Mehdi bəy Hacınski - 140
Mehdi bəy Süleyman
oğlu Hacınski
1879-cu il mayın 24-də Qubada anadan olmuşdur. Əvvəlcə mədrəsədə oxuyan Mehdi sonra
təhsilini türk-rus
realnı məktəbində
davam etdirmişdir.
O, 1896-cı ildə Bakıda
müsəlman teatr truppasının təşkilində
fəal iştirak etmişdir. 1906-cı ildə ikinci teatr truppasının, sonralar Artistlər Şurasının üzvü
olmuşdur.
Hacınskinin ilk çıxışı Nəriman
Nərimanovun “Nadanlıq”
əsərində olmuşdur. Qastrollarda türk
artistlərinə rəhbərlik
etmişdir. 1905-ci ildə Bakı şəhər idarəsinin
üzvü, Müsəlman
xeyriyyə cəmiyyətinin
(“Cəmiyyəti-xeyriyyə”), “Nicat” və “Səfa” mədəni-maarif
cəmiyyətlərinin təşkilatçılarından
olmuşdur. 1906-cı ildən “Nicat”ın teatr bölməsinin rəhbəri, “Nəşri-maarif”
cəmiyyətinin sədr
müavini, 3 il
“Səfa” cəmiyyəti
xalq məktəblərinin
rəisi, 1914-cü ildən
teatr bölməsinin sədr müavini olmuşdur. Bakı teatrlarında müxtəlif
xarakterli obrazlar- Karl
Moor (“Qaçaqlar”, F.Şiller),
Nadir şah (“Nadir şah”,
N.Nərimanov) və
s. yaratmışdır. İlk məqaləsi İsmayıl bəy Qaspralının “Tərcüman”
qəzetinin 1898-ci il 8 dekabr tarixli sayında Azərbaycan və rus dillərində dərc olunmuşdur. “Kaspi”, “Həyat”, “İqbal”, “İrşad” və s. qəzetlərdə,
“Zənbur”, “Molla Nəsrəddin” jurnallarında
“Ürfüzadə”, “Dəmdəməki”,
“Avara”, “Estet” və s. imzalarla Azərbaycan teatrına, aktyor sənətinə dair məqalələr, hekayə, oçerk və felyetonlar dərc etdirmişdir. 1906-07-ci illərdə bir müddət “Hümmət” təşkilatının
orqanı olan “Təkamül” qəzetinin
naşiri olmuşdur.
Onun,
“Sultan Əbdüləzizin xəli, yaxud ilk Türk Cümhuriyyəti”
adlı dram əsəri
var. Bir sıra pyesləri (“Əl-Mənsur”,
H.Heyne; “Qaçaqlar”,
F.Şiller; “Nadan övlad”, D.İ.Fonvizin və s.) Azərbaycan dilinə tərcümə
etmişdir. Xalq yaradıcılığı
nümunələrinin toplanıb
Azərbaycan və rus dillərində nəşr edilməsində
də Mehdi bəyin xidmətləri olmuşdur.
M.Hacınski siyasi xadim kimi
də fəaliyyət
göstərmişdir. “Müsavat”
partiyasının üzvü
olmuş, 1917-ci ildə
partiyanın Bakı bürosunun tərkibinə
seçilmiş, 1918-ci il
26 may tarixində Zaqafqaziya
seymində “Müsəlman
fraksiyası”nın, bir gün sonra
isə Azərbaycan Milli Şurasının üzvü olmuşdur. O, Milli Şuranın Azərbaycanın istiqlal bəyannaməsini qəbul
edən 26 üzvündən
biri idi. Milli Şuranın 1918-ci il 19 noyabr
tarixli qanununa əsasən Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin tərkibinə
daxil edilmiş və rəyasət heyətinin katibi olmuş, qısa müddət AXC daxili işlər nazirinin müavini işləmişdir.
Cumhuriyyət dövründə
yeni yaradılmış
Azərbaycan Dövlət
Universtetinin hüquq fakkultəsində təhsil
alan Mehdi
bəy, Sovet Sosialist Respublikası məhkəmə xadimlərinin
1-ci qurultayında xalq
hakimləri şurası
rəyasət heyətinin
üzvü seçilmişdir.
Mircəfər Bağırovun qoruyub himayə etdiyi M.Hacınski, Xalq ədliyyə komissarlığının
təlimatçısı kimi,
məhkəmə idarələrinin
təşkili üçün
Naxçıvan Muxtar
Respublikasına ezam edilmişdir. Orada Xalq ərzaq
komissarının, xalq
maarif komissarının
müavini təyin edilmiş, Naxçıvan
Muxtar Sovet Sosialist Respublikası Ali İqtisadi Şurasının
üzvü və muxtar respublikanın tədqiqi üzrə komitənin sədri seçilmişdir. Sonralar
Azərbaycan Xalq Təsərrüfatı Şurası
(AXTŞ) Baş idarəsi
rəisinin müavini təyin edilərək “Xalq təsərrüfatı”
jurnalı redaksiya kollegiyasının üzvü
olmuş, Azərbaycanın
dövlət qulluqçuları
üçün türk
dili kurslarına rəhbərlik etmişdir.
AXC-nin Poçt-telegraf
naziri və 1937 repressiyasının qurbanı
olmuş Camo bəy Hacınskinin
(1888-1942) böyük qardaşı
olan Mehdi bəy Hacınski 1941-ci ilin iyun ayının
18-də Bakıda vəfat
etmişdir.
Hürriyyət.- 2019.- 25 may.- S.14.