Musa Yaqub poeziyasında zaman anlayışı

 

Bu gün görkəmli şair Musa Yaqubun poeziyası haqqında yeni Söz demək mənim üçün çətindir - fikrimin həqiqi mənasında. Etirafı o oxuculara xatırladıram ki, vaxtilə şairin yaradıcılığı mənim yozumumu bir kitab halına gətirdi və yazdım, yüngülləşdim. Təkrara qayıtmağın bir imici özünütəkrardır. Digəri, təkrarın içində gözdən-nəzərdən qaçmışları görməkdir. Əslində əgər ədəbiyyatçı xeyli fasilə vermişsə, xüsusilə, şairin ömrünə yeni illər "qonaq" gəlibsə, bu çağlar özünə xas ab-hava gətiribsə, elə ədəbiyyatçının da ovqatını özünə tabe edir. Musa Yaqub poeziyasına həmişə qayıtmaq lazımdır, çün onun şeirlərinin səsi hansısa özgə Planetdən gəlir, meteor daşına çevrilir, lakin Yer planetinə düşmür, hey dolanır bu səs dağlara, qayalara, daşlara, ağaclara... düşür, budaqlarda çiçəkləyir, yarpaqlarda toxdayır. Vaxtilə "Bu dünyanın qara daşı göyərməz", "Əhəng daşı", "Bir günah sənin...", "Dağlar çox qəribə olur gecələr", "Anamın məzarına laylay", "Atamın xatirəsinə" şeirləri yazılıb, barəsində söz deyilib. Daş - kristal parçası fiziki ölçüsünü itirib fəlsəfiləşmişdir fikir tutumunda. Xatırladığım şeir haqqında sözümü bəzi misraları pıçıldadım:

 

Leyləklərin çöp yuvası boş qalıb,

Bahar gedib, payız gəlib, qış qalıb.

Göy çəməndə ocaq yanıb daş qalıb,

Bu dünyanın qara daşı göyərməz.

 

o da yadıma düşdü ki, bu məşhur yozumlu şeirin yazılması haqqında Musa Yaqubla görüşlərimdə nəsə soruşmadım, necə qavramışamsa, elə təhlil etmişdim. Xeyli qabaq dəyərli ziyalı, qələm adamı Qorxmaz Şıxalıoğlunun şairlə müsahibəsində şeirin yaranma tarixinə aid verdiyi sualı belə cavablandırmışdı: "Tarixi var. Onda mən Əhmədlidə yaşayırdım. Mən yaşayan evin qarşısında böyük əhəng karxanası vardı. Onun şöləsi düşürdü bizim pəncərəmizə. Hər gecə səhərə yaxın oyananda durub ona baxırdım. Heç daşı da yandırarlar? Heç daş da yanar? Daşı o əzabla yandırırdılar. İlahi, bu olan şeydir? Əgər daşı yandırıb əhəngə döndərə bilirlərsə, demək dünyada hər şeyi yandırmaq olar. "Əhəng daşı" şeirini yazdım". Şair birinci şeirin adını çəkməsə , assosiativlik, eyniköklülük var hər iki şeirində...

Musa Yaqub elə şairdir ki, onun ilk şeirilə son (hətta bizim oxumadığımız) şeirinin tarixini ayırmaq qeyri-mümkündür - dəqiq qənaətimdir. Bir az paradoksal görünməsin: gələcək ekspertlərin işi çox çətinləşəcək; ona görə ki, ilahidən gələn poetik istedadlar bir şeiri yazandan sonra həmin şeir müəllifindən asılı olmayaraq ölür (dırnaqsız)! Eləcə sonra yazılanlar da! yenisi doğulur. Mən fikrimə şübhəli yanaşıb, ilk son şeirlərini yenidən oxudum: o ritm, o intonasiya, lirizm. Səbəbləri çoxdur. Şair şeirlərinə daxili sualla başlayır yazılacağına bəlkə ümid bəsləmir - dahi şairlərin psixologiyasından gəlir. Yox, əgər "şeir mütləq yaranacaq" inamı varsa, şeir alınmayacaq. Axı, şeir təxəyyülün gücü belə çatmayan pıçıltıdır.

