Los Ancelesin azərbaycanlı
şerifi
Qanqsterlərə
qarşı mübarizə aparır
Dərs ilinin başlanmasından on gün
ötürdü. Hansı sinifdə oxuyacağını
müəyyən etmək
üçün nənəsi
Aida xanım onu 258 nömrəli məktəbə
aparır. Məlum
olur ki, birinci siniflərdə yerlər dolub, cəmi bir şagird
qəbul edə bilərlər. Və bu yeri tutmaqdan
ötrü beş
namizəd uşaq var.
Məktəb direktoru uşaqların beşinə
də bildikləri hər hansı bir şeiri söyləməyi tapşırır.
Uşaqlardan kimisi “Xoruz”,
kimisi “Keçi” şeirini söyləyir.
O isə “Yevgeniy Onegin”dən bir parçanı əzbərdən
deyir. Bunu görən direktor
boş qalan şagird yerini tutmaqdan ötrü onu seçir. Bir az sonra məlum olur ki, o, ibtidai
siniflər üçün
nəzərdə tutalan
dərs proqramını
dərindən bilir. Sınaq testini keçəndən
sonra onu birbaşa beşinci sinifə götürürlər.
Beləliklə? yeddi yaşlı bu uşaq orta təhsilini beşinci sinifdən başlayır…
…Atası Fərid Mirzəquliyev mühəndisdir. Azərbaycanın neft sənayesində çalışır. Anası Sevda xanım da mühəndisdir, amma heç yerdə işləmir. Hazırda evdar qadındır. Hər ikisi əslən bakılıdır. Özündən yaşca kiçik qardaşı Kamil isə əvvəlcə Bakı Slavyan Universitetini bitirsə də, sonradan Barselonada menecment ixtisası üzrə magistr dərəcəsinə yiyələnib. Valideynləri ilə Bakıda yaşayır…
Haqqında söhbət açdığım Fəxri Mirzəquliyev 1982-ci ildə Bakı şəhərində dünyaya gəlib. 15 yaşı hələ tamam olmamış orta təhsilini başa vurub və indiki Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olunub. 2001-ci ildə maliyyə-kredit fakwltəsini bitirərək ali təhsilə yiyələnib. 2002-ci ildən ABŞ-ın Kaliforniya ştatında yaşayır. Söylədiyinə görə, uşaq yaşlarından orta məktəbi bitirənədək şahmat və üzgüçülük idman növləri ilə məşğul olub. Hətta bu idman növləri üzrə respublika yarışlarında müxtəlif mükafatlara layiq də görülüb. Tələbəlik illərində isə əvvəlcə sərbəst güləşlə məşğul olsa da, bir müddətdən sonra İsrail ordusunda tətbiq olunan “Krav Maga” döyüş növü üzrə məşqlərə qatılıb. O vaxtdan indiyədək “Krav Maga” ilə məşğul olur…
Deyir ki, ABŞ-da yaşamaq gözəldir: “Burada insan əməyi layiqincə qiymətləndirilir. Problemlər arzuladığın işi əldə edəndə bitir. Ümumiyyətlə, Amerikada gözəl yaşamaq üçün ya çox ağıllı olmalısan, ya da çox işləməyi bacarmalısan”…
Fəxri Kaliforniyanın Los Anceles şəhərinə gələndə cəmi iyirmi yaşı olub. On dörd il müxtəlif işlərdə şalışıb. Fəqət ruhdan düşməyib, hədəfə doğru inamla addımlayıb. Los Ancelesdəki Kaliforniya Universitetinin hüquq fakültəsində iki illik tədris proqramını altı aya bitirərək hüquqşünas ixtisasına yiyələnib. Universiteti bitirdikdən iki il sonra nəhayət ki, məqsədinə çatıb. 2016-cı ildə sıravi polis kimi Los Ancelesdə işə başlayıb. Qısa müddətdə özünü doğruldaraq, şerif vəzifəsinədək yüksələ bilib. Hazırda həbsxanalar üzrə qanqsterlərlə mübarizə şöbəsinin şerifi vəzifəsində çalışır…
Deyir ki, burada heç kim bir-birindən fərqlənməyə səy göstərmir: “ Sən burada hər hansı bir nazirlə eyni restoranda şam edə bilərsən və heç vaxt hiss etməzsən ki, masalardan birində nazir əyləşib. Görün nə qədər gözəldir. Adama ləzzət edir. Bəli, sadəlik, təvazökarlıq amerikalıların yaşam tərzidir”…
Tez-tez balıq
ovuna gedir. Xüsusi poliqonda
atıcılıqla məşğul
olmağı xoşlayır.
Qurmandır, evdə yeməkləri
özü hazırlayır.
Əsasən Azərbaycan mətbəxinin
təamlarına üstünlük
verir. Çox ciddi və ağıllı gəncdir.
Özünə hörmət etməyi
bacarır. “Kim gəldi
görüşmürəm, nə gəldi yemirəm, nə oldu içmirəm” söyləyir.
“Bəs niyə bir azərbaycanlı xanım seçib evlənmirsən”, – deyə
soruşanda cavabı belə oldu: “Elə bilirsiz, evlənmək asandır? Ailə qurmaqdan ötrü
gərək axtarıb-arayıb
bir qız seçəsən. Seçəndən sonra isə özünü ona sevdirə biləsən, sevəsən. Bunun üçün
vaxt amili vacibdir. O da məndə yoxdur”…
Bəli,
Allahın möcüzəsi
sandığım bu fövqaladə savadlı gəncin varlığı
Azərbaycan xalqının
nə qədər istedadlı, bacarıqlı
olduğunu bir daha sübut edir…
Elman Eldaroğlu,
ABŞ, Miçiqan
Hürriyyət.- 2019.- 22 may.- S.16.