Azərbaycanın BMT ilə
əməkdaşlığının 27 illiyi
Dövlət müstəqilliyimizə
qovuşduqdan sonra ölkəmizin BMT üzvlüyünə qəbul
edilməsinin 27-ci ili tamam olub. 1992-ci il martın 2-dən bu
günə qədər tərəflər arasında əlaqələrin
xüsusi dinamika ilə inkişaf etdiyi ilə bağlı
ekspertlərin yekdil fikri vardır. Keçən müddətdə
bütün sahələr üzrə Azərbaycan bu
nüfuzlu beynəlxalq təşkilatla əlaqələrini
yüksələn xətlə inkişaf etdirib. Lakin müstəqilliyin
ilk illərində BMT ilə münasibətlərdə
problemlər mövcud idi. O dövrdəki rəhbərliyin
siyasi naşılığı və bir sıra dairələrin
təxribatçı fəaliyyəti nəticəsində
ölkəmiz bu beynəlxalq təşkilatla fəal əməkdaşlıq
edə bilmədi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə
qayıdışı ilə vəziyyət kökündən
dəyişdi. O zamandan bu yana Azərbaycanla BMT arasında əməkdaşlıq
həm sistemli xarakter aldı, həm də Azərbaycanın
müstəqil dövlətçilik maraqlarına tam cavab
verdi. Həmin kontekstdə Azərbaycan-BMT münasibətlərinin
geosiyasi aspektinin analizi üzərində bir qədər
geniş dayanmağa ehtiyac görürük.
Əməkdaşlığın
zirvəsinə doğru
Böyük
güclərin illərdir çarpışdığı bir
təşkilatda düzgün mövqe tutmaq və milli dövlətçiliyi
müdafiə etmək siyasi iradə, ustalıq və diplomatik
bacarıq tələb edir. Azərbaycan nəinki
hüquqlarını müdafiə edə bilirdi, hətta
dövlət olaraq tarixdən silinməsi təhlükəsi
ilə üzləşmişdi. Bunun səbəbi dolayı
yolla naşı rəhbərlik və havadarlarının ciddi
yardımı və istiqamətləndirmələri ilə
Ermənistanın aramsız olaraq Azərbaycan
torpaqlarını işğal etməyə
çalışması idi. 1993-cü ilin iyun ayına qədər
bu istiqamətdə Azərbaycan üçün çox əlverişsiz
bir vəziyyət yaranmışdı. Məhz bu cür
ağır, məşəqqətli və təhlükəli
dövrdə tədricən bütün istiqamətlərdə
dövlətin siyasəti sistemli və səmərəli
xarakter almağa başladı. Azərbaycanın yeni rəhbərliyi
aspektdə beynəlxalq təşkilatlarla, ilk növbədə
isə BMT ilə əməkdaşlığa çox
böyük önəm verdi. 1994 və 1995-ci illərdə
BMT tribunasından çıxış edən dövlət
başçısı Heydər Əliyev gənc Azərbaycanın
müstəqil xarici siyasətinin və demokratik dövlət
quruculuğu konsepsiyasının əsas məqamlarını
dünyaya bəyan etdi. Məlum oldu ki, Cənubi Qafqazda yeni
demokratik və sülhsevər bir dövlət yaranıb. Bu,
Azərbaycan-BMT münasibətlərinin perspektivindən xəbər
verirdi. Təcrübə göstərdi ki, rəsmi Bakı bu
təşkilatla əməkdaşlığa ciddi diqqət
yetirir və onun Nizamnaməsinə tam əməl edir.
