Nəsimi haqqında metodik vəsait

 

Åy saqi, gətir dövr əyağını dövr åləsün kim,

Bu dövr əyağın dövrünü dövran bilir ancaq.

 

Könlüm gəmisin qərq ådə gör åşq dənizinə

Kim, bu dənizin bəhrini ümman bilir ancaq.

 

Håç kimsə Nəsimi sözünü kəşf ådə bilməz,

Bu, quş dilidir, bunu Sülåyman bilir ancaq.

 

Bu il Azərbaycan şairi, mütəfəkkir Seyid Əli Seyid Məhəmməd oğlu İmaməddin Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. Azərbaycanın ədəbi-mədəni fikir tarixinin bu əlamətdar hadisəsinin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidenti “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında”, həmçinin “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında” Sərəncam imzalamışdır.

Bu sərəncamlara müvafiq olaraq Azərbaycan Milli Kitabxanası da bir sıra tədbirlərin təşkili və nəşrlərin tərtibini nəzərdə tutmuşdur. Şairin yubileyinə həsr olunmuş ilk nəşr Respublikanın kütləvi və ixtisaslaşdırılmış kitabxanaları, Mərkəzləşdirilmiş Kitabxana Sistemləri üçün hazırlanmış “İmadəddin Nəsimi-650” adlı metodik vəsaitdir.

Vəsaitdə ilk olaraq hər iki sərəncam verilmiş, daha sonra Azərbaycan ədəbiyyatı tarixində bədii-fəlsəfi şeirimizin özülünü qoymuş, söz sənətimizi forma və məzmunca zənginləşdirmiş, özündən sonrakı nəsillər üçün ədəbi irs qoyub getmiş Nəsiminin həyat və yaradıcılığı haqqında ətraflı məlumat əks olunmuşdur.

Şairin irsinin təbliği ilə əlaqədar kitabxanalarda keçiriləcək tədbirlərə dair metodik tövsiyələr hissəsində kitabxanalara tədbirlər planı hazırlanması və buna müvafiq işlərin həyata keçirilməsi, şairin irsinin geniş oxucu kütləsi arasında təbliği və məsafədən asılı olmayaraq dünyanın istənilən yerində yaşayan nəsimisevərlərin bu ölməz irsdən istifadə etməsi sayt və sosial şəbəkələrdə “Böyük ideallar şairi Nəsimini tanıyaq, tanıdaq” adı ilə il ərzində Nəsiminin şeirləri, kitabları (əgər varsa, linki), haqqında yazılmış kitab və məqalələr, kitabxanada keçirilən tədbirlərdən qısa videoçarxlar, audio resurslar, eyni zamanda mövzu üzrə faydalı linklərin paylaşılmasının məqsədəuyğunluğu tövsiyə olunur.

İlk növbədə şairin 650 illik yubileyi və “Nəsimi ili” ilə bağlı elektron məlumat bazasının hazırlanması və keçirilən tədbirlər zamanı onlardan istifadə olunması tövsiyə edilir. Müntəzəm olaraq yenilənən, Nəsimi irsi ilə maraqlanan mütəxəssislərə, tədqiqatçı-alimlərə, eləcə də geniş oxucu kütləsinə şairlə bağlı müxtəlif sənədlərlə tanış olmaqda, bu resurslardan rahat istifadə etməkdə yaxından köməklik edə biləcək, “Rəsmi sənədlər”, “Şairin həyat və yaradıcılığı”, “Nəsimi və hürufilik”, “Görkəmli şəxslər İmadəddin Nəsimi haqqında”, Azərbaycan və xarici dillərdə “Əsərləri”, haqqında kitab, məqalə, dissertasiya və avtoreferatlar, “Nəsimi əlyazmaları dünya kitabxanalarında”, “Nəsimi bədii ədəbiyyatda və incəsənətdə”, “Xatirəsinin əbədiləşdirilməsi”, “Fotoqalereya” və “Videoqalereya” kimi bölmələrdən ibarət ola bilən elektron məlumat bazasını hazırlayarkən kitabxanaçıların öz kitabxana fondları ilə yanaşı, Milli Kitabxananın fondunda və elektron kitabxanasında olan resurslardan istifadə etmələri qeyd edilir.