"Ömür şeiri" silsiləsindən bu şeiri oxudum.

 

Hanı o dünyanın dağ tərəfləri,

Qızıldaş qayanın tac tərəfləri?

Ayağım dəyməmiş bir daş qalmadı,

Heyif, gücdən düşən o ayaqlara!

Çayına çiyindaş, daşına yoldaş,

Heyif ömrümdəki o ortaqlara,

Özüm ola-ola, özüm olmayan,

Heyif, yaylaqlara, ulu dağlara.

 

Əgər mən bu şeirin əsl tarixini (2015) on-on beş il əvvələ aparsaydım, heç bir oxucu şübhələnməzdi.

 

Musa Yaqubda iddialı əyilməz "Mən" anlamı şəxsiyyətinin meyarıdır onu tanıyanlara bəllidir, necə ki, mən onu gəncliyimdən tanıyıram. Sadalamaq fikrim yoxdur; şair özünə bir həqiqət etalonu kimi baxır, çün özünü daha yaxşı tanıyır çox-çox əvvəllər xatırlatmışdı. Budur, "Məni arama" yazıldı "Mən"in israrında:

 

Bu gün qalacağam özüm olmağa,

Torpağın çiçəkli üzü olmağa.

Qalıram bir çeşmə gözü olmağa,

Sən Allah, bu dəfə məni aparma.

 

Həm varam, həm yoxam - belə gəlmərəm,

Qayıdıb özümə hələ gəlmərəm.

Bu gün kəpənəyəm, ələ gəlmərəm.

Sən Allah, bu dəfə məni aparma.

 

son misralar:

 

Bizim əlimizdə qurama dünya,

İçində öz qurdu barama dünya.

Salıb ipək tora aparma dünya,

Sən Allah, bu dəfə məni aparma...

 

Şeirin fəlsəfəsi bir yana, şairin fiziki-poetik hikməti sonsuzluğa zəmanət verir. Niyə belədir? Ona görə ki: poetik fakt yenidən doğulur rəmziləşir, xırda nəsnələr bütövləşir ümumi çəkidə məkanlaşır. Bu məziyyətlər Musa Yaqubun poeziyasına xasdır. Son şeirlərini xüsusi ovqatla yazan şairi əbədi mübhəm anlamlar düşündürür, necə ki, gəncliyində M.Yaqubun sevgi şeirlərində bir həsrət, ünsiyyət, umu-küsü... motivləşirdi, oxucunu da xatirələrə aparırdı. Şairin sevgidən ətirlənən, çiçəkdən bal çəkən, öpuşdən xumarlanan şeirlərini unutmaq çətindi. Son şeirlərində o həsrət (bu, insanda ölürsə, şeirin özü ölü doğulur dəfn olunmur) yaşayır, lakin fəlsəfiləşir o məqamlarda - ömürlə üz-üzə gəlir şeir iki ömrün ortasında çırpınır. bir anın sevincində sevgi qüruba dönür - bax, bu xəyali görüşdə şeir yaranır, ancaq necə hansı deyimdə. Musa Yaqub "O baxış idi" şeirində oxucunu duyuq salsa da, duyğuları oyadır, hisslərinə haqq qazandırır:

 

Mən düşdüm tilsimə, sehrə - bilmədim,

Baxışına cavab verə bilmədim.

Bəlkə gözlərini gözüm tutmadı,

Yerimək istədim, dizim tutmadı.

 

Əlimi üzümə çəkirəm hərdən,

Bir görüm qalıb o od nəzərdən.

 

Həmin şimşək vuran qarağac kimi,

Yonulub qalmışam, yanıb qalmışam.

Bəlkə ağac-heykəl olub qalmışam,

"Atdı müjgan oxu dəydi sinəmdən",

O müjgan oxunu alıb qalmışam.

