Ruhlar torpağa dönür

 

1982-ci ildə dahi romantik Hüseyn Cavidin cənazəsi Sibirin qarlı düzlərindən - İrkutsk vilayətinin Tayşet rayonundan tapılıb, Vətən torpağına gətirilmiş və dahi şair bir gecə şəhərdəki doğma evində gecələmişdi…

 

Bayıldan bir külək döydü Xəzəri,

Ulduzlar göz yaşın Səmaya sərdi.

İllərin köksündə yatan duyğular,

Vətən torpağında gəlib göyərdi.

 

Bilirik şairim o soyuq çöllər,

Avazı kəsicən bir saza döndü.

Sizsiz nələr çəkdi bu yazıq ellər,

Bülbülü ötüşməz bir yaza çöndü.

 

Yaxşı ki, bu axşam gəlib çıxısan,

Bir az səbrini dər, bir az rahat ol.

Bu aylı gecələr, qərib axşamlar,

Yəqin onlar üçün çox darıxmısan.

 

Görürsən şəhər də bu gecə yatmır,

Dalğalar sahildən salam göndərir,

Mən burdan çağırsam Sibirə çatmır,

O buzlu səhralar salam göndərir.

 

Hardasan, gəl çıx bir, ay ev yiyəsi,

Sibirdən ən əziz qonağın gəlib,

O soyuq çöllərin illər yorğunu

Evində sönməyən çırağın gəlib.

 

Görürsən bu axşam səhər də yatmır,

Çəkir keşiyini əziz qonağın.

Ulduzlar dağılıb səma boyunca,

Göylər də gizləyib bulud papağın.

 

Torpaq qeyrətini çəkən oğullar,

Həmişə bu xalqın yaddaşındadı.

Müjdələr gətirdin Azərbaycana,

Adın ürəyimin həp başındadı.

 

Vəli Səmədli,

şair-publisist

 

Hürriyyət.- 2019.- 30 mart.- S.14.