Akademik Tofiq Hacıyevin

tərcümə yaradıcılığı

 

(Yazı akademiikin 83 illiyinə həsr olunur)

 

Hər kəs öz dövrünün məhsuludur. Həyatda nə varsa hamısını zaman yetişdirir, tarix araya-ərsəyə gətirir. Zaman keçdikcə onun araya-ərsəyə gətirdiyi varlıqlar onları yetişdirən zamanı əbədi bir qibləgaha,anım nöqtəsinə, ziyarətgah yerinə çevirir.Zamanın yetişdirdiyi həmin müqəddəslər öz adlarını tarixə yaza-yaza ovladlıq etdikləri xalqın da adını əbədiləşdirərək,özlərindən sonra gələnlərin istinad nöqtəsinə çevirirlər.

Türkologiya tarixində zaman-zaman,həmən tarixdə öz fitri istedadı, düşüncəsi və elmi ilə özünə belə bir tarix, tarixə isə özünü yazan əbədi şəxsiyyətlərdən biri də (bəlkə də, birincisi) akademik Tofiq İsmayıl oğlu Hacıyevdir.O Tofiq Hacıyev ki türkologiyanı, türk dilini onsuz, onu isə türkologiyasız düşünmək qeyri-mümkündür.

Akademik Tofiq Hacıyev dünyaya göz açanda sanki zaman bütün səxavət kisələrinin ağzını heç nəyi əsirgəmədən açaraq onlara pay bölüb.O dövr qismətlərinə yazılmış,yolları Tofiq Hacıyevlə bir nöqtədə birləşib onunla yol-yoldaşı olanların hamısı,özlərindən yüz illərlə əvvəl gələn və eyni zamanda,özlərindən yüz illərlə sonra gələnlərdən seçilən və yenə də seçiləcək bir şəxsiyyət kimi yad ediləcək və xatırlanacaqlar.

Akademik Tofiq Hacıyev təkcə türkologiya sahəsində deyil, eyni zamanda, dilçilikdə, ədəbiyyatşünaslıqda öz sözünü deyə bilən , eyni zamanda, öz sözü ilə yaşayan şəxsiyyətlərdəndir.O,öz qələmini elmin bir çox sahələrində sınayıb,hansı sahədə qələm çalıbsa, o sahədə uğur qazanıb,o sahədə öz xalqına,öz mənsub olduğu millətə baş ucalığı,vüqar gətirib.

Akademikin yaradıcılığının əsas hissəsini elmi-dilçilik,türkologiya təşkil etsə də, onun yaradıcılığının zəngin bir qolunu da tərcümə yaradıcılığı təşkil edir.

Alim tərcümə işinə hələ gənc yaşlarından başlamış və elə o zamandan bu sahəyə başçılıq edənlərin nəzər - diqqətini özünə cəlb etmişdir. Tərcüməçiliklə bağlı ilk qələm təcrübələri bu yurdsevər insanın, demək olar ki, tələbəlik illəri ilə bağlıdır.

Tofiq müəllimə hələ tələbəlik illərindən bəslənilən inam və etiqaddan görürük ki, o, tələbəlik illərindən məhşur müəllimlərinin – o cümlədən, böyük ədəbiyyatşünas alim Əli Sultanlıın və digərlərinin diqqətini cəlb etmiş, Roma ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Mark Tulli Siseronun əsərlərinin bəzi bölmələrinin tərcüməsini ona həvalə etmişlər.

1959-cu ildə Bakı Azərbaycan Universiteti nəşriyyatında çapdan çıxan 260 səhifədən ibarət “Roma ədəbiyyatı müntəxabatı” (tərtib edəni Əli Sultanlı)antologiyasının geniş bir bölməsinin tərcüməsi hələ tələbəlik illərindən ayrılmamış bu gənc gələcək türkoloqa – dilçiyə tapşırılmışdır.

