Yaxın tarixi hadisələr...
Adıgözəl Məmmədovun N.
Nərimanov araşdırmaları
(Əvvəli ötən
sayımızda)
Yeri gəlmişkən, bir faktı da nəzərdən
qaçırmaq lazım deyildir ki, repressiya prosesi Kremldən
planlı surətdə idarə olunurdu. O dövrdə Stalinin təkidi
ilə ÜİK(b)P MK katibi A.A. Jdanov Azərbaycan KP MK-ya,
şəxsən Mir Cəfər Bağırova göndərdiyi
məktubda (Bu məktub onun məhkəməsində
oxunmuşdur – A.M.) o, M.C. Bağırovu əksinqilabçı
düşmənlərin, sosializm əleyhdarlarının
tapılıb ifşa edilməsində qətiyyətsizlik
göstərdiyinə görə günahlandırırdı.
Sözsüz ki, bu xəbərdarlıq məktubu
əsassız deyildi. Artıq Kremlə M.C.
Bağırovun Azərbaycanın milli ruhlu bu və ya digər
görkəmli ictimai – siyasi xadimlərini xilas etmək
üçün birbaşa Sovet rəhbərlərinə
göndərdiyi müraciətlər və Kremlin Azərbaycan
üzrə olan agentlərinin M.C. Bağırovdan xəbərsiz
mərkəzə göndərdikləri məxfi siqnallar
Bağırova qarşı yuxarıdakı xəbərdarlıq
məktubunun əsasını formalaşdırırdı.
Təəccüblü
deyildi ki, 5 mart 1937-ci ildə ÜİK(b)P MK plenumunda Stalinin
son sözündə də bütün diqqət artıq,
çağırış xarakteri daşıyan bu məsələyə
yönəldilmişdi: “Zənnimcə, indi hamıya
aydındır ki, hazırkı ziyankarlar və diversantlar, istər
trotskist, istərsə də Buxarinin tərəfdarları
hansı bayraqla maskalanırsa maskalansınlar, artıq
çoxdan bəri fəhlə hərəkatında siyasi cərəyan
deyildirlər, onlar prinsipsiz və ideyasız professional
ziyankarlar, diversantlar, casuslar və qatillər bandasına
çevrilmişlər. Aydındır ki, bu cənabları,
fəhlə sinfinin düşmənləri kimi, vətənimizin
xainləri kimi amansızcasına darmadağın etmək və
kökünü kəsmək lazım gələcəkdir.
Bu aydındır və başqa izahat tələb
etmir.”
Zaman –
zaman 1937-ci il məsələsi çox
adamı düşündürüb. İstər
– istəməz yaradıcı şəxslə zaman
arasında tarixin əksər çağlarında konfliktlər
olub. Çünki zamanın əhvali –
ruhiyyəsi çox hallarda çərçivəsindən kənara
çıxmaq istəyən, onun qayda – qanunları ilə,
durumu ilə uyğunlaşmaq istəməyən
yaradıcı şəxsiyyətin ölçüsünə
uyğun gəlmir. Şübhəsiz ki, hər
yaradıcı insan belə vəziyyətlərdə
özünəməxsus hərəkət edir.
Əgər şəxsin əhvalı, iradi vəziyyəti
güclüdürsə, o, əsərlərində
arzuladığı, yaratdığı müsbət qəhrəmanlar
kimi olur. Yox, əgər yaradıcı şəxs zamanın
axarına düşüb gedirsə, o zaman şübhəsiz
onun mənəvi iflası başlanır.
Hər bir yaradıcının əhatə və təsir
dairəsi onun səviyyəsinə görə müəyyənləşir. Əsasən
bədii təfəkkürə meyilli insanlar
başqalarından fərqlənirlər. Ümumiyyətlə,
Qərb alimləri, psixoanalitikləri
yazıçıların digər təfəkkür sahiblərindən
fərqli keyfiyyəti kimi əsasən onların bədiiliyə
meyilliliyi ilə xarakterizə edirlər. Cəmiyyət,
ictimaiyyət arasında müəyyən
yazıçılar daha çox rəğbər qazanır,
müəyyən yazıçılar isə cəmiyyətdə
üstün mövqeyə malik ola bilmirlər.
Elə yazıçılar da var ki, onların əhatəsi,
təsir dairəsi məhz yaradıcılıq səviyyəsinə
görə dar olur. Ümumiyyətlə,
yazıçının ən əsas keyfiyyəti onun nə
dərəcədə azad olmasına bağlıdır.
Fikir müstəqilliyinə yetən
yazıçı, şübhəsiz, bu cəhətini həm
də fitri keyfiyyətinin təsdiqi kimi cəmiyyətə təqdim
edir.
