Akademik Tofiq Hacıyevin

tərcümə yaradıcılığı

 

(Yazı akademiikin 83 illiyinə həsr olunur)

 

(Əvvəli ötən sayımızda)

 

Hər kəs öz dövrünün məhsuludur. Həyatda nə varsa hamısını zaman yetişdirir, tarix araya-ərsəyə gətirir. Zaman keçdikcə onun araya-ərsəyə gətirdiyi varlıqlar onları yetişdirən zamanı əbədi bir qibləgaha,anım nöqtəsinə, ziyarətgah yerinə çevirir.Zamanın yetişdirdiyi həmin müqəddəslər öz adlarını tarixə yaza-yaza ovladlıq etdikləri xalqın da adını əbədiləşdirərək,özlərindən sonra gələnlərin istinad nöqtəsinə çevirirlər.

Türkologiya tarixində zaman-zaman,həmən tarixdə öz fitri istedadı, düşüncəsi və elmi ilə özünə belə bir tarix, tarixə isə özünü yazan əbədi şəxsiyyətlərdən biri də (bəlkə də, birincisi) akademik Tofiq İsmayıl oğlu Hacıyevdir.O Tofiq Hacıyev ki türkologiyanı, türk dilini onsuz, onu isə türkologiyasız düşünmək qeyri-mümkündür.

Akademik Tofiq Hacıyev dünyaya göz açanda sanki zaman bütün səxavət kisələrinin ağzını heç nəyi əsirgəmədən açaraq onlara pay bölüb.O dövr qismətlərinə yazılmış,yolları Tofiq Hacıyevlə bir nöqtədə birləşib onunla yol-yoldaşı olanların hamısı,özlərindən yüz illərlə əvvəl gələn və eyni zamanda,özlərindən yüz illərlə sonra gələnlərdən seçilən və yenə də seçiləcək bir şəxsiyyət kimi yad ediləcək və xatırlanacaqlar.

Əsərin III fəsil şəklində verilən “Sintaksis” bölməsi isə ( 319 – 373) türk dillərinin sintaksis bölməsini əhatə edir. III fəslin əvvəlində Sintaktik vahidlərin tarixi aspektdə öyrənilmə metodları haqqında ( 319 – 325) danışılır. Bölmənin əvvəlində bununla bağlı yazılır: “Sintaktik vahidlərin tarixi aspektdə öyrənilməsini ya bir dilin... ya da qohum dil qruplarının materialları əsasında həyata keçirmək olar... Ayrı – ayrı dillərin sintaktik quruluşunun tarixinin öyrənilməsində bu metodun tam yaşamaq haqqı vardır” (səh.319). Bu bölmədən sonra Sintaksisdə ən geniş bölmə sayılan “Türk dillərində söz birləşmələri və onların inkişaf tarixi” ( səh. 325) bölməsi verilir. Təyini söz birləşmələri izafət, I, II, III növ izafət, feli söz birləşmələri bu bölmədə əks olunub işıqlandırılır. Bu dərslikdə təyini söz birləşmələrinin tərəflərinə verilən ad, Azərbaycan dili dərsliklərində təyini söz birləşmələrinə verilən adlardan xeyli dərəcədə fərqləndirilir. Bu dərslikdə birinci tərəf baş üzv, ikinci tərəf isə tabeli üzv adlandırılır. Bu cür yanaşma bir tərəfdən qrammatik anlayışlara verilən adlarda müəyyən qədər dolaşıqlığa səbəb olur. Biz cümlə üzvlərinin də ikisini baş üzv adlandırırıq. Belə olduqda cümlə üzü olan baş üzv ilə söz birləşməsini əmələ gətirən tərəflərdən birincisinin adı olan “baş üzv” qarışdırılır və dildə bir qarışıqlıq yaradılır.

Bu bölmədə söz birləşmələri ilə bərabər izafət termini də işlədilir. “Türk dillərində izafət” ( səh.332) bölməsində yazılır: “İzafəti təyini söz birləşmələrinin təzahürlərindən biri hesab etmək olar. Bütün təyini söz birləşmələri qruplarında olduğu kimi, izafət türk dillərində aqlütünativ quruluşun söz sırası qaydası əsasında qurulur:”. “təyin + təyin olunan” səh.332). Dərslikdə izafət I növ, II növ, III növ izafət adı altında üç yerə bölünür ki, bu da “Azərbaycan dilində verilən” təyini söz birləşmələri” növlərinin eynini təşkil edir.

Bu bölmədə ardıcıl olaraq “Feli söz birləşmələri” (səh.335), “İsmi cümlə” ( səh.338), “Feli cümlə” ( səh.341), “Türk dillərində budaq cümlə problemləri” (səh. 346) və s.məsələlər öz əksini tapır. Kitabın ən maraqlı hissəsi akademik Tofiq Hacıyevin tərcümə etdiyi bu kitaba “Ön söz” əvəzinə yazdığı “B.İsgəndər oğlu və N.Zeynal qızı haqqında iki söz” (səh. 308) adlı girişidir. Həmin giriş cəmi altı səhifədən ibarətdir. Girişin altı səhifədən ibarət olmasına baxmayaraq, bu bölməni oxuyan oxucu türk dilləri, eyni zamanda kitabın müəllifləri ilə bağlı, bir tarix kitabının verdiyi məlumata bərabər məlumatla tanış olur.

