Akademik Tofiq Hacıyevin tərcümə yaradıcılığı

 

(Yazı akademiikin 83 illiyinə həsr olunur)

 

Hər kəs öz dövrünün məhsuludur. Həyatda nə varsa hamısını zaman yetişdirir, tarix araya-ərsəyə gətirir. Zaman keçdikcə onun araya-ərsəyə gətirdiyi varlıqlar onları yetişdirən zamanı əbədi bir qibləgaha,anım nöqtəsinə, ziyarətgah yerinə çevirir.Zamanın yetişdirdiyi həmin müqəddəslər öz adlarını tarixə yaza-yaza ovladlıq etdikləri xalqın da adını əbədiləşdirərək,özlərindən sonra gələnlərin istinad nöqtəsinə çevirirlər. Türkologiya tarixində zaman-zaman,həmən tarixdə öz fitri istedadı, düşüncəsi və elmi ilə özünə belə bir tarix, tarixə isə özünü yazan əbədi şəxsiyyətlərdən biri də (bəlkə də, birincisi) akademik Tofiq İsmayıl oğlu Hacıyevdir.O Tofiq Hacıyev ki türkologiyanı, türk dilini onsuz, onu isə türkologiyasız düşünmək qeyri-mümkündür. Akademik Tofiq Hacıyev dünyaya göz açanda sanki zaman bütün səxavət kisələrinin ağzını heç nəyi əsirgəmədən açaraq onlara pay bölüb.O dövr qismətlərinə yazılmış,yolları Tofiq Hacıyevlə bir nöqtədə birləşib onunla yol-yoldaşı olanların hamısı,özlərindən yüz illərlə əvvəl gələn və eyni zamanda,özlərindən yüz illərlə sonra gələnlərdən seçilən və yenə də seçiləcək bir şəxsiyyət kimi yad ediləcək və xatırlanacaqlar.

 

Bu tarixi məlumatlardan görünür ki, tarix yaranandan, xalqların özünü dərkindən sonra türklərə, bu soyla bağlı olan xalqlara və millətlərə qarşı geniş miqyaslı bir səlib yürüşü başlamış, onları öz doğma dillərindən, köklərindən uzaqlaşdırmağa çalışmışlar. Ancaq o da məlumdur ki, həmişə təsir əks təsirə bərabərdir. Nə qədər ki həyatda haqqa haq, nahaqqa nahaq deyən, obyektivliyi öz mənlik şüuruna çevirən N.Baskakov, O.Süleymenov, İ.Qumilyov, Tofiq Hacıyev, Adilə Ayda və s.kimi şəxsiyyətlər varsa, hələ çox həqiqətlər üzə çıxacaq, kimin kim olduğu tarixi faktlarla işıqlandırılacaqdır. Tədqiqatçılar türk xalqlarının son dövrdəki məşhur nümayəndələrinin yazdığı əsərlərin dillərini araşdıraraq həmin əsərlərin dilində işlənən türk sözlərinə diqqət çəkmişlər. Və bunun Ukraynanın məşhur şairi Taras Şevçenkonun yaradıcılığında daha qabarıq göründüyünü diqqət mərkəzinə gətirmişlər. Tərcüməçi bu məsələ ilə bağlı əsərə yazdığı “Son söz”də deyir: “Tədqiqatçılar yaxşı bilirlər ki, T. Şevçenkonun leksikonunun 60 faizdən çoxu türk sözləridir. Bütün bunlara görə V.Tomsenin nadir elmi tapıntılarının Rusiyada və SSRİ – də oxunması qadağan olundu” ( Yenə orada, səh.236)

