Ömür...

 

Pedaqoji esse

 

Bu anlam öz fərdi mənasından çıxanda əbədiləşir, bir xalqın, cəmiyyətin, dövlətin yaşam hüququnu qazanır. Bizim sosialsiyasi müstəvidə işimiz yoxdur, amma bu «üçlüyü» yaradan fərdin – insanın fiziki və ruhi-mənəvi fəaliyyəti də önəmlidir. Bu barədə xeyli düşündüm və diqqətimi gənc nəslin üzərində saxladım. Yaşlılar da bir vaxt uşaq idilər, onlara öyüd-nəsihəti ata-anaları, müəllimləri verdilər və cəmiyyətə hazırladılar. Varislik missiyası yetişdi, övladlarını tərbiyələndirmək və təhsilləndirmək məsuliyyətilə üzbəüz qaldılar. İndi bu uşaqlar (onlar həmişə valideynlərinin nəzərində uşaqdılar yaşlaşsalar da) qismətlərinə (talelərinə) düşən həyatı – ömrü yetərincə yaşamağa borcludular; onlar anlamalıdılar ki, həyata (bütöv kontekstdə) lazımi dərəcədə xidmət göstərməli, Vətən üçün varlığından keçməyi bacarmalıdılar – özü də necə? Bu sətirləri yazanda görkəmli Qazax şairi Xalicanın bir şeirini xatırladım.

 

Ömür sənə verilməyib

Boş-boşuna keçirəsən.

Verilib ki, ulduzların işığını

Gözlərinə köçürəsən,

Ömür sənə verilməyib bağa kimi

Girib qına – yaşayasan.

Verilib ki, günəş kimi

Yana-yana yaşayasan.

 

Obrazlı deyilsə də, fiziki mənası da inandırıcıdır: Yana-yana yaşamaq, günəş kimi! Həyatın ideal zirvəsidir. Hərçənd, o pik zirvəyə ucalmaq çətindir – dözümlülükdür; bəzən isə əlçatmazdır. Amma ürəyimizdən bir hissarzu keçir ki, məhz o ucalıqdan həyatımızı görək, duyaq. Köçüb gedəndə də izimiz qalsın, ruhumuzun üzü gəlsin canlı həyata baş çəkməyə, barı, doğmalarına kənardan baxsın. Bəs o izi kim yaşatmalıdır? Övladlarımız və onların əməlləri. Bu nəsildə o əqidə yaranmalıdır ki, ömür mənalı yaşananda insan səadət tapır, daha onun axtarışına çıxmır. Hələ eramızdan əvvəl Çin mütəfəkkiri Jan Çju (e.ə.395-335) səadət barədə maraqlı fikirlər söyləmiş, insan ömrünün qısalığını vurğulamış, bu ömrü xoşbəxt yaşamağa çağırmışdır:

- Həyatın mənası təbiətə uyğun yaşamaqdır, - demişdir. – İnsanın təbiətisə onun hissinin, ehtirasının və arzularının ödənilməsini tələb edir. – qənaətində toxdamışdır. Və gənc nəsil bilməlidir ki, ömrə hakim kəsilən səadət həyata biganəlikdən ibarət deyil, əksinə, bu, həyatın məqsədidir, istəklərin, arzuların ödənilməsidir.