Əsərin tərcüməsi Azərbaycanın müstəqillik qazandığı ilk illərə təsadüf etdiyindən, tərcüməşi əsərin müəlliflərinin ad və soyadlarına müraciət etdikdə onlara XX əsrin əvvəllərində Azərbaycanda insanlara olan müraciət formasından qabarıq şəkildə istifadə edir. O, yazının ilk cümləsində müəlliflərin ad və soyadlarını günümüzün müraciət formasında qeyd etsə də, bundan sonra müəlliflərə müraciət edəndə yenidən 20 – 30 – cu illərin müraciət formasına qayıdır. Yazının ilk cümləsi belə başlayır: “Söhbət əlimizdəki bu kitabın müəlliflərindən, vaxtıilə Sovet İttifaqı adlanan nəhəng bir dövlətdə Boris Aleksandroviç Serebrennikov və Ninel Zeynalovna Hacıyeva kimi tanınmış çox istedadlı və çox məşhur iki dilçidən, əslində bir bütöv ailədən gedir... Ninel Zeynal qızı B. İsgəndər oğlunun həyat yoldaşı idi” (səh. 3) (İfadənin təmizliyinə, müraciət formasına bax!!!

Dünyada heç bir dilin təsirinə məruz qalmamış, hər bir basqıdan uzaq olan xalis Azərbaycan türkcəsi forması. Müəllifinin özü kimi, dilimizin kökü kimi saf və təmiz!!!)

Akademik Tofiq Hacıyev kitabın qadın müəllifinin əslən Azərbaycan türkü olduğunu, Ordubad şəhərində anadan olub, çar ordusunda polkovnik rütbəsinə qədər yüksələn Zeynal Hacıyevin ailəsində dünyaya göz açdığını qeyd edir və göstərir ki, böyüdükdən sonra o bu gün dünyanın ən məşhur türkoloqlarından sayılan Boris İsgəndər oğlu ilə ailə qurmuşdur. Akademik onu da vurğulayır ki, B. İsgəndər oğlu Azərbaycan türkü ilə ailə qursa da, tatarcanı öz ana dili qədər təmiz öyrənmişdir. Ömür – gün yoldaşı Azərbaycan türkü olan B. İsgəndər oğlunun tatarcanı öz ana dili səviyyəsində öyrənib Azərbaycan türkcəsini tatarcadan zəif bilməsi məsələsinə aydınlıq gətirən tərcüməçi yazır: “Türkçələrin quruluşunu, inkişaf qaydalarını ümumi dilçilik normaları səviyyəsində çox gözəl bilən B. İsgəndər oğlu bunlardan birini – tatarcanı sevimli xanımının xatirinə öz ana dili səviyyəsində təmiz öyrənmişdi. Niyə bəs xanımının ana dili olan Azərbaycan türkcəsini yox, məhz tatarcanı? Görünür ki, B. İsgəndər oğlu bunu nəzərə almışdı ki, üç yüz il Rusiya dövlət taxtında oturmuş türk hakimiyyəti rus tarixşünaslığında məhz tatar hegemonluğu adı ilə tanınırdı” (səh.4) (sözə bax, fikrin ifadə formasına, türkçülüyün inkişafı, tarixi keşmişi haqqında məlumatı oxucuya catdırılma formasına bax! Min əhsən! S.Z.)

Sonra akademik bu iki məşhur dilçi ilə 1970 – ci ildə BDU – nun filologiya fakültəsindəki görüşündən, ona olan müraciətindən danışır və bu barədə yazır: “Mən türk ədəbi dillərinin tarixi təşəkkülü haqqında onun fikrini soruşdum. Belə dedi: “Mən bu fikirdəyəm ki, türk dillərinin yaranması e.ə.II əsrdən başlayır”.

Akademik Tofiq Hacıyev mənsub olduğu xalqın tarixinin qədimliyi haqqında bilə - bilə özü söz demir, öz xalqının tarixinin qədimliyini başqa xalqların elm adamlarının söylədiyi fikirlərlə təsdiq etməyə çalışır. Bu fikirlər, türk dillərinin qədimliyinə aid olan bü münasibət, bu baxış elə bilirəm ki, elə böyük alim Tofiq Hacıyevin qəlbinin dərinliklərində yuva salan, lakin yazmağa vaxt tapa bilmədiyi fikirləri və istəkləri idi.

Akademik Tofiq Hacıyevin rus dilindən Azərbaycan türkcəsinə çevirdiyi əsərlərdən biri də türk xalqlarının taleyindən bəhs edən Mikayıl Bastunun “Şan qızı dastanı”dır. ön sözlə birlikdə 310 səhifədən ibarət olan bu kitabın yüz səhifəsini tərçüməşinin həmin əsərə yazdığı ön söz təşkil edir.