Qeyd
etdiyimiz kimi, böyük güclər arasında öncədən
mövcud olan mövqe fərqliliyi bütün məsələlərdə
BMT-nin ədaləti müdafiə etməsinə əngəllər
törədirdi. Ermənistanın Azərbaycana təcavüzü
nəticəsində erməni silahlı qüvvələrinin
işğalı altında qalan torpaqların azad edilməsi məsələsi
dolaşıqlığa salındı. BMT bu məsələ
ilə bağlı dörd qətnamə qəbul etsə də,
indiyə qədər onlara əməl olunmayıb. Azərbaycanın
BMT-yə üzv qəbul olunmasının 27-ci ilində vəziyyətin
bu şəkildə qallması, təbii ki, ürəkaçan
deyil. Ölkə böyük ümidlərlə daxil
olduğu nüfuzlu beynəlxalq təşkilatın Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı qəbul etdiyi sənədləri icra edə bilməməsini
böyük üzüntü ilə qarşılayır. Bu,
birbaşa BMT-nin Nizamnaməsinin pozulması və beynəlxalq
hüquq normalarının tapdanmasıdır. Vəziyyətin
bu cür olmasında BMT Təhlükəsizlik
Şurasının üzvlərinin tutduqları mövqe az rol
oynamır. Bu səbəbdəndir ki, hələ 1995-ci ildə
BMT-nin 50 illik yubileyinə həsr olunmuş tədbirdə
çıxış edən dövlət
başçısı Heydər Əliyev təşkilatda
ciddi islahatların aparılması zərurətini
vurğulamışdı. Nitqində Ulu öndər xüsusi
olaraq qeyd etmişdi ki, geosiyasi qaydalar dünyada yeni əsaslara
keçməlidir və bu prosesdə BMT ayrıca rol
oynamalıdır. Xüsusilə BMT TŞ-nin fəallığı
və obyektivliyi yüksəldilməlidir. Çünki Təhlukəsizlik
Şurası beynəlxalq huququn əsas prinsiplərinin
pozulması faktlarına kollektiv reaksiya prosesinin sistemli olaraq
formalaşdırılmasında çox vacib funksiya yerinə
yetirməlidir. Həmin normaların pozulması isə beynəlxalq
sulhə və təhlukəsizliyə ciddi təhdiddir.
Çoxşaxəli əlaqələr:
reallaşan uğurlu proqramlar
Azərbaycanın
BMT ilə əməkdaşlığı yeni səviyyədə
sistemli xarakter aldı. Nəticədə, Azərbaycan BMT-nin
müxtəlif orqanları ilə səmərəli əməkdaşlıq
əlaqələri qura bildi. Ölkəmiz onun seçkili
orqanlarında, alt komitələrində,
ixtisaslaşmış və digər qurumlarında kifayət
qədər fəaldır. Azərbaycan 1995-ci ildən
başlayaraq BMT-nin çox sayda komissiya və şurasına
üzv qəbul edilib və orada kifayət qədər aktiv fəaliyyət
göstərir. Həmin komissiyalar sırasında UNESCO-nu,
UNICEF-i, ECOSOC-u, habelə Qadınların vəziyyəti
haqqında Komissiyanı, İnsan Hüquqları
Komissiyasını, Dünya Səhiyyə Təşkilatı
İcraedici Şurasını və başqalarını
göstərmək olar. Bunlardan başqa, Azərbaycan Atom
Enerjisi üzrə Beynəlxalq Agentliyin Heyətinə, BMT-nin
Təhlükəsizlik Şurasına və Ümumdünya
Turizm Təşkilatının İcra Şurasına üzv seçilib.
Azərbaycan BMT-nin Davamlı İnkişaf üzrə
Komissiyasının da üzvüdür. BMT-nin
ixtisaslaşmış və digər qurumları ilə də
yaxın əməkdaşlığı diqqəti çəkir.
BMT-nin İnkişaf Proqramı, Qaçqınlar üzrə
Ali Komissarlığı, Uşaq Fondu, Təhsil, Elm və Mədəniyyət
Təşkilatı, Sənaye İnkişaf Təşkilatı,
Ümumdünya Səhiyyə Təşkilatı ilə daim
inkişaf edən əlaqələri göstərə bilərik.
Azərbaycan UNESCO ilə də sıx əməkdaşlıq
edir. BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı
olan bu qurumla əlaqələr üzərində bir qədər
geniş dayanmaq olar. 1994-cü ildə prezident Heydər
Əliyevin sərəncamı ilə Azərbaycanın UNESCO nəzdində
Milli Komissiyası təsis edilib. Elm, təhsil və mədəniyyətin
dünya miqyasında əhəmiyyətini nəzərə
alaraq Azərbaycan rəhbərliyi bu prosesə xüsusi diqqət
yetirib.
