Azərbaycanın beynəlxalq iqtisadi

təşkilatlarla münasibətlərinin xüsusiyyətləri

 

Azərbaycanın xarici iqtisadi münasibətlərinin əsas xüsusiyyəti beynəlxalq, regional və yerli xarakterli iqtisadi təşkilatlara daxil olmaq və bununla da ictimai həyatın bütün sahələrində bu təşkilatlara inteqrasiya olunmaqdır. Müstəqilliyimizi bərpa etdikdən sonra (1991-ci ilin oktyabr ayının 18-ində) ilk əməkdaşlıq münasibətləri əldə etdiyimiz beynəlxalq iqtisadi təşkilatları aşağıdakı kimi təsnifləşdirmək olar:

1. İslam Konfransı Təşkilatı (İKT) – 8 dekabr 1991-ci il;

2. İqtisadi Əməkdaşlıq Təşkilatı (EKO) – fevral 1992-ci il;

3. Beynəlxalq Valyuta Fondunun və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı – 1992 - ci il;

4. Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT) – 1993-cü il;

5. Ümumdünya Ticarət Təşkilatı (keçmiş QATT) müşahidəçi statusunda – 1993-cü il;

6. Müstəqil Dövlətlər Birliyi (MDB) – 1993-cü il;

7. Avropa Şurası – 25 yanvar 2001-ci il.

Azərbaycan milli iqtisadiyyatının beynəlmiləlləşməsinin və inteqrasiyasının müasir mahiyyəti Beynəlxalq Əmək Bölgüsünə (BƏB-ə) əsasən müəyyən olunur. Beləki, BƏB sayəsində dünya ölkələrinin dünya bazarında istehsal həcminin ümumi göstəricisi müəyyən olunur. Beynəlxalq iqtisadi inteqrasiya dövlətlər arasında istehsal amillərinin və malların sərbəst hərəkətini nəzərdə tutur. İqtisadi inteqrasiyaya uğrayan Azərbaycan Respublikası siyasi cəhətdən müstəqil olmaqla iqtisadi cəhətdən qarşılıqlı asılı vəziyyətdə olur. Azərbaycan Respublikasının regional iqtisadi birləşmələrini nəzərdən keçirdikdə məlum olur ki, coğrafi mövqe mühüm əhəmiyyət kəsb edir. İqtisadi əməkdaşlığın mühüm istiqamətlərindən biri də ölkələrin iqtisadi inkişaf səviyyəsi ilə bağlıdır. Yaxın iqtisadi əməkdaşlıq daha çox eyni iqtisadi inkişaf səviyyəsində olan dünya ölkələri arasında özünü göstərir. Onlardan aşağıdakılar daha mühüm əhəmiyyət kəsb edir:

iqtisadi inkişaf səviyyəsində yaxınlıq;

ideoloji inkişaf səviyyəsində yaxınlıq;

tarixi inkişaf səviyyəsində yaxınlıq;

mədəni inkişaf səviyyəsində yaxınlıq;

dini inkişaf səviyyəsində yaxınlıq;

sosial inkişaf səviyyəsində yaxınlıq;

siyasi inkişaf səviyyəsində yaxınlıq;

hərbi inkişaf səviyyəsində yaxınlıq;

coğrafi inkişaf səviyyəsində yaxınlıq;

elmi inkişaf səviyyəsində yaxınlıq;

texniki və texnoloji inkişaf səviyyəsində yaxınlıq.

Azərbaycan və İTK əlaqələrinin inkişaf yolu

Azərbaycan dünyanın islam respublikalarından biri olduğu üçün bir neçə beynəlxalq islam təşkilatlarına da üzv olmuşdur. Bunlardan ən nüfuzlusu və daha çox iştirakçı üzv ölkələrin sayına görə bütün islam dünyası ölkələrini (28 ölkə) özündə birləşdirən İslam Konfransı Təşkilatıdır (İKT). İslam Konfransı Təşkilatı müstəqillik əldə etdikdən sonra inteqrasiya oldunduğumuz ilk regional səviyyəli təşkilatdır. Bu təşkilat Asiya və Afrika regionunun 50 müsəlman ölkəsini özündə birləşdirən dövlətlərarası təşkilatdır.

Ölkəmiz müstəqillik əldə etdikdən sonra, 1991-ci ilin dekabr ayının 8-dən həmin təşkilatın üzvüdür. Həmin vaxtdan bu günə kimi də iştirakçı ölkə kimi İKT-nın bütün samit və konfranslarında fəal iştirak edir və qəbul olunan qətnəmələrin tələblərindən irəli gələn məsələləri yerinə yetirir. Bundan əlavə Azərbaycan İKT-nın iqtisadi və ticarət, sosial və mədəni istiqamətli yerli, regional və beynəlxalq səviyyəli komitələrində fəal təşkilati fəaliyyət həyata keçirir.

