“Milli Məclisin
deputatı
olanda çox
aldanmışdım”
Monumental abidələrin müəllifi, Xalq rəssamı, Şərəf ordenli, İstiqlal və
Heydər Əliyev ordenli heykəltəraş
Ömər Eldarov kulis.az-a
müsahibə verib.
Hürriyyət
müsahibəni oxucularına təqdim edir:
–
Dağıstandan başlayaq – ailənizdən,
böyüdüyünüz mühitdən…
– Dağıstanda doğulmuşam, amma orda çox az yaşamışam. Atam Saratovda yaşayıb əvvəl, anamla da orda tanış olub, evləniblər. Anam Belarusdan qaçqın düşən yəhudidir, sonra köçüblər Stalinqrada (indiki Volqoqrad – R.Q.), ordan da Dərbəndə. Dərbənddə o vaxtlar daha çox azərbaycanlı yaşayırdı, indi ləzgilər çoxdur.
– Atanız ləzgidir,
yoxsa azərbaycanlı?
– Atam azərbaycanlıdır, inqilabçı olub, 11-ci Qızıl Ordunun, partiyanın xətti ilə gəzib. Dağıstanda qardaşım, 7 il sonra mən dünyaya gəlmişəm. Sonra atam partiyanın tapşırığı ilə Bakıya köçüb.
– Bəs, niyə
ata dilinizdə heç
danışmırsınız?
– 91 ildir rus dilində danışmışam, bu yaşdan sonra dil öyrənmək çətindir (gülümsəyir).
– Düzdü, yəqin bu yaşa qədər də imkan
olmayıb. Ailədə iki qardaş olmusunuz,
qardaşınız hansı sənətin sahibidir
bəs?
– İxtisasca kinoaktyordur. “Uzaq sahillərdə” filmində amerikalı zabit rolunda oynayıb, epizodik roldur. Sonra atdı peşəsini, pul gətirmir dedi. Mən də o vaxt artıq öz işimdə çalışırdım, yaxşı da qazancım vardı, ona bir fotoaparat aldım, başladı onunla qazanmağa.
– Siz
o vaxt artıq Sankt-Peterburqda Repin
adına Rəssamlıq İnstitutunu bitirib qayıtmışdınız Bakıya.
– Bəli, artıq müəyyən işlərim də vardı. Repində aspiranturada saxlamaq istədilər, qalmadım, gəldim Bakıya. 1952-ci ildən Bakıdayam. O vaxt artıq Natəvanın heykəlini hazırlamışdım.
– İlk
işiniz oldu?
– Yox, ilk işim Üzeyir bəyin məzarüstü abidəsi idi.
– İlk iş üçün çox böyük məsuliyyət deyildimi
Üzeyir bəyin abidəsi?
– O vaxt heykəltəraş az idi. Barmaqla saymaq olardı. İki nəfər bizə qədər vardı, sonra biz iki nəfər gəldik. Üzeyir bəyin heykəli ilk monumental işim idi, ona qədər kiçik işlərim çox olmuşdu. Mirzə İbrahimov o vaxt Ali Sovetin sədri idi, onun qərarı ilə mən işlədim Üzeyir bəyin heykəlini.
– Sonra
Natəvan, Füzuli, Hüseyn
Cavid, Ziya Bünyadov, Səttar Bəhlulzadə, Heydər
Əliyev, Zərifə xanım… Sonuncu hələ
ki, Lütfi Zadənin
abidəsidir?
– 1-ci Fəxri Xiyabanın əksəriyyəti mənim işlərimdir, dövlət sifarişi olmayanlar. Məsələn, Fikrət Əmirovun oğlu xahiş edib, onu hazırlamışam, Şıxəli Qurbanovun məzarüstü abidəsi də mənim işimdir. Çoxdur. Orda sonuncu Lütfi Zadədir. Əlimdəki işi də başa çatdırmışam, Hüseyn Ərəblinskinin abidəsini. Onu öz istəyimlə hazırlamışam, çünki Ərəblinskinin həyatı dramatik olduğundan abidəsinin də dramaturgiyası maraqlıdır. Azər Paşa müəllimə dedim ki, prezidentə Ərəblinskinin abidəsinin qoyulması ilə bağlı xahiş edək, həm də bu il yubileyidir. Onun abidəsinin layihəsini 30 il bundan əvvəl işləmişəm. Məzarının üstündə balaca daş var, onu abidə ilə əvəz etsək, yaxşı olar.
– İşlərinizdən
ən çox xoşuma
gələn Ziya Bünyadovun
abidəsidir. Bəlkə, sizin dediyiniz kimi, onun da
dramatik taleyindən gələn dramaturgiya rol oynayıb?
– Onunla Milli Məclisdə yoldaş olmuşuq. Həmin gün bir yerdə çıxmışdıq
Milli Məclisdən, getdim evə eşitdim ki, onu vurublar. Bir saat əvvəl ayrılmışdıq, gedib
evə, xanımı eyvandan görüb ki, Ziya maşından
düşdü, girdi
mağazaya çörək
almağa. Hətta xanımı
qapını da açıb, eşidib ki, xırıltılı
səs gəlir.
