Akademik Tofiq Hacıyevin
tərcümə
yaradıcılığı
(Yazı akademiikin 83 illiyinə həsr
olunur)
Əvvəli ötən
saylarımızda
Hər kəs öz
dövrünün məhsuludur. Həyatda nə
varsa hamısını zaman yetişdirir, tarix araya-ərsəyə
gətirir. Zaman keçdikcə onun araya-ərsəyə gətirdiyi
varlıqlar onları yetişdirən zamanı əbədi bir
qibləgaha,anım nöqtəsinə,
ziyarətgah yerinə çevirir.Zamanın yetişdirdiyi həmin
müqəddəslər öz adlarını tarixə
yaza-yaza ovladlıq etdikləri xalqın da adını əbədiləşdirərək,özlərindən
sonra gələnlərin istinad nöqtəsinə
çevirirlər.
Türkologiya tarixində zaman-zaman,həmən
tarixdə öz fitri istedadı, düşüncəsi və
elmi ilə özünə belə bir tarix, tarixə isə
özünü yazan əbədi şəxsiyyətlərdən
biri də (bəlkə də, birincisi) akademik Tofiq
İsmayıl oğlu Hacıyevdir.O Tofiq Hacıyev ki
türkologiyanı, türk dilini onsuz, onu isə
türkologiyasız düşünmək
qeyri-mümkündür.
Akademik Tofiq Hacıyev dünyaya
göz açanda sanki zaman bütün səxavət kisələrinin
ağzını heç nəyi əsirgəmədən
açaraq onlara pay bölüb.O dövr qismətlərinə
yazılmış,yolları Tofiq Hacıyevlə bir nöqtədə
birləşib onunla yol-yoldaşı olanların
hamısı,özlərindən yüz illərlə əvvəl
gələn və eyni zamanda,özlərindən yüz illərlə
sonra gələnlərdən seçilən və yenə də
seçiləcək bir şəxsiyyət kimi yad ediləcək
və xatırlanacaqlar.
Bununla bərabər, akademik Tofiq Hacıyev Şan
qızı” dastanı ilə “Dədə Qorqud” dastanları
arasında olan müştərək bənzərlikləri
qeyd etmişdir. Tərcüməçi bu barədə yazır: “Dədə
Qorqud kitabı”ndakı “Xanlar xanı” , “Bəylər bəyi”
sintaktik qəlibində “San qızı” nın dilində belə
birləşmələr var: “İgidlər igidi” (xrabrey iz
xrabreyşix) imanlıların imanlısı ( vernıy iz
verneyşix) zirvələrin zirvəsi. Dədə
Qorqud oğuzcası ilə bulqar – qıpçaq abidəsinin
belə ifadə uyğunluğu o deməkdir ki, bu sintaktik qəlib
ümumiişlək səciyyə daşımışdır.
Bu dil qəlibi, ümumiyyətlə türkün maksimalizmi ilə
bağlıdır: “yaxşının ən
yaxşısını qəbul edir, pisin ən pisini rədd
edir” ( səh.34). Akademik Tofiq Hacıyev
Mikayıl Baştunun “Şan qızı” dastanını
yüksək qiymətləndirərək onu Nizaminin “İsgəndərnamə”
əsəri ilə müqayisə edir və bu müqayisədə
tarixlik baxımından Baştunun dastanını daha
üstün sayır və yazır: “Tarixiliyi təkcə onda
deyil ki, Mikayıl Baştu dastanı müşaviri olduğu
Bulqar xanı Qabdulla Cilkiyə həsr etmiş və ona təqdim
etmişdir. Bu dastan tarixiliyinə görə, hətta
Nizaminin “İsgəndərnamə”sindən də tarixidir” (səh.52).