Valideynlərlə mütəmadi söhbətləşirik, mübahisələr də ortaya gəlir, razılaşmalar münasibətlərdə tarazlıq yaradır. Hər dəfə bir həqiqətin üzərində köklənirik. Uşaqlarımıza, yəni gənc nəslimizə xeyirxahlığa, təmənnasızlığa bələnmiş ömür bəxş edək. Övladlarımızı birona görə sevirik ki, bizim soyadlarımızı daşıyırlar: - filankəsin qızıdır, oğludur, - deyirlər, - əsl vətənpərvərdir, torpağını sevəndir. Bu, valideynlərdə qürur hissi oyadır, sanki ömrü təzələnir. Yox, övlada məhəbbəti, istəyi, qayğını təkcə bu yanaşmada axtarmaq düzgün olmazdı. Valideyni övlada bağlayan daha munis, gərəkli tellər vardaim onu düşündürür. Bir qədər antik filosof Demokritə (e.ə.460-370) qayıdaq, faydalıdır. O, ömürdə əhval-ruhiyyənin mövcudluğunu yüksək hesab etmişdirbütün uğurları, möhtəşəmliyi, xoşbəxtliyi (səadəti) ömrün ayrı-ayrı anlarından belə ayırmamışdır. Gərəkli olan öyüd-nəsihəti qəbul edər, pis niyyətə düşməz, «düz xətti» götürər, lakin onun (fərdin) əhvali-ruhiyyəsi-ovqatı qurudursa, soyuqdursa, bir sözlə, həyatdan zövqdə, həzz almaqda acizdirsə, cəmiyyət onu qəbul etməyəcək; ən azı onun aurası, ətrafı – bizim qənaətimizdir. Demokritə qayıdıq. Filosof üçün: insan ömrünü elə yaşamalıdır, həyatdan lazımınca (hətta maksimum) həzz, sevinc ala bilsin, iztirabını, kədərini minimuma endirməyi bacarsın. Ahəngdarlıq və simmetriya insan səadətinə, xoşbəxtliyinə daxildir, insan ömrünün məzmununun atributudur. Həyatda ata-ananın mövqeyi məlumdur, aydındır, sadə peşənin sahibidir (mühəndis, həkim, müəllim, yazars.) və çalışdığı kollektivdə onun hörmətini saxlayırlar. Ailəsini də az-çox təmin edir. Uşaqları məktəbə gedir, yaxşı təhsil alırlar. Valideyn, demək olar ki, öz borcunu ödəyir. Əgər o, həyatını qurmağı bacarıbsa, təbii ki, ömründən razı qalır, uşaqlarını da bu ruhda böyüdür. Tanıdığım bir ailə var, hörmətimiz qarşılıqlıdır. Ər-arvad vəzifəsiz işdə çalışırlar. Ailədə səmimilik görürəm. Bir dəfə də ailədən səs-küy, haray-həşir eşitməmişəm.

Üç övladı məktəblidir, səliqəli geyinib dərsə gedirlər; əlbəttə, hazırlıqlı. Müəllimlər qardaş-bacılardan gileyli deyil. Bir dəfə ata ilə söhbətimdə dedim ki, sizə qibtə etməmək mümkünsüzdür – yaxşı mənada. Ailə səadətiniz, uşaqlarınız nümunə ola bilər bəzi imkanlılara… Atanın sifətində sezilməz qayğı duydum. Qibtə təkcə bu deyil, müəllim, - dilləndi. – Mənim balalarım var, böyüyü onuncu sinifdədir. Onları irəlidə çox şeylər gözləyir; yumşaqlıq da, sərtlik də, uğurlu də, uğursuzluq da. Gərək mətanətli, əməksevər, zövqlü olsunlar. Çətinliklərə dözsünlər, uğursuzluq baş verəndə ruhdan düşməsinlər. Susdu bir azca, üzündə qırışlar genişləndi. – Əsası, müəllim, onlarda ruh olsun, əhval-ruhiyyəni deyirəm.

Mən əlavə etdim: - Övladlarımızın gələcəkdə seçəcəyi peşə, sənət barədə narahat olursuzmu?

- Əlbəttə, - dedi. – Amma təkidlə seçməyi xoşlamıram, məcburiyyətə pis baxıram. İstəmirəm mütləq biz deyənlə razılaşsınlar. Biz valideynlərin borcu onlara düzgün tərbiyə verməkdir. Hansı qənaəti seçirlərsə, ürəyimcə olacaqdır. Məsələ ondadır, onlara bağışladığımız ömrü halal, təmiz, riyakarlıqdan uzaq yaşasınlar. Bizim yaşa çatanda onları tanıyanlar «filankəsin oğludur, qızıdır» söyləsinlər yaxşılıqla.

Müsahibimqonşum xeyli sözünə ara verdi. Nimdaş portfelini sağ əlinə götürdü. Hiss məni aldatmadı ki, onun ürəyi doludur, haçandan həmsöhbət olmaq istəyir:

- Qonşu (o, məni belə çağırır), yaxşı məsələ üstünə gəldi söhbətimiz. – Əlini təraşa ehtiyaclı üzündə gəzdirdi. – Uşaqların xoşbəxt ömür yaşamaları daima düşündürübdür məni. Əlbəttə, ağılsız, idraksız mümkün deyil. Şərq tərbiyəsində bu məsələ üstünlük yaratmışdır. Nə gizlədim, indiki nəsildən ehtiyatlanıram. Və əlavə etdi ki, bu barədə ayrıca danışmaq arzusundadır mənimlə. – Tusinin kitabını oxudum ötən həftə. Yamanca uzaqlaşmışıq müdrik tərbiyəçidən. - Sual dolu nəzərini mənə dikdi.