Biz adını yuxarıda qeyd etdiyimiz müntəxabatı onun 1950 – ci ildə nəşr olunan birinci cildi ilə müqayisə etdikdə hələ tələbə olan Tofiq Hacıyev və onunla birlikdə bir kursda oxuyan tələbələrə göstərilən böyük etimadın şahidi oluruq. 1950 – ci ildə nəşr olunan “Antik ədəbiyyat müntəxabatı” na daxil edilən yunan ədəbiyyatı nümunələrinin tərcüməsi Azərbaycan ədəbiyyatında öz dəsti- xətləri ilə seçilən, zəngin təcrübəyə sahib M.Rzaquluzadə (1905 - 1984), Ə.Məmmədxanlı (1913 – 1990), Ə.Sadiq ( 1898 – 1956), O.Sarıvəlli ( 1905 – 1990), M. Arif ( 1904 – 1975), A. Aslanov ( 1926 – 1995) və digərlərinə tapşırıldığı halda, 1959 – cu ildə nəşr olunan “Roma ədəbiyyatı müntəxabatı” kitabına daxil olan ədəbi nümunələr 21 – 22 yaşlı Tofiq Hacıyevə (1936 – 2015) və onun tələbə yoldaşları Y.Qarayev ( 1936 – 2002), H.Kürdoğlu (1934 – 2003), Ağacavad Əlizadə (1928 – 1995) və onlarla universitetdə eyni vaxtda təhsil alan Əhməd Qurbanov, Əlibəy Hüseynov, Sərəstan Əliyev və digərlərinə tapşırılmışdır. Yuxarıda adı qeyd edilən müntəxabata daxil edilən “Katilaya qarşı birinci nitq” ( səh.89 – 90), “İkinci nitqdən parça” (91 – 93), “Natiq haqqında risalədən” (səh. 94 – 100), Mark Tulli Siserondan parçalar rus dilindən Azərbaycan dilinə Tofiq Hacıyev tərəfindən tərcümə edilmişdir. Biz gənc tələbənin tərcüməsində verilmiş bu mətnləri onun tərcümə yaradıcılığının ilk qaranquşu adlandırsaq, elə bilirəm ki, heç zaman yanılmarıq.

Qədim Roma ədəbiyyatına aid klassik nümunələrin tərcüməsinin görkəmli ədəbiyyatşünas Əli Sultanlı tərəfindən gənc Tofiq Hacıyev və onun tələbə yoldaşlarına tapşırılması hələ gənc yaşlarından onların geniş elmi potensiallarına olan inamdan irəli gəlmişdir. Onların sonrakı yaradıcılıqları da onlara olan böyük inamı sonadək doğrultdu və təsdiq etdi.

1958-ci ildə, hələ tələbə olduğu zaman tərcüməçilik fəaliyyətinə başlayan gələcəyin böyük türkoloqu on illər boyu bu sahə ilə məşğul olmamış, 1997 – ci ilə qədər, (təqribən 40 il; bəzi tərcümələri varsa da, onu bilmirəm) bu sahə ilə məşğul olmamışdır. 1997 – ci ildən başlayaraq bir – birinin ardınca türklərin, o cümlədən, onların dillərinin tarixindən bəhs edən beş əsəri Murad Adcının “Qıpçaq çölünün yovşanı” (1997), B.A.Serebrennikov və N.Z. Hacıyevanın birlikdə yazdıqları “Türk dillərinin müqayisəli tarixi qrammatikası”

( 2002) , Mikayıl Baştunun “Şan qızı dastanı” ( 2005), yenə də Murad Adcının “Türk və dünya: munis tariximiz” ( 2006) və Seyid Əhməd Cəmaləddin Mühənnanın “Hilyətül – insan və həlbətül lisan”(2008) əsərlərini rus dilindən Azərbaycan türkçəsinə tərcümə etmişdir.

Türkoloqun 1997 – ci ildə tərcümə etdiyi “Qıpçaq çölünün yovşanı” əsərində “Türk -qıpçaq Atillanın Altaydan Avropaya apardığı mədəniyyətin təşəkkülündən danışılır” .

Kitabda Avropa və rus tarixçilərinin yüz illər boyu üstünə qara pərdə çəkdikləri, uzunluğu səkkiz aylıq at yolu olan böyük Dəşti – Qıpçaq dövlətinin gizli saxlanılan səhifələri öz əksini tapır.

XI – XV əsr ərəb və fars səyyahlarının təsvirinə görə ərazisi İrtışdan Dunaya, Krımdan Böyük Bolqara qədər uzanan bir sahəni əhatə edən Dəşti - Qıpçaq dövləti eramızın II – V əsrlərdəki böyük köçün nəticəsi olaraq Atilla tərəfindən qurulmuşdur. Əsər 193 səhifədən, yeddi bölmədən 1.(Moskalçı tarixləri, (səh.5), 2. Şəkillər salnamə səhifələrində ( səh. 40), 3. Vəhşi çölün dünyası ( səh.51), 4. Vəhşi çöl – Böyük səhra ( səh. 78), 5. Tanrıxan və oğlu Xristos ( səh.108), 6. Parçalanma və parçalayanlar ( səh. 127), 7. Dəşti – Qıpçaq tanınmaz ölkədirmi ?( səh. 156) bölmələrindən və tərcüməçiTofiq Hacıyevin kitabın sonunda verdiyi “Qıpçaq çölü haqqında elmi ballada” ( səh. 123) adlanan son sözdən ibarətdir.

