80 YAŞLI
HƏMİŞƏCAVAN SƏNƏTKAR...
(Xalq artisti Tariyel Qasımovun yubileyi
münasibəti ilə)
O, sənətə azman sənətkarların
fəaliyyət göstərdiyi vaxtda gəldi. Özü
də onlardan öyrənə-öyrənə böyük
bir sənətkar səviyyəsinə yüksəldi.
Artıq 55 ildir ki, peşəkar səviyyədə teatr və
kinoda müxtəlif xarakterlərə həyat verən xalq
artisti Tariyel İsgəndər oğlu Qasımov 1939-cu ildə
fevral ayının 4-də Ağstafanın Köçəsgər
kəndində dünyaya göz açmış, orta təhsilini
başa vurduqdan sonra 1956-cı ildə indiki Bədən Tərbiyəsi
Akademiyasına qəbul olur. Təhsil
aldığı müddətdə Lütfi Məmmədbəyovun
dram dərnəyinə gedir və burada həvəskarlarla
müxtəlif tamaşalarda rollar ifa edir. İkinci
kurs tələbəsi olduğu zaman Gənc
Tamaşaçılar Teatrına dəvət alır. Onun professional səhnədə ilk rolu Kərim Həsənovun
quruluşunda H. Seyidbəylinin “İmtahan” pyesində
qılınc müəllimi obrazı olur.
Bədən
Tərbiyəsi Akademiyasının tələbəsi
olduğu müddətdə Teatr müdiriyyətinin məktubu
ilə təkcə sənət imtahanı verərək
1960-cı ildə indiki Mədəniyyət və İncəsənət
Universitetinin dram və kino aktyorluğu fakültəsinə
xalq artisti, görkəmli rejissor və aktyor, professor Rza Təhmasibin
kursuna daxil olur və 1964-cü ildə oranı müvəffəqiyyətlə
başa vurub, təyinatla Akademik Milli Dram Taeatrına göndərilir.
Çünki hələ tələbə ikən
o, “Romeo və Cülyetta” kurs tamaşasına Romeo, Amaliya Pənahova
isə Cülyetta obrazını ifa etmişlər. Tofiq Kazımov bu tamaşanı bəyənmiş,
Tariyel Qasımov və Amaliya Pənahovanı baş rejissor
olduğu Akademik teatra dəvət etmişdir. Onun bu teatrın səhnəsində V. Şekspirin
“Antoni və Kleopatra” əsərində Demetr obrazı ilə
ilk dəfə səhnəyə çıxır.
Əlbəttə Hökümə Qurbanova, Əli Zeynalov, Həsənağa
Salayev kimi müqtədir sənətkarlarla eyni tamaşada
oynamaq 25 yaşlı gənc aktyor üçün
böyük səadət idi.
Həmin ilin oktyabr ayının 1-də Gənc
Tamaşaçılar Teatrında aktyor kimi fəaliyyətə
başlayır. Səbəb bu idi ki, onun ilk sənət
müəllimi Lütfi Məmmədbəyov Akademik Milli Dram
Teatrına dəvət aldı. L. Məmədbəyov Gənc
Tamaşaçılar Teatrındakı rollarını ancaq
Tariyel Qasımova etibar etdi.
T.
Qasımov iki il bu teatrda fəaliyyət
göstərir. L. Məmmədbəyovun ifa etdiyi
tamaşaları hazırlayaraq, tamaşaçılara təqdim
edir. Həmçinin teatrın baş rejissoru Zəfər
Nemətov Tariyel Qasımov və Əminə Yusifqızı
ilə birlikdə V. Şekspirin “Romeo və Cülyetta”
tamaşasını hazırlamaq istəyir. Lakin o,
imkansızlıq ucbatından bu teatrda yaradıcılıq fəaliyyətini
davam etdirə bilməyib, iki ildən sonra yəni 1966-cı
ildə C. Məmmədquluzdə adına
Naxçıvan Dövlət Musiqili Dram Teatrına Miribrahim Həmzəyevin
köməkliyi ilə aktyor ştatına daxil olur. O, zaman
teatrın direktoru Miribrahim Həmzəyev, baş rejissor isə
Baxşı Qələndərli idi.
T.
