Belaruslu turistlərin gördüyü Bakı:

kabab, "badımcan taksi" və daha nələr...

 

Belarusun tut.by portalında Azərbaycanla bağlı geniş reportaj yayımlanıb. “Formula-1” ərəfəsində Bakıya gələn belaruslu turistlər şəhərin turizm imkanları, gözəlliyi, mətbəxi, insanların qonaqpərvərliyi qarşısında heyran qalıblar.

Məqalə müəllifi yazır ki, artıq səyahətə getmək istəyən tanışlara tövsiyə etdiyi ölkələr sırasına Azərbaycanı da əlavə edib: “İndi tanışlar səyahətə getmək istədikdə, cəsarətlə məsləhət görürəm: Portuqaliya, Bali və Azərbaycan!”

Bakı haqqında heyranlıqla danışan müəllif şəhərin gözəlliklərindən bəhs edir, burada ənənələr, müasir memarlıq, mətbəx, qonaqpərvər insanlar, isti və təmiz dəniz, sirli şərq cazibəsinin qeyri-adi şəkildə birləşdiyini yazır.

 “Şəhərin arxitekturası ilk baxışdan insanı özünə cəlb edir. Müasir binalar təbii olaraq köhnə evlərdən daha hündürdür. Şərq koloriti müasirliklə birləşir, son tikililər də şəhərin ruhuna uyğundur. Onların arasında şəhərin simvollarına da rast gəlmək olar: Alov qüllələri, Heydər Əliyev Mərkəzi, Xalça muzeyi, şəhərin mərkəzindəki kiçik Venesiya…”, - məqalədə qeyd olunur.

Mənbə qeyd edir ki, mərkəzi küçələrin “Formula-1” yarışı ilə əlaqədar bağlanmasına baxmayaraq, şəhərin arxitekturasını tam olaraq qiymətləndirmək mümkün olub: “Səfər cəmi beş gün davam etdi. Bu müddət ərzində biz həm şəhərin qədim, həm də müasir hissəsini görə bildik, “Formula 1”-ə vaxt ayırdıq, ən dadlı şaurma bişirilən yerini tapdıq, dənizdə üzmək üçün iki dəfə şəhərdən kənara çıxdıq. Azərbaycanlılar çox mehriban və səmimidirlər, turistləri sevirlər. Avropada indi turist axınının bütün vasitələrlə azaldılmasına çalışırlarsa, Bakıda insanlar öz ölkələrinin turizm baxımından necə inkişaf etdiyindən qürur duyurlar. Hiss olunur ki, onlar şəhərə qonaqların axınından hələ də yorulmayıblar, əksinə, onları görməyə və hər cür kömək etməyə çalışırlar”.

Məqalədə həmçinin qeyd olunur ki, yerli taksi sürücüləri “Formula-1” yarışı ilə bağlı şəhərin mərkəzi küçələrinin bağlanmasından və hər yerdə tıxac olmasından narazıdırlar. Amma buna baxmayaraq insanlar ünsiyyətə meylli və söhbətcildirlər.

Memarlıqdan sonra Bakıda ən təsirli məqam isə nəqliyyatla bağlıdır. Qeyd olunur ki, iki zolaqlı yol cəmi bir neçə saniyə ərzində dörd zolaqlı yola çevrilə və avtomobillər arasında məsafə isə cəmi 5 sm-ə qədər darala bilər. Müəllif tursitlərə maşın kirayələməyi məsləhət görmür, amma qeyd olunur ki, şəhərdə Uberdən geniş istifadə olunur və qiyməti də Belarusdan xeyli ucuzdur: “Yeri gəlmişkən, şəhərin vizit kartı “badımcan” taksilərdir. Bu bənövşəyi rəngə boyanmış London taksiləridir”.

“Bakı şaurma qoxulu şəhərdir. Və bu zarafat deyil! Sözsüz ki, digər şərq ölkələri kimi Azərbaycan da zəngin mətbəxə malikdir. Şaurma şəhərin demək olar ki, hər küncündə satılır və bəzi restoranlar var ki, orada bu yeməyi boşqabda, qarnirlə birlikdə təqdim edirlər”, - məqalədə qeyd olunur.

Müəllif Bakının çimərliklərinə də baş çəkməyi unutmayıb. Məqalədə bildirilir ki, şəhərdən təxminən 30-40 km məsafədə bir neçə çimərlik var, bəzilərinin qiyməti 10 manat (təxminən 6 dollardır) daxildir.

“Yerli əhalinin bildirdiyinə görə, hələ iyun ayının sonuna qədər hava dənizdə üzmək üçün kifayət qədər isti olmur, ona görə də dənizdə çimənlərə rast gəlinir. “Formula 1” fanzonası isə bir ayrı zövq verir. Bakıda təşkil olunan bu yarışa həqiqətən xüsusi diqqət ayrılır, əyləncə zonaları, dünya ulduzlarının konsertləri təşkil olunur”, - yazıda vurğulanır.

 

Hürriyyət.- 2019.- 30 may.- S.16.