Hər dövrün öz memarına
verdiyi qiymət...
Tarixdə hər xalq öz qəhrəman oğullarının fədakarlıqları ilə tanınıb. Belə qəhrəman oğullar hansı zamanda, hansı məkanda olur olsun rastlaşdıqları mövcud reallıqlar qarşısında iradə, əzm göstərib öz xalqlarını düşdükləri çətin vəziyyətdən xilas etmək üçün qətiyyətli addımlar atıblar.
Belə qəhrəmanların öz zamanlarında xilas etmək istədikləri xalqın başqa nümayəndələri tərəfindən düzgün anlaşılmasalar, düzgün qiymətləndirilməsələr də onlar səbr və dözüm nümayiş etdirərək başladıqları işin sonunu gözləmiş və gələcək üçün yaratdıqları quruluşun həqiqi və xalqının gələcəyi üçün vacib olduğuna ümid etmişlər.
Hərdən öz dövrlərində və bir qədər keçdikdən sonra qəbul edilməyən belə qəhrəmanlıq göstərən insanlar 30 – 40 il və ya daha da çox keçdikdən sonra öz xalqları və bütün bəşəriyyət üçün gördükləri işlərə görə hörmət və ehtiramla yada düşürlər və öyrənilməyə başlanılırlar. Belə bacarığa, yaradıcılığa və idarəçiliyə malik istedad sahibi olan kişilər öz xalqının bütün xırda və gərəksiz şıltaqlıqlarına dözərək başladıqları mübarizəni Vətənə sevgi, məhəbbətlə sona çatdırmağı özlərinə borc biliblər.
Mir Cəfər Bağırov başladığı işdə çətinliklərlə qarşılaşsa da bilirdi ki, bu mübarizədə ona qarşı müəyyən qarşıdayanmalar, əngəllər olacaq, hətta ona güləcəklər, ancaq inanırdı ki, sonda o qalib gələcək. Müstəqil və Bütöv Azərbaycan yaradacaq.
Azərbaycan xalqı qədim zamanlardan çox təqiblərə, təzyiqlərə, məhrumiyyətlərə məruz qalıb. Müxtəlif zamanlarda müstəqil dövlət yaratmaq uğrunda mübarizələr olub. Tarixdə bizə yaxın olanı Məhəmməd Əmin Rəsulzadənin memarlığı ilə yaradılmış Müstəqil Azərbaycan Cümhuriyyəti çox yaşamasa da Mir Cəfər Bağırov o dövrdə xəyal kimi görünən hər şeyin bir gün gerçək ola biləcəyinə inanırdı. O inanırdı ki, iki Azərbaycan birləşib güclü, yenilməz qüdrətə malik bir Dövlət qurulacaq.
Tarixdə məşhur şəxsiyyətlər haqqında yaşadıqları zamanda və ya sonralar çoxlu kitablar yazılıb, dövrlərinin məşhur keykəltəraşları tərəfindən heykəlləri yaradılıb. Bəzilərinin gördüyü işlər ziddiyyətlərlə və lazımsız əyləncələrlə əlaqəli olduğuna görə hazırlatdıqları heykəllər dağıdılmış, yazılan kitablar da itib – batmış, tarixdən silinmişdir.
Ancaq elə qəhrəmanlar da var ki, heykəli olmasa da daim ürəklərdə, qəlblərdə, arzularda yaşayacaqlar...