- Xacə Nəsirəddin Tusi (1201-1274) oxuduğunuz «Əxlaqi-Nasir»də vurğuladığınız xoşbəxtliyi əsas amil kimi götürmüşdür. Onun fikrincə, insanın xoşbəxtlik və bədbəxtlik açarı kamilliknaqislik sükanı onun ağıl və iradəsinin ixtiyarındadır. Yəni real dünyamızda hər adam xoşbəxt ola bilər, buna borcludur.

Müsahibimin icazəsilə siqaret yandırdım. Oturduğumuz uzun daşın sərinliyi yorğunluğumu çıxarırdı.

– Müəllim (bu dəfə «qonşu» sözünü işlətmədi), Tusidə «səadət» sözünə də rast gəlmişəm, səhv eləmirəmsə bu barədə ayrıca danışıbdır. Eyni zamanda «xeyir» və «səadət»in mənasını açıbdır. Biz yaşlılar bəzən yaxamızı belə-belə nəsihətlərdən, fikirlərdən kənara çəkirik. Bunun fərqinə onlar yox, biz qalmalıyıq. Həyata düşəndə daha fərqinə biz yox, onlar varacaqlar.

Söhbətdən bir-iki gün ötmüşdü. Atanın haqlı olduğu aydındır. Övlad göz qabağında böyüyür, başqa sosial təsirlər də öz rolunu yaxşılığa və pisliyə tərəf oynayır (pisi məharətlə ifa edir), lakin valideyn təsiri körpə beşiyindən (indi «qırmızı kitaba» düşmüşdür) başlayır, ta müstəqil olanacan. Bu uzun yolda uşaq(lar) yaxşını da, pisi də yaddaşında saxlayır (pisi qoruyur). Hərçənd, «pis» ata-ana üçün mənasını itirir. Ərköyün böyüdürsə, hər bir istəyinə əməl edirsə, bunların heç birində pislik axtarmır. Amma o ata-ana unudur ki, övladı gələcəkdə lazımsız, yaxşı təsir bağışlamayan hərəkətləri üçün əzab çəkməli olacaqdır. Həyatda belələri təəssüf ki, çoxdur, xüsusilə, bu gün! Valideynlər ziyalıdır, cəmiyyətimizin, çağdaş nəslin qarşısında qoyduğu tələblərdən də xəbərdardır. Di gəl ki, uşaqlarını necə tərbiyələndirməlidir, problemi önündə öz məhdud, subyektiv maraqğı çərçivəsində üstünlük verir. Əslinə qalsa, bu özəl müdaxilə övladını gələcək fəaliyyətdən ayırmaqdır. Halbuki filosof B.Spinoza (1632-1677) yazırdı ki: «Fəaliyyət göstərmək, yaşamaq, öz mövcudluğunu qoruyub saxlamaq» - insan varlığına, onun xarakterinə məxsus nemətdir. Uşaq (yeniyetmə və gənc) özü öz gələcək yolunu seçirsə, deməli, özünü mübarizəyə hazırlamış olur, ömrünü səadəti üçün hazırlayır, şən, firavan yaşamaq naminə bütün çətinliklərə dözmək iradəsini özündə aşılayır. Artıq o, xeyir və şər, fayda və zərər, həzz və iztirab «üçlüyü»nün yerini təsəvvüründə müəyyənləşdirməyə borclu olacaqdır. «Xoşbəxtlik fəzilətə görə mükafat deyil, fəzilətin özüdür» - aforizm isə Spinozaya məxsusdur!

