Ziyalı qadın, gözəl insan

 

Hər kəs bir ömür yaşayır. Kimisinin həyat yolu hamar, rahat, kimisininki isə daşlı-kəsəkli olur. Çoxları ona verilən ömrü elə yaşamağa çalışır ki, özündən sonra bir izi, cığırı qalsın, gələcək nəsil onu xatırlasın.Haqqında söz açacağım xanım enişli-yoxuşlu, çətinliklərlə və zəhmətlə dolu bir həyat yaşasa da özündən sonra yaradıcılığı, yaxşı əməlləri ilə bir nişanə qoymağa çalışır. Özü demiş, həyatdan izsiz-soraqsız getməyi yaşamaq hesab etmir. Ancaq nə əldə edibsə, zəhmətilə,dişi-dırnağı ilə, iynənin gözündən keçərək qazanıb. Bu zəhmətkeşliyi, istedadı və bacarığı ona hörmət qazandırıb.

 

Mətbuatda 3000-nə yaxın publisistik məqaləsi dərc edilən, imzalar içində imzası tanınan Ədilə Qocayevanın həyat və yaradıcılığının bəzi məqamlarına bu yazımızda işıq salmağı lazım bildik.

Ədilə Qocayeva Ağdaş rayonunun Qülbəndə kəndində ziyalı ailəsində döğulub. Hər iki valideyni müəllimlik peşəsi ilə məşğul olmaqla ailədəki 10 uşağı halallıqla böyüdüb, gələcəkdə cəmiyyətdə yer tutmaları üçün onlara təlim-tərbiyə, təhsil veriblər. Ədilə xanım evdə oğlanlardan sonra 5-ci övlad, qızların birincisi olub. Orta məktəbdə yaxşı oxumaqla yanaşı, sinif və məktəb divar qəzetlərinin də redaktoru olub. 9-cu sinifdə oxuyarkən məktəb və kənd həyatından yazdığı kiçikhəcmli məqalələri “Azərbaycan gəncləri”, “Pioner” , “Savalan” və digər qəzetlərdə dərc edilib.

Elə o illər anası Sona xanım ağır xəstələndiyindən iri bir ailənin yükü evin böyük qızı kimi onun zərif çiyinlərinə düşüb. Təndirə çörək yapmaq, camış sağmaq, ev-eşiyi səliqə -sahmanda saxlamaq, xörək bişirmək, paltar yumaq, hələ üstəlik hər səhər bacı-qardaşlarına yemək hazırlayandan sonra məktəbə yola salmaq Ədilə xanımın gündəlik qayğılarına çevrilib. Bütün bunlara baxmayaraq, məktəbdə daim əlaçı olub, birinciliyi əldən verməyib. İctimai vəzifə kimi pioner baş dəstə rəhbəri, sinifkom, təmizlik komissiyasının sədri və digər işlərdə çalışıb. Rayon üzrə keçirilən ədəbiyyat yazı müsabiqələrinin, şaşki, dama yarışlarının qalibi, məktəbdə fəaliyyət göstərən özfəaliyyət kollektivinin solisti olub.

Jurnalist olmaq arzusu ilə yaşayan Ədilə xanımı tale Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) kitabxanaçılıq fakültəsinə aparıb çıxarıb. Bu fakültədə təhsil alması sonralar jurnalistlik fəaliyyəti zamanı onun çox köməyinə çatıb.Gündüzlər işləyib, axşamlar universitetdə təhsil alan zəhmətkeş xanım, həyatda qarşısına çıxan bütün çətinliklərdən ağlının, iradəsinin və zəhmətkeşliyinin sayəsində alnıaçıq, üzüağ çıxıb.

1977-2008-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (Az. MİU-nun) kitabxanasında komplektləşdirmə şöbəsinin müdiri vəzifəsində çalışıb. Eyni zamanda, Sovet dövründə işlədiyi universitetdə ictimai vəzifə kimi kitabxana üzrə Komsomol Təşkilatının katibi, sonralar isə 15 il kitabxana üzrə Həmkarlar Təşkilatının katibi işləyib. Qabaqcıl işçi və ictimaiyyətçi kimi universitet rəhbərləri tərəindən dəfələrlə Fəxri fərmanlara, pul mükafatlarına və müxtəlif hədiyyələrə layiq görülüb. Bundan əlavə, fəal və bacarıqlı təşkilatçı kimi 28 ildən artıq kitabxana kollektivinin xeyrinin, şərinin başında durub. Ondan kömək istəyən hər bir yoldaşına təmənnasız köməkliklər göstərib.Ona görə də kollektivin sevimlisinə çevrilib.

