Yaxın tarixi hadisələr...

 

Adıgözəl Məmmədovun N. Nərimanov araşdırmaları

 

əvvəli ötən sayımızda

 

Ümumiyyətlə, bütün bunların təməlində insanın psixi – ruhi vəziyyəti dayanır. Məhz Nərimanova bu yöndə yanaşma hələ olmayıb. Nərimanovun həyat və yaradıcılığının tədqiqatçıları bu cəhətlərin araşdırılmasına, müəyyən qənaətlərə gəlinməsinə daha çox səy etməli idilər. Bu və ya digər tanınmış şəxsiyyətin ömrü, yaradıcılığı ilə bağlı tədqiqatçıların gəldiyi qənaətlər həm də psixoloji yöndən qiymətləndirildikdə bu, tədqiqatın hər mənada çəkisini artırmaqla yanaşı, digər tərəfdən də, onun oxucu tərəfindən yaxşı anlaşılmasına zəmin yaradır.

Nərimanovun çoxsahəli fəaliyyətinə bu prinsiplərlə yanaşıldıqda suallar meydan çıxır: “Bu sualların da əsasında o dayanır ki, niyə Nərimanov Azərbaycanın, həmçinin digər türk cümhuriyyətlərinin sovet imperiyasının tərkibinə daxil olmasının tərəfdarı kimi çıxış etdi, həmçinin də millətçilik yönümündə fəaliyyət göstərdi? Bütün bu amillər bizi daha dərindən düşünməyə, ilk növbədə, o dövrün ictimai – siyasi vəziyyətini dərindən araşdırmağa və müəyyən nəticəyə gəlməyə vadar edir. Ötən yüz ilin ilk onilliklərində Azərbaycanda, Türküstanda, Osmanlı imperiyasının həyatında baş verən gərgin məqamlar bütövlükdə dünyanın türk millətinə qarşı apardığı oyunların əsl mahiyyətini anlamaq üçün bizdə aydın təəssürat yaradır. Sanki bütün türklərə qarşı bir səlib yürüşü elan edilmişdi. Türkü sevməyənlər, ilk növbədə, Osmanlı imperiyasını çökdürmək, onu tamamilə yox etmək arzusunda idilər. O dövrdə Azərbaycan aydınları içərisində ümumən türkü gözləyən təhlükələrlə bağlı aydın, konkret təsəvvülərin formalaşması ilə yanaşı, bu məsələdə fikir ayrılıqları da vardı. Bu dövrdə Osmanlı imperiyasında təəssüf ki, türkçülük amilindən uzaqlaşma meyilləri də vardı”.

O dövrün sürətlə dəyişən hadisələri Nəriman Nərimanovun siyasi fəaliyyətinə də güclü təsir göstərir. Əgər o dövrdə geopolitik vəziyyət dəyişilməsəydi, bəlkə də Azərbaycan Demokratik Cümhuriyyətinin yaradılması belə sual altında qalacaqdı. O dövrdə Almaniya Osmanlı imperatorluğu ilə birlikdə Antataya qarşı mübarizə aparırdı. Antanın üzvü olan Fransa, İngiltərə və Rusiya kifayət qədər güc sahibləri idilər. Hətta Rusiya Qarsı, Ərzurumu, Bitlisi də işğal etmişdi. Rusiyada bolşeviklərin hakimiyyət başına gəlməsindən sonra vəziyyət tamamilə dəyişdi. Almaniya Şərq cəbhəsində sürətlə irəlilədi. Türkiyə Almaniyanın tərəfdaşı kimi ona çatası payı istəyirdi. Brest – Litovsk müqaviləsində göstərirdi ki, almanlar türklərin Bakıya girməsinin qarşısını alacaq. Amma Qafqaz İslam İslam ordusunun ciddi səyi nəticəsində bu baş tutmadı. 1920-ci ilin aprelində XI Qırmızı ordunun başında türk övladı Nəriman Nərimanov Bakıya gəlir, Azərbaycan Demokratik Cümhuriyyətinin süqutunda və hakimiyyətin bolşeviklərə, Moskvaya təslim edilməsində iştirak edir. Burada Nərimanovun rolundan daha çox o dövrün tarixi şəraiti, nəzərə alınmalıdır. Nə qədər qəribə səslənsə də, o dövrdə təbii olaraq Azərbaycan ziyalıları türk millətinə xidmət üçün sanki hərəsi bir təşkilatda qərarlaşmışdılar. Nəriman Nərimanov bəlkə də taktiki cəhətdən düz fikirləşirdi, lakin strateji səhvi isə məhz onda idi ki, milli dövlətçiliyimizi Rusiyanın içərisində mövcud olmaqda görürdü. Hər halda, buna tərəddüd etmədən Nərimanovun faciəsi demək olar. Amma Nərimanov millətimizin düşməni olmayıb, o, bu faciəvi səhvini artıq İnqilabi Şuranın sədri olduqdan sonra rastlaşdığı təklənmə məqamında dərk etdi. Ayıldı ki, artıq ətrafında onu anlayacaq bir kəs belə yoxdur. Faciəvi gedişat Əliheydər Qarayevlə Nəriman Nərimanovun münasibətlərinin gərginləşməsi fonunda daha da ziddiyyətli xarakter aldı. Hər iki türk kökənli şəxsin münasibətlərini ətrafdakılar mümkün qədər daha da pozmağa çalışırdılar. Bu zaman Nərimanov artıq, şübhəsiz, vəziyyətin və özünün faciəviliyini aydın dərk edir.

