FAYDALI METODİK VƏSAİT

 

Görkəmli pedaqoq, cəfakeş tədqiqatçı, tanınmış ziyalı Fərhad Xubanlının fəaliyyətini və yaradıcılığını uzun illərdir ki izləyirəm. O, 1977-ci ildən orta və təhsil sistemində pedaqoji fəaliyyət göstərir, doğulub-yaşadığı Qaraçöpdə, Ləmbəli kənd orta məktəbində müəllim, metodist müəllim, tədris işləri üzrə direktor müavini çalışıb, yenə də ali kateqoriyali müəllim kimi fəaliyyətini davam etdirir, uzun illərdir ki, təkcə Gürcüstanın deyil, Azərbaycanın da elmi-pedaqoji həyatında fəali iştirak edir.

F.Xubanlı, eyni zamanda, Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun qiyabi aspiranturasında təhsil alıb, 1989-cu ildə uğurla dissertasiya müdafiə edib, pedaqoji elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb. 1990-2004-cü illərdə Azərbaycan Müəllimlər İnstitutu Qazax filialının dosenti, H.Əliyev adına Gürcüstan-Azərbaycan Humanitar Universitetinin professoru kimi çalışıb. Onun elmi, metodik, publisistik məqalələri, folklor araşdırmaları Gürcüstanın və Azərbaycanın elmi və dövri mətbuatında müntəzəm çap olunur. Araşdırna yazıları “Dan ulduzu” almanaxına (1989) və araya-ərsəyə gəlməsində böyük əmək sərf etdiyi ”Qaraçöp” tarixi-etnoqrafik toplusuna (1996) daxil edilib. Eyni zamanda o, onlarla kitabın məsləhətçisi və rəyçisi olub, bir çox nəşrlərə önsöz yazıb, Qaraçöp folklorunun və Qaraçöp şairlərinin poetik irsinin toplanmasında və araşdırılmasına əvəzsiz xidmət göstərib, məruzələrlə beynəlxalq simpoziumlarda çıxış edib.

F.Xubanlının elmi-pedaqoji fəaliyyəti yalnız tədrislə məhdudlaşmayıb, o, daha genişmiqyaslı araşdırmalar aparıb, ədəbiyyatın mənəvi tərbiyədəki rolu məsələlərini tətqiqata cəlb edib. Onun “Zəlimxan Yaqub yaradıcılığı tərbiyə anlamında” (1994), “Xəlil Rza Ulutürk yaradıcılığında əxlaqi-mənəvi motivlər (metodik vəsait, 2002), “Bəxtiyar Vahabzadə yaradıcılığı və şagirdlərin milli ruhda tərbiyəsi məsələləri” (metodik vəsait, 2005), “Söz ömrü” (məqalələr toplusu, 2015) kitabları və tədris proqramları işıq üzü görüb. Alimin həyat və yaradıcılığı haqqında N.Əbdülrəhmanlının “Ömrün müdriklik çağı. Dr. F.Xubanlı – 60” (2010) kitabı nəşr olunub.

F.Xunanlının “Şagirdlərin milli-mənəvi tərbiyəsində çağdaş poeziyanın roluna bir nəzər” (2019) adlı yenicə çapdan çıxmış metodik vəsaiti müəllifin tərbiyə və ədəbiyyat probleminə dair baxışlarını və mülahizələrini əhatə edir. Müəllif metodik vəsait hazirlayarkən çağdaş ədəbi prosesin gənc və orta nəsil şairlərinin poetik nümunələri ilə yanaşı, müasir Azərbaycan poeziyasının klassikləri – Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Məmməd Araz, Nəriman Həsənzadə, Zəlimxan Yaqub kimi şairlərin vətənpərvərliyə xidmət edən əsərləri sərf-nəzər edib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 oktyabr 2006-cı il tarixli, 233 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında “Ümumi təhsilin konsepsiyası” (Milli Kurrikulum) ümumi orta təhsilin vəzifələrindən söz açılarkən qeyd edilir ki, “Qüdrətli tərbiyə vasitəsi olan bədii söz sənətimiz şagirdlərin mənəvi-estetik tərbiyəsi, xalqın ədəbi-mədəni irsini, tarixi keçmişini, mübarizəsini, adət-ənənələrini öyrənmək üçün mötəbər mənbə, etibarlı qaynaqdır. Müasir məktəbdə müstəqil düşünməyi, qazandıqları bilikləri tətbiq etməyi, qarşılaşdıqları problemləri həll etməyi bacaran, saf mənəviyyatlı, təşəbbüskar, yaradıcı, demokratik ruhlu, humanist gənclər tərbiyə edilməsi sosial tələb kimi meydana çıxır. Orta məktəbi bitirən hər bir gənc bədii ədəbiyyatı, digər mənbələri oxumağı, təhlil etməyi, qiymətləndirməyi, öz biliklərini müstəqil şəkildə artırmağı bacarmalı, fasiləsiz təhsilə hazır olmalıdır. Məktəb ədəbiyyat kursunda yüksək ideya-bədii dəyərə malik əsərlərin öyrədilməsi əsasında şagirdlərdə mütaliə formalaşır, onların ədəbi təhsili, tərbiyəsi və inkişafı təmin olunur”.