 

Vallah, ani oldu qəfil, çox ani,

Sən hardan gəlirdin, hara getmisən?

Mən burda neyləyim, gözüm qurbanı?

 

Bu misralar mənə vaxtsa yazılmış "Həsrət adası" xatırlatdı. Həmin ovqat duyum, amma şeirin "dayaq nöqtəsi" - davranışı assosiativdir. O şeirdən bəzi misraları nəzərə çatdırıram ki, çağdaş oxucu Musa Yaquba daha fərqli yanaşarlar:

 

Mən səni pərişan qoyub getmişəm,

Payız günəşinin şüası kimi.

Yəqin çatmaz sənə yalvarışlarım,

Bəndənin Tanrıya duası kimi.

 

Mən səni pərişan qoyub getmişəm,

Sahibsiz bir kəklik yuvası kimi.

Ruhumda bir qərib nida sızıldar,

O ana kəkliyin nəvası kimi.

 

... Mən səni pərişan qoyub getmişəm,

Sən orda bir həsrət adası kimi.

Mən burda könlümü söküb-tökmüşəm,

Baharda bir daşqın adası kimi.

 

Vaxtilə əbəs yazmamışdım: "M.Yaqubun "Həsrət adası" şeirinin yaşı məni maraqlandırmır"...

 

Daha mən xatirə çözələmirəm,

Köhnə dərdlərimi təzələmirəm.

 

Bir izim qalmaz çaylar daşında,

Sel coşar üstümdən, daş atar məni.

O köhnə dərdlərim bağrım başında,

Sızlaya-sızlaya yaşadar məni.

 

Əlim ki, o ələ yetişməyəcək,

O sınıq güzgü ki, bitişməyəcək,

Olmuşda daha təsəlli gəzim?

Xatirə yazmağa, yuxu yozmağa,

Heç qulaq asmağa yoxdu həvəsim,

Hanı cəmiyyətin cəm tərəfləri?

Yaşayış tapmağa çəm tərəfləri?

 

Musa Yaqub payıza tez-tez üz tutur, bunu iki tərəfə yozmaq təbiidir, nəinki yaradıcı adamlar da, adi peşə sahibləri də bu hissi yaşayırlar. Əlbəttə, şairlərdə payız fəslinə qəribə yönüm var: ən yaxşı ovqatına qoşulub, saralmış yarpaqların tökümü, torpağa özlərini tapşırması - kimsəsizliyi, üstəgəl, küləyin budaqlara "ağı" pıçıltısı, bəlkə də peşimançılığı. Payızın xatirələri oyatması. Axı, xatirələr həmişə uzaq illərdən gəlir: ünsiyyət, sevinc notları çox-çox sonralar həzin musiqiyə - rekviyemə çevrilir, şairdən asılı olmadan.

Musa Yaqub üçün "payız" məfhumu ömrün çon qılıncı kimi təsvirini tapmır. Adətən, şair payızlı günlərini "son şeir" kimi də vurğulayır. Necə ki, vaxtilə yazmışdı:

 

Sən xəzan etdiyin çəmənim həşəm,

Mən quzey ağacı ayağı darda.

Mən yoxam, canımı sənə vermişəm,

Harda saxlayırsan canımı, harda?

 

Yaxud:

 

Darıxsan, yanında saxla mehrimi,

Mehrimin yanında bu son şeirimi,

Oxu, zümzümə et, əlvidam olsun,

Bircə yol oxuyan qu quşu kimi -

Bu, mənim son nəğməm, son nidam olsun!..

 

Bəlkə haçansa bu şeiri oxuyan oxucu kövrələr, təəssüflənərdi. Axı "son" sözü ruhun son pıçıltısıdır. Amma elə deyil, şairlər payızı yola salır, ovqatından istifadə edib, yenidən "doğulur", yeni payız günlərini yaşayır.

 

(Ardı var)

 

Allahverdi EMİNOV

Pedaqogika üzrə fəlsəfə elmləri doktoru, dosent

 

Hürriyyət.- 2019.- 25-26 iyun.- S.13.