“Şan qızı” dastanına yüz səhifədən ibarət
ön söz yazan tərcüməçi bu bölmələrin
içərisində “Şan qızı” dastanını br
neçə türk dastanı ilə müqayisə edir və
sonda bu qənaətə gəlir ki, “Şan qızı
dastanı” da zamanında “Dədə Qorqud kitabı” kimi
çox məşhur olmuş və kitabımıza
Oğuznamə (Oğuz salnaməsi) olaraq
baxıldığı kimi, ona da, necə deyərlər,
Qıpçaqnamə və ya Bulqarnamə (
Qıpçaq və ya Bulqar salnaməsi) kimi
baxılmmışdır və bunların səsləşməsi
təbii görünür (Yenə orada, səh. 98)
Akademik Tofiq Hacıyev türkdilli xalqların qədim
tarixini özündə əks etdirən dastanların hər
birini Azərbaycan dilinə tərcümə etdikcə, bu
dastanlarda dilimizin zənginliyi, ifadə səlisliyi,
axıcılığı və digər mühüm xüsusiyyətləri
zərgər dəqiqliyi ilə
aydınlaşdırılır və qiymət verilir.
Görkəmli
türkoloq, tərcüməçi, dilçi, pedaqoq və
adı hər yerdə böyük hörmətlə çəkilən
akademik Tofiq Hacıyevin rus dilindən Azərbaycan dilinə tərcümə
etdiyi dördüncü əsər yenə də müəllifi
– Murad Adcı olan “Türk və dünya: munis tariximiz”
(Bakı – 2006) əsəridir. 255 səhifədən ibarət
olan bu kitabın əvvəlində verilmiş “Giriş yerinə
bir neçə söz” ( səh.5) və
axırında verilmiş “Araşdırmalar dərinləşdikcə
türkün haqqında həqiqət üzə
çıxır” ( səh. 234) bölmələri tərcüməçi
tərəfindən yazılmışdır. Kitaba
ayrı – ayrı başlıqlar adı altında bir bölmə
daxil edilmişdir.
Akademik
kitabın “Ön söz”ündə yazır: “Çar
Rusiyasının müstəmləkəçi şovinizmini
daha sərt şəkildə davam etdirən Sovet dövlətinin
süqutundan sonra Türk xalqları tarixinin olduğu kimi
yazılması yolunda ilk addım atanlardan biri “qıpçaq
– qumuq”oğlu Murad Adcı oldu. Azərbaycan
türkcəsinə tərcümə edilən bu kitab Murad
Adcının bitkin bir əsər kimi qələmə
aldığı sənət nümunəsi deyil. Tərcüməçinin
də “giriş”də qeyd etdiyi kimi: “ Azərbaycan
oxucularına həmin adla təqdim etdiyimiz bu kitab təkcə
son əsərin tərcüməsi deyil. Biz
Murad Adcının bütün əsərlərindən
ayrı – ayrı oçerkləri almış, bir dəst
düzəltmişik. Oçerklər bir – birini
tamamlayan, türkün tarixi haqqında aydın təsəvvür
yaradan bir buketdir” ( səh.5)
Əsərdə rus və rus olmayan xalqlar içərisində
kazaklar başqa xalqlardan öz döyüşkənliyi,
sözünə sadiqliyi, əhdinə vəfalılığı
ilə seçilirlər. Əsərdən o da
bəlli olur ki, kazakı rus rəsmi dövlət elan edib.
Ruslar başa düşürlər ki, kazaklar
rus deyil. Ancaq bu xalqın yalnız
oxumuşları, öz tarixi köklərinə bələd
olanları elə o zamandan dərk eləyirdilər ki, kazaklar əslən
rus yox, nəslən türkdülər. Əsərin
girişinin sonunda tərcüməçi yazır: “ Əsərdə Murad Adcı belə adi həqiqətləri
tarixi gərəklik kontekstində ustalıqla verir. Sibir –
Avropa arası Avrasiya, Yaxın Şərq – Uzaq Şərq
arası Çin, Monqolustan və Orta Şərq – bu
türkün ixtisarda təsir dairəsidir, yiğcam
coğrafiyasıdır” ( səh.7). Əsərin
birinci bölməsi, “Unudulmuş vətən və ya ön
söz yerinə” ( C. Məmmədquluzadə
isə deyirdi: Ax yazıq Vətən! – S.Z) adlanır. Bölmədə
müəllif yazır: “Tarix heç bir müsəlman və
ya buddist müstəmləkəsi tanımır, hamısı
xristianlara məxsusdur. Əvvəllər
Rusiyanı, onun böyük hissəsini Dəşti –
Qıpçaq (Qıpçaq Çölü)
adlandırırdılar. Bu Baykaldan Alpa qədər
uzanan nəhəng, qüdrətli çöl dövləti
idi” (səh. 9).