Akademik Tofiq Hacıyev türk xalqlarının kimliyinin tanınmasına əngəllər yaradan, bunun üçün dövlət səviyyəsində qərarlar verməkdən çəkinməyən, türkün özünü tanıması üçün qaranlıq səhifələrin işıqlandırılmasına imkan verməyən qüvvələrdən danışıb və sonda Murad Adcının bundan əvvəl tərcümə etdiyi kitabını yada salaraq yazıb: “Qıpçaq çölünün yovşanı” kitabı bizə deyir ki, hər türk xalqının tarixini öz oğlu yazmalıdır. Düz deyir, türk xalqlarının və milli dövlətlərinin dünyaya təqdim olunan, dünya ensiklopediyalarına salınan tarixlərini yadlar – özgələr yazıblar – öz xalqlarının və dövlətlərinin mənafeyi baxımından təsvir ediblər. Türk xalqlarının tarixi bir – birindən təcrid olunmuş şəkildə öyrənilib: ona görə də ümumi kökə gedən yol həmişə qaranlıq qalıb” ( Yenə orada, səh. 239)

Akademik Tofiq Hacıyevin rus dilindən Azərbaycan türkçəsinə çevirdiyi son əsər “Hilyətül – insan və həlbətül – lisan” adlanır. Müəllifi Seyid Əhməd Cəmaləddin İbn Mühənna olan bu lüğət Bakı Slavyan Universiteti Elmi Şurasının qərarı ilə 2008 – ci ildə həmin universitetin “Kitab aləmi” Nəşriyyat Poliqrafiya Mərkəzində çap olunmuşdur.

159 səhifədən ibarət olan bu kitabın 30 səhifəsini tərcüməçinin yazdığı Seyid Əhməd Cəmaləddin İbn Mühənnanın “Hilyətül – insan və nəlbətül – lisan əsəri” adlanan ön söz əvəzi təşkil edir ( səh. 3 – 30)

Kitabın əvvəlində əsərin nə vaxt, harada və kim tərəfindən yazılması haqqında geniş məlumat verilir və göstərilir ki, əsərin əldə olunan ilk nüsxəsində onun kim tərəfindən yazıldığı hələ məlum deyildi. Ilk beş nüsxəsi müəllifsiz tapılan bu kitabın altıncı nüsxəsi xeyli sonra İstanbulun “Muzeyi – Humayun” kitabxanasından tapılmışdır. Bu nüsxədə həm müəllifin, həm də kitabın əsl adı qeyd olunmuş və istedadlı rus türkoloqu Platon M. Melioranski bu kitabla bağlı tədqiqat işləri aparmağa başlamışdır. Akademik Tofiq Hacıyev kitaba yazdığı ön sözdə göstərir ki, ilk dəfə beş nüsxəsi tapılan və müəllifi ilə adı bilinməyən bu kitabı istedadlı rus türkoloqu Platon M. Melioranski “Ərəb filoloqu türk dili haqqında” adı ilə nəşr etdirmişdir. Lüğətin əsərin adı və müəllifinin adı üstündə olan nüsxəsi tapıldıqdan sonra muzeyin direktoru Xəlil bəy əsəri 1909 cu ildə İstanbulda çıxan “Türk dərnəyi” adlı məcmuədə ardıcıl olaraq hissə - hissə 1921 – ci ildə isə Kilisli müəllim Əhməd Rüfət Bilgə əsəri kitab şəklində çap etdirir. Əsərin adı və müəllifi məlum olduqdan sonra tədqiqatçıları bu əsərin yazıldığı tarix və məkan maraqlandırır. P. Melioranski apardığı tədqiqatlardan sonra belə bir nəticəyə gəlir ki, əsər Azərbaycan ərazisində yazılmışdır. O bunu nəzərə alaraq yazır: “ ... Elə hadisələr var ki, əsərin indiki Azərbaycanda meydana gəlmiş olduğunu hesab etməyə hüquq verir. Elə hadisə yoxdur ki, mənim hesabımı qeyri – mümkün hesab etsin” ( Yenə orada, səh. 4)