İslam İnkişaf Bankı və İslam Həmrəylik Fondu ilə Azərbaycanın millli iqtisadiyyatının üç müxtəlif sahəsinə invesyisiya vəsaitləri və kapital qoyuluşları yatırmışlar. Beləki, həmin xarici kapital və investisiya vəsaitləri kənd təsərrüfatının inkişafı üçün əsasən meliorasiya və su təsərrüfatı sahəsinə yönəldilmişdir. Mil-Muğan kollektorunun və Samur-Abşeron kanalının yenidən qurulmasına 1997-ci ildə müvafiq ardıcıllıqla 5,0 milyon dollar və 867,2 milyon dollar kredit ayrılmışdır. Azərbaycan dövlətinin dünya iqtisadiyyatına inteqrasiyasında İqtisadi Əməkdaşlıq Təşkilatının (EKO) da xüsusi rolu vardır. Təşkilata aşağıdakı ölkələr daxildir:

1. Azərbaycan Respublikası;

2. İran İslam Respublikası;

3. Türkiyə Cumhuriyyəti;

4. Əfqanıstan;

5. Pakistan;

6. Qırğızıstan;

7. Özbəkistan;

8. Türkmənistan;

9. Qazaxıstan;

10. Tacikistan.

Onu da qeyd etmək lazımdır ki, Şimali Kipr Türk Respublikası təşkilatın texniki komitələrinin təşkil etdiyi tədbirlərində səs vermək hüququu olmadan iştirak edə bilər. Təşkilatın baş katibliyi İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yerləşir. İqtisadi Əməkdaşlıq Təşkilatına rəhbərlik etmək üçün hər 4 ildən bir təşkilata üzv olan dövlətlərin nümayəndələri arasından Baş katib seçilir. İqtisadi Əməkdaşlıq Təşkilatının tərkibidə proqram, tədbir və layihələrinin icrasına fəaliyyət həyata keçirən 8 komitə nəzarət edir. Bu komitələrdə iştirakçı ölkələrin inkişaf perspektivlərində mühüm rol oynaya bilən layihə və proqram standartları işlənib hazırlanır, onlara uzunmüddətli inkişaf perspektivlərini, region dövlətləri üçün əhəmiyyətə malik olan prioritet sahələrini müəyyənləşdirir.

 

MDB çərçivəsində gözlənilən ümidlər

 

Azərbaycan Qara dəniz İqtisadi Əməkdaşlığının (QİƏ) təsisçilərindən biridir. 1991-ci ildə SSRİ-nin dağılmasından sonra o vaxt ki, Rusiya SSR-sinin təşəbbüsü və təşkilatçılığı ilə Minskdə Müstəqil Dövlətlər Birliyi yaradılmışdır. Bu qrupa münasibət Azərbaycan Respublikasında birmənalı deyildir. Çünki o dövrdə SSRİ-nin tərkibində olan bəzi respublikalar Müstəqil Dövlətlər Birliyinə daxil olmağa qəti etirazlarını bildirmiş (Baltikyanı respublikalardan Latviya, Litva və Estoniya), digərləri tərəddüdlü mövqeyində qalmışlar. Rusiyanın özündə də MDB-yə münasibət və onun gələcəyinə ümid müxtəlifdir, çünki MDB olduqca böhranlı, problemli və mürəkkəb olan inteqrasiyadır. Azərbaycan 4 iyun 1993-cü il hadisələrindən sonra həmin ilin sentyabrın 20 - də MDB üzvü olmuşdur. MDB yaradıcıları belə hesab edir ki, Moskvanın nüfuzunu artırmaq və milli dövlətlərin fövqündə duran qurumlar yaratmaq, gələcəkdə SSRİ - ni bərpa etmək üçün inteqrasiyadan istifadə etmək lazımdır. Digər qrupa görə, MDB - yə daxil olan dövlətlər arasında əlaqələri imkan daxilində federativ əsasda qurmaq lazımdır ki, gələcəkdə onun təməlində SSRİ - ni bərpa etmək mümkün olsun. Sonuncu qrup isə müasir dünyada gedən milli dövlətçilik və inteqrasiya proseslərini dərk edərək MDB-yə müyafiq ölkələrin inteqrasiyası kimi baxır. Mövcud şərait sonuncu qrupun istəklərini ön plana çıxarır. Yaxın qonşularımız olan və geniş iqtisadi əlaqələrimizin olduğu Rusiya, Gürcüstan, Orta Asiya dövlətləri ilə regional əməkdaşlıq məsələlərini də diqqətdən qaçırmaq olmaz. Yaxın xarici ölkələrlə müxtəlif səviyyəli əlaqələrin qurulması zəruridir. Bu Konsepsiya xarici siyasətdə iqtisadi amilin gücləndirilməsinə səbəb olmuşdur və Azərbaycanın beynəlxalq aləmdəki bütün fəaliyyətinin tərkib hissəsinə çevrilmişdir.

