından oxusu, bir səsin həsrətində olduğu kar-lal insana çatmaması… Ramiz Rövşən abstraksiyaya qapılmadan (heyif ki şair ola bilməyənlər oxucuları mürəccədliklə aldatmaq yolunu tutublar, amma aldanan özləridir) poetika xətrinə yox, özünün diri sözlərinə daha aydın ifadəlilik və məna vermişdir: ölümün gözəlliyini şeir dililə danışmışdır. Şeirdə praktik dil itmişdir, metaforik, intonasiyalı dil doğulmuşdur, poetik dil itmədi, ölümün ona heyifi gəldi. Ramiz Rövşənə xas poetik dil mənanı özündə ehtiva etməklə onu törədən başlanğıcdan fərqləndi. Praktik deyimindən uzaqlaşmamaqla özünə yeni forma və məzmun tapdı, şübhə doğurmadı, yaxşı mənada mistik örtükdə müqəddəs görkəm aldı və insan əzəmətinə ölümündən sonra da ümidini itirmədi:

 

Gündən günə ölmək,

Dönə-dönə ölmək.

Öldükcə dirilmək,

Sonra yenə ölmək.

 

Mən Ramiz Rövşənin poeziyasında ölüm fenomenini bir də ona görə gözəlliyə bağladım – bu yanaşmanı universal qəbul etməsin oxucu – şeirlərində intuitiv hisslə emosional fərasətin riyazi dəqiqliyini görsün. Daha bayaq xatırlatdığım şəkildə: müəllifin heç özü də anlaya bilmir nə deyir, kimə söyləyir! Fransız alimi Anri Puankare (XX əsr) riyazi gözəllik hissləri, ədədlərin harmoniyası və həndəsi zəriflik – simmetriya haqqında öz nəzəri mülahizələrini irəli sürdü, eləcə də görkəmli alimimiz Rafiq Əliyev Ramiz Rövşənin poeziyasında belə elementlərdən bəhs etmişdir. Nəticəyə gəlmək olur ki, bu hisslər: xüsusi estetik həssaslıq şairlərə də aiddir. Ona görə ki, poetik yaradıcılıq (poeziya) harmoniyaya əsaslanan gözəllik axtarışıdır, onun üçün ölüm də gözəldir. «Yağış yuyur, gün qurudur» şeirində başlıq bir aksiomdur, müşahidə obyektidir; birmənalıdır, qeyri-müəyyən deyil, şair yozumunda isə eyniliyin və fərqin oyunudur, ölüm obrazının təxəyyüldə (poetik fantaziyada) canlanması, sözlə ifadəsidir: bir fraqment:

 

Bu yerləri, bu göyləri

Yağış yuyur, gün qurudur.

Bu dünyada çox şeyləri

Yağış yuyur, gün qurudur –

 

müşahidə etdiyimiz gerçəklikdir və adi şüurun qavradığı hadisədir, insanların yanılması deyil, adamların törətdiyi günahların da yanılması deyil, bəlkə də «kabuslardır», ləyaqətsiz «bütlərdir». Şair oxucusunun şüurunu yanılmalardan və təhriflərdən təmizləməyə səy edir və kabusları (günah predmetlərini) aradan qaldırmada israrlıdır. Digər bir fraqment:

 

Yağış yuyur, gün qurudur,

Gözümüzün yaşını da.

Bağrımızın başını da,

Qəbrimizin daşını da.

 

Sağlam insan düşüncəsinin qənaətidir, insan əgər ağır kədərdən göz yaşına məruz qalırsa, bunu adi şüurla dərk edə bilməz, çünki itki elə bir şeydir ki, insan özüylə ilahi arasındakı ziddiyyətləri anlamalıdır və rasionallıqla irasionallığı görməlidir. Aqil oxucu adi şüur səviyyəsindən kənara çaxmaqla metafizik şüurdan qaçmamalıdır, nəzəri və bədii təfəkkürün qarşılıqlı münasibətləri prizmasından yanaşmalıdır, həqiqəti (ölümü) hissi reallıqdan çıxarmamalıdır, yoxsa poetik fikir nəsrə qurban gedərdi. Üçüncü bir fraqment:

 

Gələn nədi, gedən nədi?

Bələk nədi, kəfən nədi?

Bu dünya öz kefindədi –

Yağış yuyur, gün qurudur –

 

şairin hikmətli mürəkkəb və polifonik təxəyyül işinin bədii inikasıdır, insanda uzaqgörənlik tərbiyə edir, duyulmuşlar və qavranılmışlar obrazlar qismində yaddaşda saxlanılır.

Əsl poeziyaya məxsus poetik ehtiras (bəzən buna pafos deyilir – yarımçıq qənaətdir) gerçəkliyin özü şeirə olduğu şəkildə tətbiq olunmur, bu zaman şair fantaziyası ilə ötürdüyü poetik informasiya dissonansların musiqidə səsləndiyi kimi, kontrast vasitəsilə ümumi effektə sala bilər, ya da onu gücləndirər. Bütün məqamlarda şair poeziyanın atmosferini və mahiyyətini təşkil edən gözəlliyə biganə qalmır. Bu məqamlara toxunan Edqar Po maraqlı fikir söyləyir ki, gözəlliyi öz sahəm kimi qəbul edərkən özümə sual verdim: hansı intonasiyada o, ən yaxşı ifadəsini tapa bilir? İnsan təcrübəsi bu intonasiyanın kədər olduğunu qəbul edir. Hansı qəbildən olursa-olsun, gözəllik özünün ən ali inkişafında həssas qəlbdə göz yaşı doğurur. Poeziyanın bütün növləri içərisində ən qanunisi kədərdir.

 

(Ardı var)

 

Allahverdi Eminov

 

Hürriyyət.- 2019.- 11-12 iyun.- S.13.