Akademik Tofiq Hacıyev Seyid Cəmaləddin İbn Mühənnanın “Hilyətül – insan və həlbətül – lisan” ( “İnsanın bəzəyi və dilin sahəsi”) lüğəti haqqında yazır: “O cəhətdən qiymətlidir ki, türk tarixində ( M. Kaşğaridən İbn Mühənnaya qədər) ilk dəfə burada ( (Yəni İbn Mühənna lüğətində - S.Z) qeyri – türk mənşəli sözlərdən lüğət vahidi kimi istifadə olundu ( səh.7). İlk nüsxəsi Oksfordun Bodleyan kitabxanasından “Türk, fars və moğol dillərindən tərcümə kitabı” (“Kitabi – tərcümanı farsı və türkü və moğoli”) İstanbulda isə “Hilyətül – insan və həlbətül lisan” adı altında tapılan bu nüsxələri bir – biri ilə müqayisə edən akademik Tofiq Hacıyev yazır:”İstanbul nəşri Türküstan nüsxəsidir, yəni Türküstan katibinin köçürdüyü variantdır. Söz tutumuna görə də İstanbul nüsxəsi Melioranskidəki nüsxələrin ümumiləşdirilmiş nəşrindən böyükdür” ( Yenə orada, səh.7)

Tərcüməçi kitabın müəllifinin haralı olduğu məsələsinə də aydınlıq gətirərək onun milliyətcə Azərbaycan türkü olduğunu, P. Melioranskinin apardığı tədqiqatlar nəticəsində onun Mərv şəhəri yaxınlığındakı Abadlı kəndində anadan olduğunu qeyd edir. Sonra son nəticəni ifadə edərək yazır: “İbn Mühənnanı şübhəsiz Azərbaycan türkü saymaqda bir fakt da mühümdür: Kilisli Rüfət Bilgə mənbəyə əsaslanaraq aşkar edir ki, İbn Mühənna Kirmanda vəfat etmişdir. Bu Güney Azərbaycandır” (səh.9). İbn Mühənna lüğəti üç hissədən (ərəbcə - farsca lüğət, ərəbcə - türkcə lüğət, ərəbcə - monqolca lüğət) ibarətdir. Kitabın fonetika bəhsində türk səslərinin təbiəti, məxrəci və tələffüzü, morfologiya bölməsində isə türk dilinin morfoloji quruluşu məlumat şəklində deyil, nəzəri təhlil səviyyəsində izah edilir.

Ön söz hesab etdiyimiz bölmənin sonunda tərcüməçi akademik Tofiq Hacıyev bütün variantları və bu variantlar üzərində araşdırma aparanların son nəticələrini müqayisə edərək həmin variantlarda olan sözlərin sayına qədər bütün məlumatları dəqiqləşdirərək sonda yazır: “Şərq fakultəsinin tələbəsi Turan Hacılının hesablamasına görə İbn Mühənna lüğətinin nəşrlərindəki söz tutumu belədir: “Platon Melioranskidə 1773 söz, Abdulla Battalda 1920 söz, bizim müqayisəli təqdimatda 2839 söz. XIII – XIV əsrlər türkcəsi haqqında çox qiymətli məlumat verən, tarixiliyini və müasirlərimiz üçün çox faydalı olacağını nəzərə alaraq həmin bəhsi də türkcəmizə çevirdim” ( səh.30)

Türkcəmizin tarixi, qədimliyi, onun əhatə dairəsi haqqında yazılan hər bir kəlməni tərcüməçi öz qəlbinin odu ilə işıqlandırır. Azərbaycan türkcəsinə tərcümə edir və bunu özünün oğulluq borcu , vətəndaşlıq vəzifəsi hesab edir. Bu tərcümə əsərlərindən qidalanan hər bir kəs də, mən elə başa düşürəm ki, bu fəxarət hissinin şərikinə çevriləcəkdir. Türkcəmizin kökünə, keçdiyi tarixi yola, əhatə dairəsinə, onun şirinliyinə olan sevgi, vurğunluq akademikin hər bir əsərində, hər bir tərcüməsində, hətta ən yığcam məqaləsində də özünü qabarıq şəkildə göstərməkdədir.

