Cəfakeş elm
adamı
Bəybala Ələsgərov - 65
İnsanlar dünyaya müxtəlif
missiyaları yerinə yetirmək üçün gəlir. Ana təbiətdə hər gülün, hər çiçəyin
öz ətri, öz rəngi olduğu kimi Yer üzünün əşrəfi sayılan
insanlar da öz xarakterinə, öz zəkasına görə bir-birlərindən
fərqlənirlər. Bəzən
öz xarici görünüşü və
davranışı ilə
ətrafdakılardan heç
nə ilə fərqlənməyən bir
insan yeri gələndə elə qəhrəmanlıq edir ki, nəinki öz adını, ailəsini, hətta mənsub olduğu bir xalqı bütün dünyada tanıdır. Belə qəhrəmanlarla xalq həmişə fəxr edir və onların adını uca tutur. Lakin qəhrəmanlıq deyəndə yalnız əlinə silah alıb döyüş meydanında vuruşmağı
təsəvvür etmək
düzgün olmaz.
Yaşadığımız çağdaş dövrdə
soyuq müharibələrin,
qanlı-qadalı döyüşlərin
yerini artıq informasiya müharibəsi əvəz etməkdədir.
Bu mənada indi
əlinə qələm
alıb xalqın istək və arzularını ifadə etmək, onun elm və mədəniyyətini
təbliğ etmək,
Azərbaycan həqiqətlərini
dünya arenasına təqdim etmək özü bir qəhrəmanlıqdır. Nə yaxşı ki, zaman-zaman xalqımızın bu missiyanı çiyinlərində
daşıyan ziyalı
övladları olub və olacaqdır.
Azərbaycan Milli Kitabxanasının əməkdaşı olan
yazıçı-publisist Bəybala
Ələsgərov da
öz qələmi ilə hünər meydanına atılan belə ziyalılardan biridir. Uzun illər respublika
dövrü mətbuatından
imzasını tanıdığım
bu zəhmətkeş
insanla bugün eyni mühitdə işləmək, onu şəxsən tanımaq
mənim üçün
həqiqətən qürurverici
hissdir. Bəybala müəllimin sadə,
təvazökar, zəhmətsevər,
çalışqan olması
onu ətrafdakılara
sevdirən başlıca
xüsisiyyətidir. İstər məqalərıni,
istərsə də kitablarını mütaliə
edərkən onun qədirşünas, vətənpərvər
bir alim olması qənaətinə
gəlirəm. Atalarımızın
gözəl bir sözü var: “Zər qədrini zərgər bilər.” Bəybala müəllimin qəhrəmanları onun özü kimi həyatını xalqın
maariflənməsinə həsr
edən, öz əsərləri ilə oxucuların qəlbinə
yol tapan, Azərbaycan ədəbiyyatının
və mədəniyyətinin
tanınmış simaları
olan ziyalılarımızdır,
həm də öz işinin vurğunu və bilicisi olan sadə
peşə adamlarıdır.
Dialektikanın qanunudur: Təsadüfdən
zərurət doğur.
Bəzən insanın gələcək
həyat yolunu, seçdiyi peşəni də təsadüflər
müəyyən edir.
Bəybala müəllimin Azərbaycanın
canlı klassiki olan yazıçı Elçin haqqında kitablarını vərəqləyərkən
istər-istəməz bir
hadisəni xatırladım.
Orta məktəbdə oxuduğum
vaxtlarda mənim sadəlövh uşaq instinki ilə nağıl kitabı sanıb aldığım
ilk kitab Elçinin “Bülbülün nağılı”
idi. Bu yaşıl
üzlü nağlıldan
da maraqlı kitab mənim ədəbiyyata, kitab dünyasına sevgi yolumda əslində yaşıl işıq oldu.
Bir məqamı
vurğulamaq yerinə
düşər ki, Bəybala müəllimin qəhrəmanları bizim
hər birimizin sevdiyi yaradıcı insanlardır, o, sanki yazdığı kitablarla
bu insanlara xalqın böyük məhəbbətini və
ehtiramını ifadə
etmək arzusundadır
və nə yaxşı ki, bu arzusuna çata
bilib.
Çağdaş dövrün böyük
ziyalısı, akademik
Nizami Cəfərova, eləcə də professorlardan Kamal Abdullayevə, Buludxan Xəlilova həsr etdiyi kitablar Bəybala müəllimin bir alim kimi
elmə və elm adamlarına verdiyi yüksək dəyərin
göstəricisidir.
Azərbaycanın gözəl təbiət mənzərələrini mahir
fırçasıyla tablolara,
oradan da ürəklərə köçürən
unudulmaz rəssam Səttar Bəhlulzadə və görkəmli rejissor Şəmsi Bədəlbəyli haqqında
kitab yazmaq Bəybala müəllimin incəsənətə olan
sevgisindən xəbər
verir.
İlk dəfə
“Ağ qəm” kitabını oxuyandan sonra tanıyıb sevdiyim yazıçı Sədaqət Kərimova haqqında kitabla Bəybala müəllim öz el qızının
yaradıcılığına səmimi münasibətini
bəyan edir.
Həmmüəllifi olduğu “Qusarın şanlı övladları”
kitabı Bəybala müəllimin doğulub böyüdüyü Vətən
torpağına övladlıq
borcunu ərmağan etməsi kimi qiymətləndirilməlidir. Mənə elə
gəlir ki, Bəybala Ələsgərovun
özünün adı
təkcə Qusarın
deyil, Azərbaycanın
şanlı övladları
siyahısında xüsusi
mövqeyə layiqdir.
Çünki zəngin həyat
bioqrafiyası olan bu insan 1993-cü ildən Ümumdünya
Nobel Mükafatları Komitəsinin
Beynəlxalq Mərkəzinə
üzv, 1996-cı ildən
həqiqi üzv seçilmiş ilk azərbaycanlıdır.
Çünki Bəybala müəllim
ömrün ağsaqqal
çağında belə
gənclik enerjisi ilə hələ də öz yaradıcılıına davam
edən, yorulmadan çalışan cəfakeş
elm adamıdır. Belə şəxsiyyətləri
əbəs yerə ziyalı adlandırmırlar,
onların ziyası təkcə öz ətrafını deyil, bütün cəmiyyəti
işıqlandırır, insanları
yazıb-yaratmağa, gözəl
işlər görməyə
həvəsləndirir.
Nəcib
insan, gözəl
dost, xeyirxah əməl
sahibi, yorulmaz tədqiqatçı, istedadlı
qələm sahibi Bəybala müəllim, nə yaxşı ki, varsınız!
Tərlanə Əliyeva,
Azərbaycan Milli Kitabxanasının
aparıcı kitabxanaçısı
Hürriyyət.- 2019.- 29 mart.-
S.13.