Qasımov bu teatrın səhnəsində Georgi Midivaninin
“Konsulu oğurlayırlar” əsərində Pepino, C. Məmmədovun
“Dan ulduzu” tamaşasında Kərəm, Cəfər
Cabbarlının “Yaşar” pyesində Yaşar kimi obrazları
müvəffəqiyyətlə ifa edir. O, bu tamaşalarda
İsa Musayev, Miribrahim Həmzəyev, Əyyub Haqverdiyev, Firuzə
Əlixanova, Əkbər Qardaşbəyov, Zəroş həmzəyeva,
Sofiya Hüseynova kimi sənətkarlarla tərəf
müqabili olur.
H. Razi
Tariyel Qasımovun ifa etdiyi Yaşar obrazı haqqında
yazırdı: “Yaşar rolunda gənc artist Tariyel Qasımov
mübariz və işgüzar görünür. Eyni zamanda
tamaşaçı Yaşarın bir qədər sadəlöhv
olduğunu hiss edir. Bu sadəlövhlük onun vicdanlı, təmizürəkli
olmasından doğur...”
Onun Naxçıvan teatrındakı fəaliyyəti rəhbərliyi
və kollektivi razı saldı. Tez bir zamanda T. Qasımovun
maşı artırıldı və ona ev
verildi.
1967-ci ildə
Cəfər Cabbarlı adına İrəvan
Dövlət Azərbaycan Dram Teatrı uzun fasildən (1948)
sonra yenidən bərpa olundu. Həmin il
rejissor və pedaqoq N. Sadıqzadənin sonuncu kursu İrəvan
teatrına işə göndərildi. İrəvan
teatrının direktoru Əziz Süleymanov ilə
Baxşı Qələndərli həm yerli, həm də dost
idilər. Ə. Süleymanov Naxçıvan
teatrına gələndə Tariyel Qasımovun iştirak etdiyi
tamaşalara baxmışdır. Onu gənc
bir aktyor kimi yaşı tanıyırdı.
N.
Sadıqzadənin kursu C. Cabbarlının “Sevil”
tamaşası ilə İrəvan teatrını açmaq
istəyirdi. Ə. Süleymanov da T.
Qasımovu Balaş rolunu oynamaq üçün teatra dəvət
etdi. Çünki, tamaşada Nisə Rzayeva Gəncə
Dövlət Dram Teatrından Sevil rolunu oynamaq
üçün dəvət almışdı. T.
Qasımov ilə N. Rzayevanın demək olar ki, yaş fərqi
eyni idi. Sevil və Balaş rollarında bunlar
bir-birlərini tamamlayırdılar.
Beləliklə,
İrəvan teatrı öz pərdələrini
tamaşaçıların üzünə 1967-ci il aprel ayının 28-də “Sevil” pyesi ilə
acdı. Sevil-Nisə Rzayevanın, Balaş-Tariyel Qasımovun,
Gülüş-Zemfira Əliyevanın, Məmmədəli bəy-Hacı
İsmayılovun, Əbdüləli bəy-Şamil Dəmirçiyevin
ifaları xüsusi maraq doğurdu. Tamaşada
“Gülüşlə Sevilin Balaşla və onun həmfikirləri
ilə apardıqları mübarizənin ictimai mənası
real sənət boyaları ilə əks etdirilmişdir...
... Tariyel Qasımov öz qəhrəmanı
Balaşın mənəvi puçluğunu və cahilliyini
göstərmək üçün böyük
yaradıcılıq axtarışları
aparmışdır” (C.Səfərov).
Ə.
İsmayıllı “Sovet Gürcüstanı” (27.09.1967) qəzetində
yazır ki, “Nisə Rzayevanın (Sevil) və Tariyel
Qasımovun (Balaş) yaratdıqları obrazlar
şablonçuluqdan və təqlidçilikdən uzaq olan
orijinal və təbii surətlərdir”.