Belə yazılarından biri də akademikin 2015 – ci ildə “Elm və təhsil” nəşriyyatında çapdan çıxan “Azərbaycan dlinin Naxçıvan dialektoloji atlası”na yazdığı “Muxtar Respublikanın muxtar dialekti və onu daşıyanlar haqqında bir söz” ( səh.6 – 10) adlı ön sözüdür.

Akademikin yazdığı bu ön sözdə onun Azərbaycan türkcəsinə, onun dialekt və şivələrinə olan qayğısı, Azərbaycanın hər bir bölgəsinə, o bölgələrdə işlənən hər bir sözə, hər bir kəlməyə qayğı ilə yanaşması ən ciddi incəlikləri ilə özünü büruzə verməkdədir. Akademik üçün Vətən sərhədi, torpaq məfhumu, vətəndaşlıq borcunun kəsilən nöqtəsi yoxdur. Onun üçün türklərin ilkin yuva qurduğu Sibirdən başlamış, özünün dünyaya göz açdığı Soltanlı kəndinə qədər ona doğma və əzizdir. Tofiq Hacıyev üçün vətənin ucu – bucağı yoxdur. Harada bir türk yaşayırsa, hansı ünvanda yurd yolunda, torpaq uğrunda bir türk özünü qurban veribsə və həmin torpaqda uyuyursa, ora akademikin ümid yeridir, güman yeridir – bir sözlə qibləgahdır. Çünki həmin torpaqlarda yaşayıb, mənsub olduğu xalqın adından zor – güclə məhrum olan, kimliyində milliyəti doğru – düzgün öz əksini tapmayan, əhatə olunduğu millətlərin içərisində əriyib kimliyindən uzaqlaşan bu insanların dillərində min illərin dərinliyindən axıb gələn milli sərvətimiz - türk sözlərimiz yaşayır. Elə sözlər ki, bu sözlərin hər biri bir nağıl, dastan pıçıldayır bizlərə, varlığımızı özünə hopdurub yaşatmaqda davam edir. Onun üçün Bakı da, İstanbul da, Krım da, dağların döşündə yüz illər boyu varlığını qoruyub saxlayan Tivi kəndi də dünyaya göz açdığı Soltanlı qədər doğma və əzizdir. Kəndlərin qaranlığında qaralıb qalmış hər bir türk sözü gözünün işığı, yarasının məlhəmidir. O, hər bir kəlməyə tarixi yaddaş kimi yanaşır, həmin sözün özündə yaşatdığı, qoruyub saxladığı gizli məqamları üzə çıxarır, onlara yadlaşanların ünvanına göndərir.

O, dialekt və şivələrimizdə qorunub saxlanan dil vahidlərinə bir xəzinə kimi yanaşır, hər bir sözü muzeydən, arxiv materialından üstün tutur, qiymətli sayır və bununla bağlı yazır: “Muzeyin və arxivin materialı susur, burada fəal olan ondan istifadə edənlərdir, tədqiqatçılardır, tamaşaçılardır. Dialekt materialı isə dilin ilkin ictimai işini görür, yenə ünsiyyətə xidmət edir, muzeydəki, arxivdəki materiallar kimi mürgüləmir, sükut etmir” ( səh.6)