Sovet dövründə, xüsusən də 30-cu illər
repressiyası zamanı yazıçıların müstəqilliyinə
hər mənada qadağalar qoyulmasının, onların
yaradıcılıqlarına, hər şeydən əvvəl
isə, psixikalarına olduqca mənfi təsir edirdi. Yaradıcı
insanın düşüncəsini buxovlamaq olmaz. Ümumiyyətlə, ədəbiyyata olan hər mənada
basqılar yaradıcı insanların idrakının
buxovlanması məqsədini güdür. Yazıçının nəzarət altında
saxlanması, şübhəsiz, onun idrakı bədii keyfiyyətlərini
istədiyi kimi, azad şəkildə ifadə etməsinə
ciddi əngəl törədir. Bu hər
şeydən əvvəl, yaradıcı insanların fikir
müstəqilliyinin əllərindən alınması deməkdir.
30-cu illərdə Azərbaycan ədəbiyyatının
və mədəniyyətinin görkəmli simaları məhv
edildi. İmperiya yaradıcı insanların
hamısını sıradan çıxarırdı, amma
Üzeyir Hacıbəyovu, Səməd Vurğunu
saxlayırdı. Bu, əslində, həmin
fərdlərin yaradıcılığının imperiya
yönündə köklənməsi üçün
onların qarşısında amansız şərtlər
qoyurdu. Bu tipli yüksək bədii –
yaradıcı keyfiyyətləri özündə
daşıyan insanların müəyyən dövrdən
sonra stres, psixoloji gərginliklər səbəbindən
rastlaşdıqları xəstəliklər ictimaiyyətə
artıq məlumdur. Hər kəs kimi,
yazıçı da insandır. Bir
insanın hər hansı formada sarsıntılara cavab vermək
reaksiyası necə mövcuddursa, bədii
yaradıcılığa meyilli insanlarda da bu var. Fiziologiya
elmində siqnallar sistemi var. Məsələn, mənfi emosiya
bir siqnaldır. Bu siqnal mərkəzi sinir
sisteminə ekstrapiramid yollar istiqamətində
ötürülür. Mərkəzi sinir
sistemində insanın artıq xarakterik temperamentinə
uyğun olan psixoinersional gərginlikdən asılı olaraq
müəyyən qarşılıqlı münasibət –
siqnal reaksiyası formalaşır. Bir də
görürsən insan xaricdən ona ardıcıl şəkildə
təsir edən siqnallara vaxtında cavab verə bilmir, nəticədə
nevrozluq yaranır. Yaradıcı şəxsiyyət o həddə
çata bilər ki, onda suisid – intihar istəyi baş versin. Sovet marksist filosofu Heydər Hüseynovun
ölümü buna bariz nümunədir. Heydər
Hüseynov öz dövrünün konyukturasının
girovuna çevrilmişdi. Ancaq o həmin
girovluqdan çıxmaq üçün cəhd edirdi. Genoloji olaraq ötürülmüş informasiyalar
onu bu girovluqdan çıxmağa məhkum etmişdi. Dünənə qədər o, bu sistemə qulluq
edirdi. H. Hüseynov imperiyanın yaratdığı fikir
zindanının hücrəsində müqavimət göstərmək
imkanında deyildi. O, bu zindandan çıxmağa cəhd
etdi. Çünki bu cür yaşamağı qəbul
etmirdi. Sonda yeganə çıxış
yolunu isə özünəqəsddə gördü.
Ona görə də intihara meyillilər arasında bədii
təfəkkürə malik insanlara daha çox rast gəlinir. Nəyə
görə Heydər Hüseynovla xoş münasibətlərdə
olan Mir Cəfər Bağırov ona qarşı münasibətini
dəyişdirərək barışmaz mövqe tutdu. Belə ki, M.C. Bağırov 1950-ci ildə
“Müridizm və Şamil hərəkatını azadlıq və
proqressiv addım kimi qiymətləndirir. Bu
qiymət antimarksist nəzəri və siyasi
baxışından səhv, tarixi həqiqət və tarixi
materializmə ziddir. Müridizm İslamda
daha savaşqan və reaksion istiqamət olmuş, xalq kütlələrinə
qarşı zülm aləti kimi istifadə edilmişdir və
işğalçı türk ordusu, ingilis mütəmləkəçilikyinin
maraqlarına qulluq göstərmişdir. Rusiyadan
ayrılmağa çalışmış və Qafqaz
xalqları arasında rus xalqına qarşı nifrət hissi
oyatmışdır. Ona görə də
Şamil hərəkatı sırf reaksion xüsusiyyətləri
daşımış, inqilabi hərəkatın maraqları
ilə ziddiyyət təşkil etmişdir. Dağıstanda zəhmətkeş qüvvələrin
sinfi özünüdərk prosesinə ləng edici təsir
göstərmişdir.” Sözsüz ki,
oxucuda yuxarıdakı fikirlər Bağırov tərəfindən
irəli sürülən arqumentin imperiya konyukturasına
köklənməsi təsəvvürünü yaradır.