Türkdilli xalqların tarixindən və taleyindən bəhs edən bu əsərdə adı qeyd edilən xalqların Rusiya adlanan bu ərazinin ilkin xalqları olduğu vurğulanır. Sonradan assimilyasiya nəticəsində türkdilli xalqların bir çoxunun adının məqsədli şəkildə sıradan çıxarılması, onların ümumilikdə slavyan adlandırılması tarixi faktlarla öz əksini tapmışdır. Bununla bağlı kitabda yazılır: “Heç Rusiyanın tarixinə təəccüblənməyinə dəyməz- başdan – başa tapmacadır. Belə ki, ilk siyahıya almaya görə, 1917 – ci ilə qədər Rusiyada 196 xalq yaşayırdı, sovet hakimiyyətindən sonra yüzə qədəri qalıb. Qalanlarını komissarlar sadəcə olaraq siyahıdan siliblər, rusların və başqa xalqların üstünə yazıblar” (Qıpçaq çölünün yovşanı, səh.5)

Akademik Tofiq Hacıyevin tərcümə etdiyi əsərlərdə, qarşıya qoyulan əsas məqsəd tərcüməçinin baxışları ilə üst – üstə düşdüyünə görə və bu tarixi qaynaqları axtarıb tapmaqda müəyyən qədər çətinlik olduğuna görə o, mənsub olduğu xalqın tarixi keçmişinin qədimliyini, yayılma arealının genişliyini vətəndaşı olduğu ölkənin oxucularına çatdırmaq üçün tərcümə yolunu daha münasib hesab etmişdir. Kitabda verilən fikirlər, akademikin baxışlarının eynini təşkil etdiyi üçün orada verilən aşağıdakı faktlar bunu bir daha sübut edir. Kitabda yazılır: “IX əsrdə hamı yaxşı bilirdi ki, kiyevlilər qədimdən türkcə danışıblar, çünki onlar türk – qıpçaq olublar. Kiyev türkcədə “kürəkən yurdu” demək olub. Kiy – “göy”, kürbə kən, ev- “eb” ev deməkdir” ( Yenə orada, səh. 39)

Kitab müəllifinin gətirdiyi faktların təsirinə düşdükcə insan öz kimliyi ilə fəxr etməyə bilmir. Bu qədim türk xalqını özününküləşdirib onların varlığı ilə fəxr etməyə çalışan, bu gün barmaqla sayılan böyük yad xalqların bu istəyi ilə tanış olduqda fəxarət hissi daha da güclənir, dəli çaylar kimi aşıb – daşır, sahillərini qucaqlayır. Kitabın “Vəhşi çöl – Böyük səhra (səh.78) bölməsində yazılır: “Qıpçaq xalqının şöhrət çələngini mənimsəməkdə ruslar yeganə deyillər. Zamanın yollarında yiyəsiz qalan bu yağlı tikə çoxalrını özünə çəkir. Bu yolda ilk iddiaçı almanlardır. Onlar qıpçağın çarı Attilanı milli qəhərəman saymış” ( səh, 78)

Kitabda türklərə, o cümlədən qipçaqlara olan basqının tarixi əmr və sərəncamlarla həyata keçirilməsi, bizdən olmayanların bizə qarşı olan münasibətlərini dəyişməz şəkildə əks etdirməkdir. Əsərdə bu haqda yazılır: “Müstəmləkə xalqlarının tarixini öyrənmək rus elminin maraq dairəsinə düşmürdü. Əksinə, I Pyotr zamanında bu qıpçaq abidələrini ustalıqla məhv edirdilər. Pyotr öz əmrində beləcə də yazmışdır: “Basurmanları (müsəlmanları) tamam sakitcə, sezilmədən, özləri hiss etmədən, mümkün olduğu qədər qəhr etmək, azaltmaq lazımdır”( səh. 81) .Murad Adcı qıpçaqların yaşadıqları əraziləri , tarixi köklərini araşdırdıqdan sonra fransızların qənaətini real sayır və bununla bağlı yazır: “Fransızlar deyərlər: İstənilən rusu qurdalasan tatar çıxacaq” ( səh.81)