Mustafa Kamal Atatürklə Nəriman Nərimanovun münasibətlərinə gəlincə, onların siyasətlərində ümumi çalarlar mövcuddu. Şübhəsiz, bu şəxslərin arasında əlaqələndiricilər vardı. Bəlkə də Nərimanovun Ankara ilə Moskvanın yaxınlaşmasında böyük rolu olub. Şübhə yoxdur ki, Nərimanov müəyyən dövrdə Moskvanı Ankaraya dəstəkçi, Atatürkə yardımçı olmağa inandıra bilib. Hesab edirəm ki, Nərimanovun bu xidmətini nəzərdən qaçırmaq olmaz.

Temperament baxımından Nərimanovun daha çox melanxolik tipə yaxın olduğunu, müəyyən addımlarda qətiyyətsizliyini müşahidə etmək mümkündür: Məsələn, o, Zəngəzurun taleyinin həllində, bəlkə də, daha ardıcıl iradə göstərsəydi, bu məsələdə üstünlük qazana bilərdi. Çünki Nərimanov o dövrdə bolşevizmin üzdə olan nüfuzlu fiqurlarından biri idi. Nərimanov məhz müəyyən məqamlarda qətiyyətsizliyi səbəbindən Kremldə baş varən intriqalar zamanı güc nisbətini düzgün təyin edə bilmədi. O, Kremldə aparılan oyunların arxasında hansı güclü oyunçuların dayandığını aydınlaşdıra, aydın dərk edə bilmədi. Kənara çəkildi, bu zaman onun haradasa “lazımsızlığı” meydana çıxdı. Əslində Nərimanovu Kremlə aparmaqla onun əl – qolunu bağladılar. Bəziləri deyirlər ki, Nərimanov əxlaqlı siyasətçi idi. Təəssüf ki, o, fitri siyasətçi deyildi, haradasa praqmatizmdən çox romantizmə meyilli idi. O, özünü bütövlükdə axına qarşı qoymuşdu. Faktiki olaraq1922-ci ildən sonra dövlətin rəhbəri Stalin idi. Leninin şüuru bu dövrdən başlayaraq artıq özündə deyildi. Nərimanov isə Leninə Stalindən şikayət məktubu yazırdı. Onun buraxdığı səhv göz qabağında idi. O dövrdə Kremli ələ almış qafqazlıların – Stalinin, Orconikidzenin, Mikoyanın və başqalarının yəhudi mənşəli kommunistlərə qarşı mübarizəsi başlamışdı.

Nərimanov zahirən “qafqazlılar dairəsi”nə daxil idi. Lakin burada da o, qərib idi: “Artıq müəyyən dövrdən sonra Nərimanovun bu qrupa “lazımsızlığı” meydana çıxmışdı. Hər halda, bu dövrdə onun dərin, psixi, ruhi sarsıntı keçirdiyini də təxmin etmək mümkündür. O, artıq düşdüyü durumun çıxılmazlığını gözəl anlayırdı. Onun səhvi ideoloji prinsiplərə ürəkdən inanması, onlara söykənməsində idi. Düzdür, o, axıra kimi peşman olmamışdı, yenə də sosializm ideyalarına inanırdı. Məlumdur ki, siyasi intriqalarda müəyyən bir mövqedə dayanmaq lazımdır. Nərimanov isə bu intriqalarda, demək olar ki, iştirak etmirdi.

Nərimanovun Mir Cəfər Bağırovla münasibətlərinə gəlincə, Bağırovun tərcümeyi halını araşdırarkən bir fakta rast gəldim. Bağırov Həştərxanda olarkən, yəni 1920-ci ildə iki dəfə nə iləsə əlaqədar Həştərxandan çıxıb. O, bu dövrdə anasının xəstə olmasını əsas gətirib, guya onu yoluxmağa gedibmiş. Amma sonra bildirib ki, Həştərxandan təlimat alıb, Uzaq Şərqə gedibmiş, Nərimanov onunla Həştərxanda rastlaşıb və görüşüb. Məncə, Nərimanovun ADR rəhbərləri ilə əlaqələri varmış, Bağırov onların arasında əlaqələndirici olub. Çünki Bağırov məhkəməyə ifadələrində göstərir ki, artıq biz Azərbaycanın xilasının 11-ci Qırmızı orduda olduğunu başa düşürdük.