Çox güman ki, Bağırov da bu sözləri
yazarkən əsassız olduğunu bilirdi. Lakin o, məcbur idi, belə ki, II Dünya müharibəsindən
sonra, 1945-ci ilin sentyabrında Cənubi Koreyaya ABŞ
qoşunları girdi. SSRİ, ABŞ və
Böyük Britaniya dövlətləri xarici işlər
nazirlərinin Moskva müşavirəsinin (1945, dekabr) qərarına
əsasən, Koreya müvəqqəti olaraq 38-ci paraleldən
şimala Sovet, cənuba ABŞ zonalarına bölündü.
Sovet zonasında Şimali Koreya Xalq Demokratik
Respublikası yaradıldı. Cənubda isə
Cənubi Koreya Respublikası elan edildi. 12
oktyabr 1949-cu ildə birinci olaraq SSRİ KXDR-lə diplomatik
münasibətlər yaratdı, iqtisadi – mədəni əməkdaşlıq
haqqında müqavilə imzaladı, lakin özünün
atom silahını əldə etmiş Stalin əvvəlcədən
1945-ci ildəki Moskva müşavirəsində
razılaşdırılmış bəndləri pozaraq
Şimali Koreyada yeni bir dövlət quruluşunun ərsəyə
gəlməsinə şərait yaratdı, bu, xüsusən də
ABŞ tərəfindən kəskin narazılıqlarla
qarşılandı.
ABŞ
Birləşmiş Millətlər Təşkilatında
SSRİ-nin bu addımına qarşı xüsusi bir qətnamə
qəbul etdirdi. Belə ki, 25 iyun 1950-ci ildə
16 dövlətin silahlı qüvvələri BMT
qoşunları adı altında Cənubi Koreyadan Şimali
Koreyaya doğru hücuma başladı. BMT bayrağı
altında olan qoşunların say tərkibinə görə
isə ABŞ-dan sonra Türkiyə hərbi qüvvələri
ikinci sırada idi. Artıq Koreya cəbhəsində
Sovet qoşunları ilə BMT ordusu adı altında türk əsgəri
üz – üzə gəlmişdi.
Belə
bir məqamda Heydər Hüseynovun türk və islam milliyyətçiliyi mövqeyindən
kitab yazması və onun Stalin mükafatına layiq
görülməsi çox qəribə
görünürdü. Hadisələrin əsas
mahiyyəti heç də göründüyü kimi deyildi.
Artıq Cənubi Azərbaycanda siyasi hərəkatlar
zamanı M.C. Bağırovun mövqeyi Kremldə əyləşənlərə
yaxşı bəlli idi. Onun Stalinə
göndərdiyi milli ruhlu məktublarını artıq kitabda
göstərmişik. Ona görə də M.C.
Bağırov hər dəfə Moskvaya səfəri zamanı
Siyasi Büronun üzvəri ilə ünsiyyətində və
o cümlədən də yazdığı “Azərbaycan
ziyalılarının növbəti vəzifələri”
haqqında kitabında da İran Azərbaycanı məsələsini
qaldırırdı. 1945-ci ildə başa
çatdıra bilmədiyi Cənubi Azərbaycandakı siyasi
prosesləri yenidən bərpa etdirmək istəyirdi. Sözsüz ki, buna erməni – daşnak siyasi
klanı laqeyd qala bilməzdi. Hər vasitə
ilə onu Stalinin gözündən salmaq üçün
müxtəlif kartlardan istifadə etməyə
çalışırdılar. Bu baxımdan Heydər
Hüseynovun birdən – birə “Müridizmi təbliğ edən”
əsərinin ölkənin ali dövlət
mükafatına layiq görülməsi, əslində, M.C.
Bağırovun əleyhinə hazırlanmış planın
gizli tərəfi idi. Ona görə də
tükü – tükdən seçən M.C. Bağırov
küləyin haradan əsdiyini gözəl duymuşdu.
O, əslində, bütün Azərbaycana qarşı yönəldilmiş
bu maneəni özünəməxsus məharətlə dəf
etdi. Ancaq çox təəssüf ki, bu oyunun
qurbanı Azərbaycanın böyük filosofu, ictimai – siyasi
xadimi Heydər Hüseynov oldu. Heydər Hüseynov bu təzyiqlərə
tab gətirə bilmədi. Yüzsifət
ziyalıların, məddahların, yaltaqların təhqirinə
dözə bilmədi. Nəticədə
bir dəfə şah damarını kəsdi, akademik
Topçubaşov onu ölümdən xilas etdi. Xəstəxanadan çıxdıqdan bir neçə
gün sonra isə Heydər Hüseynovu özünü
asmış vəziyyətdə tapdılar.
Ardı var
Füzuli Baratov
Hürriyyət.-
2019.- 19 mart.- S.14.