Kitabın sonunda tərcuməçi tərəfindən daxil edilən “Qıpçaq Çölü haqqında elmi ballada” ( səh. 186 – 193) bölməsində yazılır: “ ... qumuq- qıpçaq oğlu A. Murad “Qıpçaq çölünün yovşanı” (Ïîëûíü ïîëâåöêîãî ïîëÿ. Ìîñêâà, 1994)kitabını yazdı, Moskvadakı evini satıb onu çap etdirdi. Bu kitab “Dəşti – Qıpçaq” dövlətinin yaranması və sonrakı taleyi haqqında müxtəsər, lakin mötəbər tarixdir... “Qıpçaq çölünün yovşanı” bizə deyir ki, hər türk xalqının tarixini öz oğlu yazmalıdır” ( səh. 193)

Bütün türkdilli xalqların tarixinə öz doğma Azərbaycan türkünün tarixi kimi yanaşan böyük insan Tofiq Hacıyev tarixçi olmadığına və türk xalqlarının tarixi köklərini araşdırmada iştirak etmədiyinə görə bu yoldakı vəzifəsini türklər haqqında yazılan hər bir kitabı - əsəri Azərbaycan türkçəsinə çevirib Azərbaycan türklərinə çatdırmaqda görür. O bu kitabı oxuyandan sonra özünün də qəlbindən keçənlərin orada əks olunduğunu görüb yazır: “ ...Türk xalqları tarixinin olduğu kimi yazılması yolunda ilk addımı qumuq oğlu Murad Adcı atdı. Onun bu kitabı ilə türk tarixçiliyində yeni mərhələ başladı. Mən “Qıpçaq çölünün yovşanı” kitabında öz düşüncəmi , məsləkimi görərək onu türkçəmizə tərcümə etdim” ( səh. 195).

Akademikin rus dilindən Azərbaycan dilinə tərcümə etdiyi ikinci sanballı əsər Boris Aleksandroviç Serebrennikov və Ninel Zeynalovna Hacıyevanın birlikdə yazdıqları “Türk dillərinin müqayisəli tarixi qrammatikası” əsəridir. 2002 – ci ildə “Səda” nəşriyyatında çap olunan və 380 səhifədən ibarət olan bu əsər üç fəsildən ibarətdir. Əsərin birinci fəsli sayılan “Fonetika” bölməsində Türk dillərinin fonetik sistemi, öz əksini tapmışdır. Burada “Ulu türkcənin vokal sistemi” ( səh. 13) , “Diftonqlar” ( səh. 34), “Türk vokalizminin tarixi ilə bağlı bəzi ümumi hadisələr haqqında” ( səh. 35). “Ulu türkcənin konsonat sistemi” ( səh. 38), “Türk konsonantizminin tarixi ilə bağlı bəzi ümumi hadisələr” ( səh.96), “Vurğu haqqında” ( səh. 97) və s. bölmələrdən ibarətdir. Bu bölmədə türk dillərinin fonetik sisteminin ümumi və xüsusi cəhətləri, dilləri bir – birindən fərqləndirən əsas xüsusiyyətlər öz əksini tapmışdır. II fəsil, “Morfologiya” bölməsi ( səh. 99 – 318), “ İsim”, “Türk dillərinin hal sisteminin inkişaf tarixi”, “Sifət” ( səh. 144), “Say” ( səh. 163), “Əvəzliklər” (səh.173), “Fel” (səh.191), “Qoşmalar” ( səh.310), “Köməkçi sözlər” ( səh.313), “Zərf” ( səh.315), “Hissəciklər” ( 315) və “Bağlayıcılardan ( səh.317) ibarətdir. Bu bölmədə müxtəlif türk dillərində işlənən köməkçi nitq hissələrinin oxşar və fərqli cəhətləri aydınlaşdırılaraq, eyni köməkçi nitq hissəsinin daha çox hansı türk dillərində geniş işləndiyi, zəngin əsasa malik olduğu dəlil və nümunələrlə izah edilir.

 

(Ardı var)

 

Sərdar ZEYNAL,

Filologiya elmləri doktoru

 

Hürriyyət.- 2019.- 1 may.- S.11.