"Nəsimi ateist
deyildi
və Allahı inkar
etmirdi"
Yavər Hüseynbəyli: “Fərq
Allahı təsəvvür etməkdə idi”
“İstərsə sufilik, istərsə
də hürufilik panteist təlimdir, yəni hər iki təlimdə
Allahın varlığı qəbul edilir və Allahın hər
şeydə mövcudlugu bildirilir”
Bir il bundan öncə haqq
dünyasına qovuşan yaxın dostum, Milli Azadlıq Hərəkatının
fəallarından olan, fəlsəfə üzrə tədqiqatçı
olmuş Yavər Hüseynbəyli ilə Nəsimi fəlsəfəsi
haqqında etdiyimiz söhbətdə bir sira məsələlərə
aydınlıq gətirimişdi. Həm də bu il dahi
şairin 650 illiyidir. Müsahibənin oxucular
üçün maraqlı olacağına inanıram.
- Yavər bəy, Azərbaycan ədəbiyyatının
qızıl fondu olan Nəsimi fəlsəfəsinin əsl
sirri nədədir ki, bu gün insanlar Nəsimini oxuduqca onun fəlsəfi
dünyasına valeh olmaya bilmirlər?
- Nəsimi
klassik ədəbiyyatımızın ən fenomenal şəxsiyyətlərindən
biridir. Nəsimi
yaradıcılığının bu qədər populyar
olmasının bir neçə səbəbi var. Hər
şeydən əvvəl onu qeyd edək ki, Nəsimi mükəmməl
təhsil almışdı. Doğma türk dili ilə
yanaşı ərəb və fars dillərini
də bilirdi və hər 3 dildə yazib yaradırdı. Onun yaradıcılığında qəzəl
janrı üstünlük təşkil edir. Qəzəl, məlum olduğu kimi, ərəb
şeirinə məxsus olan bir janrdır və mürəkkəb
ölçülər sisteminə malikdir. Nəsimi bu
janrın bütün incəliklərinə yiyələnmişdi
və həm doğma türk dilində həm də ərəb
və fars dillərində yazırdı.
Onun bütün şərq dünyasında məşhur
olmasının bir səbəbi bu idi. Başqa bir səbəbi isə o idi
ki, Nəsimiyə qədər türk dilində
yazılmış azsaylı qəzəllər olsa da, məhz
Nəsimi ilk dəfə türk dilində divan yaratdı,
başqa sözlə desək, əruz vəznini türk dilinin
özəlliklərinə uyğunlaşdırdı və
misilsiz poetik nümunələr yaratdı. Daha
bir səbəb kimi, ilk dəfə bütün şərq
dünyasında bitkin bir fəlsəfi düşüncənin
qəzəl janrı ilə ifadə edilməsini göstərmək
olar. Qəzəl janrının xüsusiyyətlərini
bilənlərə məlumdur ki, bu çox çətin bir
missiya idi. Çünki fəlsəfi
fikirlər adətən məsnəvi və qəsidələrlə
ifadə edilirdi. Qəzəlin janr məhdudiyyətləri
dərin fəlsəfi fikirləri ifadə etməyə mane
olurdu. Bu çərçivələri
qıran da məhz Nəsimi duhası oldu. Nəsimi
bu formanı təsadüfən seçməmişdi. Qəzəl janrında yazılan şeirlər daha
çox sevilir, yadda qalır və yayılırdı.
Nəsimiyə olan məhəbbətin ən vacib səbəblərindən
biri də onun şəxsiyyəti idi. Öz ideyaları uğrunda dönmədən
mübarizə aparması və həqiqətləri yolunda
canını qurban verməsi, xalqın düşüncəsində
Nəsiminin ədalət aşiqi,əqidəsi
yolunda son nəfəsinə qədər mübarizə aparan,
bu yolda ölümdən belə çəkinməyən
özünəməxsus bir obrazını yaradıb.
- Sizcə, Nəsiminin yetişməsində
mühitin rolu nə qədər rol oynayıb?