F.Xubanlının “Şagirdlərin milli-mənəvi tərbiyəsində çağdaş poeziyanın roluna bir nəzər” metodik vəsaiti də məhz bu vəzifələrin yerinə yetirilməsi yönümündə atılmış gərəkli addımlardan biridir. Müəllif “Milli-mənəvi tərbiyə və poeziya” adlandırdığı birinci fəsildə təhsil, tərbiyə və ədəbiyyatın qarşılıqlı əlaqələri, milli-mənəvi tərbiyədə poetik siqlətin təsiri və çağdaş poeziyada milli-mədəni dəyərlərimizin əksi məsələlərini araşdırır. O, haqlı olaraq qeyd edir ki, şeirin təsir gücü olduqca böyükdür. Şeir insanı düşünməyə, dünyanı dərk etməyə, fəaliyyətə, qurub-yaratmağa, sevib-sevilməyə, mənəvi-əxlaqi saflığa, təmizliyə, paklığa da səsləyə bilər, fəaliyyətsizliyə, pessimizmə, kefə-əyləncəyə, yüngül həyata, əxlaqsızlığa da. Bu baxımdan, şeirin şərti olaraq iki tipini müəyyənləşdirmək olar: bir insanı ilahi nuruna yaxınlaşdıran, onu düşündürən, insanların mənəvi-əxlaqi tərəqqisinə yardımçı olan şeir, bir də iblisin diqtəsi ilə yazılan, insanların əxlaqını pozan, onları yüngül həyata, kefə, əyləncəyə səsləyən şeir... Ona görə də şeirin təsir gücünü lazımi istiqamətə yönəltmək bütün dövrlərdə metodoloji və ideoloji baxımdan böyük əhəmiyyət kəsb etmiş və indi də etməkdədir”.

Pedaqoq-alim F.Xubanlı metodik vəsaitin ikinci fəslini “Çağdaş poeziya milli mənlik düşüncəsinin formalaşmasında başlıca vasitələrdən biri kimi” adlandırıb, çağdaş təhsil sistemi milli mənlik düşüncəsi, çağdaş poetik mətnlərdə milli düşüncə, milli düşüncə və çağdaş poetik qəliblər məsələlərini ətraflı şəkildə araşdırıb. O, qeyd edir ki, milli ideologiya, milli tarix, milli dil, dinimiz, milli mədəniyyət və incəsənət, milli ədəbiyyat, milli özünüdərk, ailə, dahi şəxsiyyətlərimiz, milli musiqimiz, muğamlarımız, fərdi yaddaşı, etnosun yaddaşını, millətin, xalqın yaddaşını ehtiva edən folklorumuz bizim milli-mənəvi dəyərlərimizdir. Bir sözlə, milli olan bütün nailiyyət və keyfiyyətlərimiz milli dəyərlər sisteminə aiddir. Amma bu dəyərlər sistemi xalqın yaddaşında və dövlət səviyyəsində təsbit olunmazdan əvvəl Ulu Yaradan tərəfindən Qurani-Kərimdə təqdim edilib: "Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq (Hücurat-13). O, milli düşüncəni əks etdirən poeziyanın gənclərin mənəvi tərbiyəsinə təsirindən söhbət açarkən, B.Vahabzadənin, X.R.Ulutürkün, M.Arazın, A.Mustafazadənin, İ.İmayılzadənin, Z.Yaqubun yardaıcılığına müraciət edir, eyni zamanda, çağdaş ədəbiyyatımızın istedadlı nümayəndələri Səməd Qaraçöpün, Nurafizin, Barat Vüsalın, Rafiq Hümmətin şeirlərindən də yararlanır. O, eyni zamanda da milli düşüncəni ifadənin tələb etdiyi poetik qəliblərdən də söhbət açır, çünki, “çağdaş şairlərin yaradıcılığında milli düşüncə müxtəlif poetik qəliblərdə təzahür edir. Həyata, ölümə, mərdliyə, səxavətə, riyakarlığa, vəfasızlğa şairlərin münasibəti çoxçalarlı ifadə vasitələri ilə üzə çıxır”.