Mir Cəfər Bağırov onun barəsində qəzetlərdə yazı yazanları tənqid edər, əmək qabaqcıllarının işlərini və müharibə vaxtı müharibədə döyüşənləri qələmə almağı tövsiyə edərdi. Arxivdə öz şəkillərinin küçədəki divardan və iclas zallarından yığışdırtması barədə kifayət qədər sənədlər var. 25 ildən çox arxivlərdə araşdırma aparan tanınmış yazıçı – publisist, arxiv tədqiqatçısı Teyyub Qurbanın “Düşmənlərindən Güclü Şəxsiyyət” kitablarında Mir Cəfər Bağırovun gördüyü işlərin vacibliyi və ona qarşı edilən haqsızlıqlar haqqında çoxlu arxiv sənədləri var. İndi diqqətinizi adı çəkilən, 1-ci kitab, səhifə 29-34-dən bir parçadakı bir neçə məqama yönəltmək istəyirəm:
“Rüşvət alıb rüşvətxorluqla mübarizədən danışanlar, haqsızlıq edib haqdan dəm vuranlar, millət deyib millətin zavallılarını ehtiyac içində saxlayanlar sözsüz ki, Mir Cəfər Bağırov şəxsiyyətinə ağız büzəcəklər. Mir Cəfər Bağırov əməlisaleh şəxsiyyət idi. Heç vaxt sərvət və şöhrət əsiri, haram pul düşkünü olmamışdı. Ailə üzvləri də həmçinin. Ona görə də Bağırov dövründəki kadrların heç biri rüşvət almırdı. Mir Cəfər Bağırov üçün rüşvətxorluq ən ağır cinayət idi. Mir Cəfər Bağırov nə Kərbəlaya, nə də Həccə getmişdi. Ancaq Allah adamı idi. Haramı qəbul etmədiyi üçün haramzadələrə qarşı amansız idi.
Azərbaycan kommunistlərinin XX qurultayından bir neçə həftə keçmiş, Novruz bayramı ərəfəsində Mir Cəfər Bağırovu Kuybışev şəhərində həbs etdilər. Həmin gün onun əzizləri üçün qara bayram idi, düşmənləri isə Moskvada, Yerevanda erməni konyakı içə - içə Mikoyanın şərəfinə badələr qaldırırdılar. Azərbaycan mətbuatında isə keçmiş rəhbərə qarşı tənqidi materiallar dərc olunmaqda davam edirdi. Onu xalqın gözündən salmağa çalışsalar da, qəlbindən silə bilmirdilər.
Azərbaycanda Sovet hakimiyyəti qurulmasının ildönümü və 1 May bayramları həmişəki kimi təntənə ilə bayram edilirdi. Şəhər camaatının ən çox maraqlandığı məsələ isə Mir Cəfər Bağırovun məhkəməsi idi. Bu məhkəmə Azərbaycan xalqına göz dağı çəkdirmək üçün qurulmuş bir tamaşa idi. Yollar kəsilmiş, binanın damında süngülü adamlar durmuşdu, pulemyot da vardı. Xruşşovlar, mikoyanlar, rudenkolar təşviş hissi ilə elə zənn edirdilər ki, Azərbaycanın hər yerindən əhali tökülüb - gələcək, Dzerjinski klubunu dövrəyə alacaq, öz rəhbərini xilas etmək istəyəcəkdir...
İkinci dünya müharibəsi illərində
bəşəriyyətə bu üç ad
doğmalaşdı: Stalin, Ruzvelt və Çörçil.
Bu üç ölkə başçısı bir cəbhədə
birləşərək Hitler faşizminin axırına
çıxdı. 1959-cu
ildə Stalinin anadan olmasının 80 illiyi SSRİ-də qeyd
olunmadı. Adı, portretləri kitablardan, meydan və
küçələrdən
götürülmüşdü. Müharibənin tarixi də
təzədən yazılmışdı. Stalinin
adının üstündən xətt çəkilib...N.S.
Xruşşov yazılmışdı.
Stalinin
anadan olmasının 80 illiyi münasibətilə 1959-cu il
dekabrın 21- də Çörçil isə Londonda öz
çıxışında deyirdi: “Rusiya üçün
böyük xoşbəxtlik idi ki, ölkənin ağır
dövründə dövlət başında Stalin kimi
böyük və sarsılmaz bir sərkərdə
durmuşdu...
O ən
yüksək dərəcəli bir insan idi. Elə bir dahi insan
idi ki, düşməni öz əllərilə məhv
etdi”...
Zaman
göstərdi ki, Stalini tarixi şəxsiyyət kimi tənqid
edib hörmətdən salmaq deyil, səhvlərindən ibrət
götürmək lazım idi. Mir Cəfər Bağırov
da Azərbaycan xalqının öz “Stalini” idi. Onun
adını bədnam etməmək də olardı. Onu
bütün varlığı ilə bağlandığı
Azərbaycandan Volqa sahilinə - Kuybışevə atmamaq da
olardı.