-
Mühit bütün insanların yetişməsində əhəmiyyətli
rol oynayır. Bu mənada, təbii ki,Nəsiminin
də bir mütəfəkkir filosof, görkəmli şair və
şəxsiyyət kimi yetişməsində ondan əvvəlki
və onun dövründəki fəlsəfi fikirlərin, elmi
düşüncələrin, poetik irsin təsiri olmuşdur. Bir dəfə İngilis alimi Nyutondan soruşurlar ki,
sizin bu qədər böyük alim olmanızın sirri nədədir?
Cavab verir ki, mən dünyaya nəhənglərin
çiyninə çıxaraq baxdım. Nəsimi də
dünyaya Nizami, Xaqani, Rumi, Şəbustəri və s. kimi nəhənglərin
çiynindən baxa bildi. Yeri gəlmişkən bir məsələni
də qeyd etmək istərdim, Nizami, Əbülula Gəncəvi,
Rumi, Q.Təbrizi və bır sıra digər türksoylu
şairlərimiz ərəb və fars dillərində yazsalar
da,onlar öz türk düşüncə tərzlərini,poetik
obrazlar sistemini fars və ərəb poeziyasına
daşımış və bununla da həmin millətlərin
ədəbiyyatına yeni ruh, yeni nəfəs vermişlər.
Nəsimi yuxarıda qeyd etdiyim kimi, mükəmməl
təhsilə malik olduğundan özündən əvvəlki
ədəbi, elmi və fəlsəfi irsi mənimsəməklə
yanaşı, özünün yaşadığı olduqca
mürəkkəb ictimai-siyasi mühitin də təsirlərinə
məruz qalmışdi.
- Tədqiqatçılar
Nəsiminin ilk vaxtlar Sufi, sonra isə Hürufi olduğunu
bildirirlər. Onun sufilikdən
hürufiliyə keçməsinin əsas səbəbləri
nə ilə bağlı idi?
- Nəsimi
dövründə süfilik geniş yayılsa da vahid bir təlim
formasını almamışdı. Baxmayaraq ki,
hələ XIII əsrdə Muhyəddin İbn Ərəbi
sufiliyin nəzəri əsaslarını hazırlayaraq onu Vəhdətul-
Vücud adlanan bitkin bir fəlsəfi təlimə
çevirmişdi, hələ də çoxsaylı təriqətlər
mövcud idi. Bu təriqətlərdə
ümumi cəhətlər çox olsa da, fərqli bəzi
hallarda isə hətta ziddiyyətli məqamlar da vardı.
Bir çoxları isə fəlsəfi
düşüncədən daha çox müəyyən
ideoloji-siyasi fikirlərə xidmət edirdi. Nəsimi yaradıcılığında da sufliyin təsiri
mövcuddur, bu təsir onun hürufiliyi qəbul etdiyi 1386-ci ilə
qədərki yaradıcılığında, xüsusən
"Seyid" və "Hüseyni" təxəllüsləri
ilə yazdığı şeirlərdə açıq
görünür. Buna baxmayaraq onu hürufiliyə qədərki
dövrdə də sufi şairi
adlandırmaq doğru deyil. Çünki suflikdə müridin
mütləq bir təriqətə mənsub olub mürşidə
malik olması şərti var ,həm də
sufilər öz şairlərini digər şairlərdən
fərqləndirmək üçün aşıq
adlandırırlar. Nəsiminin hər hansı bir sufi təriqətinə üzv olması barədə
məlumat yoxdur.
- Bir təlim olaraq, Hürufilik
insanlara nəyi çatdırmaq istəyirdi?
-
Yuxarı qeyd etdiyim kimi, Nəsimi dövründə sufilik
çox geniş yayılmışdı və onlarca müxtəlif
təriqətlər mövcud idi. Bu təriqətlər
arasında bir-birinə əks mövqedə duranlar da
vardı. Bunları daha yaxşı anlamaq üçün
hər təriqətin kim tərəfindən
və hansı məqsədlə
yaradıldığını araşdırmaq lazımdır.