Biz valideynlər – təcrübəli nəsil bir insan ömrünün ləkəsiz yaşaması üçün çox şeyləri başa salırıq, öyrədirik, yeri gələndə nümunə obyektinə də çevrilirik – əla – lap yaxşı! Amma müşahidələrimizi saf-çürük edəndə «sistemə» salanda nəyi unutduğumuzun üzərindən yan keçirik. Sanki övladımız ali təhsilə yiyələndi, ev aldıq, vəzifə, üçün kimsə ağız açdıq, pul da xərclədik (bu gün bunsuz keçinmək möcüzə deyilmi?), bəs nəyi, hansı dəyərləri yaddan çıxartdıq? Sual yazımın gedişində məni müşayiət edirdi, səsini eşidirdim, fikrimi «öyrənmək» istəyirdi. Bir halda Spinozanın bir traktatını oxuyuramo, daha obyektiv yanaşır məsələyə. Necə ki, filosofa görə, özünü mühafizə, xoşbəxt yaşamağa cəhd mühüm əhəmiyyət daşıyır və bu mənəvi anlam insanın hisslərində, ehtiraslarında, affektlərində özünü büruzə verir. Biz bunları da unutmamalıyıq, məktəblərimiz daha psixologiyanın mühüm anlayışlarını arxa plana keçirmişlər: nə psixologiya, nə də məntiq fənləri keçilmir, öyrədilmir (amma test sınaqlarında şagirdlərlə üzbəüz qalır, rəqib kimi), öhdəlik valideynlərin üzərindədir.

Yeniyetməlik dövründən başlayaraq o hisslər ağıla (idrak) vasitəsilə idarə edilməlidir. Çün, ağıl hisslərdən üstün götürülməlidir. Bəs hansı mənzərə ilə qarşılaşırıq? İntellekt (ağıl, zəka) o qədər uşağın beyninə doldurulurdaha xoşbəxtlik, bütövlük gətirən hisslərin davranışına yer qalmır. Nəticədə hətta bir maraqlı ziyalı ömrü qapanır öz-özünə, ailədə pedant vücud təsiri yaradır, hətta uşaqları cəsarət göstərib ürək sözlərini deməyə rəvac görmürlər. Mən belələrini (kim olursa, lap dahidir, vəzifəlidir, titul sahibidirs.) adi insan səviyyəsində də hesab etmirəm, müdriklikdən danışmağa isə dəymir! Spinozanın dövründə də görünür, bu cürlər («curlar» yox), bu zümrələr varmış ki, demişdir: «İnsanın həqiqi xoşbəxtliyi və səadəti yalnız onun müdrikliyində və həqiqəti dərk etməsindədir». Biz gənc nəsli inandırmalıyıq ki, ruh mövcuddur, yaşayır, dünyanı və özünü bu ölməz nemətlə dərk edirsə bu, ruh üçün ən ülvi sakitlik verir, ömrün səadətində mənbəyə çevrilir. Ruhi sakitlik, təmkinlik eyni zamanda özünü dərk edir, ətraf mühitə ayıq idrak və kövrək emosiya ilə yanaşıb qiymət verməkdir, fəsadlardan uzaqlaşmaqdır.

Ataana ömrünü ömür təkin yaşayıb – minnətsiz, yaxşı günlər üçün əridə-əridə, paylaya-paylaya. Çətinlikləri az olmamışdır, gecmi-tezmi bunları aradan qaldırmışlar. Hər açılan səhərdə günəşin şəfəqlərini axtarmışlar, yuyunmuşlar. Şan-şöhrət (süni) burulğanında batmamışlar, qeybət emosiyasına uymamışlar. Ömrü körpələrinə vermiş oyuncaq da saymamışlar, əylənsinlər oyunla. Həmişə çalışmışlar böyütdükləri uşaqlarına bu intəhasız ömürdən şəffaf damlalar süzülsün. Bax, bu zaman ata-ana sözlərini dərk etmişlər, tərbiyələndirməyin məsuliyyətini qiymətləndirmişlər. Sadəcə, seyirçiyə çevrilməmişlər, öz valideynlik missiyalarına daha çox üstünlük qazandırmışlar.

Bir dəfə dahi alman şairi İ.Getedən soruşurlar ki, insanvaxt özünü dərk edə bilər? O, çox sakitcə cavab verir:

- İnsan heçözünü sehr vasitəsilə deyil, hərəkətləri vasitəsilə dərk edə bilər; öz borcunu yerinə yetirsin, dərhal özünü başa düşəcək, anlayacaqdır.

İkinci ömrə – övlad ömrünə yol buradan başlayır.

 

Allahverdi Eminov

 

Hürriyyət.- 2019.- 23 may.- S.14.