Kitabın “Dastan və müəllifi haqqında iki söz” adlanan giriş hissəsində tərcüməşi yazır: “Şan qızı dastanı Mikayıl Baştu tərəfindən eyni adlı bulqar – tatar qəhrəmanlıq dastanı əsasında 865 – 882 – ci illər arasında yazılmışdır. Bu kamil əsərin erkən və sonrakı orta əsrlərdə məşhurlaşmaması , görünür onunla bağlı olmuşdur ki, içindəki bütpərəstlik mötivlərinə görə dastanın üstündə islam yasağı qoyulmuşdur” ( səh.5). Tərcüməçi ön sözdə göstərir ki, Mikayıl Baştunun özü də islam dininin təbliğatçısı olmuş, bu dini qərb türkləri və bulqarlar arasında yayanlardan olmuşdur. Lakin ilk əvvəl sovet dövləti tərəfindən oxunması qadağan edilən bu dastan bir müddət sonra islam dinini təbliğ etsə də, oxunması elə islam dininin özü tərəfindən yasaq edilir. Qazaxstanın Petropavlovsk şəhərinin sakini bulqar – tatar ziyalısı İbrahim Mühəmmədkərim oğlu Niqmatulin ulu babalarının hər bir təzyiqdən qoruyub saxladıqları bu dastanı rus dilinə tərcümə etdikdən sonra onu məhv olma təhlükəsindən qurtarır.

Akademik Tofiq Hacıyev bulqar – tatar dastanı olan “Şan qızı dastanı” ilə rusların öz adlarına cıxdıqları “İqor polku haqqında povest” əsərinin qısaca olsa da, oxşar xüsusiyyətlərini qeyd edir və göstərir ki, rusların özlərinin adına çıxdıqları “İqor polku haqqında povest” in özü də türkcədən ruscaya tərcümədir. Və bu versiyanın doğrulugunu görkəmli şəxsiyyətlər N. Baskakov və O. Süleymanov da dolayısı ilə olsa da, təsdiq edirlər. Lakin ruslar bu versiyanı iki yüz il bundan əvvəl bilmiş olsalar da, onu gizlətmişlər. Sonda isə “İqor polku haqqında povest”in müəllifini bilmək nəyimizə gərəkdir – deyərək bu məsələni özləri də dolayısı ilə təsdiq etmişlər.

Tərcüməçinin kitaba yazdığı “ön söz” üç yüz on səhifəlik kitabın yüz səhifəsini təşkil edir. Həmin ön söz isə müxtəlif başlıqlar altında verilmiş yeddi ayrı – ayrı məzmunlu və bu ideyaya xidmət edən mətnlərdən ibarətdir. “Dastan və müəllif haqqında iki söz” (səh.5- 12), “Dastanın poetikası” ( səh. 12 – 36), “Dastanda mif və reallıq” ( 36 – 52), “Dastanda tarix” ( səh. 52 – 70), “Dastanda coğrafiya” ( səh. 70 – 78), “Dastanda adətlər, törənlər” ( səh.78 – 88) və “Dədə Qorqud kitabı ilə səsləşmələr” ( səh. 88 – 100) bölmələrindən ibarətdir. Akademik Tofiq Hacıyevin əsərə yazdığı ön sözü Mikayıl Bastunun “Şan qızı ilə bağlı yazılan qiymətli bir tədqiqat əsəri adlandırsaq, bəlkə də, yanılmarıq”. “Dastanın poetikası” bölməsində tərcüməçi dastanın adı ilə bağlı öz fikirlərini irəli sürür və göstərir ki, əsər dastan adlandırılsa da, bu əslində dastan deyildir, çünki dastan şifahi xalq ədəbiyyatının janrıdır. Bu yazılı ədəbi nümunə, eyni zamanda müəllifli olduğuna görə bunu yalnız poema adlandırmaq olar. Tərcüməçi bununla bağlı yazır: “Mənzumə yazılı nümunə olduğundan nəzəri təyinatlar əsasında əsəri poema saymagı da bizə heç kəs irad tuta bilməz”. ( səh. 12). Mənzum şəkildə yazılmış bu dastanın bizə yalnız ruscaya sətri tərcüməsi gəlib çatmışdır. Əsərin bizə sətri tərcüməsinin gəlib çatmasına baxmayaraq, tərcüməçi bu tərcümə əsərini yüksək qiymətləndirərək yazır: “ Sətri tərcümə çox səriştə ilə aparılmış olduğundan bu misraəvəzləri öz əsli haqqında müəyyən bir təsəvvür yarada bilir” (səh.16).

Tərcüməçi bu bölmədə dastandan olan bir neçə bəndin M. Kasğarinin Divanında da öz əksini tapdığını qeyd etmişdir.

 

(Ardı var)

 

Sərdar ZEYNAL,

Filologiya elmləri doktoru

 

Hürriyyət.- 2019.- 2 may.- S.11.