Sufiliyə qədəm qoyanların da bu yolu niyə
seçdiklərinin səbəbləri müxtəlif idi və
həmin səbəblərə görə mürid öz istəyinə
daha uyğun olan təriqəti seçirdi. Təriqətlər məzhəb fərqlərinə,
ayrı-aryır mürşidlərin nüfuzuna, bəzi
hallarda siyasi məqsədlərinə, quranın təfsir fərqlərinə
və s.və i.a səbəblərə görə fərqlənirdilər.
Təriqətlərin çox olmasının müxtəlif səbəblərini
yuxarıda qeyd etdim, bizim söhbətimizin mövzusuna daha çox
uyğun gələn iki səbəb üzərində bir qədər
ətraflı dayanmaq istəyirəm:
1). Məlum
olduğu kimi,islam bütün müsəlmanların
qardaş olduğunu,ictimai ədaləti ,insanlara qarşı
haqsızlıqların yolverilməzliyini və s.bəyan
etmişdi. İslamin ilk illərində bu deyilənlərə
əsasən əməl olunsa da,getidkcə
bu vədlər unudulmağa başlayırdı. Tədircən özləri üçün
xüsusi imtiyazlar əldə edən ruhani təbəqə
yaranmışdı. Bu hallar əməvilər
hakimiyyəti zamanı daha da artmağa
başlamışdı və getdikcə insanlarda
narazılıq və etirazlara gətirib
çıxarmışdı. Xilafətin
və dini ehkamların çox güclü olduğu bir
mühitdə bu etirazlarin açıq şəkildə
bildirilməsi təhlukəli idi. Hər hansı
narazılıq ruhani təbəqə tərəfindən dinə
qarşı üsyan,küfr kimi qiymətləndirilir
və ağır cəzalandırılırdı. Amma bu ictimai narazılıqlar gizli formada da olsa
get-gedə artır və bu əsasda fəaliyyət göstərən
təriqətlər meydana gəlirdi. Həmin təriqətlərin
əsas məqsədi dindən şəxsi mənafe məqsədi
ilə faydalanaraq zahiri cəhətdən özlərini dindar
göstərənlərin əslində riyakar
olduqlarını bildirmək və islami dəyərlərin
insanın qəlbində,könlündə
səmimi bir şəkildə olmasını əsas saymaq və
beləliklə də gerçək,həqiqi dini qoruyub
saxlamaq,ədaləti və həqiqəti bərpa etmək
idi.
2).
Bütün dövrlərdə düşünən
insanları həmişə narahat edən ümumi fəlsəfi
sualları var: Dünya necə yaranıb; özü
yaranıb yoxsa kimsə yaradıb; insan niyə yaranıb;həyatın mənası nədir;həqiqət
nədir və s.və i.a.Bu suallara istər dünyəvi elmlər,istərsə
də dinlər tərəfindən müxtəlif cavablar
verilsə də,məlumdur ki,bu cavablar hər kəsi qane edəcək
şəkildə deyil və müxtəlif fikirlər,nəzəriyyələr,mübahisələr
hələ də davam etməkdədir. Nəsimi
dövrü də istisna təşkil etmirdi. Ərəb
xilafətinin çox geniş bir coğrafiyaya yayılması
nəticəsində artıq qədim hind,çin,misir,yunan
və s. fəlsəfəsi haqqında məlumatlar vardı.
Mütəfəkkir insanlar bir tərəfdən bu fəlsəfi
fikirləri nəzərə alırdılarsa,digər
tərəfədn də söylədikləri hər fikir
mütləq bu və ya digər şəkildə islamla əlaqələnməli
və ona zidd olmadığı göstərilməli idi. Bir
qrup sufi təriqətlər də bu əsasda
əmələ gəlmişdi. Bu təriqətlərin əsasını,
təbii ki, Allahın varlığı və onun son həqiqət
olması təşkil edirdi,ona
qovuşmaq,başqa sözlə,həqiqətə qovuşmaq
yolları(təriqətləri) isə müxtəlif ola bilərdi.