1997- 2008-ci illərdə kitabxanada işləməklə yanaşı, paralel olaraq “İki sahil” qəzetində arzusunda olduğu jurnalistlik fəaliyyəti ilə məşğul olub. O, bu qəzet vasitəsilə respublikanın tanınmış elm, mədəniyyət və incəsənət xadimlərindən, sadə peşə adamlarından maraqlı müsahibələr alıb, haqlarında məqalələr hazırlayaraq duzlu qələmi ilə geniş oxucu kütləsinə çatdırıb. Ancaq hansı sahədən yazmasına baxmayaraq, oxucular onu mədəniyyət və incəsənət sahəsinin peşəkar yazarı kimi tanıyıb, sevib. Xarici ölkələrə, xüsusilə Moskvaya, Ukraynaya səfərləri zamanı orada fəaliyyət göstərən azərbaycanlı diaspor təşkilatlarının nümayəndələri ilə, tanınmış ziyalılarla görüşərək məqalələr hazırlayıb və ölkəmizdə nəşr olunan müxtəlifadda qəzet və jurnallarda dərc etdirib. Eyni zamanda hansı ölkəyə gedibsə 20 Yanvar, Xocalı faciələrinə, ümumilikdə ermənilərin başımıza açdıqlarıı müsibətlər barədə xeyli sayda qəzet-jurnal materialları aparıb, yeri gəldikcə erməni vandalizmini əyani vəsaitlərlə təbliğ edib.

Ədilə xanım 2008-ci ildə öz ərizəsi ilə Az. MİU-dan və “İki sahil” qəzetindən işdən çıxaraq rəsmi dövlət orqanı olan “Azərbaycan” qəzeti redaksiyasının Elm, təhsil, səhiyyə şöbəsində müxbir vəzifəsində çalışmağa başlayıb. Bu qəzet də onun elminin, savadının, dünyagörüşünün formalaşmasında, jurnalist kimi püxtələşməsində böyük rol oynayıb. “Azərbaycan” qəzeti Ə. Qocayevanın imzasının daha geniş oxucu kütləsi arasında tanınmasında və özünü jurnalist kimi təsdiqləməsində tramplin olub. Ə. Qocayeva “Azərbaycan”qəzetinin fəal müxbiri kimi 2009-cu ildə keçirilən Azərbaycan Qadınlarının III Qurultayının iştirakçısı olub.

Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Ə.Qocayevanın bu illər ərzində respublikada dərc edilən 35 adda qəzet-jurnalda müxtəlif elm sahələrinə aid 3000-ə yaxın məqaləsi dərc edilib. “Azərbaycan gəncləri”, “Azərbaycan qadını”, “Azərbaycan müəllimi”,”Azərbaycan”, “Respublika”, “İki sahil”, “Füyuzat”, “Yeni Azərbaycan”, “Səs”, “Yeni təfəkkür”, “Yaddaş”, “Mədəniyyət”, “Mədəni həyat” və digər mətbu orqanlarda yüzlərlə məqaləsi işıq üzü görən Adilə xanımı oxucu düzü-düz, əyrini əyri yazan, ən aktual problemləri gündəmə gətirən, cəmiyyətin qabaqcıl və zəhmətkeş insanlarını şirin, duzlu qələmi ilə oxuculara tanıdan, yaddan çıxmış, unudulmaqda olan mədəniyyət və incəsənət xadimlərini öz məqalələrində yenidən xatırladan peşəkar jurnalist kimi tanıyır. Onun hər bir məqaləsi oxucular tərəfindən səbirsizliklə gözlənilirdi. Bunu işlədiyi redaksiyalara edilən telefon zənglərindən də aydın görmək olurdu.Bütün bunlar Ədilə xanımı daha da ruhlandırır, daha sanballı məqalələr yazmağa sövq edirdi.

Ə. Qocayeva 2004-cü ildən “Respublika” qəzeti ilə əməkdaşlıq edir. Əvvəl qəzetin müxbiri, daha sonra isə ştatdankənar müxbiri vəzifəsində çalışıb. Bu redaksiyanın Ə. Qocayevanın bir çox sahələrdə qələminin işləməsində və beləliklə, jurnalist kimi formalaşmasında ciddi təsiri olub. “Respublika” qəzeti vasitəsilə jurnalist xanım yeni-yeni sahələrə baş vurub, qabaqcıl insanların yaradıcılıqları ilə tanış olub və onları operativ şəkildə oxuculara çatdırıb.

Ə.Qocayeva bu illər ərzində kimdən, nədən yazmasından asılı olmayaraq, qondarma Dağlıq Qarabağ problemi onun məqalələrinin ana xəttini təşkil edib. Hər bir rayonumuzun işğalı gününü, Dağlıq Qarabağda və onun ətraf ərazilərində törədilən erməni vandalizmini ürək ağrısı ilə, hər bir şəhidimizin qəhrəmanlıqlarını isə böyük fəxarətlə, qürur hissi ilə oxuculara çatdırıb.

Xanım jurnalis daha sonra “Mənim balam” parentik jurnalının redaktoru vəzifəsində çalışıb. Bu jurnal vasitəsilə səhiyyə sahəsində çalışan pediatrların anaların sağlamlıq durumu ilə bağlı dəyərli məsləhətlərini onlara çatdırmaqla gələcək körpələrin sağlamlığına xidmət edib. O, həmin jurnalda məktəb uşaqlarını əhatə edən rubrika açmaqla jurnala yenilik gətirib.