Əsərin
II hissəsi “Hindistan yarımadası və onun sakinləri”
adlanır ( səh.12). Bu
bölmədə Hindistanla bağlı əfsanələrdən
danışılır. Burada türklərin hindlilərlə
bağlı adət - ənənəsindən söhbət
açılır, türklərin digər xalqların həyatına
təsirindən bəhs edilir və bununla bağlı
yazılır: “Hindlilər danmırlar ki, “Prackaparamita”nı
türklərdən götürüblər – bu abidə
Hindistanın məxsusi mədəniyyətinin fundamentinə
daxildir. Bu hindlilərin özünəməxsus,
İncili və ya Quranıdır. Bu
müdrikliyin qədim toplusudur. (“Türk və
dünya”, səh. 17). Bölmədə sona qədər
hindlilərin dilində işlədilən türk sözlərindən,
yaxud onların müxtəlif variantlarından
danışılır və bölmənin yekununu müəllif
belə tamamlayır: “Budur, dünyanın ən qədim mədəni
ölkələrindən biri Hindistanın zəngin mədəniyyətinin
yaradılmasında türk iştirak edib. Dünya
memarlığının tacı sayılan Tacmahalın
memarı türkdür və məhz Azərbaycan
türküdür. – (T.H. səh.21) Kitabın “Türk
himninin pars melodiyaları” (səh.23) bölməsində isə
parslardan, onların dilinin yayılma arealından, başqa dillərə
təsirindən söhbət gedir. Pars dilinin fars
dilindən fərqləndiyi, ondan əvvəl geniş
yayıldığı qeyd edilir. Bununla bağlı bölmənin
sonunda yazılır: “ Pars çarı Kir
belə deyir: “Bütün yer çarlığını mənə
cənab Göy Tanrısı vermişdir və O mənə əmr
etdi ki, ona Yerusəlimdə - İudada ev tikdirim. Buyurun, İudaya Göy Allahı haradan gəlib – təktanrıçılığın
vətəni Altaydan – Şərqdən – Türklərdən!”
( Yenə orada, səh. 30). Kitabda
bu gedişlə türklərin vətəni, onların
axınları, onların hökmranlıq etdiyi ölkələrin
əraziləri təsvir olunur və tarixi faktlarla dəqiqləşdirilir.
Tərcüməçi akademik Tofiq Hacıyevin
kitabın sonuna əlavə etdiyi “Araşdırmalar dərinləşdikcə
türkün haqqında həqiqət üzə
çıxır” (səh.234 – 255) adlı yazıda kitabın
əsas məzmunu, qarşısına qoyduğu məqsəd
bütün çılpaqlığı ilə ortaya
çıxır. Son söz əvəzinə verilən bu parçada tərcüməçi
Murad Adcının məşhur türkoloqlardan iqtibas etdiyi
fikirlərə istinad edərək, türklərin qədimliyini,
bu gün türk adından uzaqlaşaraq başqa ad altında
ömür sürən türk kökənli xalqların
kimliyini, haradan gəlib, harada yuva salıb məskunlaşdıqlarını
tarixi faktlarla sübut edir. Bununla bağlı akademik Tofiq
Hacıyev yazır: “ Ayrı – ayrı
detal- işarələrdən istər rus imperiyasında, istər
Avropada türk xalqlarının tarixinin obyektiv
yayılmasına şübhələr oyanırdı... Birdən
O. Süleymenovun”AziYa” əsəri şumer
– türk problemi ilə bağlı fırtına
qaldırdı. N. Baskakovun “Rus dilində türk soyadları”
İqor polku dastanında türk sözləri” kitabları rus
– slavyan türk əlaqələrinin alt qatlarına
işıq saldı” ( səh. 234). Son sözdə türklərin mənşəyi,
kimliyi haqqında son dövrlərdə yazılan kitablara istinad
edilərək ulu babalarımızın hansı gücə,
hansı əraziyə malik olduqları, qurduqları dövlətlərin
tarixdə yeri, onların apardıqları mübarizələr
öz əksini tapır. Akademik bir çox xalqların
ulu babalarının türklər olduğunu sübut etmək
üçün oxucularına belə bir sualla müraciət
edir: “Niyə Orxon Yenisey yazıları” adı ilə
tanınan qədim türk runik yazısını
danimarkalı, məhz avropalı oxudu?” ( səh.235)
Akademik
heç kəsdən cavab gözləmədən
oxucularına ünvanladığı suala birbaşa
özü cavab verir: “ Çünki
Avropadakı runik yazının mexanizmini Danimarka dilçisi
Vilhelm Tomsen yaxşı bilirdi. Bu həmin runik
yazı idi ki, onun ixtiraçısı qədim türklər
idi – onu türk etrüsklər Avropaya aparmışdılar.