F.Xubanlı metodik vəsaitin bütöv bir fəslini şagirdlərin vətənpərvərlik tərbiyəsində çağdaş poeziyanın roluna həsr edib. “Şagirdlərin vətənpərvərlik tərbiyəsində poetik mətnlərin rolu” adlandırdığı fəsildə o, vətənpərvərli tərbiyəsi və çağdaş poeziya, çağdaş poeziyamızda Vətən sevgisinin poetik çalarları, epik düşüncə poeziyasının vətənpərvərli tərbiyəsindəki yeri məsələlətini təhlilə cəlb edib. İnsanın ən ali və əzəli hisslərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır. Alim qeyd edir ki, vətənpərvərlik təkcə Vətəni sevmək deyil. Vətənpərvərlik həm də Vətənin naminə çalışmaq, Vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, Vətənin, xalqın hər bir uğuruna sevinməkdir. Bu hiss insanda anadangəlmə olsa da, bütün digər hisslər kimi tərbiyəyə möhtacdır və tərbiyə yolu ilə daha da möhkəmlənir və inkişaf edir. Vətənpərvərlik insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdən olduğundan onun böyüməkdə olan nəslə aşılanması, uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması həmişə təlim-tərbiyə işinin ən mühüm istiqamətlərindən, təhsil müəssisələrinin ən vacib vəzifələrindən olub.

Alim-pedaqoqun fikrincə, Vətən sevgisi bütün insanlarda eyni olsa da, sözə müxtəlif çalarlarla çevrilir. Vətənin dağları, dərələri, meşələri, yolları, qurdu-quşu, çiçəyi-böcəyi şairlərin qələmində təsirli tərbiyə detalı kimi ortaya çıxır. Üstəlik də bir çox çağdaş şairlərimiz Vətən sevgilərini qısahəcmli şeirlərlə ifadə edə bilmədiklərinə görə, epik formalara – poetik silsilələrə və poemalara əl atmışlar. Belə formalar onlara öz duyğularını daha geniş miqyasda ifadə etməyə imkan verib. O, Z.Yaqubun, B.Vüsalın, H.Hacısoyun poemalarında vətənpərvərlik tərbiyəsində mühüm rol oynayacaq cəhətləri ustalıqla üzə çıxarıb və araşdırmasının başlıca leytmotivinə çevirib.

F.Xubanlı bir fikrində də haqlıdır ki, ömrünü vətəninə, xalqına bəxş edən qüdrətli sənətkarlarımızın mübariz və müdrik poeziyası indi də yaşayır və bundan sonra da Azərbaycanımıza xidmət edəcək. Günümüzdə yaranan poetik nümunələr də milli-mənəvi sərvətimizin bir hissəsi kimi, böyüməkdə olan nəslin daxili zənginliyə qovuşmasına xidmət etməlidir.

Təcrübəli pedaqoq və tanınmış alim Fərhad Xubanlının “Şagirdlərin milli-mənəvi tərbiyəsində çağdaş poeziyanın roluna bir nəzər” metodik vəsaiti orta ümumtəhsil məktəblərinin ədəbiyyat müəllimləri, eləcə də bu sahədə araşdırma aparan tədqiqatçılar üçün nəzərdə tutulub. Amma fikrimizcə, bu elmi-metodik əsər daha geniş oxucu kütləsi üçün də az faydalı olmayacaq.

 

Xanəli KƏRİMLİ,

Filologiya elmləri üzrə fəlsəfə doktoru,

Naxçıvan dövlət Universitetinin dosenti

 

Hürriyyət.- 2019.- 21 may.- S.14.