Türkoloq gözdən – könüldən uzaqda qalıb bu qrup insanın dilində fəallıq göstərən hər bir sözü insan taleyi, yurd tarixi sayır. Və Naxçlvan dialekt və şivələrindən bəhs edərək yazır: “ Bu mənada Azərbaycan dilinin Naxçıvan qrupu dialekt və şivələrinin Naxçıvanın tarixi coğrafiyasının, Naxçıvanlıların adət və törənlərinin öyrənilməsində mühüm elmi əhəmiyyəti vardır” (Yenə orada, səh. 7). Alim bu yığcam yazıda həmişə Naxçıvan torpaqlarına göz dikən, onu hər an qamarlamağa çalışan əbədi düşmənlərimizə də cavab verməyi unutmur, Naxçıvanın min illər boyu kimlərin yurdu olduğunu, orada kimlərin yaşadığını bir neçə cümlə ilə olsa da əks etdirir və bununla bağlı yazır: “ Naxçıvanlılar, ümumiyyətlə Azərbaycan türklərinin etnogenezisində olduğu kimi, oğuz və qıpçaqların övladlarıdır... Bu etnik mənşə faktoru Naxçıvan insanlarının antropoloji quruluşunda yaşadığı, qorunub saxlanıldığı kimi ərazisinin tarixi coğrafiyasını göstərən yer adlarında, toponimlərdə də nəsildən – nəsilə keçərək daşlaşmış şəkildə qalır” (Yenə orada)

Müəllif Naxçıvan dialekt və şivələrinin qonşu bölgələrə təsirindən, orada işlənən dialekt və şivə sözlərinin yayılma arealından söhbət açaraq yazır: “ Naxçıvan şivələrindən gələn bu dialekt dalğası Cəbrayıl şivələrində qurtarır. Bu xüsusiyyətlərə belə sistem şəklində Cəbrayıl rayonundan sonra gələn Füzuli və Ağdam şivələrində təsadüf olunmur” (Yenə orada, səh 9). Bu giriş hissədə Naxçıvan dialekt və şivələrinin zənginliklərindən söhbət açılır. Bu bölgədə işlədilən dialekt və şivə sözlərinin digər bölgələrdə işlədilən dialekt və şivə sözlərindən qədim və zəngin olduğu qürurla vurğulanır və Naxçıvan dialekti adının təyinedicisini uyğun olaraq “muxtar dialekt” adlandırılır. Və müəllif bu barədə yazır: “Naxçıvan bir dövlət qurumu olaraq muxtar respublika olduğu kimi, Azərbaycan dialekt sistemində də Naxçıvan ayrı muxtar bir dialektdir. Naxçıvan dialekti lüğət zənginliyi ilə də seçilir”(Yenə orada).

Akademik Tofiq Hacıyev “din içində din bəsləyən”bu dialekt və şivə sözlərinin hər birinə canlı bir orqanizm kimi yanaşır, bu dil vahidlərində aid olduqları ərazidə yaşayan insanların yaşam tərzinin, kimliyinin nələrə qadir olduqlarını və haradan gəlib haraya getdiklərinin izlərinin yaşadıqlarını nümunələrlə qeyd edir və yazır: “Bugünkü dialektizmlərdə Naxçıvan cəmiyyətinin tarixi yaşayır. Naxçıvan cəmiyyətinin abır, həya, əxlaq zərifliyi qədim əşyalarla və onların adları ilə bugünkü insanlar üçün yaddaş işini görür... Dialekt leksikonu göstərir ki, bugünkü Naxçıvanlılar əcdadlarının ailə normalarını yaşayır”(Yenə orada, səh.9)

Azərbaycan türkcəsinə çevirdiyi əsərlərin ideya və məzmunundan, onların qarşısına qoyulan məqsəddən, bu sahəyə həsr etdiyi ən yığcam bir məqalənin ideya və məzmunundan anlaşılır ki, akademik Tofiq Hacıyev ta gəncliyindən ömrünün sonuna kimi özünü türk xalqlarının dilinin, tarixinin ulu köklərinin qorunub saxlanılmasına xidmət edən bir əsgər saymış və bu yolda əlindən gələni əsirgəməmişdir. Türk xalqlarının biri – birini tanımasında, ədəbiyyatları, adət - ənənələri, yaşayış tərzi ilə tanış olmalarında böyük səy göstərmiş və bu yolda heç zaman yorulmamış bu vətən oğlunun 1 may 2019 – cu ildə 83 yaşı tamam olur.

 

Sərdar ZEYNAL,

Filologiya elmləri doktoru

 

Hürriyyət.- 2019.- 4 may.- S.11.