Ədilə Qocayeva jurnalistika sahəsindəki uzunmüddətli səmərəli fəaliyyətinə, yazılarında obyektivliyi gözlədiyinə, yazı etikasına əməl etdiyinə və operativliyinə görə “Qızıl qələm”, “Vicdanlı qələm” Diplomlarına, müxtəlif idarə və müəssisələrin təşkil etdiyi yazı müsabiqələrinin qalibi olaraq diplomlara, pul mükafatlarına və bir sııra hədiyyələrə layiq görülüb.

2015-ci ildə Ədilə xanımın yaradıcılığının 1983-2015-ci illərini əhatə edən “Ömrün yaradıcılıq anları” adlı biblioqrafiyası işıq üzü görüb. Bu biblioqrafiya Ədilə xanımın həyat və yaradıcılığı haqqında oxuculara ətraflı məlumat vrən ən yaxşı mənbədir. Məqalələri bəstəkar T. Bakıxanovun “Musiqi düşüncələri” İ. Mehdizadənin “Ömür belə keçir”, N. Güllübulaqlının “Qayıdaqmı Ağbabaya”kitablarına salınıb. Haqqında E. Nüsrətqızının “Dünənin, bu günün, sabahın Azərbaycan qadını”, F. Xasayoğlunun “Ağdaş tarixin yaddaşında” kitablarında ensiklopedik məlumatlar verilib. Eyni zamanda Ədilə xanım haqqında bir sıra qəzetlərdə , o cümlədən “Respublika”, “İki sahil”, “Səs”, “Yeni təfəkkür”, “Təhsil”, “Ulu Şirvan” , “Tələbə PRESS”, “İnşaatçı kadrları uğrunda”, “Elitar PRESS” və digər mətbu orqanlarda məqalələr dərc edilib.

Ə. Qocayevanın saysız-hesabsız məqalələrinin adları isə tanınmış elm, mədəniyyət xadimləri haqqında çap olunmuş biblioqrafiyalarda öz əksini tapıb.

2011-ci ildən Ədilə xanım M. F. Axundov adına Azərbaycan Milli Kitabxanasında çalışır. Kitabxanada öz vəzifəsini yerinə yetirməklə yanaşı, jurnalistlik fəaliyyətini də davam etdirir. Aktual məsələlər, Milli Kitabxananın “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından buraxdığı biblioqrafiyalar və digər məsələlər onun məqalələrinin əsas xəttini təşkil edir..

Deyirlər, insan əsl şəxsiyyət olmadan yaxşı yaza bilməz. Ədilə xanım sözün həqiqi mənasında sadə, səmimi, mehriban, xeyirxah insan, sədaqətli dost, etibarlı tərəfdaşdır. Haqsızlığa, ədalətsizliyə, öz haqqının və kiminsə haqqının tapdalanmasına, təhqirə qarşı olduqca dözümsüzdür. Nə qədər problemi olsa da, nikbindir və dərd-səri ilə başqalarını yükləməyi sevmir. Həyata nikbinliklə yanaşır və bu nikbinliyi ətrafına da sirayət edir. Hər bir problemini başqalarından kömək ummadan özü həll etməyə çalışır. Ədilə xanımla dostluq münasibətində olan hər kəs ürək sirrini asanlıqla ona etibar edir və etibarlı tərəfdaş olduğundan bundan heç vaxt kimsə zərər görmür. Hər kəs çətin anlarında ona bel bağlaya, sözünü deyə, kömək istəyə bilər.

Onu oxuculara sevdirən də sadə, səmimi yazı üslubu, yazdıqlarına oxucunu inandıra bilmək istedadıdır. O nə yazırsa ürəkdən yazır, sanki sətirlərin arasında ürəyi döyünür.

Ədilə xanımın həyat yolu olduqca çətin, kələkötürlü olub. Xüsusilə yaradıcılıq yolunda o qədər nadan onun qarşısına kötük yumalayıb, yolunu kəsib, geniş ictimaiyyərdə tanınmasına, mükafatlar almasına hətta yazılarının vaxtlı-vaxtında dırc edilməsinə maneçiliklər törədiblər ki... Ancaq o sınmayıb, geri çəkilməyib iradəsinin və ağlının gücünə çətinlikləri dəf edib. Ə. Qocayeva bu gün də kitabxanada çalışmaqla yanaşı, qələmi yerə qoymur, onu narahat edən məsələlərə qəzet vasitəsilə öz münasibətini bildirir.

Ədilə xanımın bir oğul anasıdır. Söz düşəndə deyir ki, bütün həyatım, varlığım ona bağlıdır. O, mənim nəfəsimdir.

Ziyalı, gözəl və qayğıkeş ana, elmli, savadlı kitabxanaçı, düzlu qələm sahibi Ədilə xanım xeyirxah əməlləri və yaradıcılığı ilə bu həyatda özündən sonra bir iz, cığır qoymağa çalışır. Arzuların çin olsun, Ədilə xanım!

 

Bəybala Ələsgərov,

tarix elmləri doktoru

 

Hürriyyət.- 2019.- 9 may.- S.14.