“Sevil”
tamaşasındakı Balaşın uğurlu addımından
sonra Tariyel Qasımov S. Rəhmanın “Əliqulu evlənir”
komediyasında Rövşən, Ə. Süleymanovun “Alovlar”
pyesində Müdhəd bəy, C. Cabbarlının “Solğun
çiçəklər” əsərində Bəhram, N. Vəzirovun
“Yağışdan çıxdıq, yamura düşdük”
komediyasında Cəbi kimi müxtəlif xarakterli obrazlar
yaratmışıdır. Cəmi iki ilə yaxın müddətdə
beş fərqli obrazlara səhnə həyatı
vermək ancaq fitri istedad sayəsində baş verə bilərdi.
T.
Qasımovun ifa etdiyi Rövşən obrazına mətbuat
(“Sovet Ermənistanı”, 13.06.1967) yüksək qiymət verərək
yazırdı: “Rövşən obrazını yaradan Tariyel
Qasımov bu tamaşada da hamının rəğbətini
qazanmağa nail oldu”.
Tariyel Qasımov İrəvan teatrında
özünü tək aktyor kimi yox, rejissor kimi də
sınamışdır. O, Ə. Süleymanovun “Alovlar” pyesinin rejissoru və N. Vəzirovun
“Yağışdan cıdıq, yağmura düşdük”
komediyasının quruluşçu rejissorlarından biri
olmuşdur. “Teatr özünün peşəkar
fəaliyyəti “Yağışdan çıxdıq,
yağmura düşdük” komediyasını bir neçə
quruluşda repertuara daxil edib. Həmin səhnə
yozumları arasında Zülfüqar Abbasovun və Tariyel
Qasımovun orijinal quruluş verdikləri tamaşa Vəzirov
yumorunun səmimiyyəti, Vəzirov satirasının məsxərəvari
kəsəri, Vəzirov gülüşünün məna dərinliyi
ilə seçilib” (İ. Rəhimli).
1969-cu ildə
Bakıya qayıdan T. Qasımov az müddət
“Azərbaycanfilm” kinostudiyasında rejissor assistenti vəzifəsində
çalışır. Və 1971-ci ildə
yenidən öz doğma Gənc tamaşaçılar
Teatrına qayıdaraq bir-birindən fərqi xarakterlərə
səhnə həyatı verir.
Tariyel Qasımovun əsas səhnə uğurları Gənc
Tamaşaçılar Teatrında fəaliyyəti
dövründə baş verib. O, bu teatrın səhnəsində
yüzlərlə obrazda çıxış edirək, onlara
qarşı tamaşaçı rəğbəti
qazandırmışdır.
Bu
teatrın səhnəsində aktyor Cəfər Cabbarlı
(“Aydınlığa doğru”), Cəlal və Bəxtiyar
(“Komsomol poeması”), Söhrab (“Söhrab və Rüstəm”),
Əşrəf bəy və Mahmud (“Yağışdan
cıdıq, yağmura düşdük”), Əzizbəyov
(“Bakı komissarları”), İmran (“Tamahkar”), Artur (“Ovod”), Oruc
(“Qaraca qız”), Zaur (“Yadındamı?”), Kazım (“Məhəbbət
novellası”), Rəcəb (“Şirinbala bal yığır”),
Məlik Məmməd (“Məlik Məmməd”), Səfər
(“Kiçik təpə”), Pərviz (“Sən nə
üçün yaşayırsan?”), Polad (“Təzə
şagird”), Ədalət (“Gəl qohum olaq”), Həsənzadə
(“Sən həmişə mənimləsən”), Senya koqan
(“İnqilab naminə”), Qədim (“Billur sarayda”), Muradzadə
(“Sarıköynəklə Valehin nağılı”), Zərbəliyev
Səbzəli (“Məşuqələr”), Səbzəli (“Məhəbbət,
şeytan və lambada”) və s. tamaşalarda daban-dabana zidd
olan obrazlar qalereyası yaratmışdır.
Tariyel Qasımovun aktyorluq vüsəti üçün
obrazı son detalına qədər açmaq
bacarığı xarakterikdir. Bu sön dərəcə
orijinal aktyor yaratdığı obrazlara öz sənətkar
möhürünü vurmağı bacarmışdır.
Onun ifa etdiyi zəngin xarakterlərin səhnə
təcəssümü daim tamaşaçıları
düşündürməyə məcbur etmişdir. O,
yaratdığı yeni qəhrəmanların həyatının
yaradıcısı, sahibi, obrazların fikirlərini,
arzularını səmimi və təbiliklər açıb,
göstərməyi bacarır.