O zaman Azərbaycana gəlməyə hazırlaşan Nərimanov artıq soydaşlarımızdan özünə əhatə toplayır, “kölgə hakimiyyəti” yaradırdı. Bağırovun Həştərxandan iki dəfə çıxması, yenidən ora qayıtması bu qənaətə gəlməyə imkan verir deyək ki, Nərimanov 11-ci Qırmızı ordunun atacağı addımlar barədə Milli Hökuməti məlumatlandırırmış. Doğrudan da o, Azərbaycanda qansız – qadasız bir dövlət quruluşunun yaradılmasını istəyirdi, başqa niyyəti də yox idi.

N. Nərimanovla M.C. Bağırovun arasında mehriban münasibətin olması haqqında çox faktlar mövcuddur. Bağırov N. Nərimanova həmişə “Nəriman əmi” deyə müraciət edərmiş. Bağırovun inqilabdan sonra məsul vəzifələrdə işləməsində N. Nərimanov tərəfindən də kömək olmuşdur. 1925-ci ildə Nəriman həkimin ölümü olduqca sirli müəmmalarla dolu idi. Belə ki, Bakıdan gələn “yarpaq dolması” bəhanəsilə Orconikidze “qonaqlıq” verir. Nərimanov da bu qonaqlıqda iştirak edir. Nahardan sonra Nəriman həkim dispepsiya və diareya ilə xəstəxanaya düşür. Təəssüf ki, ağır zəhərlənmədən N. Nərimanov dünyasını dəyişir. Can üstündə olarkən bu sözləri tez – tez təkrar edirdi: “Məni Serqo zəhərlətdirdi”. İllər ötdükdən sonra Orconikidze N. Nərimanovun siyasi irsinə bağlı olanları “Nərimanovçuluqda” ittiham edərək ləkələməyə çalışırdı. 1927-ci ildə Əliheydər Qarayevin təhriki ilə Mərkəzi Nəzarət Komissiyasının rəhbəri Serqo Orconikidze M.C. Bağırovu “Narimanovşina”da günahlandırıb Azərbaycan Dövlət Siyasi İdarəsinin rəisi vəzifəsindən azad etmişdi. Beriyanın Stalinə ünvanladığı məktubla 1929-cu ildə M.C. Bağırov yenidən Azərbaycan Dövlət Siyasi İdarəsinin rəisi təyin etdirdi. Artıq Beriya – Bağırov birliyi Orconikidze – Qarayev – Əfəndiyev – Musabəyov birliyi ilə üz – üzə gəlir. Burada Bağırov uzaqgörən strateji addım atır. Belə ki, o öz mübarizəsini vəzifəyə gəlmək bahasına hər şeyi satmağa hazır olan vəzifəpərəst kommunist idealistlərlə aparmır, bu marionetkaları idarə edən və onların başında duran, Azərbaycan xalqının birinci düşməni Serqo Orconikidzenin zərərsizləşdirmə planını Beriya ilə bərabər hazırlayırlar. M.C. Bağırovun İ.V. Stalinə ünvanladığı məktublarından birinin mətnində belə bir cümləyə rast gəlinir: “Əziz İosif Vissarionoviç, Sizə bildirmək istəyirəm ki, ifşa edilmiş xalq düşmənlərinin, keçmiş rəhbər işçilərin verdikləri ifadələrdə göstərilir ki, Azərbaycanda Sizin apardığınız siyasi kursa qarşı işə Moskvadan Serqo Orconikidzenin başçılıq etdiyi mərkəz rəhbərlik edir.” 1956-cı ildə məhkəmədə Xruşşovun əlatısı olan SSRİ-nin baş prokuroru Rudenko bu məktubu oxuyur və Bağırov belə bir məktubun mövcudluğunu inkar etmir. Orconikidze siyasi səhnə ilə vidalaşdıqdan sonra Bağırov məsələni daha kəskin qoyaraq Nərimanova ləkə vurmaq kompaniyasına son qoymaq məqsədilə Kremldə tarixi bir qərar qəbul etdirir. Belə ki, ÜİK(b)P MK Siyasi Bürosu bu məsələyə baxmış, N. Nərimanova siyasi etimad göstərmək haqqında qərar qəbul etmişdi.

Ümumittifaq səviyyədə aparılan sinfi mübarizə ideyası, yeni təşkil ediləcək cəmiyyət quruluşunun əsası yalnız Stalin təxəyyülünün məhsulu ola bilərdi. SSRİ-nin tərkibində olan resppublikalardan biri kimi bu proseslərin Azərbaycanda da getməsi labüd idi. Sibirin maddi sərvətlərindən bəhrələnmək üçün kütləvi şəkildə repressiyaya uğrayanların böyük əksəriyyətinin əməyindən Sibirin xammalının istismarında istifadə edilirdi (“Qulaq” idarələrini yaradaraq – A.M.).

 

(Ardı var)

 

Füzuli Baratov

 

Hürriyyət.- 2019.- 16 mart.- S.14.