...İki
ilə yaxın idi ki, Bakı intizarla yolunu gözləyirdi. Xəbər
gəzirdi ki, məhkəməsi respublikanın özündə
aparılacaq.
...1956-cı
il sentyabrın 17-də Mir Cəfər Bağırovun
altmış yaşı tamam olacaqdı. Stalinin vəfatından
sonra ölkə rəhbərliyinə gələnlər də
Amerika Birləşmiş Ştatlarında Ruzvelti əvəz
edənlər kimi olsaydılar... Yox, yox, bu ola bilməzdi.
Çünki onlar kapitalizm sistemində, biz sosializm cəmiyyətində
yaşayırdıq. Hakimiyyət başında olanları
ölən kimi cəhənnəmə vasil etməsəydik,
irəliyə addımlaya bilməzdik. Mir Cəfər
Bağırov 60 yaşına beş ay qalmış bunları
düşünürdü. Yadına əlli yaşında
olduğu günlər düşürdü. O vaxt beşinci dəfə
Lenin ordeni ilə təltif edilmişdi. Stalin də zəng
vurub onu təbrik etmişdi. Ancaq yaxın partiya həmkarlarının
xahişini yerə salmışdı: heç bir təntənəli
tədbir keçirməyi özünə rəva bilməmişdi.
Əgər razılıq versəydi, Azərbaycanın
bütün vəzifədə olan və olmayan ədibləri
ona əsərlər həsr edərdilər. Radio ilə
geniş verilişlər təşkil olunardı.
Ünvanına göndərilən təbrik məktubları
“Kommunist” və “Bakinskiy raboçiy” qəzetlərinin bir
neçə aylıq səhifələrində qalardı. Vərəqləyin,
yalnız və yalnız bir material vardır - Şvernik və
Qorkin tərəfindən imzalanmış Fərman.
SSRİ
Ali Soveti Rəyasət Heyətinin bu fərmanı ilə
“anadan olmasının 50 illiyi münasibətilə, partiya və
sovet xalqı qarşısında böyük xidmətləri
nəzərə alınaraq” Lenin Ordeni ilə təltif
edilmişdi.
Mir Cəfər
Bağırovun altmış yaşı ərəfəsində
isə onun adı qarşısında “orden” sözünün
yerində tutulması barədə “order” vardı. Yadına
çox şeylər düşürdü. Xəyalından
çox adamlar gəlib - keçirdi. Xatırlayırdı ki,
Nərimanov vəfat edəndə Azərbaycanın bir
neçə partiya xadimi onun dəfnində iştirak etməkdən
imtina etmişdi. Çünki Stalinin Nərimanova mənfi
münasibətini bilirdilər. O da Nərimanov əleyhinə
çıxış etmişdi. Stalinin
tapşırığı belə idi. Ancaq təskinliyi bunda
idi ki, heç olmasa bircə dəfə Nərimanovun Kreml
divarları yanındakı məzarı başına
getmişdi və bunu indiyəcən Allahdan savayı heç
kəs bilmirdi. V.İ. Leninin sağlığında 1923 -
cü ildə Siyasi Büroda fəaliyyət göstərənlərdən
1929 – cu ildə vur - tut bircə nəfər - İ.V. Stalin
qalmışdı. Sovet Azərbaycanında da köhnə və
görkəmli siyasi - ictimai xadimlərin qara siyahısı
Kremldə hazırlanırdı. Mir Cəfər Bağırov
bunun qarşısının alınmasında aciz idi. Mir Cəfər
Bağırovun həyatı çoxlarına müəmmalı
görünən təzadlarla doludur. Ancaq bir həqiqət
hamıya aydındır ki, ömür yolunun ən keşməkeşli
çağlarında belə o, əqidəsindən dönməmişdir.
Stalinin göstərişlərinin Azərbaycanda yerinə
yetirilməsindən hədsiz iftixar hissi keçirmişdir.
Yalançı sosializm demokratiyası pərdəsinə
bürünmüş bir cəmiyyətin zorakılıq
metodlarına qanuni hal kimi baxmışdır. Çünki
avtoritar hakimiyyət üsulunun bundan başqa
çıxış yolu yox idi.
(Ardı var)
Füzuli Baratov
Hürriyyət.- 2019.- 11 may.- S.14.