Baxıb
görüb ki, onu vurublar. Yaşadığımız tarixdir.
– 1969-73-cü illərdə
Bakı Sovetinin deputatı olmusunuz, 1995-ci ildə Milli Məclisin. O illərdə
hansı fərqlər
vardı, hansından hansı təəssürat
qalıb sizdə?
– Bakı Sovetinin deputatı olmaq qalsın bir yana, çünki
dövr məlum idi, sabit, monoton
illər. Milli Məclisin deputatı
olduğum illərdən
isə yaxşı təəssüratım qalmayıb,
çünki mənim
yerim deyildi. Sən demə, Milli Məclisdəkilər hər
şeydən xəbərdardırlar,
bilirlər ki, onlara müraciət edən seçici kimdir, planı nədir, fırıldaqçıdır,
yoxsa düzgün adamdır. Mənim heç nədən
xəbərim yoxdur, çıxıram Məclisdən
kəsir qarşımı,
qan yaş tökür, biri xəstəliklə bağlı,
biri kimisə həbsdən qurtarmaq istəyir, biri yaşayış şəraitinin
bərbadlığını deyir. Mən də ürək yanğısı ilə düşüb qabaqlarına
gedirəm, sən demə, mənə göstərdiyi ev
başqadır, yaşadığı
evi, şəraiti tamam başqadır. Əksəriyyəti rol oynayırmış.
Həyatı özümə əzaba
çevirmişdim seçicilərin
problemləri ilə, deyirdim hamısını həll edim, bitmək də bilmirdi. Sonra mənə dedilər
ki, belə olmaz, səni aldadırlar. Bir-iki nəfər
səmimi insana, ziyalı adama köməklik elədim, ondan peşman deyiləm, amma ilk illərdə çox aldanmışdım.
– Niyazinin və Dədə Qorqudun heykəlləri özünüzün
ürəyinizə yatır?
– Onu mən deməyəcəm,
görənlər desin,
balalarıma ayrı-seçkilik
qoymaq kimi olar. Ürəyimdə bir arzum var, Dədə Qorqud boylarının
12-sinə də heykəl
qoymaq istəyirəm.
Layihələri də hazırdır,
oğlumla işləmişik
vaxtilə.
– Oğlunuz da heykəltəraş olub deyəsən?
– Repin adına
Sankt-Peterburq Rəssamlıq
İnstitutunu bitirib, aspiranturanı da orda oxumuşdu. Onkoloji xəstəlikdən dünyasını
çox tez dəyidi. Emalatxanasında bəzi işləri
var, sərgisini keçirmək fikrindəyəm.
– Ondan başqa iki qızınız var?
– Bəli, hər ikisi sənətimin davamçısıdır, Lalə
və Kamila.
– Eşitdim ananızın qəbirüstü
abidəsi tuncdan olduğu üçün
oğurlanıb?
– Hə, oğurladılar, təzədən mərmərdən
düzəltdim. Tuncu oğurlayıb
əridib satırlar, elə bir qiyməti
də yoxdur, 50 manatdan ötrü. Hələ məzarı ətrafındakı
dekorlar da oğurlanıb. İndi xanımımın
qəbirüstü abidəsini
də düzəltməliyəm,
onu da gərək
mərmərdən düzəldəm.
– İşlədiyiniz
ən bahalı abidə hansı olub?
– Heydər Əliyevin heykəli
– Həmkarlarınızdan hansının
işi xoşunuza gəlir?
– Var, məsələn, Fuad Əbdürrəhmanovun
Bakıda qoyduğu Nizami heykəli, Gəncədəki yox. Mirəli Mirqasımovun qoyduğu Cəfər Cabbarlının
heykəli.
– Bəs, xoşunuza gəlməyən
hansı işlər var?
– Çoxdu. Fikrət Əmirov, Qara Qarayev, Koroğlu… heç biri yaxşı deyil. Son illər qoyulan
heykəllərdən heç
birinin heykəltəraşlıq
sənətinə dəxli
yoxdur.
– Amma indiki nəsil sizin rəhbərlik etdiyiniz bu Rəssamlıq
Akademiyasında yetişir.
– İstedadlı gənclər
çoxdur, rəssamlıq
və musiqi bizim genetikamızdadır. Gənclər
var, amma onların işinə tələbat da olsa, lap yaxşı olar.
– İndi hansı heykəl var əlinizdə?
– Koroğlunu hazırlamaq istəyirik, münasib yer axtarışındayıq.
Bakıdan kənarda və
yüksəklikdə olmalıdır,
elə bir yerdə ki, hər tərəfdən görünsün, məsələn,
Beşbarmaq dağı
kimi uzaqdan görünsün.
Hürriyyət.- 2019.- 30
mart.- S.12.