T.
Qasımov əsərin ideya istiqamətinə, daxili ruhuna, onun
həyatdan gələn zəngin, dolu məzmununa
tamaşaçıları inandırır, obrazın ideya məramnaməsini
dəqiq göstərir. O, peşəkar prinsiplərinə əsaslanaraq,
obrazın səhnə həyatını düzgün dərk
edib, istedadının süsgəcindən keçirərək,
tamaşaçılara göstərir. Aktyorun
yaratdığı obrazlarda irəli sürülən
fikir-insan və zaman arasındakı ziddiyyətlər, həyatda
baş verən özbaşınalıq, riyakarlıq, bəd əməlləri
qamçılamaq, ləyaqət, gözəllik və saf hisslər
təqdir edilir. Bununlada o,
tamaşaçılarda humanizm ideyalarını qüvvətləndirir.
T.
Qasımov həmçinin Azərbaycan televiziyasının
hazırladığı tamaşalarda da yadda qalan obrazlar
yaratmışdır. Nəzər (“Bir ailədə”), Mirdamət
(“Cəncli məcarası”), Pərviz (“Sən nə
üçün yaşayırsan”), Kişi (“Unudulan adam”), Fərid (“Həmyerlilər”) və s.
tamaşalarda yaratdığı obrazlar indinin özündə
maraqla baxılır və tamaşaçılar tərəfindən
rəğbətlə qarşılanır.
Tariyel Qasımov həmçinin 1997-1998-ci illərdə
Qazax Dövlət Dram Teatrında və 1999-cu ildə Dərbənd
Dövlət Azərbaycan Teatrında direktor və bədii rəhbər
vəzifələrində
çalışmışıdır. O, bağlanmaq təhlükəsi
olan Qazax teatrını yenidən canlandırmış, rəhbərlik
etdiyi müddətdə “Yağışdan
çıxdıq, yaxmura düşdük”, “Alov” və “Şəhərli
kürəkən” tamaşalarına quruluş vermişdir.
Azərbaycan teatrında Tariyel Qasımov bəlkə də
yeganə aktyordur ki, sırf dram artisti ola-ola qırxdan
yuxarı bədii filmə çəkilib. İlk debütü R.
Şabanovun çəkdiyi “Liftçi qız” filmində Nəriman
obrazı ilə kino aləminə qədəm qoyan T.
Qasımov bir-birinin ardınca nəinki Azərbaycanfilmin
(“Axırıncı aşırım”, “Qızıl qaz”, “Gilas
ağacı”, “Nəsimi”, “Bizim küçənin
oğlanları”, “Dədə Qorqud”, “Doğma sahillər”,
“İstintaq”, “Qatır Məmməd”, “Sahilsiz gecə”, “Qorxma,
mən səninləyəm”, “Şeytan göz
qabağında”, “Qəzəlxan”, “Məhkumlar” və s.) həmçinin
Mosfilmin (“Çilidə gecə”), Özbəkfilmin
(“Əlvida, yaşıl yay” “Həyatın mənası” 2
seriya, “Alovlu yollarla” 17 seriya), Türkmənfilmin (“Rüstəm
və Söhrab” 3 seriya, “Qızıl rəng”), Almaniyanın
(“Sonya raport verir”, 2 seriya) istehsal etdiyi filmlərdə
irili-xırdalı zəngin obrazlar yaratmışdır.
Tariyel Qasımovun əməyi layiqincə qiymətləndirilmiş,
ona 09.02.1979-cu ildə əməkdar artist, 22.05.1991-ci ildə
xalq artisti fəxri adı verilmişdir. O, 10.12.2018-ci ildə III dərəcəli
“Əmək” ordeni ilə təltif olunmuşdur.
Bu
yaxınlarda 80 illik yubileyi qeyd edilləcək görkəmli
teatr və kino xadimi xalq artisti Tariyel Qasımovun şüurlu
həyatı, onun mənsub olduğu xalqına göstərdiyi
zəhmətinin bariz nümunəsidir...
İmran AXUNDOV,
Fəlsəfə doktoru
Hürriyyət.-
2019.- 28 mart.- S.13.