1996-cı
ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd
Füzulinin anadan olmasının 500 illik yubileyi Parisdə –
UNESCO-nun qərargahında təntənə ilə qeyd
edilmişdi. 2000-ci ildə isə "Kitabi-Dədə
Qorqud" dastanının 1300 illik yubileyi orada təşkil
edildi. Bütövlükdə UNESCO-nun Yubileylər Proqramı
çərçivəsində onlarca yubiley tədbiri beynəlxalq
səviyyədə qeyd edilib. Azərbaycanın maddi-mədəni
irs nümunələri – İçərişəhər,
Qız qalası və Şirvanşahlar Saray Kompleksi və
Qobustan Qaya Sənəti Mədəni Landşaftı UNESCO-nun
Ümumdünya İrs Siyahısına daxil edilib. Bundan
başqa, Azərbaycan muğamı, aşıq sənəti,
Novruz bayramı, xalçaçılıq sənəti, eləcə
də tar və onun ifaçılıq sənəti Qeyri-maddi
Mədəni İrsin Reprezentativ Siyahısına
salınıb. Çovkən ənənəvi atüstü
oyunu da UNESCO-nun Təcili qorunmaya ehtiyacı olan Qeyri-maddi Mədəni
İrs Siyahısına daxil edilib. Bunlara bir sıra görkəmli
Azərbaycan alim, filosof və mədəniyyət xadimlərinin
yubileylərinin təşkil edilməsini də əlavə
etmək olar. Deyilənlər Azərbaycanın elm, təhsil və
mədəniyyət sahəsində BMT ilə əməkdaşlıq
etdiyini təsdiqləyən konkret faktlardır.
Yeni mərhələ: Siyasi iradə
və düşünülmüş əməkdaşlıq
kursu
2003-cü
ildə BMT Baş Assambleyasının 58-ci sessiyasında Azərbaycan
çıxış edən İlham Əliyev BMT Təhlükəsizlik
Şurasının şəraitə uyğun çevik və
adekvat münasibət göstərə bilməməsini qeyd
etmişdi. Bunun beynəlxalq aləmdə mürəkkəb
proseslərin cərəyan etdiyi dövrdə üzvlər
arasında qarşılıqlı
anlaşılmazlıqların meydana çıxması fonunda
baş verməsini və BMT TŞ-də müəyyən islahatların
zəruri olduğunu ifadə etmişdi. Konkret olaraq, İlham
Əliyev BMT mexanizmlərinin yenidən işlənməsinə
olan ehtiyacı açıq ifadə etmişdi. O cümlədən
Təhlükəsizlik Şurasının daimi üzvlərinin
veto hüququna yenidən baxılması təklifini irəli
sürmüşdü. Bundan bir il sonra prezident kimi İlham
Əliyev BMT Baş Assambleyasının 59-cu sessiyasında
(2004-cü ilin sentyabrı) çıxış edərkən
vurğulamışdı ki, "təkmilləşdirilmiş
Təhlükəsizlik Şurası daha geniş tərkibli,
daha çox məsuliyyətli və demokratik, onun iş metodları
daha şəffaf olmalı, XXI əsrin yeni təhdidləri,
riskləri və təhlükələrinə daha operativ
cavab verilməlidir".
Dövlət başçısı həmin sessiyada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin yerinə yetirilmədiyini diqqətə çatdırdı. Dövlət başçısı onların həyata keçirilməsinin BMT TŞ üçün vacib olduğunu ifadə etmişdi. Bundan sonra, oktyabrın 29-da BMT Baş Assambleyasının sessiyasında Azərbaycan nümayəndə heyətinin təşəbbüsü ilə "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı məsələ iclasın gündəliyinə salındı. Bu fəaliyyətin məntiqi nəticəsi olaraq Baş Assambleyanın 2006-cı il sentyabrın 7-də keçirilən 60-cı sessiyasının 98-ci plenar iclası və 2008-ci il martın 14-də keçirilən 62-ci sessiyanın 86-cı plenar iclasında "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət" adlı qətnamələr qəbul edildi. Bu sənədlərdə Təhlükəsizlik Şurasının məlum qətnamələrinə istinad edilir və göstərilir ki, Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin məskunlaşdırılması qəbuledilməzdir. Bundan əlavə, işğal edilmiş Azərbaycan torpaqlarında ermənilərin təxribatlar törətməsi, dağıntılar yaratması, təbiətə zərər vurması qətiyyətlə pislənilir.