Bəli, V. Tomsein sübut etdi ki, qıpçaq xalqının
tarixindən təcrid olunmuş Avropa içi boş və
etibarsızdır” ( səh. 235)
Tərcüməçi öz xalqı, öz
kökü, öz kimliyini təsdiq edən elmi fikirlərlə
qarşılaşdığı zaman yazılarından da bəlli
olur ki, o bundan böyük bir fəxarət hissi duyur. Rus dilinin əsasını
təşkil edən qədim türk sözlərinin, qıpçaq
elementlərinin ortaya çıxmasını
döyüşdən qələbə ilə çıxan
döyüşçü kimi bayrama çevirir. Sonra
fikrini yenidən davam etdirərək yazır: “Aydın oldu ki,
dövlətin (Kiyev – Rus dövlətinin – S,Z)
rusun sayılan mədəniyyətinin əsası
qıpçağındır” (Yenə orada) . Kitabda
göstərilir ki, Kiyev – Rus dövlətinin köklü əhalisi
rus yox, ukraynalılardır. Sonra Kiyev
sözünün əslən türk sözü “qıy” kənar
sözündən yarandığı qeyd edilir. Və o
da qeyd edilir ki, “qıy” sözü “ruscaya tərcümə
olunur, okraina, sonra ukrayna halına düşür”(Yenə orada).
Ukraynalıların əvvəlcə türkcə -
qıpcaqça danışdıqları qeyd olunur. Onları öz
kökündən ayırmaq üçün rus
çarlarının verdikləri fərmanlar diqqətə
çatdırılır və göstərilir ki, onları
öz köklərindən ayırmaq üçün on illər
boyunca iş aparılmış, bununla bağlı xüsusi fərman
və qanunlar imzalanmışdır. Bu məsələ ilə
bağlı “son söz”də yazılır: Ukrayna Rusiyaya birləşdiriləndə
onların əhalisi qohum xalq sayılmırdı. Ukrayna xaqanlığının əhalisini əvvəlcə
ruslar “yadelli çərkəslər”
adlandırırdılar. Məhz ilhaqdan
sonra ukraynalıları slavyan qələmə verməyə
başladılar. Əgər ukraynalılar türkcə
- qıpçaca danışmırdılarsa, niyə II
Yekaterina təlimat verdi ki, onları
müxtəlif üsullarla ruslaşdırsınlar. Hətta
1876 – cı ildə II Aleksandr qanun verdi ki, “Ukrayna dilinin
kütləvi istifadə olunması, o dildə kitab nəşri,
məktəblərdə tədris, hətta nəğmə
oxunması qadağan olunsun” ( Yenə orada,
səh. 236)
(Ardı var)
Sərdar ZEYNAL,
Filologiya elmləri doktoru
HÜRRİYYƏT QƏZETİ.- 2019.- 3
may.- S.11.