Bu ölümsüz şeiriyyatı gənc nəsillərə daha yaxşı tanıtdırmaq, oxucuda bədii zövqü fîrmalaşdırmaq və ciddi mütaliəyə maraq yaratmaq üçün şairin yaradıcılığına həsr olunmuş “Nəsimi dünyası” adlı poeziya gecəsinin, Nəsimi şeirləri üzrə “Ən yaxşı qiraətçi”, həmçinin Nəsimi irsinin təbliği ilə yanaşı, uşaq və gənclərdə yaradıcılıq istedadlarının aşkarlanmasına və onlarda yazı mədəniyyətinin inkişafına müsbət təsir göstərən esse müsabiqəsinin, şairin lirik şeirlərinin oxucular tərəfindən daha yaxşı mənimsənilməsi üçün ədəbi diskussiyaların keçirilməsi, kitabxanalarda Regional Mədəniyyət İdarələri və digər təşkilatlarla birgə regionlararası və ya region daxilində “Avropa şərqşünasları Nəsimi haqqında”, “Nəsimi ədəbi irsinin tədqiqi məsələləri”, “Nəsimi əlyazmaları dünya kitabxanalarında”, “Nəsimi və Azərbaycan dili” və s. mövzular ətrafında virtual dəyirmi masaların təşkili, şairin həyat və yaradıcılığına, onun ölməz irsinə həsr olunmuş buktreyler – qısametrajlı filmlərin hazırlanması tövsiyə olunur. Kitabxanaçılar “XIV əsrdə Azərbaycanda ictimaisiyasi vəziyyət və Nəsiminin ədəbi mühiti”, “Nəsimi fəlsəfəsi”, “Nəsimi yaradıcılığında Quran motivləri”, “Aşıq poeziyası və Nəsimi yaradıcılığı” və s. mövzular əsasında müsabiqə elan edə, gənc oxucuların yaradıcılıq fəaliyyətini stimullaşdırmağa kömək edən, onlarda bu dərin fəlsəfi dünyagörüşün əsl mahiyyətini dərk etməkdə faydalı olan buktreylerlərin hazırlanmasına həvəsləndirə bilərlər.

Həyata keçiriləcək digər maraqlı tədbirlər kimi yubiley ilində olduqca faydalı olacaq “Kitab karvanı”nın təşkili, Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş informativ xarakterli videoçarxların hazırlanması, informasiya xarakterli nəşrlərin - əsərlərinin tövsiyə ədəbiyyat siyahısı, buklet, əlfəcin, “Nəsimi əlyazmaları Türkiyə mənbələrində”, “Nəsimi dilinin frazeologiyası”, “Nəsimi yaradıcılığında kamil insan obrazı” və s. mövzularda daycestlərin hazırlaması, il ərzində xidməti ərazidə yerləşən müxtəlif mədəniyyət və təhsil müəssisələri, istirahət mərkəzləri və xəstəxanalara, yaşlı və fiziki qüsurlu şəxslərin evlərinə səyyar xidmət təşkil edərək Nəsimi şəxsiyyətini, onun zəngin irsini oxucular arasında geniş təbliğ etmələri tövsiyə olunur.

Əlavə kimi ümummilli lider Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, şair, dramaturq, Əməkdar incəsənət xadimi Abdulla Şaiq, Xalq şairi Rəsul Rza, Xalq yazıçısı, akademik Mirzə İbrahimov, akademik Həmid Araslı, akademik Məmməd Arif Dadaşzadə, akademik Bəkir Nəbiyev, akademik İsa Həbibbəyli, akademik Kamal Abdulla, akademik Teymur Kərimli, akademik Gövhər Baxşəliyeva, akademik Nizami Cəfərov, akademik Rafael Hüseynov, filologiya elmləri doktoru, professor Əliyar Səfərli, Xalq yazıçısı Elçin, filologiya elmləri doktoru, professor Mirzağa Quluzadə, filologiya elmləri doktoru, professor Buludxan Xəlilov, Xalq artisti, professor Firəngiz Əlizadə, Xalq artisti Azər Paşa Nemətov, alman alimi, nəsimişünas Mixael Hess, ABŞ yazıçısı Cozef Nort, fransız yazıçısı, şair, ictimai xadim Lui Araqon, akademik (Tacikistan) Bobocan Qafurov, rus şairi Sergey Vasilyev kimi görkəmli şəxslərin şair haqqında dəyərli fikirləri verilmişdir.

 “Nəsimi bədii ədəbiyyatda” adlı bölmədə Əli Kərimin “Şəhidliyin zirvəsi” (1969), Əliağa Kürçaylının “Nəsimi” (1972), Qabilin “Nəsimi” poemasından bir parça (5 aprel 1964 -10 may 1973), Rəsul Rzanın “Son gecə” poeması (ixtisarla) (1973-1974), “Ədəbiyyat” hissəsində müxtəlif dillərdə (Azərbaycan, türk, rus, ingilis) vəsaitin hazırlanmasında istifadə olunmuş şairin əsərləri və haqqında yazılmış əsərlərin biblioqrafik təsvirləri verilmişdir.

 

Aygün Hacıyeva,

Azərbaycan Milli Kitabxanasının

şöbə müdiri, AMEA-nın doktorantı

 

Hürriyyət.- 2019.- 13 mart.- S.13.