Bu model sufilərə islamın əsas tələblərini
qorumaqla öz fəlsəfi,elmi
düşüncələrini də ifadə etməyə
imkan verirdi. Hürufilik təlimində də
süfiliklə çox sıx yaxınlığı var.
Mövzu çox mürəkkəb olduğu üçün
iki ən vacib məqamı qeyd etməklə kifayyətlənəcəyəm.
İstərsə sufilik, istərsə də
hürufilik panteist təlimdir, yəni hər iki təlimdə
Allahın varlığı qəbul edilir və Allahın hər
şeydə mövcudlugu bildirilir. Bu fəlsəfi
təlim avropada da əsas prinsiplər saxlanmaqla B.Spinoza tərəfindən
panteist fəlsəfi nəzəriyyə şəkilinə
salınmışdır. Sufilikdə Allahın
zatı hər şeydən kənarda Aləmi-Lahut deyilən
yerdə xüsusi və dərkedilməz bir substansiyadır.
Yerdə qalan hər şey isə onun təcəlləsidir.
Hürufilikdə isə Allahın xüsusi bir
substansiya olmagı barədə müddəa yoxdur və onun hər
bir varlıqda mövcud olması fikri əsasdır. Bu, sufiliklə hürufiliyin fəlsəfi və dini
cəhətdən çox ciddi birinci fərqidir. İkinci fərq isə, sufiliyin elmi, nəzəri, fəlsəfi
bir təlim olduğu halda, hürufiliyin daha çox praktik, dəyişkənliklər
tələb edən, mübarizəyə çağıran təlim
olmasındadır. Hürufiliyə görə
Allah hər şeydə, o cümlədən insanda da
mövcud olduğundan insan özünü kamilləşdirməklə
Allah səviyyəsinə qalxa bilər. Hürufiliyin
banisi Fəzlullah Nəimi Allahın onda təcəssüm
etdiyini bəyan edirdi. Belə fikirlərə görə
də,islamla hürufilik arasında ciddi
ziddiyyətlər yaranmışdı.
- Nə üçün islam alimləri ona düşmən kəsilmişdilər.
İndi islam alimləri qeyd edirlər ki, Nəsimi
də onların dediklərini deyirdi. Sizcə,
burada hansısa bir təzad varmı?
- Yəqin
ki, din xadimlərini nəzərdə tutursunuz, çünki
sadə insanlar hər zaman Nəsimini qəbul edib və seviblər.
Hətta kafir elan olunaraq edam edilsə də
onun qəbri bu günə qədər qorunub saxlanılıb
və Hələb şəhərində adına
küçə var. Ruhanilərin hürufilərlə ziddiyyətinin
səbəbini bundan əvvəlki sualını cavablayarkən
bildirdim. Bu gün bəzi islam alimlərinin
Nəsimini qəbul etmələrinə gəldikdə isə,
qeyd etdiyim kimi, Nəsimi ateist deyildi və Allahı inkar
etmirdi. Fərq Allahı təsəvvür etməkdə
idi. Hər şey dəyişib inkişaf etdiyi kimi, bir
sıra islam alimləri də,şübhəsiz
ki,bu həqiqəti anlamağa başlayıblar.
- Bəs bu gün xanəndələrimizin
Nəsiminin qəzəl və şeirlərini ifası Sizi
qane edirmi?
- Hər hansı bir şairin şeirini düzgün ifa edə bilmək üçün, mümkün olduğu qədər, həmin şairin dünyagörüşünü və ruhunu hiss etməlisən. Bu dediklərim Nəsimi yaradıcılığı üçün xüsusilə vacibdir. Muğam ifaçılarından Alim Qasımovun, Ağaxan abdullayevin, Səkinə İsmayılovanın, Aqil Məlikov, Mütəllim Dəmirovun, gənc xanəndələrdən Hüseyin Məlikovun, Gülnar İsayevanın, Məmməd Nəcəfovun, bədii qiraətçilərdən isə görkəmli aktyorumuz Rasim Balayevin Nəsimi qəzəllərini ifaları məni qane edir.
Elnur ELTÜRK
Hürriyyət.- 2019.- 17 may.- S.11.