 

Dünya Birliyi ilə münasibətlərdəki düzgün hədəflər

 

Azərbaycan 1992-ci ildən Beynəlxalq Valyuta Fondunun və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının üzvüdür. BVF-nun Bakı şəhərində nümayəndəliyi fəaliyyət göstərir.

Azərbaycan XXI əsrin astanasında beynəlmiləşmə və inteqrasiya proseslərinidəki öz inkişafını davam etdirməklə yadda qaldı və yeni əsrdə də bu inkişaf tempindəki naliyyətləri ilə davam etdirdi. Beləki, 2001-ci ilin yanvar ayının 27-sində Avropa Şurası Parlament Asambleyasına 43-üncü dövlət kimi üzv qəbul olunmuşdu. Baxmayaraq düşmənimiz Ermənistan da həmin ildə Avropa Şurasına üzv qəbul olunmuşdur (44-üncü yerdə), onu da qeyd edək ki, Azərbaycan Respublikası Ermənistandan daha qabaq üzv qəbul olunmuşdur. Bunu Azərbaycan iqtisadiyyatının regional iqtisadi inteqrasiyada gercəkləşmiş uğuru kimi göstərmək olar. Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasının bir istiqaməti də ölkəyə xarici kapital ixracıdır. Ölkəmizdə investisiya qoyuluşlarının hüquqi və iqtisadi prinsipləri müəyyən edilmişdir. Qanunçuluq Azərbaycan iqtisadiyyatında xarici maddi və maliyyə ehtiyatlarının, qabaqcıl texnika və texnologiyaların, idarəetmə təcrübəsinin cəlb olunmasına, onlardan səmərəli istifadə olunmasına yönəlmişdir və xarici investorların hüquqlarının müdafiəsinə təminat verir. Xarici kapitalın cəlb olunması üçün edilən güzəştlər ölkəyə investisiya axını üçün təməl qoymuşdur. İqtisadi İnkişaf Nazirliyinin proqnozlarına əsasən Azərbaycanın ildə təxminən 20 - 25 mlrd. dollarlıq xarici kapitala ehtiyacı vardır.

“Əsrin müqaviləsi” olan məlum neft kontraktlarından sonra milli iqtisadiyyatın inkişafının neft amili üzərində qurulması təzahürləri müşahidə olunmalıdır. Belə ki, ölkəyə daxil olmuş xarici kapitalın mühüm hissəsi neft müqavilələri ilə bağlıdır. Azərbaycan xarici investisiyaların cəlb edilməsi sahəsində bəzi tədbirlərin həyata keçirilməsi zərurətini üzə çıxarmışdır. İlk növbədə, dövlətin apardığı iqtisadi siyasətdən asılı olaraq, maraq və məqsədlərini tam ifadə edən dövlətin marağı ilə tarazlaşdırılmış ümumi investisiya proqramı hazırlanmalı və bu proqramı həyata keçirən səlahiyyətli dövlət orqanı yaradılmalıdır. Bu proqramın həyata keçirilmə metodları aydınlaşdırılmalı və iqtisadiyyatın bütün sahələrinə kapital qoyuluşu istiqamətində fəaliyyət göstərilməlidir. Xarici dövlətlərin investisiya təcrübəsi təhlil olunaraq ondan istifadə olunmalıdır. Ölkədə özəlləşdirmə prosesi sürətləndirilməli, sabit investisiya mühiti yaradılmalıdır.

Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasının mühüm istiqamətlərindən biri də onun beynəlxalq iqtisadi təşkilatların işində iştirakıdır. Ölkənin İKT, Qara Dəniz İqtisadi Əməkdaşlığına, EKO-ya, Beynəlxalq Bərpa və İnkişaf Bankına, MDB-yə, İslam İnkişaf Bankına və bir sıra başqa beynəlxalq təşkilatlara üzv olması, onlarla müvafiq əlaqələrin yaradılması və əməkdaşlıq etməsi dünya iqtisadiyyatında inteqrasiyanın uğuru kimi qiymətləndirilməlidir.

İqtisadi həyatın beynəlmiləlləşməsi, Azərbaycanın ağır şərtlər altında gedən müasir dünya ilə inteqrasiyasının bütün istiqamətləri yeni imkanlar yaratmaqla yanaşı, yeni problemlər, bəzən də təhlükələr yaratmaqdadır. Bu imkanlardan səmərəli istifadə edilməsi, mövcud problem və təhlükələrin vaxtında aşkara çıxarılıb öyrənilməsi bu gün Azərbaycan üçün həyati əhəmiyyət kəsb etməsi zərurətindən gündəmdə olan məsələlərdəndir.

 

Hürriyyət.- 2019.- 15-17 iyun.- S.14.