Sülh və təhlükəsizlik üçün atılan addımlar
Azərbaycan-BMT əməkdaşlığında sülh və təhlükəsizlik məsələləri üzrə əlaqələr də xüsusi yer tutur. Azərbaycan BMT orqanlarında sülh və təhlükəsizlik məsələlərinə dair siyasi müzakirələrdə aktiv iştirak edir. Bakı BMT-nin mandatı ilə həyata keçirilən praktiki fəaliyyətə töhfə verir. Bu baxımdan Azərbaycanın BMT çərçivəsində terrorizmə qarşı aparılan mübarizədə fəal iştirakı ayrıca vurğulanmalıdır. Ölkəmiz BMT TŞ-nın Terrorizmə qarşı Komitəsi ilə yaxından əməkdaşlıq edir və ona Azərbaycanda terrorizmə qarşı mübarizə sahəsində görülən tədbirlər haqqında müvafiq hesabatlar təqdim edir. Azərbaycan-BMT münasibətlərindən bəhs edərkən Azərbaycan Respublikasının 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə Şərqi Avropa dövlətləri qrupundan namizədliyinin irəli sürülməsini unutmaq olmaz. Azərbaycan seçkilərdə 155 səs əldə edərək BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçildi. İlham Əliyevin sədrliyi ilə 2012-ci ilin may ayında Təhlükəsizlik Şurasının iclasının keçirilməsi Azərbaycanın diplomatiya tarixində əldə edilmiş ən böyük nailiyyətlərdən biridir. Bu, həm də Azərbaycanın beynəlxalq aləmdə çəkisinin artması və ayrılıqda BMT-də böyük etibar qazanmasının əlaməti idi. Azərbaycan sivil, demokratik və əməkdaşlığa üstünlük verən dövlət kimi BMT çərçivəsində siyasi, iqtisadi və mədəni sahələrdə həyata keçirilən proqramların bəşəriyyətin rifahına xidmət etməsi naminə də fəallıq göstərir. Bu məsələdə ölkəmiz geosiyasi, siyasi və təhlükəsizlik aspektləri arasında uyğunluq yaradılmasına çalışır. Məsələn, Azərbaycan BMT-nin davamlı inkişafa aid proqramlarında iştirak edir. Bu baxımdan 2015-ci il BMT sammitində növbəti 15 il ərzində (2030-cu ilə qədər) qlobal inkişafa dair bır sıra konkret hədəflərin (17 Davamlı İnkişaf Məqsədi üzrə 169 hədəf) müəyyən edilməsi xüsusi vurğulanmalıdır. Azərbaycanın bu istiqamətdə BMT ilə əməkdaşlığı iqtisadi artım, yoxsulluğun ləğvi, ərzaq təminatı, təhsil, ətraf mühit, gender bərabərliyi və s. kimi mühüm inkişaf məsələlərini əhatə edir. Şübhə yoxdur ki, həmin kontekstdə Azərbaycan-BMT əməkdaşlığı uzunmüddətli olacaqdır.
Beləliklə, BMT ilə Azərbaycanın əməkdaşlığı 27 ildir ki, yüksələn xətt üzrə inkişaf edir və güclənir. Bu, həm nüfuzlu beynəlxalq təşkilat üçün, həm də Azərbaycan üçün faydalıdır. Azərbaycan artıq dünyanın nüfuzlu təşkilatlarında öz yeri, rolu və müstəqil mövqeyi olan ölkə kimi qəbul edilir.
Hürriyyət.- 2019.- 25-26 iyun.- S.12.